Qotland. İsveç savannasına səyahət

“Şəhərlər və ölkələr” silsiləsindən

Qotland

İsveç savannasına səyahət

Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.

Oxumağa davam et

“Yol” (səyahət yazıları)

Müəllifdən

Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. İndiyədək “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım reportajlar, səfər təəssüratları, yol qeydlərinə bəzi esselərin, məqalələrin səyahət hissələrini də əlavə etdim.

Beləcə, “Yol. Səyahət yazıları” kitabı alındı. Sonrakı illərdə gəzdiyim yerlər haqqında yazılanlar da kitaba əlavə olundu.

Kitabı oxuyanlar Parisi, Londonu, Varşavanı, Vyananı, Vaşinqtonu, Havananı, Kazanı, Afinanı, Səmərqəndi, Qranadanı, Kordobanı, Qahirəni, Kolombonu, Durbanı, canım sizə desin, başqa neçə-neçə şəhəri mənim bələdçiliyimlə gəzəcək, onların küçə və xiyabanlarını, muzey və mədəniyyət mərkəzlərini dolanacaq, tarixi yerləri ilə tanış olacaqlar.

Şri-Lanka, Kuba, Maldiv, Qotland adalarına üzəcək; Belarusun, “Tatar çölü Rusiya”nın bilmədiyimiz üzünü görəcək, qorxulu Quantanamaya, Osvensimə baş çəkəcək; Şopeni, Mosartı, Bethoveni, Koperniki, Dikkensi, Darvini evlərində ziyarət edəcək; Versal, Luvr, Şönbrunn, Hofburq, Əlhəmbra, Vestminster saraylarına tamaşa edəcək; qədim Elladada Zevs qarışıq neçə yunan tanrısı, tanrıçası ilə, Misirdə Günəş allahı Amon Ra ilə, neçə-neçə fironla söhbətimə qulaq şahidliyi edəcək; İspaniyada “Əndəlüs köpəyi”nə baxacaq, Seylonda pürrəngi çay içəcək, istəsələr lap London pabında viski, Eyfelin başında fransız şampanı, Egeydə yunan “Santorini”si də dadacaqlar.

Bir sözlə, dünyanı fırlanıb, dolanıb sağ-salamat Bakıya qayıdacaqlar.

İÇİNDƏKİLƏR

Paris günləri. Sena sahilindən reportaj

Vyanada Şuşalı günlər. Avstriya paytaxtından xatirə söhbəti

Varşava – azadlıq və sevgi şəhəri. Şopen, Osvensim, Kopernik

Tanrılarla baş-başa. Qədim Ellada allahları ilə söhbət

Dumansız Albion. London: təsəvvürdən təəssürat reportajı

Əndəlüs lövhələri. İspaniyadan sürreal-real reportaj

Əndəlüs lövhələri – 2. “Min bir gecə” nağılları kimi

Ağ Rusiyanın qara taleyi. Belarusun görüb bilmədiyimiz üzü

Kuba mənim gözümdə. Havanadan Quantanamaya

Qırmızı ada. Kubadan şəkilli reportaj

Afrika sərgüzəştləri. ”Qəmli gözlərin süitasi” essesindən

Çufut-Kala: Krımda qədim türk şəhəri. “Ölü şəhərlər muzeyi” essesindən

Sarayevodan Tuzlaya. “Partlamayan minaların serenadası” essesindən

Maldiv – Yer üzünün cənnəti. Hind okeanının mərcanı

Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

Tatar çölü Rusiya. Kazandan tarixi-infantil foto-reportaj

Fironlar ölkəsinə səyahət. Misirdən şəkilli səfər qeydləri

Qotland. İsveç savannasına səyahət

Və başqa macəralı yol xatirələri

Kitabı buradan YÜKLƏYİN:

Maldiv – Yer üzünün cənnəti

“Ölkələr və şəhərlər” silsiləsindən

20180113_124942

Maldiv – Yer üzünün cənnəti

Mərcan adalarından foto-reportaj

Qışın oğlan çağı Maldiv adalarına səfər hazırlığı günlərində ağlımda tək olan şey isti Hind okeanı sularında üzüb ”sümük qızdıran” qumluqda özümü günə vermək idi, ayrı heç nə.

Bilirəm, soyuq havada elə hamının könlündən isti yer keçir. Dini kitabların yazdığı cənnət də elə adamların kölnündən keçən yerlərin təsviridi, başqa bir şey deyil. Günü günəş altında ötən insanlar sərin bulaqlı meşə-çəmən arzuladığı kimi soyuq yerin adamı da isti qumu, palması olan dəniz sahilini cənnət hesab edir. Oxumağa davam et

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

 “Ölkələr və şəhərlər” silsiləsindən

 gibraltar

Əndəlüs lövhələri

İspaniyadan sürreal-real reportaj

Avropanın şimalıyla cənubu arasında iqlim bənzərsizliyi nə qədərdisə, adamlarının xarakterində fərq də elə o boydadı. Soyuq yerin adamı xaraktercə də soyuqdu. Günü günəş altında keçən cənubluların isə tək qanı qaynamır, deyərsən bəs, gözləri də işıq saçır. Oxumağa davam et

Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj

“Ölkələr və şəhərlər” silsiləsindən

Aegean Sea son

Tanrılarla baş-başa

Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj

Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb yatmağa gedirdi.

Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu, Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl gəzdirir ki, özüm məəttəl qalıram.

Uzaq səksəninci illərdə jurnalistika fakültəsində bizə antik yunan ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir, bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin, Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm, yaşından xeyli qıvraq bir ehtirasla təsvir etdiyi o mifik dünyaya yola düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm, muza-tanrıçalarla gap edəcəm.

Elə o cür də oldu…

 BİRİNCİ GÜN

Zaman maşınıyla tarixi adlamaq

Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı – ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.

grekland Oxumağa davam et