“Ölkələr və şəhərlər” silsiləsindən
Tanrılarla baş-başa
Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj
Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb yatmağa gedirdi.
Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu, Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl gəzdirir ki, özüm məəttəl qalıram.
Uzaq səksəninci illərdə jurnalistika fakültəsində bizə antik yunan ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir, bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin, Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm, yaşından xeyli qıvraq bir ehtirasla təsvir etdiyi o mifik dünyaya yola düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm, muza-tanrıçalarla gap edəcəm.
Elə o cür də oldu…
BİRİNCİ GÜN
Zaman maşınıyla tarixi adlamaq
Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı – ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.