
O
“Gəlmə”silsiləsindən 3-cü hekayə
Obaşdandı, üfüqdə günəş hələ boy verməyib.
Şəhər indi-indi oyanır, uzaqdan zəif həniri gəlir.
Baltik dənizinin ləpələri elə bil yuxudan kal durub – sahilə candərdi sürünür. Bala ördəklər də analarının arxasınca mürgülü-mürgülü üzür. Bayaq işə tələsən qonşu qadın da uşağını beləcə yuxulu aparırdı bağçaya.
Mənimsə yuxulu yorğunluğum yox, ayıq süstlüyüm var. Oyağam!
Oyaq olan bir də səba yelidi. Soyuq nəfəsiylə oyadır quşları, dənizi, şəhəri.








