Türklər bizim qardaşımızdır. Amma…

Türklər bizim qardaşımızdır. Amma…

Sentyabrın 24-də  İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Məclisinin 81-ci sessiyasında çıxışı zamanı xeyli ölkənin diplomatı etiraz əlaməti olaraq nümayişkaranə şəkildə zalı tərk edib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Çin, Qazaxıstan və başqa ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan diplomatı isə zaldan çıxmayıb. Bu, Türkiyə mediasında Azərbaycana qarşı çox əcaib kampaniyanın başlamasına səbəb olub.  Ədalətsiz iddialar irəli sürən, manipulyasiya ilə məşğul olan bu kəslər unudurlar ki, Azərbaycan müstəqil dövlətdir və onun öz dövlət maraqlarını hər şeydən üstün tutmağa haqqı və hüququ var.

Bu olayla bağlı interneti bürümüş yazıları oxuyanda 34 il əvvəl ”Azərbaycan” qəzetində dərc olunmuş 2 məqaləm yadıma düşdü. Dedim o xatirəni oxucu dostlarla da bölüşüm.

Deməli, 1992-ci ilin payızıydı. ”Azərbaycan” qəzetinin redaktoru Mehman Cavadoğlu ”Abşeron” hotelindən gəlmiş bir xəbəri araşdırmaq üçün məni ora ezam eləmişdi.

”Deyirlər bir türk biznesmen mehmanxananı alıb, işçiləri işdən çıxarmaq istəyir. Gör nə məsələdi”.

Getdim. Hotelin direktoru Aqil Paşayevdən tutmuş, Seymur bəy, Şəfiqə xanım adlı inzibatçılaracan, adlarını unutduğum xeyli sayda adamla görüşdüm. Eşitdim ki, Edip Özaltın adında türkiyəli bir biznesmen o vaxtkı Həmkarlar İttifaqının sədrinə rüşvət verib oteli alıb.

Bu, ciddi ittiham idi. Jurnalistin yox, istintaqçıların araşdıracağı iş idi.

Mənə düşən şikayətçiləri dinləmək, adları çəkilən şəxslərin fikirlərini də öyrənib bir yazı hazırlamaq idi.

Gedib onlarla da görüşdüm. Fikirlərini alıb iri bir yazı yazdım.

Yazı ”Türklər bizim qardaşımızdır” başlığı və ”Amma qardaşların cibi ayrı olur” yarımbaşlığı ilə dərc olundu.

Aləm dəydi bir-birinə. Məsələ prezidentə qədər gedib çıxdı.

Türkiyəli biznesmen haray-həşir salmışdı. ”Ben can Azerbaycana yatırım yapmaya geldim” sayaq sözlər.

Onunla təkrar görüşdüm. Bir biznesmen kimi uğurlarıyla maraqlandlm. Dediyim sözləri olduğu kimi xatırlayıram:

”Abşeron” sovetdən qalsa da Bakının yaxşı işlək vəziyyətdə olan azsaylı otellərindən biridir. Bizim yüksək səviyyəli otellərə ehtiyacımız var. Siz niyə yer alıb yeni otel tikməklə ”Can Azərbaycana” yatırım yapmırsınız, Həmkarlar ittifaqının balansında olan ölkənin iki ən yaxşı otelindən birini alırsınız? Özü də deyilənə görə 40 min dollara. Bu, düzdürmü? O otelin qiyməti 40 mindirmi?”

Bu sualdan sonra o qəzəblə otaqdan çıxdı.

Mənim növbəti yazımın adı isə belə oldu: ”Qoç olmayan yerdə keçi Əbdürrəhman ağadır”.

Yazının məğzi bu idi ki, SSRİ-dən yeni qurtulmuş Azərbaycan investiya üçün Fehbi Koç kimi ciddi türk bizmesmenləri gözləyir, bu atalar sözümüzdəki ”Əbdürrəhman ağa”nı yox.

Bu yazıda isə demək istədiyim odu ki, ciblərimiz də, siyasətimiz də, əqidəmiz də, hədəflərimiz də – çox şeyimiz ayrı ola bilər.

Amma bir şeyi heç vaxt unutmayaq ki, türklər bizim qardaşımızdır!

Vahid Qazi

Sentyabr 2026

Bir şərh yazın