Partlamayan minaların serenadası

      Bosniyanın çoxsaylı qəbirstanlıqlarından biridir. Oktyabr, 1997

Partlamayan minaların serenadası

(“Yaddaş ləpirləri” silsiləsindən)

Qarabağ yenə dillərdədi.

Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqtonda, “Parisdə, Təbrizdə, həyətimizdə”. Nəyə görəsə “Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itirdik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım da onu birdəfəlik itirmək səbəbindəndir.

Qorxum isə Madrid, Praqa kimi gözəl şəhərlərin adı ilə bağlı olan “prinsiplər”dəndir. (Ümumiyyətlə, qorxulu şeylərə qəşəng adlar qoymaq son illərin sosial-politoloji tapıntısıdı. Dünyanı lərzəyə gətirən qasırğalara gözəl qız adları qoyulan kimi: “Nina”, “Katerina”). Mən, elə bilirəm, ictimaiyyət dediyimiz qövm də bu prinsiplərin əsl mahiyyətini bilmirik. “Bizi tələyə salmırlar ki?”- fikirləşirəm. Bu prinsiplərdə sonralar partlayacaq xeyli minaların varlığına şübhə etmirəm. Və mən gizlində olan hər şeydən, xüsusilə hər cür minadan (istər yeraltı, istərsə də sətiraltı) qorxuram…

***
Sarayevo haqqında ilk dəfə 1984-cü ildə, orada qış olimpiadası keçirilən vaxt eşitmişdim. Sonralar buradan qanlı müharibə xəbərləri gəldi. Öz müharibəmizə başımız qarışdığından Balkanda gedən etnik qırğının tam fəsadlarından o qədər də məlumatlı deyildim. O vaxtlar bizdə belə bir infantil əminlik vardı ki, dünyanın diqqəti Balkanlardadır, burada müharibə ocağını söndürsünlər, Qarabağa növbə bundan sonra çatacaq. İndi artıq oranın məsələsini çoxdan həll ediblər, başqa problemlər də öz həllini tapıb. Bircə bizə növbə çatmır. 1967-ci ildən Bakının “26 Bakı komissarı” rayonunda mənzil növbəsinə duran və bu günədək ümidini itirməyən bir qoca tanışım kimi biz də hələ növbəmizi gözləyirik.

Deyəsən, növbəmiz çatır axı?!

***

1997-ci ilin ilıq oktyabr günləri idi. Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin növbəti konfransında iştirak etmək üçün Bosniyanın Tuzla şəhərinə gedirdim. Beynəlxalq aeroport paytaxt Sarayevo şəhərində yerləşdiyindən bütün konfrans iştirakçıları burada toplaşıb avtobuslarla Tuzlaya getməliydi. Elə də çox gözləməli olmadıq, son təyyarə enən kimi yola düşdük. O günlərdən yadımda qalanlar kifayətdir ki, insan vəhşiliyinin “yaratdıqları” haqda gördüklərimi və həyatımda ən böyük dozada aldığım adrenalini – duyduğum Qorxunu, indi qısaca da olsa, anlada bilim.

…Avtobusdakı, dünyanın dörd bir tərəfindən gələn insanların heyrət dolu baxışlarını unutmaq mümkün deyil. Sarayevo-Tuzla yolunda gördüklərimizin bir nidası vardı: HEYRƏT! Nə qədər yol gəldiyimizi hələ bilmirdik – 50-100 kilometr… İlahi, bu qədər yolda bir salamat ev yox idi! Yanıb dağılan evlərin divarlarında müxtəlif işarələr vardı. Bizə izah etdilər bu işarələrin mənasını. Serblər müsəlmanların yaşadıqları evləri əvvəlcədən işarələyirmişlər ki, hansı evi dağıtmaq, qarət etmək və sakinlərini öldürməyin lazım olduğunu bilsinlər. Səhv salmasınlar…

Serb evlərini də sonra müsəlmanlar dağıtmışdı.

İki il əvvəl, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində tarixin ən qanlı cinayətlərindən biri baş vermişdi  – 8 minəcən müsəlman kişisi işgəncə ilə qətl edilmişdi. Sonralar Avropa Parlamenti bu qətliamı soyqırımı kimi tanıyacaqdı.

image

Konfransın Tuzlada keçirilməsinin bir rəmzi anlamı da vardı. Tuzlada serblər, xorvatlar, müsəlmanlar və başqa etnik xalqlar birgə yaşayırdılar. Bura Bosniyanın yeganə şəhəriydi ki, millətlər bir-birinə güllə atmamışdılar. Tuzlalılar bununla fəxr edirdilər. Bu, ilk növbədə şəhər meri Səlim bəyin xidməti hesab olunurdu. Hətta onun namizədliyi Nobel sülh mükafatına irəli sürülmüşdü. Nəysə, bunları sonra biləcəkdik. Hələliksə yoldayıq.

Avtobuslar yolun təxminən yarısında, xeyli yüksəklikdəki meşədə dayandı. On kilometrlərlə uzanan bu ensiz dağ yollarında rahat dayanacaq yeri tapmaq o qədər də asan deyildi. Konfrans nümayəndələri avtobuslardan düşüb meşənin oksigen dolu havasını ciyərlərinə çəkir, gərnəşir, əsnəyir, bir sözlə, qırışıqlarını açırdılar. Özlərini meşəyə verənlər də az deyildi. Hərə bu bir neçə dəqiqəlik istirahətdən ehtiyacına uyğun yararlanırdı.

Mən də meşəyə üz tutmuşdum. Meşə mənim yaralı yerimdir. Onun özünəməxsus aurası var. Bura həm də təbiətdə ilk formalaşan cəmiyyətdi, canlıdı, nəfəs alır, danışır, onun sakinləri dörd bir yana hərəkətdədi – ağacları yerin və göyün dərinliklərinə, sakinləri isə bütün coğrafi səmtlərə doğru.

“Deyəsən, çox uzağa gəldim”. Arxaya baxıram. 150-200 metrədək meşə boyu dərəyə düşmüşəm.

Buralara bir milyonadək mina basdırılıb! Qəfil beynimin damarlarını yarıb keçdi bu fikir. Bədənimdə qanın bir anda buzladığını, sonra bu buzun tədricən əridiyini, əriməkdə olan qan buzlarının bir-birinə dəyib çıxardığı ürpədici səsləri apaydın eşidirdim.

Bu xəbəri hələ Bosniyaya gəlməmişdən əvvəl qəzetlərdən oxumuşdum. Qanımın donu açılırdı, ayaqlarımın qıcı isə yox. “Necə yəni, o bir milyon minanın bircə dənəsi burada deyil?” Yupyumru bir minanın üstündə durmuşdum. Bir balaca tərpən, cəhənnəmə vasil ol! Həyat doğrudan da bir andan ibarətdir. Bütün həyat bir anın içinə necə sığmışdı? Kipriklərimə toxunub, lap burnumun ucundan sivişib keçdi bütöv bir həyat, meşənin dərinliyindən gələn sarımtıl kəpənək kimi. “Əlvida, həyat. Hələlik, ata, ana. Bağışla, hələ dünyaya gəlməyən körpəm” – beləcə, həyat iynə deşiyi boyda nöqtədən keçib getdi… və mən ayıldım. Ayılıb gördüm ki, həminki meşədi. Minalar var, mütləq var, bir Allah bilir hardadı, bir də onları basdıranlar. Ümid qalır Allaha. Bir O bilir minaların yerini. Məni yalnız O sağ çıxara bilər bu mina labirintindən.

Geriyə baxıb, gəldiyim yolu axtarıram. Yol nə gəzir? Mən ki, cığırla, yolla gəlməmişəm. Yalnız təxmini səmti tutub qayıda bilərəm. Bir… iki … üç… Yox, belə olmaz. Bura Bakı bulvarı deyil, belə yerimək olmaz. Kinolarda baxmamısan, gözlə görünməyən tük kimi nazik məftillərə? Minalar bir-birinə bu məftillərlə bağlanır. Ayağına ilişsə, vəssalam. “Bu nə işdir düşdüm? Bəlkə avtobusdakıları köməyə çağırım? Yox! Ayıbdır! Yüz adamın içində tək azərbaycanlı olasan, özün də qorxasan. Hər şey cəhənnəmə, bir o qalıb erməniləri özümə güldürüm. Hələ amerikalı, avropalı qızları demirəm. Yox, ölsəm də, çağırmaram” –  cürətlənirəm.

Ayaqlarımı dizim hündürlüyündə qaldıraraq irəliləyirəm. Dörd… beş… Onuncu addım. “Dayan! Axı məftillər yalnız yerlə çəkilmir, o, adam boyu istənilən hündürlükdə ola bilər. Əlbəttə, niyə də yox” – indi ayaqlarım kimi əllərim də kor adam təki havada boşluq əlləyir, yaltaq məmur kimi rəhbər yola salır. Mən belə halımla əlahəzrət minaya yaltaqlanmırammı?

“Gör bir gəlib harda ölürsən… Camaat nə deyəcək? Qarabağda ölmədi, gedib Bosniyada minaya düşdü. Allahım, sən məni bu biabırçılıqdan qurtar. Əcəlimi elə Qarabağda verərdin… Bağışlayın məni, dayıoğlu Anar, mamaoğlu Eldəniz. Sizinlə birgə ölə bilmədim. Bu da mənim qismətimmiş…”

Sabah dünya qəzetləri yazacaq ki, Bosniyada beynəlxalq konfrans iştirakçısı, dinc sakin minanın qurbanı olub. Hamı müharibə tərəfdarlarını lənətləyəcək. BMT minaların təmizlənməsi işini sürətləndirmək üçün əlavə pul ayıracaq. Pis deyil, ölümüm nəyəsə yarıya bilər. Dünyanın diqqəti bu yazıq ölkəyə, onun bu gözəl torpaqlarına basdırılmış bir milyon minaya yönələ bilər. Amma yooox!!! Mən ölmək istəmirəm. Mən yaşamalıyam. Və bu dərədən tez çıxmalıyam. Lənətə gəlsin BMT də, ATƏT də, elə bu saat onlar çatmırdı!

Bədənimdə bütün maddələr adrenalinə çevrilmişdi ki… aha, budur, avtobuslar! Şükür sənin böyüklüyünə, Allahım! Sənə inanmayan kafirdir. Artıq yola çatmağıma üç-beş ağac qalıb…

İnsanlar gülür, danışır. Həyat doğrudan da gözəldir. Ölmədim. “Salam, ata, ana, hələ dünyaya gəlməyən körpəm!”.

Elə bu vaxt saqqallı, uzun saçı arxadan “at quyruğu” yığılmış, qulağı sırğalı biri yanımdan keçib meşəyə doğru getdi. “Ey, tuda nelzya, tam minı!!!” dedim. “Seryozna?”. “Ti ne çital, çto zdes milyon min zakapali?” – boğazımın quruduğunu, dilimin damağıma yapışdığını indi hiss elədim. Onun meşəyə niyə getdiyini öz təcrübəmdən bilirdim. Vacib məsələ idi, amma getmədi, qayıdıb avtobusa mindi, dözüb oturdu.

Səhəri gün konfransda bildim ki, bu sırğalı kişi erməni hüquq müdafiəçisi Mikael Danielyan imiş. Bax, mən bir ermənini beləcə “xilas” etdim. Xilas etməyinə dəyərmiş, çünki onu uzun illər öz ölkəsində döyüb təqib edirlər, həm də “Mi zaxvatili ix zemlyu” dediyinə görə.

***

Belə baxıram, deyəsən, dövran yenə tərsinə fırlanmağa başlayır. Daha erməni öldürmək yox, erməni xilas etmək gündəmi tutacaq. Kampaniyaçılıqda isə bizə çatan olmaz. Hələ 2007-ci ilin fevralında “Susmaq hüququ” adlı məqaləmdə yazmışdım ki, sabah Qarabağ məsələsinin kompromis yolla həlli “məsləhət” bilinsə, kamera qarşısında növbəyə düzülmək uğrunda daxili savaş başlayacaq. Deyəsən, mənim bu lənətə gəlmiş gümanım doğrula bilər, axı!

Xilaskarlıq savab işdir, düşməni də xilas etmək olar. Amma mən birinci Qarabağın xilaskarı olmaq istəyirəm. Bəlkə də Allah Bosniya meşələrindəki dualarımı eşidib məni Qarabağ meşələri üçün sağ saxlayıb. Allah böyük və ədalətlidir!

…Qulağımı isə hələ partlayacaq minaların, istər torpaqaltı, istər sətiraltı, serenadası deşir.

Gəlin tutun qulaqlarımı…

Vahid Qazi

15 iyul, 2009

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma