
Dünyəvi azadlıqların qurudulan çöllüyündə dini fanatizm at oynadar
30 ildir ehtiyatla ehtimal edirdik indi gördüklərimizi – hicab bəhanədir – çiban əvvəl-axır deşilir.
Ölkəmizdə sekulyar sovet diktaturasının çöküşündən sonra din özünün müxtəlif radikal təriqət qanadlarıyla ilk olaraq qaçqın düşərgələrində ayaq açmağa başladı. ”İran qaçqın düşərgəsi”ndə, ”ərəb çadır şəhərciyi”ndə. Ölkənin ağır durumunda bizə humanitar yardım əlini uzadan din qardaşlarımız çadırlarla yanaşı o düşərgələrdə məscidlər, mədrəsələr də tikdilər.
Ötən statusumda bu gün olanları 1970-lərin inqilab öncəsi İranıyla müqayisə etmək istəmişdim – ehtiyatla.
1979-cu il inqilabını dəstəkləyən, yaxşı halda dini qaragüruhun qarşısında susan çoxsaylı İran ziyalıları, elm, sənət adamları çox çəkmədi molla rejiminin qurbanına çevrildilər: asılan asıldı, tutulan tutuldu, qaça bilən qaçdı. Avropaya, Amerikaya pənah aparanlar siyasi islamın qurduğu rejimin cinayətlərini görüb peşman olduqlarını dedilər, İran xalqından, bəziləri hətta şah ailəsindən üzr istədi. Şair İsmayıl Xoy (Esmail Khoi), elm adamı Abbas Milani kimi.
Bu gün ictimai vicdanlı söz sahibi saydığımız yazı əhlinin, elm, mədəniyyət adamlarının, ictimai, siyasi xadimlərin birini susan, o birini nala-mıxa vuran görəndə o vaxtkı İran ziyalıları yada düşür. Hakimiyyət nümayəndələrinin düşüncəsiz qərarları, xalqa sayğısızlığı, özünə arxayınlığı 1970-lərin şah əyanlarını, toplumdan uzaq düşən siyasi elitanı xatırladır.
Bizdə siyasi islamın mümkün qorxularından çox yazmışam, hamısı bloqumda durur. Türkiyənin bu günkü halını isə hələ 2016-cı ildə yazdığım “Türkiyə islam İnqilabı?”nda təsvir etmişəm. İstəsəniz bu linkdə oxuya, hətta president Ərdoğanın yanında “Sən bizi okumuşların şerrinden muhafaza eyle, ya rabbim!” deyən din adamının çıxışına da baxa bilərsiniz.
İslamda islahatlar qaçılmazdırmı?
2004-cü ildə ABŞ-ın Emori universitetinin hüquq üzrə professoru Abdullahi Əhməd ən-Naimin “İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq” kitabı haqqında ”Şəriətdə islahatlar qaçılmazdır?” adlı yazı yazmışdım. O yazını və sözü gedən kitabdan ”Şəriət və əsas insan hüquqları” fəslini tərcümə edib redaktoru olduğum “III Sektor” demokratiya jurnalında dərc etmişdik. Hər iki yazını arxivimdən tapıb dünən bloqumda dərc etdim. Marağı olan bu linkdən oxuya bilər.
Siyasiləşmiş din bütün zamanlarda insanlara faciələr yaşadıb.
Radikal xristian İnkvizisiyasının cinayətlərini tarix unutmayıb. 1572-ci il Varfolomey qətliamı, Otuzillik müharibə (1618-1648), Yan Hus kimi minlərlə insanın tonqalda yandırılması kimi qanlı faciələr. Avropa dini islahatlara öz İnkvizisiyasının qarşısına öz Reformasiyasını çıxarmaqla başladı. Simvolik başlanğıcı 1517-ci ildən hesablanan Martin Lüter islahatları Avropanı sonrakı yüzillərin elm, texnologiya, sənət, azadlıq mayakına çevirdi.
Bu gün İslam Reformasiyaya ehtiyac duyurmu? Öz Martin Lüterini ortaya çıxarmağa qadirdimi?
Bilmirəm!
Hələlik bildiyim odur ki, 150 illik sekulyar maarifçilikdən sonra dinin Azərbaycan cəmiyyətində hakim mövqeyə çevrilməkdə olduğunu görüb susmaq, sinə qabağa verməmək vətəndaş mövqeli vicdanlı adamların günahına yazılacaq.
Vahid Qazi
14 oktyabr, 2026