Zülfüqar Rüfətoğluna

Qərib qəribi sükutundan tanıyır!

Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı “killer” gülləsi kimi gəldi.

Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!

Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz “Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.

Onu Londonda tanıdım.

Oxumağa davam et

“Yol” (səyahət yazıları)

Müəllifdən

Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. İndiyədək “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım reportajlar, səfər təəssüratları, yol qeydlərinə bəzi esselərin, məqalələrin səyahət hissələrini də əlavə etdim.

Beləcə, “Yol. Səyahət yazıları” kitabı alındı. Sonrakı illərdə gəzdiyim yerlər haqqında yazılanlar da kitaba əlavə olundu.

Kitabı oxuyanlar Parisi, Londonu, Varşavanı, Vyananı, Vaşinqtonu, Havananı, Kazanı, Afinanı, Səmərqəndi, Qranadanı, Kordobanı, Qahirəni, Kolombonu, Durbanı, canım sizə desin, başqa neçə-neçə şəhəri mənim bələdçiliyimlə gəzəcək, onların küçə və xiyabanlarını, muzey və mədəniyyət mərkəzlərini dolanacaq, tarixi yerləri ilə tanış olacaqlar.

Şri-Lanka, Kuba, Maldiv, Qotland adalarına üzəcək; Belarusun, “Tatar çölü Rusiya”nın bilmədiyimiz üzünü görəcək, qorxulu Quantanamaya, Osvensimə baş çəkəcək; Şopeni, Mosartı, Bethoveni, Koperniki, Dikkensi, Darvini evlərində ziyarət edəcək; Versal, Luvr, Şönbrunn, Hofburq, Əlhəmbra, Vestminster saraylarına tamaşa edəcək; qədim Elladada Zevs qarışıq neçə yunan tanrısı, tanrıçası ilə, Misirdə Günəş allahı Amon Ra ilə, neçə-neçə fironla söhbətimə qulaq şahidliyi edəcək; İspaniyada “Əndəlüs köpəyi”nə baxacaq, Seylonda pürrəngi çay içəcək, istəsələr lap London pabında viski, Eyfelin başında fransız şampanı, Egeydə yunan “Santorini”si də dadacaqlar.

Bir sözlə, dünyanı fırlanıb, dolanıb sağ-salamat Bakıya qayıdacaqlar.

İÇİNDƏKİLƏR

Paris günləri. Sena sahilindən reportaj

Vyanada Şuşalı günlər. Avstriya paytaxtından xatirə söhbəti

Varşava – azadlıq və sevgi şəhəri. Şopen, Osvensim, Kopernik

Tanrılarla baş-başa. Qədim Ellada allahları ilə söhbət

Dumansız Albion. London: təsəvvürdən təəssürat reportajı

Əndəlüs lövhələri. İspaniyadan sürreal-real reportaj

Əndəlüs lövhələri – 2. “Min bir gecə” nağılları kimi

Ağ Rusiyanın qara taleyi. Belarusun görüb bilmədiyimiz üzü

Kuba mənim gözümdə. Havanadan Quantanamaya

Qırmızı ada. Kubadan şəkilli reportaj

Afrika sərgüzəştləri. ”Qəmli gözlərin süitasi” essesindən

Çufut-Kala: Krımda qədim türk şəhəri. “Ölü şəhərlər muzeyi” essesindən

Sarayevodan Tuzlaya. “Partlamayan minaların serenadası” essesindən

Maldiv – Yer üzünün cənnəti. Hind okeanının mərcanı

Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

Tatar çölü Rusiya. Kazandan tarixi-infantil foto-reportaj

Fironlar ölkəsinə səyahət. Misirdən şəkilli səfər qeydləri

Qotland. İsveç savannasına səyahət

Və başqa macəralı yol xatirələri

Kitabı buradan YÜKLƏYİN:

Dumansız Albion

“Ölkələr və şəhərlər” silsiləsindən

London panarama

Dumansız Albion

Təsəvvürdən təəssürat reportajı

Durum deyim, İngiltərə deyəndə ağlıma ilk gələn Şekspirdi, Nyutondu, “Bitlz”di, “Big Ben”di, nə bilim, Çörçill, Diana, Devid Bekhemdi, yalan olar. Adam tanıyıram Britaniya onun üçün tək Oskar Uaylddan ibarətdi. Bütöv İngiltərə bir futbol meydanıdı “Çelsi” fanatı gənc dostum, bacıoğlu Orxana görə.

Londonu funt strelinq, yəni pul kimi təsəvvür edənlər də az deyil. Hər halda dünyanın dörd bir yanına hökmü keçmiş imperiya paytaxtının gündəmində yalnız siyasət və hərb söhbətləri olmayıb. Parasız nə siyasət, nə hərb?

Günü bu gün hər yandan varlı adamlar üzünü bura tutur, pul-parasıyla birgə. Özü də tək keçmiş metropoliyalardan yox. Bizim Sovetin “qırıq-quruğ”undan qəfil varlanan neçə milyonçunun adını sayaram bir nəfəsə. Elə öz qəfil varlanmışlarımızın mülklərindən dastan danışırlar.

Fərq etməz necə qazanmısan, varlısansa sənə qucaq açar London. Dumanı yox olar Albionun.

“İngiltərənin əlindən “time is money”yi alın – onda İngiltərədə nə qalacaq?” Viktor Hüqo yazıb bunu “Səfillər”ində. Oxumağa davam et