Əndəlüs lövhələri – 2 (foto-reportaj)

Əndəlüs lövhələri – 2

Hələ 2017-ci ilin mayında Əndəlüsdə olanda, Kordoba, Qranada kimi orta əsr İslam memarlığının Avropada qorunub saxlanmış şah əsərlərini görməyə macal tapmayanda özümə söz vermişdim ki, bu yerlərə bir də gələcəm. Ürəyimdə qalmışdı.

Əvvəlki səfər təəssüratlarımı “Əndəlüs lövhələri: İspaniyadan surreal-real reportaj”da geniş yazmışam. Əvvəl istədim bu dəfəki səfər qeydlərimi həmin yazıya əlavə edim. Sonra fikrim dəyişdi, səfər boyu feysbuk səhifəmdə paylaşdıqlarıma yüngül əl gəzdirib foto-reportaj kimi bloqumda ayrıca dərc edəsi oldum.

***

9 ildən sonra bir daha yolu Əndəlüsdən – İspaniyanın Aralıq dənizi sahillərindən saldıq. Bu dəfə səfər yoldaşlarım xanımım, bir də qızlarım idi.

Fuengirolaya gecə çatdıq. Taksi bizi otelimizə Malaqa aeroportundan 25 dəqiqəyə gətirdi.

Fuengirola 85 min əhalisi olan kurort şəhəridir. Kosta del Sol turist bölgəsində Alboran dənizinin sahili boyu çoxsaylı yaşayış məntəqələrindən biridir. Alboran Aralıq dənizinin tərkibində, onun qərb hissəsində yerləşir.

Şimal ölkələrdən olan turistlər əsasən bura isti dənizə görə gəlir. Biz də canımıza hopmuş İsveç soyuğunu ispan günəşiylə çıxarmaq üçün buranı seçdik. Qəsdim həm də girəvələyib yuxarıda adlarını çəkdiyim tarixi yerlərə getmək idi.

Sahil boyu uzanan çimərliyin bir hissəsi pulludur. Adambaşına 7 avro verib qamış çətir altında üstünə döşək sərilmiş çimərlik çarpayısı, yanında da balaca masa kirayələyib günboyu özünü günə verə bilərsən.

İstəsən yanındakı pulsuz çimərliyə gedər, qaynar quma adyal sərib uzanarsan. Adamlar səhər obaşdan çətirini, stulunu, yeyib-içməyini özüylə gətirib quma uzanır, dənizdə çimir, günəşlənirlər.

Fuengirola  çimərliyi “Mavi bayraq” sertifikatı ilə mükafatlandırılmış şəhərlərdəndir. “Mavi bayraq”ı Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı Avropa Birliyi “Çimərlik suyu direktivi”nə uyğun olaraq təsis edib. Onu beynəlxalq standartlarla ayaqlaşan, yüksək səviyyəli xidmət göstərən, ekoloji təmiz sulu çimərliklərə verirlər. Təəssüf ki, 60-a qədər ölkənin yer aldığı siyahıda Azərbaycanın adı yoxdur.

***

Əvvəlki səfərdə Malaqanı yaxşı gəzmişdim, yəqin ona görə bu dəfə Pablo Pikassonun muzeyi daha cəlbedici gəldi mənə. Pikasso Malaqada doğulub deyə əvvəl elə bildim bura onun ev-muzeyidir. Elə deyilmiş.

Muzey uşaqların da xoşuna gəldi. Onlarla maraqlı söhbətimiz oldu. Mən sənətkar-şəxsiyyyət söhbəti salıb Pikassonun faşizmə etirazından, vətəndaş mövqeyi sərgiləməsindən, faşist bombalarından dağılan Gernika şəhərinin şərəfinə çəkdiyi “Gernika” əsərindən danışdım. Uşaqlara isə onun “Əlcəzair qadınları” tablosu daha maraqlı gəlib. Sən demə bu tablo aksionda rekord qiymətə – 179 milyon dollara satılıbmış.

Ümumiyyətcə, Pikasso sağlığında maddi korluq çəkməyən azsaylı rəssamlardandır. Salvador Dali kimi.

Muzeydən çıxanda bizim Səttar Bəhlulzadə yadıma düşdü. Qızlarıma ondan da danışdım. Bakıya gedəndə onun Əmircandakı ev-muzeyinə dəymək həvəsi də beləcə yarandı.

***

İki gün Fuengirola çimərliyində günəşlənəndən sonra maşın kirayələyib Kordoba və Qranadaya yollandıq.

Türklər 1453-cü ildə İstanbulu fəth edəndən sonra Ayasofya kilsəsini məscid etdikləri kimi, ispanlar da Kordobanı 1236-cü ildə ərəblərdən geri alanda Mezquita məscidini kilsəyə çevirmişdilər. Məscidin adı Kurtuba imiş, ispanlar ərəbcə “məscid” sözündən yaranan Mezquita ilə adlandırıblar.

Mezquita Kordoba məscid-kafedralı dünyanın ən möhtəşəm dini və memarlıq abidələrindən biridir. Bu əzəmətli tikili İslam və Xristian sivilizasiyalarının izlərini eyni məkanda qoruyub saxlayan nadir yerlərdəndir. Bu gün həm muzey, həm də katolik kafedralı kimi fəaliyyət göstərir.

Əndəlüsə gəlib Kordobaya dəyməmək, ələlxüsus da bu yerləri görməmək Bakıya gedib İçərişəhərə girməmək kimidir.

Qoy bunu da deyim, işdi, buralara yolunuz düşsə, beş addımlıqdakı qədim Roma körpüsündən də keçin. Elə bilin tarixin 2 min il o üzünə dəyib qayıdırsınız.

Roma körpüsü eramızdam əvvəl I əsrdə Roma imperatoru Oktavian Avqustun vaxtında Guadalquivir çayı üzərində tikilib. Sözümüz canı odur ki, Kordoba özündə həm də qədim Roma nişanələrini yaşadır.

***

Günortadan sonra Qranadaya üz tutduq. Əlhəmbra qəsrinə giriş biletini əvvəlcədən aldığımız üçün vaxtında çatmalı idik.

Əlhəmbra sadəcə saray deyil, O, həm müdafiə qalası, həm kral sarayı, həm də kiçik bir şəhər kimi tikilib.

3 saat çəkən ekskursiyada bələdçidən eşitdiyimiz, saysız-hesabsız zallarda, otaqlarda, bağçalarda gördüklərimiz – divarlarda minlərlə ərəb xəttatlıq nümunəsi, həyətlərdə sərinlik yaradan mürəkkəb su kanalları sistemi heyrətamizdir.

Sarayın divar və tavanlarındakı incə əl işlərinə heyran qalırsan. Dörd bir yanı boz çöllər, təpələr, dağlar olan bir yerdə meşə kimi yaşıllıq salıb yüz illər boyu qoruyub saxlanmanın sirrinə də eləcə.

Əmirliyin 1492-ci ildə ispanlara məğlub olması Avropada tək sonuncu müsəlman dövlətinin süqutu yox, həm də ərəblərin Əndəlüsdə 800 illik hökmranlığının – Rekonkista hərəkatının sonu oldu.

Rekonkista — Pireney yarımadasında xristian krallıqlarının müsəlman dövlətlərinin nəzarətində olan əraziləri mərhələlərlə geri qaytarmaq məqsədilə həyata keçirdikləri hərbi-siyasi proseslərin ümumi adıdır. VIII əsrdə başlayan Rekonkista 1492-ci ildə Qranada əmirliyinin Kastiliya Krallığı tərəfindən fəth edilməsi ilə başa çatdı. Bu uzunmüddətli proses nəticəsində müasir İspaniya və Portuqaliya ərazilərində xristian hakimiyyəti yenidən bərqərar oldu.

Əlhambra qala-saray-şəhər-bağını gəzdikcə düşünürsən: Kordoba xilafəti, Qranada əmirliyi məğlub olmasaydı, İslam əvvəl Priney yarımadasına, sonra bütün qitəyə yayılsaydı bu gün Avropanın mənzərəsi necə olardı?! Təsəvvür etməyə çalışdım. Təsəvvürümdə nə yarandığı haqda isə yazmayım, özümdə qalsın.

Əlhəmbra məndə dərin təəssürat yaratdı. Bir vaxtlar Versal, Luvr, Topqapı, Şönbrunn, Dolmabağça, Drottningholm, Vestminster sarayları, Səmərqənd, Qiza ehramları, Karnak məbədi və sair kimi yerlərin doğurduğu təəssürat kimi…

***

Həmin gün Fuengirola – Kordoba – Qranada yolunda  500 kilometrəcən yol qət etdik. Qəti yorulmadım. Yol mənə 20 il qabaq sürdüyüm 800 kilometrlik Havana – Santyaqo de Kuba yolunu xatırlatdı.

Kubada yolboyu təbii banan bağları idi, burada 10 kilometrlərlə uzanan zeytun və günəbaxan plantasiyaları. Yerli radioda səslənən şaqraq ispan mahnıları fonunda gözəlliyi isə özün təsəvvür elə, dostum oxucu.

***

Səfərin sonuncu axşamı Villa de Loredo otelinin 100 metrliyindəki San Fransisko çimərliyində idim. Alboran dənizinin sahilində ilıq quma sərilib Aya baxır, ləpələri dinləyirdim.

Bir də gördüm Paulo Koelyonun “Kimyagər” romanının qəhrəmanı Santyaqo yanıma gəldi. “Bilirəm nə düşünürsən. Sən də mənim kimi getmək istəyirsən. Qoşul mənə gedək”, dedi.

Yanına düşdüm, yola çıxdıq. Sağa Atlantik okeanına yox, sola – Misirə sarı getdik.

Yolboyu kəlmə kəsmədik. Elə uzaqdan ilk piramidanı görəndə ayrılıb sağollaşdım ondan. “Sən öz xəzinəni axtar, mənim xəzinəm burda deyil”, dedim. 

“Bilirəm sənin xəzinən hardadı. Çöl Qaladadı”, dedi.

Bir xeyli gedib dayandı, mənə sarı çevrildi. “Yaddaş ən qiymətli xəzinədi”, deyib gözdən itdi. 

Elə Santyaqodan ayrılmışdım ki, gördüm kimsə məni haylayır. Ay işığında səsə çöndüm – xanımım idi.

“Ta gecdi, uşaqlar da getdi, dur gedək”, deyirdi.

Vahid Qazi

İyul 2026

Fuengirola, İspaniya – Helsinqborg, İsveç

Bir şərh yazın