
Şəriətdə islahatlar qaçılmazdırmı?
Abdullahi Əhməd ən-Naimin “İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq” kitabı haqqında bir neçə söz
ABŞ-ın Emori Universitetinin hüquq üzrə professoru A.Ə. ən-Naimin “İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq” (Toward an Islamic Reformation: Civil Liberties, Human Rights, and International Law) kitabının orijinalı ingilis dilində 1990-cı ildə ABŞ-ın Sirakuza Universitetinin nəşriyyatı (Syracuse University Press) tərəfindən çap olunub. Ön söz və 7 fəsildən ibarət olan bu kitabda müasir dövrün ən ciddi problemlərindən biri – islam hüququ (şəriət) ilə ictimai hüquq sferasını əhatə edən müasir konstitusionalizm, cinayət hüququ, beynəlxalq münasibətlər, insan hüquqları anlayışları arasındakı kəskin və barışmaz ziddiyyətlər təhlil edilir, şəriət qanunlarında Quran və sünnə əsasında köklü islahatlar aparılması yolları araşdırılır.
“İslam dünyasında ictimai hüquq” adlandırılan I fəsildə islam aləmində ictimai hüquq sahələrinin müasir vəziyyəti təhlil edilir. II fəsildə (“Şəriətin mənbələri və inkişafı haqqında”) şəriətin mənbələri və tarixi inkişaf yolu tədqiq edilir, onun bir çox qanunlarını Allahın deyil, mövcud şəraitə uyğun olaraq insanların yaratdığı və bu səbəbdən də bu qanunları müasir dövrün tələblərinə uyğun dəyişdirməyin mümkünlüyü sübuta yetirilməyə çalışılır.
III fəsildə (“İslahat metodologiyası axtarışında”) həyata keçirilə biləcək islahatların metodologiyası araşdırılır, Quranın indiyədək tədqiq edilməyən ayələrinin və ona müvafiq sünnələrin tətbiq olunmasına imkan verən yeni şərh prinsipləri irəli sürülür.

IV, V, VI və VII fəsillərdə müvafiq olaraq şəriətlə müasir konstitusionalizm, cinayət hüququ, beynəlxalq hüquq və əsas insan hüquqları arasındakı ziddiyyətlər, yeni islahatlar sayəsində onların aradan qaldırılması yolları şərh olunur.
Müəllifin yekun qənaətinə görə, indi, minilliklərin kəsişdiyi bu zaman kəsiyində şəriət qanunlarında inqilabi islahatlar aparılmasına böyük ehtiyac var. Çünki müsəlman dünyasındakı bugünkü oyanış və özünəqayıdış meylləri çağdaş müsəlman dövlətlərində klassik şəriət qanunlarının tətbiq olunması ilə nəticələnə bilər ki, bu da insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.
Kitabın əhəmiyyəti
XVIII əsrdən başlayaraq dinamik Qərb ölkələrindən asılı vəziyyətə düşməyə başlayan müsəlman dünyası tədricən avropalaşmaya meyl göstərib, Avropa dəyərlərini mənimsəməyə çalışıb. Bu yolda bütün mənəvi məhdudiyyətlərdən, hər şeydən əvvəl isə şəriət qanunlarının məhdudiyyətlərindən qurtulmağa cəhd göstərən müsəlman dövlətləri sekulyarist (dünyəvi) dövlət quruluşuna üz tutublar.
Heç bir müsəlmanın şəriəti – Allahın əbədi qanununu inkar etmək və ya onu dəyişdirmək ixtiyarı olmadığından, o, tədricən ictimai həyatın periferiyalarına çəkilməli olub. Hətta bəzi yerlərdə onun tətbiqi ailə hüququ çərçivəsinə qədər daraldılıb. Bu proses özünü dünyəvi dövlət elan edən və hətta şəriətin zahiri atributlarını belə, məsələn, qadınların ictimai müəssisələrdə baş örtüyü ilə görünməsini qadağan edən Atatürk Türkiyəsində öz kulminasiya nöqtəsinə çatmışdı.
Ancaq müsəlman ölkələri əhalisinin böyük əksəriyyəti bu gün də İslama ürəkdən inanır. Bu isə o deməkdir ki, şəriət hələ də öz hökmündədi və hətta onun tələblərinə əməl etməyən adamların da şüurunda dinin ayrılmaz elementləri kimi yaşayır. Məhz bu səbəbdən ictimai həyatın periferiyasına sıxışdırılmış şəriətin haçansa yenidən hücuma keçməsi gözləniləndir.
Bu səbəbdən ən-Naim islam dünyasında vətəndaş azadlıqlarına, insan hüquqlarına, demokratik prinsiplərə əsaslanan dövlət quruluşlarının təşəkkülü prosesini nə sekulyarizmin, nə də şəriətçiliyin həllində görür. Sekulyarizm şəriətlə mübarizə aparmaq iqtidarında deyil, çünki heç bir müsəlman ondan tamamilə imtina edə bilməz. Şəriətçilik də müasir insan hüquqları prinsiplərini tamamilə inkar edə bilmir. Çünki bu prinsiplər müasir cəmiyyət quruculuğunun bütün aspektləri ilə ayrılmaz surətdə bağlıdır və hətta “fundamentalistlərin” özlərinin şüurlarına belə yol tapmışdır.
Müəllifin fikrincə, təklif edilən islahat müsəlmanlara klassik şəriətdən imtina etməyə, bununla belə, öz dini inanclarını qoruyub saxlamağa imkan verər. Bu da müasir müsəlman düşüncəsinin ikiləşməsinin qarşısını alar.
Kitabın Azərbaycan üçün əhəmiyyəti
Azərbaycan müasir demokratik dəyərləri, ümumbəşər hüquqi və mənəvi normaları, dünyəviliyi qəbul edən, eyni zamanda bir çox hallarda bu prinsiplərə uyğun gəlməyən şəriətin mövcud olduğu müsəlman ölkələrindən biridir. İslam dəyərləri, şəriət azərbaycanlılar üçün də müqəddəsdir. Bu səbəbdən İslam dini, İslam dəyərləri ilə bağlı istənilən yeni fikir, nəzəri olsa belə, islahatlar azərbaycanlılar üçün də böyük maraq kəsb edir.
Totalitar sovet rejimindən sonra xalqın dinə olan ehtiyacı ayrı-ayrı dini cərəyanların, İslam adı ilə pərdələnən xarici ölkələrin dini qurumlarının əsl İslamdan uzaq təbliğatı ilə ödənməyə başladı. Şimaldan vəhabiliyin inkişaf etməkdə olduğu Dağıstan və Çeçenistan, cənubdan isə İran kimi fundamentalizmi və terroru dəstəkləyən dövlətlə qonşu olduğu nəzərə alınarsa, Azərbaycanda şəriət qaydalarının müasir demokratik hüquqi prinsiplərə uyğunlaşdırılması yollarını arayan kitabın nəşri əhəmiyyətli olardı.
Kitabın 7-ci fəslini ixtisarla oxuculara təqdim edirik. “III Sektor” demokratiya jurnalı mövzu ilə bağlı ölkə mütəxəssislərinin dəyirmi masasını keçirməyi planlaşdırır.
Vahid Qazi
=============================================================================================
Abdullahi Əhməd ən-Naim
“İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq”
FƏSİL 7. ŞƏRİƏT VƏ ƏSAS İNSAN HÜQUQLARI
Fikrimizcə, tarixi şəriətin tətbiqi şəraitində müsəlmanlar öz müqəddəratlarını başqalarının hüquqlarını pozmadan həll edə bilməzlər. Lakin İslam çərçivəsində bütövlükdə tarazlıq yaratmaq tamamilə mümkündür. Bunun üçün müasir İslamın daha geniş qəbul edilən ümumi hüquq prinsiplərini inkişaf etdirmək lazımdır. Problemin belə qoyulması bu sualı qaçılmaz edir: ümumi insan hüquqlarının şəriətə və bütövlükdə İslama nə aidiyyəti var? Niyə ümumi insan hüquqları şəriətin qiymətləndirilməsində başlıca meyara və müasir ümumi İslam hüququnun istiqamətlənməli olduğu məqsədə çevrilməlidir?
İNSAN HÜQUQLARININ UNİVERSALLIĞI
BMT Nizamnaməsinin 1.3-cü maddəsi təşkilatın bütün üzvlərinin üzərinə irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, insan hüquqlarına və hamı üçün əsas azadlıqlara hörmətin təşviq edilməsi və bu hüquqların həyata keçirilməsinə yardım göstərilməsi öhdəliyi qoyur. Lakin Nizamnamədə “insan hüquqları” və “əsas azadlıqlar” anlayışlarının mənası tam dəqiqləşdirilməyib. Bu vəzifə 1948-ci ildən sonra hazırlanıb qəbul edilən bəyannamələr, sazişlər və müqavilə müddəaları vasitəsilə yerinə yetirilib. BMT-nin insan hüquqlarına dair bütün sənədləri, eləcə də Avropa, Amerika və Afrika üçün hazırlanmış regional sənədlər eyni prinsipdən çıxış edir: dünyanın bütün ölkələrinin, regional sənədlərdən söhbət gedəndə isə müvafiq regiona daxil olan dövlətlərin riayət etməli olduğu vahid insan hüquqları standartları mövcud olmalıdır.
Bununla belə, bu standartların bəzilərini həqiqətən universal hesab etmək məsələsində müəyyən çətinliklər var. Bundan başqa, onların həyata keçirilməsi ilə bağlı da ciddi problemlər mövcuddur. Lakin bu, universal və məcburi standartların ümumiyyətlə mövcud olmadığı və ya onların həyata keçirilməsi cəhdlərindən əl çəkməyin lazım olduğu demək deyil. Mənim mövqeyim belədir: insan hüquqlarının müəyyən edilmiş standartları var, onlar beynəlxalq hüquq çərçivəsində məcburidir və bu standartları həyata keçirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır.

Ümumi insan hüquqları standartlarının əsası ola biləcək ümumi əxlaqi qaydalar mövcuddur. Dərin müdrikliyin ifadəsi olan və bütün əsas mədəni ənənələrin bölüşdüyü bu qaydalardan biri belədir: özünə rəva bilmədiyini başqasına da rəva görmə. “Qızıl qayda” adlandırılan bu prinsip bütün əsas dini ənənələr tərəfindən qəbul edilmişdir. Bundan başqa, bu sadə həqiqət o qədər məntiqli və əxlaqi baxımdan inandırıcıdır ki, insanın hansı mədəni ənənəyə mənsub olmasından və hansı fəlsəfəni müdafiə etməsindən asılı olmayaraq, hamı tərəfindən asanlıqla qəbul edilə bilər.
Qarşılıqlılıq prinsipinin tətbiqi ilə bağlı problem ondan ibarətdir ki, mədəni, xüsusilə də dini ənənələr bu prinsipin fəaliyyətini məhdudlaşdırmağa və onu başqa ənənələrə mənsub insanlara, hətta həmin ənənənin daxilindəki bəzi qruplara tətbiq etməməyə meyillidir. Məsələn, tarixən şəriətdə qarşılıqlılıq prinsipi müsəlman kişilərə tətbiq edildiyi halda, qadınlara və qeyri-müsəlmanlara eyni şəkildə şamil edilməmişdir. Başqa sözlə, şəriət qadınlara və qeyri-müsəlmanlara daha aşağı status verir, ayrı-seçkiliyi qanuniləşdirərək onları müsəlman kişilərə tanınan şərəf və ləyaqətdən məhrum edir.
Bu ümumi problemi hər bir mədəni ənənənin çərçivəsində nəzərdən keçirmək lazımdır. İslamda bunun üçün əsas mənbələr olan Quranın və sünnənin yenidən təfsiri metodunu işləyib hazırlamaq lazımdır. Belə bir metod bizə qadınların və qeyri-müsəlmanların hüquqlarını tapdalamaqdan imtina etməyə imkan verə bilər. Mənə elə gəlir ki, bu yanaşma çox ümidvericidir. Biz onu konstitusiya hüququna, cinayət hüququna və beynəlxalq münasibətlərə tətbiq etmişik.
Fikrimcə, mahiyyət etibarilə ümumi insan hüquqlarının təməlində insanın davranışını müəyyənləşdirən iki ilkin motiv dayanır: yaşamaq və azad olmaq arzusu. Bu iki ilkin istəkdən irəli gələn tələbatların ödənilməsinə çalışmaq hüququ hər bir mədəni ənənədə həmin ənənənin nümayəndələri üçün tanınır. Qarşılıqlılıq prinsipinə əsasən isə bu hüquq başqa ənənələrin hər bir nümayəndəsinə də verilməlidir. Bir sıra minimum insan hüquqlarının universallığının əsası məhz budur.

İNSAN HÜQUQLARININ MÜVAFİQ STANDARTLARI
Şəriət formalaşdığı tarixi şəraitə uyğun olaraq qarşılıqlılıq prinsipinin tətbiqini məhdudlaşdırmış, onu qadınlara və qeyri-müsəlmanlara şamil etməmişdir. Şəriətin ümumi hüquq sistemini yalnız İslamın ilkin mənbələri əsasında öz hüquq sistemlərini işləyib hazırlayan, VIII–IX əsrlərdə yaşamış ilk hüquqşünaslar başa düşə və tamamlaya bilərdilər. Həmin şəraitdə hüquqşünasların qarşılıqlılıq prinsipi haqqında danışarkən “başqa şəxs” anlayışını yalnız müsəlman kişilərlə məhdudlaşdırması tamamilə təbii idi. Belə məhdudiyyət bütün tarixi mədəni ənənələr üçün səciyyəvidir. Bu xüsusiyyət müasir milli dövlətlərin həm mövqeyində, həm də siyasətində öz əksini tapır.
İslamın bu məsələyə münasibətinə intellektual yanaşmanın konstruktiv təsir göstərməsi üçün iki şərt yerinə yetirilməlidir. Birincisi, “başqa şəxs” anlayışının daha geniş mənada başa düşülməsi İslam mədəniyyətinin tərkib hissəsinə çevrilməlidir. Buna yalnız İslamda həmin anlayışın məhdud tarixi təfsirini rədd edən və onun daha geniş mənasını əsaslandıran dəlillər tapmaqla nail ola bilərik.
İkincisi, digər mədəni və dini ənənələr də bu istiqamətdə inkişaf etməlidir. Fikrimcə, hüquq sahibi olan insan anlayışının yalnız öz mədəniyyətinin kişilərinə aid edilməsi tarixən formalaşmış məhdud təsəvvürlərin nəticəsidir. Başqa mədəni ənənələr də eyni qaydada öz daxilində qadınlara və yadlara hüquq verməkdən imtina edə bilərdilər. Buna görə də bütün mədəniyyətlərin nümayəndələri tarixdən qaynaqlanan inadkarlıq və düşmənçilik meyillərini aradan qaldırmalı, ümumi məqsədə çatmaq üçün hər biri öz mədəni ənənəsi çərçivəsində çalışmalıdır.
Köləlik insanın yaşamaq və azad olmaq arzusuna ciddi maneə yaradır. Qul ticarətindən imtina edilməsi beynəlxalq miqyasda insan hüquqlarının tanınması yolunda atılan ilk addım idi. Bunun ardınca dövlətlərin daxili yurisdiksiyasının məhdudlaşdırılması prosesi gəldi. Beləliklə, qulların azad edilməsi uğrunda hərəkat nümunəyə çevrildi. İndi isə hər hansı bir ölkədə ümumi insan hüquqlarının pozulması başqa ölkələrdə də narahatlıq doğurur.
İnsan hüquqlarının qorunması naminə erkən beynəlxalq əməkdaşlığın digər nümunələrindən biri dini azlıqların təqib edilməsinin və onların hüquqlarının tapdalanmasının qarşısının alınmasıdır. Bu cür halların əxlaqi baxımdan qəbuledilməz olması ilə yanaşı, onlar beynəlxalq münaqişələrə və müharibələrə də səbəb olmuşdur. Nəticədə dini təqiblər və hüquqların pozulması bir sıra beynəlxalq sazişlərdə insan hüquqlarının pozulması kimi qəbul edilmişdir.
Hamı tərəfindən qəbul olunan ümumi insan hüquqlarının formalaşdığı üçüncü sahə cinsə görə ayrı-seçkiliyin qadağan edilməsidir. Qadın hüquqları beynəlxalq hüququn gündəliyinə əvvəlki iki məsələ ilə müqayisədə xeyli gec daxil olsa da, indi bir çox beynəlxalq konvensiyada ümumi insan hüquqlarının tərkib hissəsi kimi nəzərdən keçirilir.
İNSAN HÜQUQLARININ PRAKTİKİ TƏMİNATLARI
Beynəlxalq hüquq baxımından dövlətlər, bir qayda olaraq, beynəlxalq müqavilələr və ya hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları çərçivəsində könüllü şəkildə üzərlərinə götürdükləri öhdəliklərlə bağlıdırlar. Buna görə də müasir İslam dövləti üzərinə belə bir öhdəlik qoyan beynəlxalq sazişin iştirakçısıdırsa və ya ümumi beynəlxalq hüququn hər hansı normasına hörmət etmək və onu dəstəkləmək öhdəliyini qəbul edibsə, müvafiq insan hüquqlarına hörmət etməli və onları qorumalıdır.
Bir sıra müasir İslam dövlətləri beynəlxalq sazişlər çərçivəsində köləliyi qadağan edən, dini və cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən imtinanı təsbit edən müqavilə öhdəlikləri götürüblər.
Dövlət suverenliyi haqqında ənənəvi təsəvvürlər beynəlxalq standartların, o cümlədən ümumi insan hüquqları standartlarının təmin edilməsi cəhdləri ilə ziddiyyət təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, dövlət suverenliyi öz-özlüyündə BMT Nizamnaməsi və müxtəlif beynəlxalq sənədlərlə tanınan, ümumi beynəlxalq hüquqla müəyyən edilən və kollektiv hüquq kimi ifadə olunan bir prinsipdir. Bu hüquq 1970-ci il oktyabrın 24-də BMT Baş Assambleyasında konsensus əsasında qəbul edilmiş, dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair Bəyannamədə daha ətraflı şəkildə müəyyənləşdirilmişdir.
ŞƏRİƏT VƏ İNSAN HÜQUQLARI
Qeyd etdik ki, şəriət qanunlarının formalaşdırıldığı və müsəlmanlar tərəfindən tətbiq olunduğu tarixi şəraiti nəzərə almaqla onun qeyri-müsəlmanlara düşmən münasibətini və onlara qarşı zor tətbiqinə imkan verən müddəalarını anlamaq, eləcə də bu davranışların həmin dövrdə niyə məqbul sayıldığını izah etmək olar. Eyni qaydada şəriətin müasir terminologiyada insan hüquqları adlandırılan məsələlərə münasibətini də tarixi şərait kontekstində anlamaq mümkündür.
Şəriətin formalaşdığı dövrdə və ondan ən azı min il sonra dünyada hamı üçün vahid ümumbəşəri qanunlar konsepsiyası mövcud deyildi. Bu müddət ərzində bir çox ölkədə köləlik hakimiyyət tərəfindən qəbul edilir və qanuniləşdirilirdi. Bundan başqa, XIX əsrə qədər dünyanın əksər yerlərində insanın statusu və hüquqları onun bu və ya digər dinə mənsubiyyəti ilə müəyyənləşdirilirdi və bu, normal hal sayılırdı. Eyni şəkildə, XIX əsrə qədər qadınlar kişilərə verilən qanuni hüquqlara malik deyildilər və müstəqil hüquq subyektləri kimi qəbul olunmurdular.
İnsan hüquqları sahəsində şəriətin məhdud mövqeyini və İslamdan əvvəlki şəraitlə müqayisədə onun müəyyən irəliləyiş olduğunu sübut etmək həmin mövqeyə bu gün də haqq qazandırmaq demək deyil. Əksinə, mən hesab edirəm ki, şəriətin həmin tarixi şəraitdə tutduğu mövqenin səbəblərini anlamağımız onu tamamilə fərqli olan müasir şəraitdə müdafiə etməyə əsas vermir.
Müasir İslam hüquqşünaslarının əsərlərini nəzərdən keçirdikdə görürük ki, İslamda insan hüquqlarını araşdıran bir çox tədqiqat bizim üçün kifayət qədər faydalı deyil. Çünki bu əsərlərdə köləlik, qadınların və qeyri-müsəlmanların hüquqlarının pozulması ilə bağlı problemlər, bir qayda olaraq, inkar edilir və ya lazımi şəkildə araşdırılmır. Lakin Sultan Hüseyn Tabandeyhin “İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə müsəlman şərhi” əsəri istisnadır. Bu kiçik əsərin əhəmiyyəti ondadır ki, qadınların və qeyri-müsəlmanların statusu məsələlərində şəriətlə 1948-ci ildə qəbul edilmiş İnsan Hüquqları Ümumi Bəyannaməsi arasındakı uyğunsuzluqları aydın şəkildə göstərir.
KÖLƏLİK
Məlumdur ki, köləlik institutunu şəriət yaratmayıb. Həmin dövrdə köləlik geniş yayılmış və adi hal sayılan bir institut idi. Şəriət köləliyi mövcud institut kimi tanıyaraq qulların əldə edilmə mənbələrini məhdudlaşdırmağa, onların saxlanma şəraitini yaxşılaşdırmağa və azad edilmələrini müxtəlif dini və hüquqi vasitələrlə təşviq etməyə çalışırdı.
Bununla belə, köləlik bu günədək şəriət tərəfindən hüquqi baxımdan qanuni sayılmaqda davam edir. Əlbəttə, köləliyin müasir İslam dövlətlərindən hər hansı birində bu gün formal şəkildə qanuniləşdirilməsi ehtimalı az inandırıcıdır. Ancaq əgər şəriətin kölə əldə edilməsinə icazə verdiyi şərait yenidən yaransaydı və kimsə həmin şəraitdə köləyə çevrilsəydi, şəriət yüz il əvvəl olduğu kimi, həm kölənin, həm də sahibinin “hüquqlarını” müdafiə edərdi.
Köləliyin qadağan olunmasını əsaslandıran İslami dəlillər tapmaq üçün əvvəlcə şəriətin onu qanuniləşdirdiyi şəraiti, insanın köləyə çevrilməsi və köləlikdən azad edilməsi ilə bağlı qaydaları aydınlaşdırmalıyıq.
Quranda kimisə köləyə çevirmək hüququ haqqında birbaşa danışan ayələr yoxdur. Lakin bu məsələyə dolayı şəkildə toxunan ayələr mövcuddur. Məsələn, Quranda müsəlmanın kənizi ilə yaşamaq hüququndan bəhs edilir ki, bu da qadın kölələrin mövcudluğunu nəzərdə tutur.
Şəriət qanunlarına görə, azad insanların köləyə çevrilməsi üçün yeganə imkan şəriətin icazə verdiyi müharibələrdə əsirlərin ələ keçirilməsi idi. İslam hüquqşünaslarının fikrincə, məğlub edilmiş qeyri-müsəlmanların köləyə çevrilməsi şəriətin müsəlmanlara verdiyi imkanlardan biri sayılırdı.
Hərbi məğlubiyyətdən sonra köləyə çevrilən və ya köləlikdə doğulan insan azad edilənədək kölə olaraq qalırdı. Sahib qul və kənizdən istədiyi kimi istifadə edə bilirdi. Bununla belə, şəriətə görə, kölələrlə xeyirxah davranılmalı və onlara mərhəmətlə yanaşılmalı idi. Prinsip etibarilə, kölələrin satılması da qadağan edilmirdi. Lakin belə alqı-satqı zamanı bir sıra məhdudiyyətlərə riayət olunmalı idi. Məsələn, ananı uşağından ayırmaq olmazdı.
Nəzərə almaq lazımdır ki, köləlik həmin dövrdə bütün dünyada dərin kök salmışdı. İslamın bu institutu tanımaqdan başqa bir yol seçmədiyi, bununla yanaşı, kölələrin şəraitini yaxşılaşdırmağa çalışdığı görünür. Hətta demək olar ki, İslam kölələrin əldə edilməsi imkanlarını məhdudlaşdırmaq və onların azad edilməsini təşviq etmək yolu ilə köləlikdən tədricən imtina etməyə çalışırdı.
Lakin şəriətdə köləliyi tamamilə qanunsuz elan etməyə imkan verən daxili mexanizm mövcud olmadığından, bu institut İslam hüquq sistemində hüquqi əsasını bu günədək qoruyub saxlamışdır.
Fikrimcə, ilk müsəlmanlar Quranı və sünnəni erkən İslamın tarixi kontekstində köləlik institutunu tanıyan mənbələr kimi düzgün təfsir etmişdilər. Müasir tarixi şəraitdə isə mənbələrin prinsipial şəkildə yenidən təfsiri vasitəsilə müsəlmanlar köləliyə qarşı həmin əsas dəlillərə istinad edərək İslam hüququ çərçivəsində qəti şəkildə köləliyin əleyhinə çıxa bilərlər.
Lakin bu, şəriətin tarixən köləliyi tanıdığı və hüquqi baxımdan bu gün də tanımaqda davam etdiyi faktını aradan qaldırmır. Əksinə, bu fakt müasir müsəlmanların İslam hüququ çərçivəsində köləliyi ləğv etmək cəhdlərinin əhəmiyyətini göstərir.
Müasir İslam dövlətlərində köləlik şəriət əsasında deyil, dünyəvi qanunlarla ləğv edilmişdir. Bəzi ölkələrdə bu, 1960-cı illərdə, digərlərində isə daha sonra baş vermişdir. Kimsə belə düşünə bilər ki, köləlik İslam ölkələrində formal olaraq ləğv edildiyindən, bu məsələ artıq aktuallığını itirib. Mən bununla razı deyiləm və hesab edirəm ki, köləlik hələ də insan hüquqları sahəsində müsəlmanlar üçün əsas problemlərdən biri olaraq qalır. Şəriət köləliyi hüquqi baxımdan qeyri-qanuni elan edənədək bu problem tam həll olunmuş sayıla bilməz.
CİNSİ VƏ DİNİ MƏNSUBİYYƏTƏ GÖRƏ AYRI-SEÇKİLİK
Öz dövründə bu cür ayrı-seçkilik norma sayılırdı. Şəriət prinsip etibarilə belə ayrı-seçkiliyi tanıyır, eyni zamanda onu müəyyən dərəcədə məhdudlaşdırmağa və tənzimləməyə çalışırdı. Bununla belə, mənim fikrimcə, müasir şəraitdə belə ayrı-seçkiliyə haqq qazandıran şəriət prinsipləri tamamilə yolverilməzdir.
Şəriətə görə, müsəlman ölkələrində yaşayan qeyri-müsəlmanlar həmin dövlətin təbəələri olanlar üçün nəzərdə tutulmuş zimmə statusunu və ya ölkədə müvəqqəti yaşayan qeyri-müsəlmanların şəxsi və əmlak təhlükəsizliyinə təminat verən aman statusunu almalı idilər. İslam dövlətində yaşayan qeyri-müsəlmanların şəxsi və fərdi hüquqları ilə bağlı məsələlər həmin ölkələrin hüququ və icma idarəçiliyinin qərarları əsasında həll edilirdi.
Şəriətin şəxsi və fərdi hüquqlar sahəsində ayrı-seçkilik qaydaları aşağıdakı hallarda özünü göstərirdi:
- Müsəlman kişi xristian və ya yəhudi qadınla evlənə bilərdi, lakin xristian və yəhudi kişi müsəlman qadınla evlənə bilməzdi;
- Müsəlman qadınlara və kişilərə dinsizlərlə, yəni heç bir dinə etiqad etməyən insanlarla evlənməyə icazə verilmirdi;
- Dini mənsubiyyət fərqi mülkiyyət hüququna ciddi təsir göstərirdi. Müsəlman qeyri-müsəlmanın mülkiyyətinə sahib ola və ona miras qoya bilməzdi.
Mülkiyyət və ailə hüququnda cinsə görə ayrı-seçkiliyin nümunələri isə bunlar idi:
- Müsəlman kişi eyni vaxtda dörd arvad ala bilərdi, müsəlman qadının isə yalnız bir əri ola bilərdi;
- Müsəlman kişi birtərəfli qaydada boşanma (talaq) qərarı verərək səbəbləri izah etmədən və hər hansı dövlət orqanının nümayəndəsi və ya başqa bir şəxs qarşısında əsas göstərmədən arvadını, yaxud arvadlarından birini boşaya bilərdi. Müsəlman qadın isə, bir qayda olaraq, yalnız ərinin razılığı və ya məhkəmənin qərarı ilə boşana bilərdi. Məhkəmə qərarı müəyyən şərtlər daxilində, məsələn, ər arvadını saxlamağa qadir olmadıqda və ya bunu istəmədikdə qüvvəyə minirdi;
- Miras bölgüsü zamanı, əgər mərhumla eyni qohumluq münasibətində olan müsəlman qadın və kişi mirasçı idilərsə, qadın kişidən daha az pay alırdı.
Bütün deyilənlərdən iki nəticə çıxır.
Birincisi, köləliyi qanuni institut kimi tanımaqda davam edən şəriət nəzəri baxımdan belə, əsas və ümumi insan hüquqları ilə ziddiyyət təşkil edir.
İkincisi, şəriət əsasında dini və cinsi ayrı-seçkiliyin tətbiqi ümumi insan hüquqlarını da pozur.
MÜASİR İSLAMIN İNSAN HÜQUQLARINA İKİLİ MÜNASİBƏTİ
Şəxsi və kollektiv hüquqların, eləcə də hamı tərəfindən qəbul edilmiş insan hüquqları konsepsiyasının tarixi və dini baxımdan şərtlənmiş şəriət konsepsiyası ilə uyğunsuzluğu müasir İslam dövlətlərinin bu məsələlərdəki ikili mövqeyində aydın şəkildə ifadə olunur.
Həmin dövlətlərin mövqeyi şüurlu və ya şüursuz şəkildə bir-birinə zidd olan iki qüvvənin təsiri altında formalaşır. Bir tərəfdən, tarixən yaranmış, dini və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi qanuniləşdirən dini ənənələrin təsiri mövcuddur. Digər tərəfdən, həm müsəlman ölkələrində, həm də bütövlükdə dünyada insan hüquqlarını müdafiə edən və ayrı-seçkiliyə qarşı çıxan qüvvələr fəaliyyət göstərir.
Fikrimizcə, ikili mövqe bir sıra İslam dövlətlərinin insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədləri imzalamasına, lakin şəriətin hüquq sisteminə təsiri səbəbindən milli yurisdiksiyaları çərçivəsində həmin hüquqları qorumaq iqtidarında olmamasına gətirib çıxarır.
Yoxlanılmış dəlillər olmadığından, İslam dövlətlərində insan hüquqlarının çoxsaylı pozulması hallarını sənədli şəkildə təsdiqləmək mümkün olmaya bilər. Bu pozuntuların şəriətin təsiri ilə əlaqəsini sübut etmək isə daha çətindir, çünki həmin pozuntular şəriətin təsiri altında hüquqi sənədlərdə rəsmiləşdirilmiş ola bilər.
Bununla belə, İslam dövlətlərinin insan hüquqlarına ikili münasibətini göstərmək mümkündür. Bunun üçün hər hansı İslam dövlətinin imzaladığı insan hüquqları haqqında beynəlxalq sənədlərin məzmununu həmin ölkənin qanunvericiliyinin tərkib hissəsi olan İslam hüququ qaydaları ilə müqayisə etmək kifayətdir.
Qadınlara və qeyri-müsəlmanlara qarşı ayrı-seçkiliyin müxtəlif xüsusiyyətlərini və şəriətin müsəlmanların şəxsi və ictimai həyatına güclü təsirini nəzərə alsaq, onların insan hüquqlarına ikili münasibətinin daha ağır nəticələrə gətirib çıxaracağını gözləmək olar. Bundan başqa, bu ölkələrdə ictimai həyatın daha da islamlaşdırılması davam edərsə, belə ikili münasibət getdikcə güclənə bilər.
Burada belə bir sual yaranır: şəriəti əsas insan hüquqları ilə necə uzlaşdırmaq olar? Konstitusiya, cinayət və beynəlxalq hüquqda oxşar problemlərdə olduğu kimi, bu uzlaşmaya yalnız şəriətin köklü islahatı yolu ilə nail olmaq mümkündür.
İSLAMDA ÜMUMİ İNSAN HÜQUQLARI
Müasir İslam hüququ Mədinə dövrünün şəriətinin əsasını təşkil edən Quran və sünnə mətnlərinə söykəndiyi müddətdə əsas və ümumi insan hüquqlarının kobud şəkildə pozulmasının qarşısını almaq mümkün deyil. Şəriət çərçivəsində hüquqi institut kimi köləliyi, qadınlara və qeyri-müsəlmanlara qarşı ayrı-seçkiliyin bütün forma və təzahürlərini ləğv etmək də mümkün olmayacaq.
Ənənəvi İslami islahat metodlarından istifadə etməklə zəruri islahat səviyyəsinə çatmaq lazımdır. Bu səviyyəyə yalnız Mədinə dövrünə aid aydın və konkret mətnləri öz məhdud tarixi vəzifələrini yerinə yetirmiş mətnlər kimi kənara qoymaqla və əvvəllər praktiki tətbiq üçün yararlı sayılmayan, lakin bu gün bizə yeganə düzgün istiqaməti göstərən Məkkə dövrünün mətnlərinə müraciət etməklə nail olmaq mümkündür.
Belə yanaşma İslam qanunlarının əvvəl müəyyən etdiyimiz meyarlar əsasında bütün ümumi insan hüquqları ilə uzlaşdırılması üçün təklif olunur. Bu istiqamətdə yalnız o halda uğur əldə edə bilərik ki, müsəlmanları cinsindən və dinindən asılı olmayaraq hər kəsi şərəf və insan hüquqları baxımından özlərinə bərabər saymağa inandıraq.
Burada müsəlmanları bir-birinin dostu, müttəfiqi və silahdaşı olmağa, qeyri-müsəlmanlardan isə uzaq durmağa çağıran ayələrin bu gün niyə eyni şəkildə tətbiq edilə bilməyəcəyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda, Quranda kişilərin qadınlar üzərində himayəçiliyini qanuniləşdirən ayənin və qadınlara qarşı ayrı-seçkilik qaydaları müəyyənləşdirən digər ayələrin əvvəlki tarixi şəraitdəki tətbiqinin müasir dövrdə yenidən nəzərdən keçirilməsinin zəruriliyi göstərilməlidir.
Bu gün bütün insanların Yer üzündə sülh şəraitində yaşaması həyati zərurətə çevrilib. Buna görə də müsəlmanlar Mədinə dövrü Quranında ifadə olunan, tarixi şəraitlə məhdudlaşmış müsəlman birliyi ideyasına deyil, Məkkə dövrü Quranında əksini tapmış ümumi həmrəylik haqqında əbədi ideyalara əsaslanmalıdırlar.
Əvvəlki mövqelərində qalmaqla müsəlmanlar yalnız qeyri-müsəlmanların əks reaksiyasına səbəb olur və onları özlərinə qarşı birləşməyə sövq edirlər. Bu isə, şübhəsiz ki, sülh şəraitində birgə yaşamaq perspektivini zəiflədir, ümumi insan hüquqlarını qorumaq və möhkəmləndirmək istiqamətində birgə səyləri puça çıxarır.
Tərcümə edən: Nəriman Əbdürrəhmanlı
“III Sektor” demokratiya jurnalı, №4
Qış, 2004