
Ön söz
Bu kitab İsveç haqqında yazılıb. Amma təkcə İsveç haqqında deyil.
Buradakı məqalələr, esselər və hekayələr müxtəlif illərdə fərqli səbəblərlə qələmə alınıb. Onların bir qismi İsveçin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, siyasi sistemi, dövlət-vətəndaş münasibətləri və sosial rifah modeli haqqındadır. Digər qismi isə bu ölkədə yaşamağın insanda doğurduğu düşüncələrin, müşahidələrin və sualların nəticəsidir.
İsveçə köçəndən sonra mənim üçün maraqlı olan yalnız yeni bir cəmiyyəti tanımaq olmadı. Zaman keçdikcə başa düşdüm ki, başqa bir ölkəni öyrənmək insanın özünü, öz keçmişini və mənsub olduğu cəmiyyəti daha dərindən dərk etməsinə də kömək edir. Uzaqdan baxanda bəzi şeylər daha aydın görünür. İnsan bəzən öz vətənini onun sərhədlərindən kənarda daha yaxşı tanıyır.
Bu kitabda İsveçin kitabxanaları, ədəbiyyatı, musiqisi, təbiəti, adət-ənənələri, təhlükəsizlik siyasəti, pandemiya dövründə seçdiyi yol və başqa mövzular haqqında düşüncələr yer alıb. Eyni zamanda burada vətən, yaddaş, həsrət, aidiyyət və kimlik mövzularına toxunan hekayə və esselər də var.
Kitabın adını “Gəlmə” qoydum. Bu sözün mənasını necə anlamağı isə oxucunun öz öhdəsinə buraxdım. Hər bir oxucu onun içində öz təcrübəsinə, öz düşüncəsinə uyğun bir məna tapa bilər.
Əgər bu kitab oxucunu İsveçi daha yaxşı tanımağa sövq etməklə yanaşı, onu öz həyatı, öz kimliyi və öz mənsubiyyəti haqqında da düşünməyə vadar etsə, deməli, məqsədimə çatmış olacağam.
Vahid Qazi
Helsinqborq
2025








