Ağrının sərhəd məntəqəsi

Ağrının sərhəd məntəqəsi

Əl-ayaq kəsilib, sonuncu adam da çəkiləndə dəhlizin sükutu sanki canlı varlıq imiş, konsertə gecikən dinləyici təki bir andaca özünü qapının azca aralı boşluğundan palataya saldı. Bu “gəliş”lə yastığın üstündəki telefonda artıq neçənci kərə dinlədiyi bəşər tarixinin bəlkə də ən möhtəşəm musiqisinin səsini birə beş artırdı.

“Dəhlizin sükutu” palatanın “konsert”ində qəfil bir ovsunla donubmuş kimi sallaşa qaldı. Musiqi xəstəxana palatasında hər şeyi dondurmuşdu. Pəncərənin o üzündə yarpaqsız budaqlarla oynaşan ay işığının pəncərə şüşəsindən bu üzdəki şüaları da, saçın hər dənini yolduğu kimi orqanizmin hər hüceyrəsini də tək-tək gəmirib bədəni hissə-hissə zəbt edən Ağrı da, venesiyalı bir musiqiçinin üç yüz il əvvəl çaldığı musiqini o andan bu anacan bətnində gəzdirən Zaman da dayanıb durmuşdu.

Ağrı üzü qalın buz bağladığından axını görünməyən çay kimiydi. Canı ağrımırdı, ağrısı durmuşdu – “Tramal” ağrının buz qatıydı. Ağrı donmuşdu!

Donmayan ilahi musiqi, bir də “sistem”də damcılayan dərman idi. Dərmanın damlaları musiqiyə not-not damırdı, ritmini tuturdu, sevgililər kimi qol-boyun idilər, əriyib bir can olmuşdular, oynaşa-oynaşa yeni sevgiyə, Ağrıya can atırdılar – qana axırdılar.

***

Dəhlizin sükutunu boğuq bir səs pozdu: “Sestraaaa!” Cavab gəlmədi. Bəlkə də onuncu dəfəydi təkrarlanan bu səsə ayaq səsi də qarışdı. Ayağını güclə sürüyən xəstə tibb bacısını axtarırdı. Palatanın qapısı ağzına çatanda onun xırıltılısı aydın eşidildi. Yaşlı adam idi. Elə bil sürüdüyü ayağı, Ağrı dolu bədəni deyildi, bu anda qara qəpik qədər dəyəri qalmayan bütöv bir ömrüydü. Tibb bacısıyla söhbətdən tək bu sözləri qulağı aldı: “Yaxşı, zarıma, get yerinə, gəlib vuraram”.

Yadına gündüz görüb eşitdikləri düşdü. Kasıb xəstələrə həşərat kimi baxan həkimləri, altını batıran yataq xəstəsini çoban iti kimi tutan tibb bacısını, əməliyyata təzəcə gəlmiş xəstəyə görə kəndli malı üstündə əlbəyaxa olan bazar alverçilərinə bənzər iki yaşlı cərrahı, cürbəcür xəstənin artığını boşqablardan qazana siyirib, sonra elə həmin qazandan təzə yemək adına pay çəkdiyini görən cavan xəstənin etirazına şivənlə cavab verən, köklüyündən kötüyə dönmüş aşpazı unuda bilmirdi. Palatada yer olmadığından gecəni dəhlizdə qalan, atası kənddən pul gətirənəcən əməliyyatı təxirə salınan on iki yaşlı qız anasının qolları arasında ağlamaqdan yorulmuşdu…

Rafiq Tağı kimi həmkarına etinasız olanlar başqasına can yandırarmı? Ötən yay Polşada Osvensim ölüm düşərgəsində gördükləri hardan yadına düşdü? Bənzətmədən əti ürpəşdi.

Xəstəxanadan çöldəki həyatı xatırladı, bayırla iç eynidi… Bəli, bura boşluqlar ölkəsidi. Lap kosmik fəzadakı kimi çəkisizlikdi: baş hardadı, ayaq harda? yerin hanı, göyün hanı? şərqin budu, qərbin bu? – bilməzsən! Dünən yada düşmür, sabah üfüqdə görünmür, bu gün yoxdu – zamansızlıqdasan; qiblə yoxdu – allahsızlıqdasan; sərhəd yoxdu – vətənsizlikdəsən! Kosmik fəza sistemi kimi bura da boşluqdu, çəkisizdi, havasızdı. İçin də boşalıb çoxdan, çölün kimi, xəbərin olmayıb…

***

Pəncərədə dan yeri sökülürdü. Təzə gün doğurdu. Təzə günlə bir vaxtda təzə Ağrı da döğurdu. “Tramal” gecəni sabaha çatdırıb əldən düşmüşdü. “Ağrı – ağrı haqqında canlı bir təsəvvürdü”, düz deyirmişsən, Mark Avreli! Ağrı şüurla şüursuzluq arasındakı sərhəd məntəqəsidi! Bu səhər sərhədi keçmək istədi.

Başlamışdı, Ağrıyla böyük mücadilə yenə başlamışdı. Bu döyüşə yenə köhnə dostlarla çıxırdı: “Tramal”, “sistem” damlaları, bir də Tomaso Albinoninin “Adagio”su. Ağrını ağrıyla çıxarırdı, dünyanın ən əzəmətli Ağrısıyla – Albinoninin “Adagio”suyla. Ağrıyla döyüş daha onun canında yox, uzaqda, milyon-milyon ulduzların hansındasa gedirdi bəlkə də. Döyüşənlərin barışmağını görmüsənmi? Barışanların sevişməsini necə? Ağrıyla heç sevişdinmi?..

Gözlərini açdı. Yastıqdan sürüşən telefonu yorğanın altında tapdı. Mesaj gəlmişdi. Şuşalı Hikmət Sabiroğlu yollamışdı: “Fiziki ağrılar keçəcək! Bəs o biri ağrılar necə, bitəcəkmi?”

Albinoninin “Adagio”suna yüksək səs verib gözlərini tavandakı məchul nöqtəyə zillədi. Adamlar marağa qapını açıb örtürdülər. Sonra kimsə qapını tamam açdı, musiqi dalğa-dalğa dəhlizə yayıldı.

O isə məchul nöqtədən – “Ağrının sərhəd məntəqəsindən” keçib getmişdi…

Vahid Qazi

Dekabr 2011

“Semaşko” xəstəxanası, Bakı

Barrikada gül açanda

SONY DSC

Barrikada gül açanda

Rafiq Əliyevə

“İnsanlar az körpü salıb, çox divar hörürlər”.

Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü.

İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı. Oxumağa davam et →

YELENA

İnqrid Berqman

YELENA

“Yaddaş ləpirləri” silsiləsindən

Ötən bazar yuxudan piano səsinə ayıldım. Qızımın imtahan sonrası başladığı yeni əsəri elə ilk notlarındanca tanımışdım. Əvvəl-əvvəl bu çalğını haçan eşitdiyimi xatırlaya bilməsəm də, məhrəm bir musiqi olmasına şübhə yox idi. Uzun illərdən sonra çox əziz adamla qəfil rastlaşmışam kimi sevincək olmuşdum.

Çalğını kəsməsin deyə, o biri otağa girmədən, elə qapının azca aralı yerindəncə qulaq kəsilmişdim. O səhər qızım çox doğma bir xatirəmə işıq saldı… Oxumağa davam et →

Unudulmaz Gülsarı

Unudulmaz Gülsarı

Nə vaxtsa oxumuşdum ki, azadlıqda keçən bircə günün xatirəsi yüz il həbsxanada darıxmamağa yetər. Həyat, özü də azad həyat haqqında bu dəqiq fikri kim yazıb, yada sala bilmirəm. Onu da bilmirəm ki, Qırğızıstanda baş verən son qanlı olaylardan doğan bu yazıya yuxarıdakı fikrin nə dəxli var? Yazının əvvəlində xeyli fikirləşib cavab tapmayanda istədim yerində deyil deyə adını unutduğum fikir adamının bu sözlərini atım getsin. Amma yazının sonunda bir də baxaram deyib, dəymədim. Niyə Qırğızıstanla bağlı yazıya bu sözlə başlamağım bəlkə mənə sonda aydın oldu… Oxumağa davam et →

Susmaq hüququ

susmaq huququ

  Susmaq hüququ

Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlər azad adamlardan div canı saxlanan şüşədən qorxan kimi qorxurlar.

Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edirlər. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub. Oxumağa davam et →

Rusiya səfirinə məktub

Rusiya Federasiyasının Azərbaycandakı səfiri

cənab Vasili İstratova

Cənab səfir!

Bu kiçik məktubu kimə ünvanlamaq barədə çox düşündüm: Rusiyadakı dostlaramı, hər cür hörmətə layiq ictimai xadimlərəmi, yoxsa dövlət rəsmilərinəmi? Darmacalda son əlçatan Sizi bildim. Oxumağa davam et →

Partlamayan minaların serenadası

      Bosniyanın çoxsaylı qəbirstanlıqlarından biridir. Oktyabr, 1997

Partlamayan minaların serenadası

(“Yaddaş ləpirləri” silsiləsindən)

Qarabağ yenə dillərdədi.

Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqtonda, “Parisdə, Təbrizdə, həyətimizdə”. Nəyə görəsə “Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itirdik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım da onu birdəfəlik itirmək səbəbindəndir. Oxumağa davam et →

Qəmli gözlərin süitası

                 H.Hacızadə Afrikada. Fevral 2004. Durban,CAR. Foto: V.Qazi

Qəmli gözlərin süitası

(Hikmət Hacızadəyə)

“Yaddaş ləpirləri” silsiləsindən

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün…

***

“Mən həmişə ağdərililərin də, qaradərililərin də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir. Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram”. Oxumağa davam et →

Qara çörəyin ağ üzü

Qara çörəyin ağ üzü

(Vitautas Landsbergis haqda)

“Yaddaş ləpirləri” silsiləsindən

Vahid Qazi

Nə qədər haqlı olmasına baxmayaraq səmimi deyilməyən sözü qəbul etməməyim, yəqin ki, şərqli emosionallığımdan gəlir. Sevgisiz, hətta nifrətlə deyilən haqlı sözü qəbul edənlər də var. Mən belələrindən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQLIsını, həm də SƏMİMİsini deyin, nə qədər acı və ağır olsa belə, qəbul edəcəm. Əmin olun! Oxumağa davam et →

Kerolayn Koks, Yelena Bonner və genosid debatları

sakharov bonner

Kerolayn Koks, Yelena Bonner

və genosid debatları

                        “Yaddaş ləpirləri” silsiləsindən

Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yazdığım “Şahmat taxtasında beysbol oyunu”ndan sonra soyqırımı mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm. Oxumağa davam et →