Barrikada gül açanda

SONY DSC

Barrikada gül açanda

Rafiq Əliyevə

“İnsanlar az körpü salıb, çox divar hörürlər”. Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü. İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı.

…Sonra adamlar dərk elədilər ki, onları tikdikləri “divar” yox, saldıqları “körpü” qoruyacaq. Tənha azadlıq birgə asılılıqdan yaxşı olsa da, tənha yaşamaq birgə ölməkdən yaxşı deyil –  “divar”ları söküb körpü salmaq istədilər.

Amma insan qəlbindən sökdüyü “divar”ı küçədə barrikada şəklində qurdu. Hüqo səfillərinin patron daşıdığı barrikadanı…

Müharibə və epidemiya gətirdiyi səfalətlə insanlar arasında “divar” hördüyü kimi istibdad da cəmiyyətdə qruplar arasında barrikada qurur.

Nyutondan 300 il sonra Avropanı ikiyə bölən “dəmir” divara baxan II İohan Pavel dünyaya bəşəri bir çağırış elədi: “Avropa hər iki ciyəriylə nəfəs almalıdır!”

O dahi alimin dediyi divarla müdrik keşişin bəhs elədiyi divar arasında uzun barrikada illəri yaşandı. Bu gün Nyutonun “insanlar”ı divarları uçurub, sərhədləri söküb, II İohan Pavelin Avropasında “hər iki ciyəriylə nəfəs alır”.

***

…Bizimsə barrikadalarımız hələ çoxdur. Hər gün yenisi boy verir, çiçək ləkində bitən sırtıq alaq otu kimi. Cəmiyyətimizin barrikadası olmayan heç bir ictimai, siyasi, sosial, mənəvi müstəvisi qalmayıb. Hər düzdə yüz çəpərimiz var.

Hara baxsan barrikadadır, insanlar bir-birinə həris gözlə baxır: müəllim valideynə, valideyn güzgüdəki xəstə canına, xəstə həkimə, həkim xəstə gətirənə, sərnişin sürücüyə, sürücü polisə, polis piketçiyə, piketçi məmura, məmur xalqa, xalq hakimiyyətə, hakimiyyət büdcəyə…

Bu günün barrikadası ta tələsik ələ keçən daş-kəsək, taxta-tuxta, dəmir-dümürdən qurulmur. Bu günün barrikadası qadın isməti, kişi ləyaqəti, əlil protezi, pensiya “knişkası”, həkim resepti, əsgər andı, anaların qucağından sürüşüb düşən şəhid şəkli, məktəblərdəki fond pulu, urusetdən göndərilən ər hədiyyəsi, Qarabağ haqqında 4 BMT qətnaməsi, xaricdə oxuyub ölkəyə qayıtmaq istəməyən tələbə məyusluğu… və ziyalı vicdanından qurulur.

Atılan güllələr dəyərlərimizi dəlik-deşik elədi…

***

Avropada vaxtilə qurulan barrikadalar bu gün pöhrə verib, gül açıb. Bizdə də belə olacaq! Buna əminəm! Çünki “divar hörənlər”in açdığı güllə deşiklərindən “körpü salanlar”ın ziyası günəş şəfəqləri kimi süzülüb gəlir.

Bizim də barrikadamızın çiçəkləyən zamanı gələcək! Heç kimin şübhəsi olmasın! Bax, onda – barrikada gül açanda bu gün “divar hörənlər”in nəvə-nəticəsi o gülü dərib bu gün “körpüsalanlar”ın qəbri üstə düzəcək!

Nyuton “körpüsalan” tapmayanda körpünü özü tikməyə başladı. Bu körpüdən indi bütün dövrlərin “divar hörənlər”inin nəvə-nəticəsi keçir.

Böyük “körpüsalan” Rafiq Əliyev barrikadanın gül açacağını bildiyindəndir ki, bu gün “divar hörənlər”i təmkinlə, təbəssümlə süzür…

Vahid Qazi

Noyabr 2011

Dərc olunub: Qaynarinfo.azModerator.az, Musavat.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma