Unudulmaz Gülsarı

Unudulmaz Gülsarı

Nə vaxtsa oxumuşdum ki, azadlıqda keçən bircə günün xatirəsi yüz il həbsxanada darıxmamağa yetər. Həyat, özü də azad həyat haqqında bu dəqiq fikri kim yazıb, yada sala bilmirəm. Onu da bilmirəm ki, Qırğızıstanda baş verən son qanlı olaylardan doğan bu yazıya yuxarıdakı fikrin nə dəxli var? Yazının əvvəlində xeyli fikirləşib cavab tapmayanda istədim yerində deyil deyə adını unutduğum fikir adamının bu sözlərini atım getsin. Amma yazının sonunda bir də baxaram deyib, dəymədim. Niyə Qırğızıstanla bağlı yazıya bu sözlə başlamağım bəlkə mənə sonda aydın oldu…

Bu ölkə haqqında çoxlaylı xatirələrimin birinci qatındakı duyğunun adı pərtlikdi. Niyə pərtlik, indi deyim! Əsgərliyin “uçebka” deyilən dövründə saysız-hesabsız orta asiyalı əsgərin arasında iki qırğız hamıdan seçilirdi və mənimki onlarla tutduğundan çox vaxt bir yerdə olurduq. Onlar da əsgərliyə instituta ara verib gəlmişdilər. “Manas”dan, Çingiz Aytmatovdan xəbərdar olmağım, İssık-Kulu tanımağım, “Ağ gəmi” filmindən danışmağım onların yanında hörmətimi xeyli qaldırmışdı…

Aytmatovun “Əlvida, Gülsarı” əsərini dünya ədəbiyyatının şedevrlərindən biri kimi təriflədiyim günün axşamı yerimə girəndə oxumadığım kitab haqqında ağızdolusu danışmağın yaxşı iş olmadığının fərqində idim. Özümə (ayıb işimə) onunla təskinlik vermişdim ki, evə qayıdanda ilk oxuduğum elə bu əsər olacaq. Elə də oldu. Əsgərlikdən qayıtdığım yay “Əlvida, Gülsarı”nı oxudum. Oxudum və pərt oldum. Qabağıma qoyub uşaq kimi danladığım, Aytmatov kimi dahinin yerlisi olub, onun dünyalara dəyən “Əlvida, Gülsarı” kimi sevgi dastanını oxumayan qırğızların yanında xəcalət çəkirdim, min kilometr aralı olsam da. Sən demə, Aytmatovun bu povestinin qəhrəmanı Gülsarı qız yox, at imiş. Onlar da mənim kimi qayıdıb bu əsəri oxuyacaqdılar və görəcəkdilər ki, Gülsarı qız yox, at adıdı. Bu at məsələsi məni pərt eləsə də, hər halda içimdə qırğızlara qarşı isti duyğu yaratdı.

***

Qırğızıstana ilk səfərim 1995-ci ilin yayında oldu. Dünya Türk Gənclərinin növbəti qurultayı İssık-Kulda keçirilirdi. Tədbirə “Antenn” radiosunun prezidenti Rüstəm Əliyevlə getmişdik. Bu yerləri, dağları, gölü qədim türklərin müqəddəs yurdu kimi bizə təqdim edən millətçilər istədiklərinə nail olmuşdular, qan yaddaşımızı oyadıb buraları bizə sevdirə bilmişdilər. Fəxr duyduğun tarix ilk sevgi kimi adamı həyəcanlandırır. İndi də elə bilirəm ki, Ergenekon İssık-Kulun o üzündə, Tanrı (Tyan-Şan) dağlarının saysız-hesabsız zirvələrinin birinin arxasındadı. Hər gün İssık-Kula elə girirdim ki, sanki xristianlar xaç suyuna girir – müqəddəs suya girməklə saflaşır, durulaşıram. O düyğuları sözlə təsvir edə bilmirəm.

Bir gün yenə yüyürüb adı isti olsa da, buz kimi soyuq suya baş vurdum. Nə qədər müqəddəs olur-olsun, suyla zarafat eləməzlər. Ayağımın altından yer qaçdı, batdım. Təkan verib qalxmaq ümidiylə ayağımın torpağa dəyməsini gözləyənəcən – gölün dibinə etdiyim “səfər” boyu keçirdiyim hisslər yadıma düşəndə indi də ətim ürpəşir. Məni xilas edən çuvaşın babasına indi də rəhmət oxuyuram.

***

Sonralar bu ölkəyə çox səfər etdim. Bir dəfə İssık-Kul sahilində, vaxtilə Sovet İttifaqı Kommunist Partiyasının tabeliyində olmuş “Avrora” sanatoriyasında konfrans keçirilirdi. Müxtəlif ölkələrdən gələn qonaqlar bir vaxt SSRİ lideri Brejnevin istirahət elədiyi hoteldə yaşayır, dünyanın dörd bir tərəfindən gətirilən ağac və güllərdən salınmış bağda gəzir, gölün sahilində özlərini günə verirdi. Daha on il əvvəl boğulmağım da qorxulu gəlmirdi.

Konfransın sessiyalarından birində Qırğızıstan Elmlər Akademiyasından bir qoca bioloq alim mövzunu qoyub İssık-Kul gölündən danışmağa başladı. Konfransın mövzusuna dəxli olmasa da, maraqlı çıxış edirdi deyə sözünü kəsmirdilər. O deyirdi ki, 1950-ci illərdə Ermənistanın Sevan gölündən təcrübə üçün balıq gətirmişdilər. Hər iki göl dağda yerləşdiyindən onların bitki və heyvanat aləminin oxşar və fərqli cəhətlərini öyrənirmişlər. Təcrübə onunla nəticələnib ki, gəlmə balıqlar hansısa yerli balıq növünün nəslini kəsib. O, bunu çox ciddi fəlakət hesab edir və kənardan balıq gətirilməsini səhv qərar adlandırırdı. Gölün təbii faunası gəlmə balıqlar hesabına dəyişibmiş.

Bu çıxışı dinləyə-dinləyə mənimlə üzbəüz oturan Helsinki Vətəndaş Assambleyası Ermənistan Milli Komitəsinin rəhbəri Nataliya Martirosyana baxırdım. Gələni saxlamazlar, akademikin sözünü kəsib belə bir replika atdım: “Yaxşı ki, Ermənistandan balıq gətirmisiniz, erməni gətirsəydiniz, indi burda qırğız qalmazdı”. Akademikin başa düşüb-düşmədiyini bilmədim, amma xanım Martirosyan bərk incidi. Dilxor oldu, etiraz elədi, mənə də, təşkilatçılara da, sessiya vaxtı da, fasilədə də. Dostlar onu belə sakitləşdirdilər ki, Vahid zarafatcıl oğlandı, bunu pis niyyətlə deməz. Mən isə dediyim sözün gətirdiyi rahatlıqdan xoşhallanırdım.

***

Hər dəfə Fərqanə vadisiylə Özbəkistandan Qırğızıstana keçəndə bir dünyadan başqasına düşdüyünü dərhal hiss edirsən. Qırğız sərhədçiləri və polislərinin davranışı, adamların sərbəstliyi Özbəkistanla müqayisədə xeyli azad ölkəyə gəldiyindən xəbər verirdi. “Asiyanın İsveçrəsi” adlandırılan bu ölkə özünün gözəl təbiətiylə adamı nə qədər heyran edirdisə, adamlarının yaşadığı səfalət də bir o qədər heyrətləndirirdi.

Dağların zirvəsindən keçən xəyal üfüqlərində gördüyün məkan insanın yox, Tanrının yaratdığı bir diyardı, cənnət elə bura deyirlər. Cənnətin azadlığı, azadlığın cənnəti… Qırğız dostlar neçə ildir inqilabdan sonra bu azadlığın boğulmasından danışırdılar. Taxtdan salınıb indi doğma yurdu Cəlalabada sığınan prezident Bakiyev ümidləri doğrultmadı, öz siyasətiylə “Orta Asiyanın azadlıq adası” kəlməsini də yazılardan pozdu. Yaddaşıma azadlıqlar oylağı kimi hopan ölkə qara qan rəngindədi. Azadlığı qırmızı rəngdə görənlər yanılırlar, lap iki yüz ilin inqilabçıları da.

…İndi yadıma düşdü ki, yazının əvvəlində dediyim o sözlər Alber Kamyuya məxsusdu. Onun “Yad” əsərində yazdıqları daha dəqiq belə səslənir: “Bu dünyada bircə gün yaşamış adam da heç bir əziyyət çəkmədən yüz il türmədə keçinə bilər. Onun darıxmamaq üçün nə qədər desən xatirəsi olacaq”.

9 aprel, 2010

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma