“Отсутствие” – “Yoxluq”

doroga nikuda

Aydın Əfəndini ən yaxşı kim çevirib?

“Bu ilin qışında beş il əvvəl başladığım  “Çöl Qala” adlı povesti bitirhabitirdə əlimə ölkədə çoxunun tanımadığı, cəmi 37 il yaşamış istedadlı şair Aydın Əfəndinin “Отсутствие” şeiri keçdi. Əsl göydəndüşməydi, povestin sonluğuna tam uyğun gəlirdi, elə bil rəhmətlik məhz bu əsər üçün yazıb. Şeiri qəhrəmanın adından verəsi oldum: mətnə olduğu kimi, yəni rusca daxil elədim. Amma haşiyədə tərcüməsini də vermək lazım idi. Qulu Ağsəsdən dilimizə çevirməyi xahiş etdim. Xeyli müddət sonra bir gecə Facebookda o şeirin tərcüməsini paylaşdığını gördüm. Elə isti-isti çeviribmiş. Mənə səhəri gün göndərdi. Həmin şeiri daha əvvəl Ferican Yaren tərcümə edibmiş. Hər ikisi uğurlu çevirmədi, amma nəşrinə hazırlaşdığım romana yalnız biri salınmalıdır. Real həyatda bir-birlərini görməyən virtual aşiq-məşuqun yazışmalarından bəhs edən bir povest üçün hansı tərcüməni seçərdiniz? Fikrini yazacaq hər kəsə bəri başdan “sağ ol” deyirəm!”

Yuxarıda  oxuduğunuz bütün cümlələri Vahid Qazi yazıb. Mənim yazdığım isə aşağıda oxuyacaqlarınızdır:

Deməli, mənim təqdimatında “Müqayisəli tərcümə” layihəsini görəndən sonra Vahid müəllim hər iki tərcüməni bu layihə üçün göndərib povestinə salacağı şeirin hansı tərcümədə daha uğurlu səslənəcəyini bilmək istədi. Ümid edirik ki, bu tərcümələri oxuyub şərh yazan oxucular Vahid müəllimə kömək olacaq. Bizim layihəyə maraq göstərdiyinə görəsə Vahid müəllimə təşəkkür edirəm.

Daha sonrasa öyrəndim ki, vaxtı ilə A.Əfəndinin “Yoxluq” şeirini şair, tərcüməçi Səlim Babullaoğlu da tərcümə edib. Amma üç tərcümənin müqayisəsində mən S.Babullaoğlunun etdiyini Aydın Əfəndinin poetik ruhuna, soyuq ağlına daha yaxın, peşəkar olduğunu düşünməyə bilmirəm. Q.Ağsəs isə bir qədər öz şeir ruhuna yaxınlaşdırıb. Hətta tərcümədə Qarabağ dialektindən də yararlanmağı yaddan çıxarmayıb. F.Yarenin tərcüməsi də dəqiq, hətta deyərdim sətri tərcümə səviyyəsindədir.

Zəruri qeyd: Bu material tərcümə çapa getməmiş öyrəndim ki, A.Əfəndinin həmin şeirini Mahir Qarayev də tərcümə edib. Şifahi söhbətlərində daim mənimçün hansı tərcümədə nəyi niyə məhz o cür etdiyindən danışan Qarayev düzü çox maraqlı və öyrədici təcrübələrini bölüşür. Onun bu tərcüməsi də özünəməxsusdur. Beləliklə, hələlik bu şeirin 4 tərcüməsi əlimizə düşdü və biz oxucular bütün variantları təqdim edirik.

Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.

kulis.az

Oxumağa davam et

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Famil Mehdi ve Ala Yaqub

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…

Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.

İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.

80 yaşın mübarək, müəllim!

15 ilin boyat seçki süfrəsi

 Election-2

15 ilin boyat seçki süfrəsi

Bu gün Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçirildi. Necə keçirildi, bilmirəm! Amma 15 il əvvəl 1999-cu ilin ilk bələdiyyə seçkilərinə canlı şahidəm. O vaxt seçkidən sonra Bakının mərkəzi məktəblərindən birindəki seçki məntəqəsində həm də məktəb direktoru olan məntəqə sədrinin beynəlxalq müşahidəçilər üçün açdığı “seçki süfrəsi”ndə nələr olduğu yadıma düşdü:

Seçki süfrəsi

(“Açılmayan süfrənin qonağı” yazısından)

…1999-cu ilin 12 dekabrında keçirilən ilk bələdiyyə seçkisinə qatılan beynəlxalq müşahidəçilərin arasında Petruşka Şustrova işini hamıdan tez bitirmişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki seçki məntəqəsində müşahidə aparan gürcü dostlarımızı da götürüb şam yeməyinə gedək. Yaxadan asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla görüşməyə imkan yaratdı.

Onlar işlərini bitirməmişdilər. Ləngiyəsi olduq. Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarını yana açıb üstümüzə gəldi, mehribancasına qalşıladı. Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri otaqların birində süfrə açıb, amma bu tərs müşahidəçilər yemək istəmirlər.

Gürcülər isə bizə izah etdilər ki, məntəqədə saxtakarlıq olub və komissiya üzvləri hər vəchlə onların, bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözləyir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”, yəni “Həzrət Abbas haqqı, hamısı soyudu”.

Uzun minnətdən sonra belə razılaşdıq ki, hamımız keçirik süfrə başına, amma gürcülər növbə ilə yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi. Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəllimə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə girişdik.

“Belə görürəm, əlac bunları kefləndirməyə qalıb” – gözləri pişik gözü kimi parıldayan “zavxoz” direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir loxma da yeməmişəm. Sən bu gombulu kefləndirə bilərsən… Pivə boçkasına oxşayır” – bunu da direktor dedi. “Zavuç”un qımışaraq “Özü də çex pivəsinə” əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən getdiyi təəssüratı yaratdı.

İki butulka araq boşalandan sonra gürcü müşahidəçisi növbə dəyişikliyi üçün seçki qutuları olan “strateji” otağa keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə ayıq adam gəlirdi. Dəqiqələr keçir, sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində başlayan təriflər Azərbaycan dilində təhqirlərlə davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt uşağı, it, öldüm axı, ta getmir. Sizin …”

Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su içmir, özü də heç vurmur deyəsən. Mən ölüm buna bax, elə bil nemesdi. Qəfil çönmə, başa düşər” – direktor “zavuç”a məni nəzərdə tutub dedi. Üzünü mənə çevirib davam etdi: “Qospaja Petruxa xanım tvoy tyotka?” Açıq məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim. “Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq edirdilər, direktorun kefi tamam açılmışdı.

Məclisin şirin yerində “zavxoz” arağın qurtardığını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı aç. Qoy qarışdırsınlar, bəlkə belə keflənələr”. “Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik. Bunların qarnını doyurmaq olar?”

Nəhayət, o, badəni götürüb çex xalqının qəhrəmanlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən, orada vurulduğu çex qızından uzun-uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən işğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma həmin il məni tutub işgəncə vermişdilər, uzun müddətə həbsə atmışdılar” – deyərək sovet ordusunun 1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına işarə vurdu.

Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korlamışdı. Direktor işçilərini otaqdan çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti düzəltməyə çalışdı.

Daha mən də hövsələdən çıxmışdım. Qədəhi götürüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalılarımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.

Mənim azərbaycanlı olduğumu bilən direktor əvvəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırışlara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. Qıpqırmızı sifətdən keçi əmcəyi xəcalət təri axdı. “Sən azərbaycanlısan?” – o, ayılmışdı. “Yox, nemesəm!” dedim.

Burada baş verənləri, əlbəttə ki, qonaqlara danışmadım. Amma mənim sözümdən sonra komissiya sədrinin, digərlərinin pərtliyi açıq-aydın görünürdü. Ayağa qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Onsuz da işimizin heç bir əhəmiyyəti qalmamışdı.

“Sonalar gölü”nün sahili

svansjön 1

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et

Kompas adamlar

qulu_meherremli (4)

Kompas adamlar

(Qulu Məhərrəmlinin 60 yaşına)

Mənəvi aşınma dövrü yaşayan cəmiyyət cəngəllik kimidir. Yolunu azdığını, itib-batdığını, əriyib qarışdığını hiss eləmirsən. Həqiqət hardadı, xəbərin olmur, çünki həqiqət də, yalan da bir-birinə oxşayırlar, ayıra bilmirsən. Belə mühitdə vicdanını bir təhər qoruyub saxlayan ictimai yüklü adamlar kompasa bənzəyirlər. Onlar mənəvi böhran yaşayan “cəngəllik”də azmaq istəməyənlərə bələdçilik edirlər. “Kompas adamlar”a ehtiyacı olmayan ölkələr də var, məsələn, İsveç kimi, beləsindən danışmıram. Hər cığırına bələd olduğun Vətəndə kompasla gəzməyə məhkumluğun əzabından danışıram…

Qulu Məhərrəmliylə elə bir dostluğum olmayıb. Amma dostum kimidi. Az olmayıb heç tanımadığım adamları sevməyim. Onu tanıyıram!

Bu ilki mətbuat günündə feysbuk səhifəmdə belə bir status paylaşdım: “22 iyulda Qulu Məhərrəmli kimi dostlarla bir yerdə olmağı arzuladım. O gün müsahibəsində belə demişdi: “Balaca adamların boyu çox uzanıb. Daha doğrusu özü yox, kölgəsi uzanıb. Əgər bir ölkədə balacaların kölgəsi uzanırsa, deməli o ölkədə günəş batır”. Qulu müəllim kimi yalnız Sözə qul olan adamlarımız durduqca, günəşimiz batmayacaq”.

Onun 60 yaşı tamam oldu. Təbrik eləmək istədim əslində. Bilmirəm, deyə bildimmi, demək istədiyimi?!

Mina senaste publiceringar

karlskronada axsami

Mina senaste publiceringar

Den senaste tiden har min roman, mina noveller och essäer publicerats på olika språk i diverse länder. Essän ”Oginskisk melodi” har publicerats på nättidskriften ”Svenska palmen” och novellen ”Helena” har översatts till ukrainska och publicerad i litteraturtidsskriften ”Vsesvit” (”Universum”) i Ukraina. Tidskriften “Литературный Азербайджан” (Litterär Azerbajdzjan) har publicerat min essäserie “Chamajra:Anteckningsbok om Kuba” på ryska. Romanen “Cöl Qala” publicerades i nummer 8/2014 Azerbajdzjanska Författarförbundets tidskrift “Azərbaycan” (”Azerbajdzjan”).

Filoloq Məti Osmanoğlu ”Oginskinin melodiyası” haqda

meti osmanoglu

Filoloq Məti Osmanoğlu ”Oginskinin melodiyası” haqda

Məşhur melodiyaların bədii sözlə ifadəsi, melodiya üstündə söz yazılması təzə hadisə deyil: bunun, məsələn, “Sebastian Baxın 1 nömrəli do-minor konserti” (Nazim Hikmət), “İlk simfoniya”, “Segah” (Əli Kərim), “Bayatı Şiraz” (Yusif Səmədoğlu) və s. kimi hamımıza tanış klassik nümunələri var. Vahid Qazinin qələmə aldığı “Oginskinin melodiyası” hekayəsində də musiqinin bədii sözlə ifadəsinə oxşar yanaşma var və Vahid öz içində səslənən musiqinin maraqlı bir hekayəsini yaratmağa müvəffəq olub.

Hekayə Avropada yaşayan, yavaş-yavaş həyatına və düşüncələrinə Qərbin qürubu  çökməkdə olan azərbaycanlının özünə qapalı iç dünyasının səsli, sözlü mənzərəsini əks etdirir. Azərbaycandan – Şərq mədəniyyətindən qopub İsveçin minə yaxın əhalisi olan sakit Bürserid qəsəbəsinə, tipik xrisitian mədəniyyəti mühitinə düşən insanın içindəki qərbləşmə və qəribləşmə musiqinin melodiyaları ilə təqdim olunur. Yeni zamanın və mühitin yetirməsi olan, kilsədəki pianoda məşq edən övladları ondan dinlədiyi melodiyalar barədə düşüncələrinii yazmağı xahiş edilər. O hər musiqi parçasına (məncə, musiqi əsərlərinin siyahısı çox uzun verilib…) bir anım, bir ifadə yazır. Mixail Oginskinin “Farewell to Homeland»  polonezinin adının qarşısını isə boş qoyur…

Rolan Bartın “Müəllifin ölümü” essesinə istinadən, mənə etiraz edənlər olacaq: ancaq “Oginskinin melodiyasın”ndakı Müəllif amilini gözardına vurmaq heç mümkün deyil. Vahid Qazi taleyi qürbətə bağlanmış yeni ictimai təbəqənin bədii obrazının xırda bir detalı arxasında dolğun qəriblik obrazı yaradıb.

Hekayədə məni təsirləndirən maraqlı bir detal da Oginskinin əsərinin adının tərcüməsi ilə bağlıdır: əsərin adı həm ingiliscə, həm də rusca “Əlvida, vətən” mənasını verir. Bu adı “Vətəndən ayrılma” kimi təqdim edən mühacir Müəllifin hələ vətənə əlvida deməyə dili gəlmir. Bu, çox dramatik məqamdır…

Zənnimcə, Vahid Qazinin bu hekayəsi məzmununa və daşıdığı poetik enerjisinə görə müasir mühacirət ədəbiyyatımızın maraqlı bir nümunəsi kimi yadda qalacaq.

Məti Osmanoğlu

“Ulduz” jurnalının 2014-cü il, avqust sayına həsr olunmuş “Axtarışların yolayrıcında” məqaləsindən

Kult.az

Müsavat Partiyasının üzvü olsaydım…

Arif Hacili

Müsavat Partiyasının üzvü olsaydım…

Müsavat Partiyasının üzvü olsaydım, onun başqanlığını haqq eləmiş namizədi dəstəkləyərdim. Qurultaya seçilsəydim, söz alardım. Tribunaya qalxıb deyərdim ki, “Müsavat” sözünün ərəbcə nə məna verməyindən asılı olmayaraq onun Azərbaycan türkcəsində başa düşülən bir anlamı da var – Haqq. Müsavat Partiyası xalqın millət olmaq, dövlət qurmaq haqqından yaranıb. Müsavatçılar 100 il boyu haqqa tapınıblar, haqqa inanıblar, haqları daim tapdansa belə.

Şübhəm yoxdur ki, bu günün müsavatçıları da ənənəyə sadiqdirlər və Müsavatı vətəndə bərpa edən, onun idealı olan müstəqillik aktına səs verən, Qarabağ döyüşlərində onun dağlarında, çöllərində olan, demokratiya savaşlarında küçələrə, meydanlara çıxan, haqq davasında həbsxanalara düşən bir namizədə səs verəcəklər. Bir vaxtlar strukturları ölkənin az qala hər kəndini belə əhatə edən bir partiyanın qurulmasında qara fəhləlik eləmiş birini seçəcəklər (Belə bioqrafiyası olanı başqa xalqlar əl-əl gəzir). Yaşa dolduqca simaca da Rəsulzadəyə oxşayan Arif Hacılını başqan edəcəklər.

Başqanlıq onun halalıdır! Müsavatçılar bu ölkədə haqqın hələ tam itmədiyini öz hərəkətləriylə nümayiş etdirəcəklər. Dostumuz Qubad bəy də başqanlığı haqq eləmiş Arif Hacılının seçiminə halallığını verib elə özü ona səs verəcək. Və beləcə növbəti başqanlığı özünə haqq edəcək.

Bu sözləri deyəndən sonra qurultay iştirakçılarına 2012-ci ilin yanvarında İstiqlalın 20 illiyi dövlət səviyyəsində qeyd ediləndə 50 yaşını həbsxanada keçirən ölkə istiqlalına səs vermiş Arif Hacılıya həsr elədiyim “İstiqlal cəfakeşi”  yazısını oxuyardım.

Sonra da tribunadan düşüb namizədlərin əllərindən tutardım, birlikdə Müsavatın himnini oxuyardıq.

Müsavat Partiyasının üzvü olsaydım…

P.S. Amma şərt üzvlükdə deyil, özünü müsavatçı duymaqdadır. Mən də müsavatçıyam! Üzvlüyü olmayan 100 minlərlə Azərbaycan vətəndaşı kimi. Səsimi də bu gün başqanlığa haqqı çatana verirəm!

Vahid Qazi

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

siyasi mehbuslar

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

Son olaylara 20 ilin rakursundan baxış

Milli azadlıq hərəkatının başladığı gündən zaman-zaman repressiya dalğalarının şahidi olmuşuq. Onun qabaran və çəkilən dönəmlərini yaşamışıq. Uzun illər vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak eləmiş adamların həbsə atıldığı, QHT-lərin bank hesabının dondurulduğu, fəaliyyət imkanının minimuma endirildiyi indiki dövr əvvəlkilərdən fərqlənir. Söhbət tək total həbs və qorxudan getmir. Ona qalsa, 2003-cü ilin oktyabr hadisələrindən dəhşətlisini xatırlamıram. Söhbət ondan gedir ki, indi bu repressiyalar “vətənə xəyanət” ittihamıyla həyata keçirilir. Repressiv siyasi sistemlər vətəndaşlarına qarşı son həmləni adətən bu ittihamla başlayır. Dəniz diliylə desək, belə hallar adi dalğaya yox, sunamiyə bənzəyir. Oxumağa davam et

50 yaşlı cavan

rewad ve mehmanla (2)

50 yaşlı cavan

Desəydilər ki, Rəşad Məcidin 70 yaşı olur, yaxud tamam əksinə, sabah 21 yaşa keçir,  “21 yaşımla söhbət” şerini elə dünən yazıb, inanardım, mənə qəribə gəlməzdi.

Rəşadın 50 yaşı məndə ikili duyğu yaradır. Bir tərəfdə “50 yaşı hələ indi olur?” deyə qəribə sual,  o biri yanda “nə tez 50 yaşı oldu?!” təəccübü var. Adamın inanmağı gəlmir.

70 yaş ona görə deyirəm ki, Rəşad həmişə yaşından böyük görünüb. Başqalarını bilmirəm, mənə belə görünüb. Ağdamda yay axşamları hərdən evin taxtapuşuna çıxıb, isti damda uzanıb göyə, günəşin batmasına, Xıdırlı dağlarına, qonşuların həyətinə, bir də yola baxmağım vardı. O küçədən keçənlərin arasında məhlənin ən “qoca uğaşı” da olurdu. Onu böyük göstərən bəlkə də yuxarı sinifləri Bakıda, təmayül məktəbində oxumağa getməsiydi. O yaşda uzaq şəhərə oxumağa getmək, bizə əsgərliyə getmək kimi gəlirdi. Hələ hamıdan qabaq maşın sürməyi də onu gözümüzdə əməlli-başlı kişiləşdirmişdi.

Çox vaxt Bakıdan yaşca xeyli böyüklərlə gəlirdi. Mən bu adamları televizordan tanıyırdım. Onlar Rəşadgildə qalardı, Rəşad onları Şuşaya aparardı. O vaxt televizorda gördüyün adamı küçədə rastlamaq qeyri-adi bir şey idi.

Mehman Cavadoğlunu ilk dəfə onlarda görüb elə bilmişdim ki, Ramiz Rövşəndi. Amma Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini elə özlərinə oxşatmışdım. Ta Aqil Abbası demirəm, onlar elə mən tanıyandan bir yerdəydilər.

Sonra Bakıda da onu özündən yaşlı adamlarla gördüm. “Azneft” çayxanasına yığışan ölkənin tanınmış ədəbiyyat, mədəniyyət, elm adamlarını deyirəm. Məsələn, Aydın Məmmədovu deyirəm, o Aydın Məmmədov ki, dövrünün elmi-ədəbi elitası onu brend kimi qəbul eləmişdi. O da 25 yaşlı Rəşadı təzəcə yaranan Tərcümə Mərkəzində özünə müavin götürmüşdü.

Kimlərlə oturmağından asılı olmayaraq; çay stolunda, yemək məclisində həmişə hesabı Rəşad verən gördüm. Hamı onu “üstünə diləyə gediləcək” adam kimi tanıdı. Tanıyan güvənli biri təki onunla dost olmaq istədi.

Mənim üçün Rəşad, bax, hələ o vaxt 50 yaşındaydı.

***

21 yaş ona görə deyirəm ki, Rəşadı tanıyıram! Onu ən azından mənim qədər tanıyan bilir ki, illərin dəyişdiyi Rəşadın o üzündəki Rəşad həmişə “yaşının yaşıl çağı”nda, elə 21 yaşındadı.

Rəşad ilk baxışda kiməsə kobud da görünər. Yekəxana, eqoist də. Bir dəfə bir toyda Brilyant Dadaşova çıxış edib yerinə qayıdan Rəşada bu konteksdə söz atmışdı. Amma o hardan biləydi ki, ona kobud görünən bu adamın içində kövrək, bir kəlmə sözdən yuxalan ürək döyünür. Tanımırdı, ona görə.

Bəlkə də içindəki həmişəcavan şairdi onu gənclərlə əhatələyən. “525-ci qəzet”in ilk sayında gənclərə çağırış eləməsi, sonrakı illərdə, onlarla, yüzlərlə gəncə yaradıcılıq meydanı verməsi, gənc yazarlarla iş üzrə Yazıçılar Birliyinə rəsmi işə qəbul edilməsi də elə ordan gəlir.

Küçədə əlindəki neft dolu butulkayla ehtiyatsız davranıb özünü yandıran bir uşağı o vaxtın ən bahalı “layka” plaşına büküb söndürməsini xatırlayıram. 1980-ci illərin bir yağışlı günündə onu plaşsız görüb təəccüblənəndə danışmışdı bu hadisəni.

Rəşadın nə qədər adamın həyatını dəyişməyinə şahidəm. Neçə adam ona görə ailə qurub, iş tapıb, sənətə gəlib, depressiyadan çıxıb, qanad açıb ruhlanıb, ilhamlanıb, sevgi dadıb.

Rəşad Məcidlə bölüşmədiyimiz çox fikirlər ola bilər, mübahisə mövzularımız az olmayıb, amma bu, heç vaxt dostluğumuza kölgə salacaq həddə çatmayıb.

Qardaşı olanlar qardaş qədrini nə qədər bilir, deyə bilmərəm. Amma olmayan adama elə gəlir ki, qardaşı olsaydı, ona ikiqat güc verərdi. Rəşaddan o qədər beləcə güc almışam, heç özü də duymayıb!

“Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad günündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanların belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi”. Bu sözləri təzəcə bitirdiyim “Çöl Qala” povestimin qəhrəmanı deyir.

Rəşad Məcid də belədi: insanlara tək dar gündə həmdərd olmur, onların şad gününə ürəkdən sevinməyi də bacarır. Mən onu belə tanıdım!

Yubileyin mübarək, 50 yaşlı cavan!

Vahid Qazi

Dərc olunub: 525.az, musavat.com, aznews.az, qafqazinfo.az, modern.az,