Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…
Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…
Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.
İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.
80 yaşın mübarək, müəllim!
Misralara hopmuş Vətən harayı…
Xəbərin çap versiyası Tarix: 27/12/2014
image here
“Təzadlar” BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin görkəmli alim, şair-publisist, dekabrın 25-də anadan olmasının 80 illiyi qeyd edilən mərhum şair Famil Mehdiyə həsr olunmuş və moderator.az saytında təqdim olunmuş yazısını təqdim edir:
Qulu Məhərrəmli
(Unudulmaz şair-publisist
Famil Mehdinin əziz xatirəsinə)
…Onunla üz-üzə gəlmək, kəlmə kəsib danışmaq adamda həmişə ilıq duyğular oyadırdı. Xoş aurası, mülayim təbiəti, bir az ləngərli danışığı və ürəyəyatan səsi varıydı. Üzündə tez görünüb, tez də yoxa çıxan oynaq təbəssümü onu adama tez doğmalaşdırırdı. Famil Mehdi bu dünyanın nə çoxu, nə də azıydı, barmaqla göstərilən böyük şəxsiyyətlərdəniydi. Ədəbi ictimaiyyətdə yaxşı hörməti vardı, dərs dediyi jurnalistika fakültəsində tələbələrin sevimlisi, bu təhsil ocağında düzlük, mərdlik, kişilik havasını saxlayanlardan biri, çoxlarının ümid yeriydi.
Bizə dərs dediyi ilk günlərdən münasibətimiz yaxşı alınmışdı, obyektiv, ədalətli, müəllim idi. Allah ona böyük ürək vermişdi, tələbələrinin qazandığı uğurlara çox sevinirdi. Diplom müdafiəsində haqqımda dediyi qiymətli sözləri unutmamışam, təzə-təzə ekrana çıxıb veriliş aparanda verdiyi məsləhətlər də yadımdadır. Mənə olan ən isti münasibətini isə “Televiziya haqqında etüdlər” kitabıma (1996) böyük ürəklə yazdığı və xeyli məna qatları olan ön sözdə ifadə edib. Hər dəfə həmin kitabı vərəqləyəndə, sanki Famil müəllimin işıqlı çöhrəsini görür, onun duyğulu səsini eşidirəm:
Min hava çalınıb könül tarımda,
Dünyanın nə azı, nə çoxuyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.
***
Yaxşı şair nədən yazırsa-yazsın, hansı detalı cızırsa-cızsın o, poetik obrazların ən mükəmməlini yaradır. Yəni əsl şairin könül mizrabı toxunduğu mövzudan asılı olmayaraq, bədii lövhənin ən incə detallarında belə insan ruhunu oxşayan çalarlara can verə bilir. Azərbaycan poeziyasında bənzərsiz yaradıcılıq üslubu ilə seçilən Famil Mehdi, məhz belə parlaq şairlərimizdəndir.Onun insan qəlbini riqqətə gətirən, duyğuları oyadan incə, lirik sevgi şeirləri də, vətən torpağını vəsf edən poetik nəğmələri də, bu torpağa arxa çevirənlərə qəzəb püskürən gileyli misraları da əsl şair istedadı ilə yazılıb.
Famil Mehdi ədəbi ictimaiyyətin diqqətini ötən əsrin 50-ci illərinin ortalarından yazdığı lirik şeirləri ilə cəlb etməyə başlayıb. “Sevəndən bəri” (1961) adlı ilk şeirlər kitabı ilə özünü coşqun təbli şair, özünəməxsus ifadə tərzi olan söz adamı kimi təqdim edib. Onun şeirləri uzun illər insanların həyat eşqini coşdurub, onları yaşamağa ruhlandırıb. Lirik sevgi nəğmələri təxəyyüllərə güc verib. Şairin yaratdığı poetik obrazlar, ustalıqla nəzmə çəkdiyi ülvi duyğular beləcə zaman-zaman yaddaşlara hopub, onu öz dövrünün parlaq sevgi şairinə çevirib.
Nə yaxşı ki, Famil Mehdi sevginin orbitində qalmayıb, tezliklə əlini zamanın nəbzi üstünə qoymuş şair kimi tanınıb. Nə yaxşı ki, həyatda, ətrafda insan taleyinə təsir edən nə baş veribsə, şair ona dərhal reaksiya verib. Bu baxımdan onun Azərbaycan poeziyasının ədəbi mövzularından olan vətən sevgisi ilə bağlı şeirlərinin ahəngini izləmək çox maraqlıdır.
Əvvəla, onu deyək ki, Vətənin xoş günlərində yurd sevgisi F.Mehdi yaradıcılığından qırmızı xətlə keçir. Onun şeirlərində Azərbaycan bütün rəngləri ilə ifadə olunur, şairin söz rübabı bu rənglərə parlaq çalarlar verərək oxucuda ülvi duyğular oyada bilir. Həm də şair, təkcə onu boya-başa çatdırıb şöhrətləndirən Qarabağ torpağını deyil, Azərbaycanın bütün dilbər guşələrini vəsf edir. Digər tərəfdən, böyük şair bu gözəl məmləkətimizin hər qarışında insanı valeh edən misilsiz mənzərələri nəzmə çəkməklə yanaşı, həm də könül tarını dilləndirərək bizləri bu yurdu sevməyə, onun qədrini bilməyə çağırır:
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.
Famil Mehdi kimi geniş yaradıcılıq diapazonu olan və “fikir dünyasının dərin qatlarına lağım atan bir şairin, publisistin yaradıcılığını təhlil etmək yükünün altına girmək” (Rafiq Əliyev) asan iş deyil, əslində bu, ciddi tədqiqatların mövzusudur. Amma böyük şairin coşqun bir ilhamla çağlayan poeziyasında öz əksini tapan vətən sevgisini hər kəs dərhal görə və duya bilir. Çünki F.Mehdinin yaradıcılıq xəmirinin mayası, məhz bu Vətən məhəbbətindən, onun bir parçası olan Qarabağ sevgisindən yoğrulub:
Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına.
Bax, burada şair-vətəndaş Famil Mehdinin daha parlaq bir keyfiyyəti üzə çıxır: o, könül rübabını düşmən tapdağı altında qalmış böyük Vətənin haraylarına kökləyir. Qarabağ savaşı başlanandan F.Mehdi bu mövzunu önə çəkib haray salan söz sahibinə çevrilir. Artıq onun son şeirlərində bu mövzu ən kəskin rakursda görünür. İndi bu şeirlərdə Qarabağ bülbülləri susub, yalnız torpağın iniltisi, talesiz insanların hay-harayı, sinəsi dağlı anaların ah-naləsi eşidilir. Bu fəryadlar şairin sətirlərindən ağrılı bir səs kimi pərdə-pərdə qalxaraq bütün Azərbaycana yayılır. Artıq hiss olunur ki, böyük söz ustası demək istədiklərini boyasız, bir qədər sərt notlarda təqdim edir. Yəni şair belə hesab edir ki, artıq burada sətiraltı ifadələrə, ezop dilinə ehtiyac yoxdur, odur ki, qəzəbini cilovlamadan hər şeyi birbaşa deyir:
Mənim Qarabağım mənim deyilsə,
Yadlar tapdağında inildəyirsə,
Bəs mənim dünyada kimim, nəyim var,
Bu günüm, nə də ki, gələcəyim var.
(“Mənim Qarabağım mənim deyilsə”)
Bəli, şair belə düşünür ki, onun babalarının miras qoyub getdiyi və ruhunu qidalandıran Qarabağ yoxdursa, onun üçün həyat yoxdur. Ona görə də bu itki səbəbindən şeirlərində bir yanğı və üsyan duyulur. Hətta bu məqamda fikirlərini bir az da qabartmaq, dərin məna qatlarında gizlənən fikirləri oxucuya çatdırmaq üçün F.Mehdi şeirlərinin gözünə bir az da publisistik ruh qatır. Təsadüfi deyildir ki, şair özü “Poeziya mənim ücün mübarizədir” adlı məqaləsində Qarabağ dərdini bu şəkildə dilə gətirərək yazırdı: “…ən böyük dərdimiz Qarabağ dərdidir. Mən üzümü həyata tutub dərdimi yazıram. Mənim ücün bu saat poeziya estetik tərbiyə vastəsi deyil, mənim ücün poeziya mübarizədir. Mübarizədir- birinci nüvbədə düşmənə qarşı, ikinci növbədə daxilimizdəki laqeyidliyə qarşı”. Şairin bir çox dərdli şeirləri, haray salan misraları, o cümlədən “Necə yaşayırsan, ay Famil Mehdi?” şeiri, məhz bu mübarizənin parlaq ifadəsidir:
Dünyada varın-yoxun,
Nə azın, nə də çoxun
Bircə Qarabağdı, o da ki, getdi.
Daha Qarabağsız sən bu dünyada,
Zəhər içə-içə, dərd uda-uda
Niyə yaşayırsan, ay Famil Mehdi?!
Öz həyatında insan dərdlərinin bütün çalarlarını hiss etmiş “Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir.İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz.Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır”- qüdrətli şairimiz Məmməd Arazın bu sözlərində böyük həqiqət var. Son dövr yaradıcılığında Qarabağ mövzusuna köklənmiş F.Mehdi cəmiyyətdə baş verən naqisliklərə də biganə qalmamış, cəmiyyəti və milləti məhvə aparan bir çox mənfilikləri kəskin tənqid etmişdir.
Şairin sosial-siyasi mövzudakı şeirləri sübut etdi ki, artıq F.Mehdinin şair nəfəsi bu sferada daha da genişlənib, indi onu daha böyük ictimai prolemlər, o cümlədən milli ruhun dirçəldilməsi, xalqın kimliyi, milli ləyaqət və s. məsələlər daha çox maraqlandırır. Ona görə də şairin bu dövr şeirlərində nifrət də, məhəbbət də, sarkazm da, acı qəhqəhə də bütün çalarları ilə üzə çıxır. Bu baximdan onun “Dilən, professor, utanma, dilən” şeiri şairin yaradıcılığında xüsusi yer tutur. Ölkə ictimaiyyəti, oxucular şeir dərc olunanda böyük maraqla qarşıladılar. Hər şeydən əvvəl ona görə ki, bu şeir öz ziyalısına dəyər verməyən, müəlliminə yiyə durmayan, onu taleyin ümidinə buraxmış bir cəmiyyətə qarşı ittiham idi:
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın.
Əslində keçid dövrünü yaşayan bir çox cəmiyyətlər üçün aktuallığını hələ də saxlayan bu şeir, istənilən ölkədə dəyərləri düzgün seçməyə, millətin sabahına sayğı ilə yanaşmağa bir çağırışdır.Şair doğru olaraq göstərir ki, “arxasız millətin, yiyəsiz xalqın, alimi, şairi dilənəsidir”, çünki öz xalqının maraqlarını deyil, şəxsi firavanlığını düşünən adamların çoxaldığı cəmiyyətlərdə başqa cür mümkün deyil.Həqiqətən belədir, şairin dediyi kimi, o yerdə ki, “yağla şora fərq qoyulmur”, “sərçə qartaldan, çiçək qanqaldan fərqləndirilmirsə, orada həmişə dəyərlər gücdən düşəcək”. Bəs bunlara görə kimdir günahkar? Şair həmin günahkarları professora da, biz oxuculara barmaqla göstərir:
Çıxart eynəyini,aç gözlərini,
Yaxşı gör zamanın acgözlərini.
Vicdan karlarını, qəlb lallarını,
Vəzifə, var-dövlət dəllalarını.
Qoy görsün səni də ağız pusanlar,
Söz qalaylayanlar, körük basanlar.
Ümumiyyətlə, F.Mehdinin son dövr yaradıcılığında istər Qarabağsız mövzusunda, istərsə də sosial mövzuda olan şairlərində adlı-ünvanlı ittihamlar çoxdur. Bu baxımdan güclü etiraz və üsyan hissinin çox güclü olduğu “Zamanın üzü qaradır”, “Qaçqınlar ölməyin aman günüdür”, “Körpə qaçqın”, “Mənim qaçqın anam Bakıda öldü” şeirləri kəskin tənqidi ruhu ilə daha çox fərqlənir. Əslində bunlara tənqid demək də doğru deyil, bunlar qəlbi vətən və yurd həsrəti ilə çırpınan, sanki əlacsız və köməksiz qalmış bir şairin harayıdır. Əslində şair, məhz bu harayının eşidilməməsindən narahatdır və ona görə də belə yazır:
Mənim düz işimi tərs eyləyən çox,
Məzarım üstündə rəqs eyləyən çox
Sırtıq nitqləri eşidənim çox…
Nədən harayımı eşidənim yox,
Vətən fəryadımı eşidənim yox! (“Getdi Qarabağım, haray, ay haray”)
Bu məzmunda şeirlər göstərir ki, F.Mehdi Qarabağ itkisini daha dərindən duyur, qaçqın və köçgünlərin ürək döyüntülərini daha yaxından eşidir, bu dərdləri özünə daha yaxın buraxır. Çünki özü bu dərdin içindədir:
Ölür, vətən deyir, yurd deyir anam,
Yurd düşmən əlində, vətən dardadır.
Bəlkə, haray çəkim, ay dad, ay aman,
Bu millət hardadır, bu xalq hardadır?!
(“Mənim qaçqın anam Bakıda öldü”)
F.Mehdi köçgün və qaçqın mövzusunu da sonsuz bir kədərlə işıqlandırır.Həmin şeirlərində şair qaçqınların ağır dərdlərini duyub, özününkiləşdirir, bu ağır və acınacaqlı həyatı, daha təbii, daha real boyalarla əks etdirir.Bu baxımdan şair “Qaçqınlar, ölməyin, aman günüdür” şeirində, sanki içini qarsan odu, alovu sözlərə sığışdıra bilmir.
Yamandır yaşamaq, urvatsız ölmək,
Yurd-yuvasız ölmək, elatsız ölmək.
Urvatsız ölənin yeri dar olur,
Yeri dar olanın ruhu xar olur.
Xalqın “varlığı odlara qalanıb” deyərək içində bu qədər dərd gəzdirən, son illərin ağır faciələrini, ictimai dərdləri şəxsi kədəri kimi qəbul edən Famil müəllim dərd içində də bu dünyaya göz yumdu. Ürəyində Qarabağ həsrəti və bir də sabaha öləziyən ümidlərlə…
***
Mən 2003-cü ilin payızında dünyasını dəyişmiş Famil Mehdinin dəfn mərasimini indi də xatırlayıram. Adamlar ağır dərd və hüzn içərisində böyük şairə, heç nədən çəkinmədən vətənin dərdlərini dilə gətirmiş bir sənətkara vida sözləri deyirdilər, səsi titrəyən, kövrələnlər az deyidi, onu istəyənlərin göz yaşları içlərinə axırdı…
İş elə gətirdi ki, ömrünü qaçqınlıqda başa vurmuş anamı da Famil müəllimin əbədi uyuduğu məzarıstanlıqda dəfn etmişik. Odur ki, hər dəfə anama baş çəkəndə “Vətənli ölülər, ölüykən diri, Vətənsiz dirilər, diriykən ölü” – deyən şairin məzarı önündə də dayanıb, sükuta dalıram və sanki hər dəfə də şairin aşağıdakı üsyankar misraları səslənir qulağımda:
Qalx, düşmən əlində Vətən çırpınır,
Qayaya çırpılır, daşa çırpılır,
Qalx, qovaq göylərdən bu qara yeli,
İrəli, irəli, ancaq irəli!
Poetik misralara hopmuş bu Vətən harayi Famil Mehdi yaradıcılığının bir növ leytmotivinə çevrilib.Amma bu “İrəli” nidası çoxlarının düşündüyü kimi qulaqları yağır eləmiş təbliğat şüarı deyil. Bu, adı və odlu misraları milyonların qəlbində əbədiləşmiş şairin sabaha həyəcanlı çağırışıdır. Bu Vətənin, bu cəmiyyətin, bizlərin bu çağırışı necə eşitməyimiz isə tamamilə başqa mövzudur…
Həmişə yaddaşlarda qalan şair-Famil Mehdi…
Xəbərin çap versiyası Tarix: 13/12/2014
image here
-Famil Mehdi-80-
(ÖLMƏZLİYƏ QOVUŞMUŞ İNSAN ƏZİZ DOSTUM FAMİL MEHDİNİN 80 İLLİYİNƏ)
Rafiq Əliyev,
professor
…Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, mənalı ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.
Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası böyük İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə aparan böyük ömür yolu keçmişdir. Bu yol Familin öz yoludur.
Bu 68 illik məsafəsi olan yolun 50 ilinə bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma Famil zirvəsinə apardı. O bu yolda, özü demişkən “sevinc də, qəm də…” yedi. O zirvəyə onu heç kim qaldırmadı. Özü qalxdı.
Famil müəllimlə ilk tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə oxuyarkən onun Ağdam mədəniyyət evində keçirilən poeziya gecəsində “Ana” şeirini oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı idim, hərdənbir şeirlər də yazırdım. Familin iki bəndlik, lakin məna yükünə, süjetinə görə əzəmətli olan bu şeirini dinləyəndə gördüm ki, Famil Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə aparan yoldur.
Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.
Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.
Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də ye mişəm.
Bir daha demərəm tamarzıyam mən.
Mən deyərdim ki, bu şeir Azərbaycan haqqında yaradılmış ən böyük sənət incilərindən biridir.
Famil Mehdinin yaradıcılığında Qarabağ mövzusu dominantlıq təşkil edir.
Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına.
Son illər Famil Mehdinin şair nəfəsi daha da genişlənmiş, onu daha qlobal məsələlər, ictimai-siyasi ruhlu, milli və dünya məsələləri daha çox maraqlandırırdı. Bu dövrün şeirlərində nifrət də var, məhəbbət də, sarkazm da, acı qəhqəhə də, tolerantlıq da var, güzəştsizlik də.
Famil Mehdinin “Dilən, professor, utanma, dilən” şeiri dərc olunarkən, ictimaiyyət tərəfindən böyük maraqla qarşılansa da bəzi məmurlar tərəfindən adekvat qarşılanmadı. Famil Mehdi elmə-təhsilə olan biganəlik barədə təbil çalırdı. Bəyəm bu gün universitetlərdə professor tələbəsindən rüşvət alırsa bu onun dilənməyi deyilmi? Onun bu şeiri, bu poetik fikri bu gün daha aktualdır.
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın.
Mən ədəbiyyatçı deyiləm, Famil Mehdi kimi geniş spektrli və fikir dünyasının dərin qatlarına lağım atan bir şairin, publisistin, professorun yaradıcılığını təhlil etmək kimi bir yükün altına girmək fikrindən uzağam. Onun poeziyası haqqında tutarlı fikirləri böyük ədiblərimiz söyləmişdir. Xalq yazıçısı Mehdi Hüseyn yazırdı:
“Əzizim Famil!
Bu yay günündə Buzovna qayaları üstündə oturub möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir neçə şairin adını çəkdik. Həm də güman etdiyimiz görkəmli şairlərin. Lakin diqqətlə qulaq asıb axırını gözləməli olduq.
Axırda biləndə ki, poema görkəmli şairin deyil, sənin, cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq.
Dəyərli şairimiz Məmməd Araz yazır:
“Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir. İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz. Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır.”
1987-ci ilin axırlarında və 1988-ci ilin əvvəllərində Qarabağ məsələsi başlayan vaxt Azərbaycan KP MK-nın I katibi mərhum Kamran Bağırov MK-nın binasının 12-ci mərtəbəsində ziyalılarla məsləhətləşmə aparırdı. Mən akademik Eldar Salayevlə ( o vaxt AMEA-nın prezidenti) yan-yana oturmuşdum. Fikir mübadiləsi etdik. Mən öz peşəmlə əlaqədar konfliktalogiya elminə bir az bələd idim. Söylədim ki, bu konflikt forma və məzmununa görə Fələstin-İsrail konfliktini xatırladır. Eldar müəllim razılaşdı. Bir neçə gündən sonra Famil müəllimlə görüşərkən bu təəssüratlarımı ona söylədim, özünü çox narahat hiss etdi. O mənə xitabən: yəni, sən demək istəyirsən ki, biz illər, 10 illər boyu Qarabağsız qala bilərik? Biz buna dözə bilmərik, bizim buna haqqımız yoxdur. Famil Mehdi haqlı imiş, o dözə bilmədi, həlli uzanan Qarabağın azadlıq yolu qısaltdı Famil ömrünü.
Famil Mehdi ilə böyük alimimiz Xudu Məmmədov arasında sıx dostluq var idi. Tez-tez bir yerdə Qarabağa döyüş yerlərinə gedərdilər. Famil müəllim mənə söyləyirdi ki, 1988-ci ilin payızında Xudu müəllimdən soruşdum nə vaxt Qarabağa gedirik? Mənə cavab verdi ki, “Ay Famil bu qədər getdik-gəldik, nə etdik ki, indi gedək camaata nə deyək?”. Bundan cəmi bir gün sonra axşam saat 8-9 radələrində böyük şairimiz Bəxtiyar Vahabzadə (torpağı nurla dolsun) mənə evə zəng vurur və ona deyirlər ki, mən Famil Mehdigildəyəm. O, Familgilə zəng vurdu və telefonda ağlaya-ağlaya mənə dedi ki, Xudu şəhid oldu. Onda Famil bir söz dedi: Xudu bizə yol açdı. Doğrudan da araları bir o qədər çəkmədi.
Biz tez-tez Qarabağa gedərdik. Xocalı faciəsini Bakıda eşitdik, dərhal Famil Mehdi şair Ramiz Məmmədzadə və mən Ağdama yollandıq.
Famildən xahiş etdim ki, bizim şəhər evimizdə gecələyək, o israrla öz evinə getdi, Əsgəran yolunda yerləşən öz kəndlərinə, Sarıhacılıya.
Famil müəllim möhkəm olduğu qədər də kövrək idi. Səhəri gün Ağdam mədəniyyət evi, məscidi qarşısında əzizlərinin meyidlərini axtaran Xocalıdan olan anaların, bacıların, ataların nalələri Familin qəddini əymişdi. Bir neçə gündən sonra Bakıya qayıtmalı olduq. Lakin Famil Xocalı faciəsinin, bombalar altında olan ağdamlıların dərdini Bakıda çəkə bilməzdi. Bir həftədən sonra yenidən Ağdama qayıtdıq. Mərhum dostum, o vaxt Neft Akademiyasının rektoru işləyən akademik Tofiq Əliyev də bizimlə idi. Ağdama axşam saat 9 radələrində çatdıq. İsrarıma baxmayaraq yenə bizdə – şəhərdə yox, öz kənd evində gecələməyi qərara aldı (bu o qədər də təhlükəsiz deyildi). O mart gecəsini biz, həm Famil Mehdi, həm mənim dostum Tofiq Əliyev kristaldan daha təhlükəli olan qrad mərmilərinin yağışı altında keçirdik. Səhər saat 6-da tüstüsü, alovu ərşə qalxan Ağdam ticarət mərkəzi yanında görüşdük. Duya bilmədim – Familin alovu daha yüksəklərə qalxıb, yoxsa yanan Ağdamın.
İnsanlar var ki, diri ikən ölüdürlər, insanlar var ki, öləndə də diridirlər. Bu ölməzliyə qovuşmuş insanlardan biri Famil Mehdi zirvəsinə ucalmış Famil Mehdidir. O milyonlarla oxucularının, tələbələrinin, Qarabağsevərlərin, Azərbaycan təəssübkeşlərinin qəlbində həmişə yaşayır.
Dostum, qardaşım Famil, sənin bir şeirini xatırlayıram: Nəvələrim məndən qabaq gördü Təbrizi. Amma düşünürəm ki, bu dəfə sən azad olmuş Qarabağı nəvələrindən tez görəcəksən, çünki, sənin ruhun əbədi Qarabağ səmalarında dolaşır. Bir gün nəvələrin azad olmuş Qarabağa qayıdanda sənin ruhun onları qarşılayacaq. Yaradıcılığına, insanlığına dərin sayğı bəslədiyim, ürəyində Qarabağ və başqa nisgil gəzdirən dostumuz şair Zakir Fəxri demişkən
Qalmaz belə, qalmaz dünya.
(Tezadlar.az)