“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən

“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən

”Çəkdiklərimə yazdıqlarım” silsiləsindən ”Damokl külüngü”

4 iyun 1993-cü il qiyamı Azərbaycana nə verdi, nə aldı?

Bu suala cavab verinə ”Səni sevmək çətindir, Vətən” şeirini demək olar, istəyən ”Gernika” tablosunu da göstərər, lap Svetlana Aleksiyeviç kimi bir kitab da yazarsan. Mən onlarla sevimli fotom arasından ”Damokl külüngü” adını verdiyim bunu seçərəm.

Svetlana Aleksiyeviç dedim onun “Sekond hənd zamanı” kitabından bu cümlə yadıma düşdü: “Allah bilmir, balaca adam olmaq nə deməkdir!”

Neçə il qabaq Daşkəsəndə çəkmişəm bunu. Bu gün təqvimdə ”4 iyun” görəndə nədənsə bu fotonu xatırladım.

***

”Çəkdiklərimə yazdıqlarım” silsiləsindən ”Çiçəklə oynayan uşaq”

Uşaq dövlətin gələcəyidir. ”Uşaq pulu” dövlətin öz gələcəyinə investisiyasıdır. Gələcəyi düşünən dövlətlər öz vətəndaşı ilə münasibəti o doğulan gündən qarşılıqlı etimad fundamenti üzərində qurur.

Oğuz İsveçdə doğulan azərbaycanlı uşaqlardan biridir. İsveç dövləti hər ay onu görə ailəsinə 1250 kron ”uşaq pulu” yardımı edir, hardasa 125 avro. İsveç hər il ”barnbidrag” deyilən uşaq pulu üçün 33 milyard kronadək (3,3 milyard avro) büdcədən vəsait ayırır.

Uşaq pulu sıradan yardım deyil, gələcəyə kapital yatırımıdır!

”Çəkdimlərimə yazdıqlarım” silsiləsindən ”Çiçəklə oynayan uşaq”

***

”Çəkdiklərimə yazdıqlarım” silsiləsindən “Gülsarı”

”Bastasjö” İsveçin 100 min gölündən biridir. Bu ölkədə ən sevimli yerim buradır. Hər gəlişimdə azından bir dəfə başına dolanar, gəzər, dincələrəm. Yaxınlıqda atçılıq məktəbi var, bəzən atlar bura su içməyə gəlir. Bir dəfə yenə suya gəlmişdilər. Yanlarından keçəndə ”Gülsarı” deyib çağırdım. Biri hayıma çevrilən kimi şəklini çəkdim. Şəkilə elə sevimli yazıçımın – Çingiz Aytmatovun “Əlvida, Gülsarı” əsərinin qəhrəmanı  Gülsarının adını verdim.

***

“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən “İsveç kilsəsi”

Qonşuluqda İris adlı çox yaşlı bir qarı olur. Hər bazar günü yaxınlıqdakı kilsəyə ibadətə gedir. Bu gün yenə qarşılaşdıq. Salamlaşanda dedim, dualarında – İsa Məsihlə söhbətində məndən ona salam de. Nurlu çöhrəsində gözləri güldü, elə bil bir cüt gül açdı üzündə. “Sağ ol, mütləq deyərəm”, dedi.

Ayrıldıq. İndi düşünürəm, görən məscidə ibadətə gedən mömin bir müsəlman yaxınımdan xahiş etsəm, dualarında məndən Məhəmmədə (ə.s.) salam de, cavabı nə olar?

***

“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən “Ərimgəldi”

Bu fotonu Xınalıqda çəkmişəm. ”Ərimgəldi”ni xatırladır mənə. ”Ərimgəldi” Şuşanın girəcəyində üzü aran Qarabağa baxan bir qayanın adıdı. Uşaq vaxtı o qayanı atam göstərmişdi bizə. Əvvəllər ərli qadınlar axşamüstü o qayaya çıxıb arana səfərdən, aşağı kəndlərdə əkin-biçindən qayıdan ərlərini gözləyərmişlər.

40-50 ildən sonra Qarabağda yaddaş ləpirləriylə gəzib bir də görmək istədiyim yerlərin uzun siyahısındadı “Ərimgəldi”.

Sağlıq olsun! 

***

“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən “Umud”

Helsingborg – Ängelholm yolunda çəkdim.

Qışın son nəfəsi, yaşılın yaza çalan çaları.

Adını “Umud” qoydum. Doğuşa, günəşə, sabaha ümid.

İnsanla eyni gündə doğulan ümid!

***

“Çəkdiklərimə yazdıqlarım” silsiləsindən “Sarının hüzur çağı”

Əvvəllər sevimli rəngim göy idi, indi sarıdan xoşum gəlir. Özü də bu çalarından.

Deyərsiniz “saralmaq” “qocalmaq” əlamətidir, yaşa dolursan, ona görə. Amma nəsə məndə əksi duyğu yaradır – cavanlaşan təhər oluram. Sarı görəndə çiçəyi çırtlayan kimi oluram.

Bir şərh yazın