Şuşadan yaza bilmək

Şuşadan yaza bilmək

Şuşada adını qayalara yazmaq oğlanlar arasında dəb idi. Uşaq vaxtı mən də yazmaq istəmişdim. Cıdır düzündə mismarla oyub adımın baş hərfini bir qayaya güclə həkk eləyə bilmişdim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl…

Oxumağa davam et

Şuşa inauqurasiyası, mən, qarğalar…

shusha

Şuşa inauqurasiyası, mən, qarğalar…

Yenə yuxum qaçıb. Yenə pəncərənin ağzındayam. Oxumağa davam et

Şuşalı foto. 1 may düşüncələri

Sabir Əliyev Pərviz Qazıyev

Dayım Salmanoğlu Sabir (solda), atam Pərviz Qazıyev. Şuşa. 1981

Şuşalı foto

1 may düşüncələri

1981-ci ilin yayı yaddaşımda Şuşaya aşiq olduğum yay kimi qalıb. O yayın az qala hər günü dünən kimi yadımdadır. Hövsələni basıb yazsan, inanın, bir kitab eləyər… Oxumağa davam et

Vyanada Şuşalı günlər

“Ölkələr və şəhərlər” silsiləsindən

ugurla sonbrunnda

Vyanada Şuşalı günlər

Fotolu, xatirəli reportaj

Ondan başlayım ki, Vyana bizim kimi günyarımlıq gəlinəsi şəhər deyil, bura ən azından dörd-beş günlüyə gəlmək lazımdı. Yüz illərcə tarixin cürbəcür memarlıq üslublarında donub qaldığı sarayları, gəzdikcə gəziləsi küçə və xiyabanları, baxdıqca baxılası muzeyləri var. Dinləməyə konsertlərini, operalarını demirəm heç. Oxumağa davam et

“Sonalar gölü”nün sahili

svansjön 1Pyotr Tchaikovsky. “Swan Lake“. Photo: Vahid Qazi

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et

“Günel Mövlud məni dilə-dişə saldı”

Vahid Qazi Karlskrona

“Günel Mövlud məni dilə-dişə saldı”

 

Könlüm keçmir, könlüm qalıb…

Yaxşı ad qoymusunuz layihəyə: “Könlüm keçir…” Məşhur şeirdə deyildiyi kimi: “Könlüm keçir Qarabağdan”. Amma mənim könlüm keçmir, könlüm elə orda qalıb.

Bizə elə gəlir ki, vətəndən yalnız uca səslə danışarlar. Vətən haqqında bir az bərk danışanda pafoslu çıxır. Bir dəfə yazmışdım ki, bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltıyla deyir. Heç bunları qışqıra-qışqıra deyən görmüsünüzmü? Vətən də belədi. Onun haqqında bir quru budaq, bir əlçim ot kimi danışanda maraqlıdı. Oxumağa davam et

Ölü şəhərlər muzeyi

Chufut-Kale

Cufut Kala, Krım, Ukrayna

Ölü şəhərlər muzeyi

(“Yaddaş ləpirləri” silsiləsindən)

Vahid QAZİ

Azərbaycan və Ermənistan ziyalılarından ibarət bir qrup qarşılıqlı səfərlə hər iki ölkənin media həyatına canlanma gətirdi. Ardınca Azərbaycan prezidenti Rusiya telekanalına müsahibəsində Qarabağ problemiylə bağlı yeni və ciddi açıqlama verdi. Ermənistan prezidenti isə kiprli həmkarı ilə görüşdə yeni olmayan fikirlərini bir daha təkrarladı.

Mövzu qəzet və saytlarımızı zəbt edib, bolluğu ilə göz çıxarır. Əsas sual da budur: “Sən Qarabağa gedərdinmi?” Ən müxtəlif cavablar oldu. Mənim ürəyimi titrədən də bu sualın bir qarabağlı kimi mənə də ünvanlana biləcəyi “qorxusu” idi – bu suala nə cavab verərdim… Oxumağa davam et

Zirzəmidə gecələyən şəhər

Vahid susadaAtam qonaqlarını mütləq Şuşaya da aparırdı…

Zirzəmidə gecələyən şəhər

Ağdam aeroportunda iynə atsan yerə düşməzdi. Evlərinə qayıtmaq istəyənlər Şuşaya, Qarabağın başqa qəsəbə və kəndlərinə gedən döyüşçülərə qarışmışdılar. Vertolyotlar yardıma ən çox ehtiyacı olan kəndlərə uçurdular. İlk növbədə hərbçilər yola salınırdı.

Bir-iki günə vəziyyətin ağırlaşacağı xəbəri öz işini görmüşdü, adamlar təlaş içindəydilər. Rus hərbçiləri hərbi texnikaları ilə birlikdə ermənilər yaşayan məntəqələrə çəkilmişdi. Hər cür hadisə gözləmək olardı. Uzaqdan top, raket səsləri ara vermirdi. Qaradağlı kəndinə uçmaq daha təhlükəli idi. Erməni güllələri hər an vertolyotlara dəyə bilərdi. Malıbəylidən gələn vertolyotun pərindən vurulması uçuş qorxusunu birə beş artırmışdı. Odur ki, artıq Malıbəyliyə uçuş dayandırılmışdı. Oxumağa davam et

Azadlıq qiymətinə foto

                               Ağdam. Fevral 1988

Azadlıq qiymətinə foto

Vahid Qazi

Ömrün ayrı-ayrı anlarına güzgü tutan xatirələrimiz kolleksiyaçıların topladığı bahalı əşyalar kimidi. Onları pulumuz, vaxtımız hesabına, bəzən də lap həyatımız bahasına “alıb” xatirələr muzeyinin eksponatına çeviririk. Elə-belə, “müftə” olanı, “nəfə” qalanları daha çoxdu, beləsindən danışmıram. Oxumağa davam et

Zülm bitsin

Zülm bitsinhikmet-sabiroc49flu

Hikmət Sabiroğlu

“Vaxtı ilə atamın toyunu çalmış qonşu Paşa dayının səsini son dəfə bir-iki il əvvəl Bakı restoranlarının birində eşitdim. Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir parçası da içinə beş-on manat atılan qavalını görəndə yerə düşdü”.

Ağdam dərdini “Ruhlar şəhəri” kitabında belə yazırsan.

Bir-birimizin halından xəbərdarıq. Amma bu məqama heç toxunmamışıq: Qarabağ zülmü gələndən tikə-tikə itirdiyimiz ürək haçan tükənəcək ki, yerə düşməyə bir parçası da qalmasın? Biz onu tikə-tikə, zərrə-zərrə itiririk, hər dəfə bu, sonuncu olar düşünürük, amma yenə ardı gəlir.

Səni bilmirəm, mən sonu görünməyən bu itkilərdən çox yorulmuşam.

O gün şəhərdə Həlimə Ələsgərova adlı gənc şuşalının “Mənim Şuşam” sərgisinin keçirildiyini dedin. Vaxt eləsəydim, gedib baxardım. Amma sən bilirsən əsl Şuşa sərgisi necə olur.

“Mənim Şuşam” sərgisi açılan gün Yeni Yasamala getmişdim. Yasa. Orda çox şuşalı olur, bilirsən. Bir həyətdə iki mağar vardı. Ayrı-ayrı adamların mağarı. Mən yasda olan vaxt hay düşdü, cavan bir gəlinin ölüm xəbəri gəldi. Həmin həyətdən. Həmin binadan. Həmin blokdan.

Eyni blokda üç şuşalı yası. Belə sərgidir Şuşa sərgisi.

Həyətdə üçüncü mağarı qurmağa yer olmadı. Şəhid qızı olan həmin gəlinin yasını Pirşağıya saldılar.

Qəbiristanlığımızın Pirşağıda olduğunu bilirsən. Şuşalıların bir sözü var, onu da bil: “Kimi görmək istəyirsən Pirşağıya get, hamı ordadır”.

Dolub qurtarmış, addım qoymağa bir qarış yer qalmayan qəbiristanlığı deyirlər.

Biləcəridə atanla ananın, müəllimimiz Famil Mehdinin uyuduğu Ağdam qəbiristanlığı da dolub, bilirəm. Onunla üzbəüz ayrı bir Ağdam qəbiristanlığında da yer qalmayıb. Adil Qaçayoğlu yatan qəbiristanlığı deyirəm.

Mən soruşmuram bu yaraya məlhəm varmı. Yeni Yasamalda, Pirşağıda, Biləcəridə tikə-tikə itirdiyimiz ürəyin haçan sönəcəyini soruşuram.

Bu yaraya məlhəmin nə olduğunu yazmısan, ona görə soruşmuram. “Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər. Şəhər yeni sevgi dastanı yaşayacaq”.

Belə yazırsan “Ruhlar şəhəri”ndə. Ağdamın ağ gününü belə görürsən.

Kitabının həmin bölümünü oxuyanda sənə yazdığım məktubu saxlamısanmı? “Doğrudanmı biz o günü görəcəyik, qaqa?” yazmışdım. İndi hamının yanında soruşuram: görəcəyikmi o günü, hər şey sən yazan kimi olacaqmı?

“Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhlədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar.

Gələn qonaqlara Şahbulaqda Koroğlu qalasını, Ağdamın kurqanlarını, Füzulidə Azıx mağarasını, Əsgəran qalasını, Vəngdə Qandzasar, Kəlbəcərdə Dastagir Alban kilsələrini, Şuşa qalası, Turşsu, Qırxqız yaylası, min-min bulaq, daha nə bilim nələri göstərərik. Dünyanın hər yerindən şәhәrimizә turistlәr axışar.

…Şuşa, Kəlbəcər, Gülablı sanatoriyalarında adam əlindən tərpənmək olmaz. Buraları ruhların dincələn, azad olan yerinə çevirərik”.

Qarabağlı günləri belə görürsən.

O günü görmək qismətim olmasa, mən əvəzdən də sevinməyə söz verirsənmi?

Qarabağ zülmünün bitməsi lazımdır. Ən azı ona görə ki, qalan dərdləri çəkməyə, bir-birindən ağır itkiləri sinirməyə heyimiz olsun.

“Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı”.

Uşaqlıq dostlarının – sinif yoldaşlarının dərdini belə yazmısan.

Harda desən olan, təkcə Şuşada olmayan sinif yoldaşlarım… Birini bu yaz gördüm. Son dəfə 20 il əvvəl Şuşada rastlaşmışdıq. O təsadüfi görüşə qədər çox ölüb-dirilmişdim.

18-i Şuşasız keçən 20 ildə nə qədər darıxdığımı sənə necə deyim? Çox darıxmışdım. Amma həsrət bitmədi. Ayrılıq təzələndi.

İndi də darıxıram. Amma belə darıxmaq çətindir. Qarabağda darıxmaq asan olar deyirəm.

Mən demirəm Qarabağın azadlığı bizim şərəf məsələmizdir. Bizim eldən xəbərsiz adamlar belə deyə-deyə bu sözü urvatdan saldılar.

Nə qədər dərdimiz var. Qarabağ azad olsa, o dərdləri ürəkdən çəkərdik. “Ruhlar şəhəri” kitabına düşməyən dərdləri. Yurd kimi istədiyimiz adamların ağrısını çəkərdik.

“Qarabağ söhbətləri” çıxanda Məmməd Nazimoğlu belə yazmışdı: “Hikmətin avtoqrafı olan kitabı hələ gedib götürə bilməmişəm. Boynuma alıram ki, vaxt qıtlığını səbəb kimi göstərə bilmərəm. 24 saatın 30 dəqiqəsini ayırıb “Media forum”a getmək mənim üçün çətin deyil. Çətinlik bir başqa məsələdədir. Hikmət Sabiroğlu o kitabı mənə təqdim eləyəndə nə deyim? Deyim ki, gün o gün olsun, belə kitablardan çox yazasan? Ya bizim şou əhli kimi üzümə üz bağlayıb söyləyim ki, gün o gün olsun kitabın təqdimatını Şuşada keçirək?”

İndi özüm çətinə düşmüşəm, Vahid Qazi, “Ruhlar şəhəri” kitabına nə deyim?

Necə xeyir-dua verim?

Deyim ki, gün o gün olsun bu kitabın təqdimatını Ağdamda keçirək?

Zülm bitsin. Bunu deyirəm.

“Mediaforum”. 8 oktyabr 2010