15 ilin boyat seçki süfrəsi
Bu gün Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçirildi. Necə keçirildi, bilmirəm! Amma 15 il əvvəl 1999-cu ilin ilk bələdiyyə seçkilərinə canlı şahidəm. O vaxt seçkidən sonra Bakının mərkəzi məktəblərindən birindəki seçki məntəqəsində həm də məktəb direktoru olan məntəqə sədrinin beynəlxalq müşahidəçilər üçün açdığı “seçki süfrəsi”ndə nələr olduğu yadıma düşdü:
Seçki süfrəsi
(“Açılmayan süfrənin qonağı” yazısından)
…1999-cu ilin 12 dekabrında keçirilən ilk bələdiyyə seçkisinə qatılan beynəlxalq müşahidəçilərin arasında Petruşka Şustrova işini hamıdan tez bitirmişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki seçki məntəqəsində müşahidə aparan gürcü dostlarımızı da götürüb şam yeməyinə gedək. Yaxadan asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla görüşməyə imkan yaratdı.
Onlar işlərini bitirməmişdilər. Ləngiyəsi olduq. Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarını yana açıb üstümüzə gəldi, mehribancasına qalşıladı. Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri otaqların birində süfrə açıb, amma bu tərs müşahidəçilər yemək istəmirlər.
Gürcülər isə bizə izah etdilər ki, məntəqədə saxtakarlıq olub və komissiya üzvləri hər vəchlə onların, bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözləyir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”, yəni “Həzrət Abbas haqqı, hamısı soyudu”.
Uzun minnətdən sonra belə razılaşdıq ki, hamımız keçirik süfrə başına, amma gürcülər növbə ilə yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi. Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəllimə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə girişdik.
“Belə görürəm, əlac bunları kefləndirməyə qalıb” – gözləri pişik gözü kimi parıldayan “zavxoz” direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir loxma da yeməmişəm. Sən bu gombulu kefləndirə bilərsən… Pivə boçkasına oxşayır” – bunu da direktor dedi. “Zavuç”un qımışaraq “Özü də çex pivəsinə” əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən getdiyi təəssüratı yaratdı.
İki butulka araq boşalandan sonra gürcü müşahidəçisi növbə dəyişikliyi üçün seçki qutuları olan “strateji” otağa keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə ayıq adam gəlirdi. Dəqiqələr keçir, sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində başlayan təriflər Azərbaycan dilində təhqirlərlə davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt uşağı, it, öldüm axı, ta getmir. Sizin …”
Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su içmir, özü də heç vurmur deyəsən. Mən ölüm buna bax, elə bil nemesdi. Qəfil çönmə, başa düşər” – direktor “zavuç”a məni nəzərdə tutub dedi. Üzünü mənə çevirib davam etdi: “Qospaja Petruxa xanım tvoy tyotka?” Açıq məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim. “Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq edirdilər, direktorun kefi tamam açılmışdı.
Məclisin şirin yerində “zavxoz” arağın qurtardığını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı aç. Qoy qarışdırsınlar, bəlkə belə keflənələr”. “Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik. Bunların qarnını doyurmaq olar?”
Nəhayət, o, badəni götürüb çex xalqının qəhrəmanlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən, orada vurulduğu çex qızından uzun-uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən işğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma həmin il məni tutub işgəncə vermişdilər, uzun müddətə həbsə atmışdılar” – deyərək sovet ordusunun 1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına işarə vurdu.
Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korlamışdı. Direktor işçilərini otaqdan çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti düzəltməyə çalışdı.
Daha mən də hövsələdən çıxmışdım. Qədəhi götürüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalılarımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.
Mənim azərbaycanlı olduğumu bilən direktor əvvəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırışlara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. Qıpqırmızı sifətdən keçi əmcəyi xəcalət təri axdı. “Sən azərbaycanlısan?” – o, ayılmışdı. “Yox, nemesəm!” dedim.
Burada baş verənləri, əlbəttə ki, qonaqlara danışmadım. Amma mənim sözümdən sonra komissiya sədrinin, digərlərinin pərtliyi açıq-aydın görünürdü. Ayağa qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Onsuz da işimizin heç bir əhəmiyyəti qalmamışdı.