
Ön söz
Bu kitab İsveç haqqında yazılıb. Amma təkcə İsveç haqqında deyil.
Buradakı məqalələr, esselər və hekayələr müxtəlif illərdə fərqli səbəblərlə qələmə alınıb. Onların bir qismi İsveçin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, siyasi sistemi, dövlət-vətəndaş münasibətləri və sosial rifah modeli haqqındadır. Digər qismi isə bu ölkədə yaşamağın insanda doğurduğu düşüncələrin, müşahidələrin və sualların nəticəsidir.
İsveçə köçəndən sonra mənim üçün maraqlı olan yalnız yeni bir cəmiyyəti tanımaq olmadı. Zaman keçdikcə başa düşdüm ki, başqa bir ölkəni öyrənmək insanın özünü, öz keçmişini və mənsub olduğu cəmiyyəti daha dərindən dərk etməsinə də kömək edir. Uzaqdan baxanda bəzi şeylər daha aydın görünür. İnsan bəzən öz vətənini onun sərhədlərindən kənarda daha yaxşı tanıyır.
Bu kitabda İsveçin kitabxanaları, ədəbiyyatı, musiqisi, təbiəti, adət-ənənələri, təhlükəsizlik siyasəti, pandemiya dövründə seçdiyi yol və başqa mövzular haqqında düşüncələr yer alıb. Eyni zamanda burada vətən, yaddaş, həsrət, aidiyyət və kimlik mövzularına toxunan hekayə və esselər də var.
Kitabın adını “Gəlmə” qoydum. Bu sözün mənasını necə anlamağı isə oxucunun öz öhdəsinə buraxdım. Hər bir oxucu onun içində öz təcrübəsinə, öz düşüncəsinə uyğun bir məna tapa bilər.
Əgər bu kitab oxucunu İsveçi daha yaxşı tanımağa sövq etməklə yanaşı, onu öz həyatı, öz kimliyi və öz mənsubiyyəti haqqında da düşünməyə vadar etsə, deməli, məqsədimə çatmış olacağam.
Vahid Qazi
Helsinqborq
2025
İ Ç İ N D Ə K İ L Ə R
Azadlıq, yoxsa xoşbəxtlik. Skandinaviyalıların 10 ehkamdan ibarət əxlaq kodeksi
Təməldən bir də qurulmaq. “Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi
Salam, Gülsarı! İsveç bukinistində görüş
Tanrı qapısı açılan gün – Novruz
Anamın məktubları. “Kitab və dəniz” ədəbiyyat festivalında
Tənhalıq dövrünün adamları. “Çöl Qala”nın Stokholm təqdimatında dediklərim
Rəsulzadənin çimərlik fotosu. Və ya İsveçdə baş tutmayan ianə kampaniyası
“Le Concert” filmi. Yaxud azadlıq duyğusunun səsli izahı
Kontrabas adamlar. Çığırtılar içində pıçıltı
Tale əkizləri. Vaqif Mustafazadə və Yan Yohansson
Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı
Dəmiri isti-isti. Xaçaturyanın xəmiri musiqimizlə yoğrulan “Qayane” baleti
Günəş kitablar. İsveç kitabxanasından payız qeydləri
“Əli və Nino”: Qadağan olunmuş sevgi romanı
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti. Kitab sərgisindən reportaj
Berqman, Tarkovski və Qotland adası
Qotland. İsveç savannasına səyahət
Dərkolunan Rusiya. Rusiyaya öz ədəbiyyatından, kinosundan baxış
200 illik hərbi neytrallığa son
Çiçəyi alaqdan ayırmağın Monika üsulu
Pavian diktaturası. Kopenhagen zooparkından reportaj
Hərəkət azadlığı. Niyə İsveçdə koronavirusla mücadilədə küçəyə qıxmağa qadağa qoyulmur?
Rifaha çatmaq həm də bərabərliyə nail olmaqdırmı?!
Avropada yeni kabus dolaşmaqdadır!
“Gəlmə” silsiləsindən hekayə və esselər
“Sonalar gölü”nün sahili. “Gəlmə” silsiləsindən 1-ci esse
Stokholmdan Ağdama. “Gəlmə” silsiləsindən 2-ci esse
Oginskinin melodiyası. “Gəlmə” silsiləsindən 1-ci hekayə
Mən dənizi eşitdim. “Gəlmə” silsiləsindən 2-ci hekayə
O. “Gəlmə” silsiləsindən 3-cü hekayə
Kitabı buradan yükləmək olar: