Dilimizi uçurumdan qoruyan

Tehran VäliyevDilimizi uçurumdan qoruyan

Tehran Vəliyevi mən Bakıya gələndən – 1985-ci ildən tanıyıram. Dostluğumuz isə 1992-ci ildə ”Azərbaycan” qəzetində başladı. O vaxt o, qəzetin beynəlxalq şöbəsinin müdiriydi.

Xeyli yaş fərqimiz olsa da bizimki tuturdu. Qəribədi, dost dediyim adamların böyük əksəri yaşca məndən xeyli böyükdülər. O da qəribədi ki, bu böyük dostlar bir-bir dünyadan köçdükcə dünyanı daha aydın dərk etməyə başlayıram elə bil. Hər dost ölümü dünyanı dərkə sarı bir addımdı sanki.

Boşluğa doğru!

…Bir gün Tehranı ”İnam” Plüralizm Mərkəzinin tərcümə layihələrinə dəvət elədim. O vaxtdan birgə işimiz başladı. İnsan hüquqları sahəsində BMT konvensiyalarından tutmuş müxtəlif beynəlxalq protokollaradək, 17 sənədi ilk dəfə dilimizə mükəmməl peşəkarlıqla çevirdi. Sonra bütün bu sənədləri ”İnsan haqları: Bəşər rifahının təməli” kitabında nəşr elədik. Nə illah elədim, kitabın təqdimatında bir kəlmə söz demədi. Belə təvazökarlığı vardı.

ABŞ səfirliyinin kiçik qrant layihələri çərçəvisində Amerikanın dövlət quruculuğu və iqtisadi mexanizmdən bəhs edən demokratiya mövzulu bir xeyli hüquqi sənəd və broşur da Tehranın tərcüməsində ərsəyə gəldi. ”Liberallaşma və leninçi irslər” adlı 253 səhifəlik kitab isə səfirlikdə böyük hadisə kimi qarşılandılar.

Müxtəlif vaxtlarda nəşr etdiyimiz ”III Sektor”, ”Toplum” jurnalları üçün dünyanın aparıcı demokratiya dərgilərindən Frensis Fukuyama, Samuel Hantinqton, Çarlz Feyrbanks, Stiven Sestanoviç, Vladimir Bukovski kimi neçə-neçə məşhur fikir adamının aktual yazılarını birgə seçdik. Onları da yüksək keyfiyyətdə dilimizə çevirdi, Nelson Mandelanın inaqurasiya nitqini, çex dissidentlərinin ”Charta 77” sənədini, Mustafa Cəmilovun məhkəmədə məşhur son sözünü və bu sayaq onlarla mətni də.

Onun əsas arzusunu isə reallaşdıra bilmədik.

main_1-Nancy-Reagan-Signed-1st-Edition-My-Turn-Hardcover-Book-JSA-COA

Bir gün Tehran hələ 1991-ci ildə tərcümə elədiyi kitabdan söz saldı. Sən demə ABŞ prezidenti Ronald Reyqanın zövcəsi Nensi Reyqanın ”Mənim növbəm” kitabını sifarişlə tərcümə etsə də sovet höküməti dağılandan sonra nəşriyyat çapa pul tapmayıb, eləcə qalıb. Həvəslə belə bir maraqlı kitabın nəşri üçün ora-bura baş vurdum.

Mətni saralmış makina vərəqlərindən kompüterə ”525-ci qəzet”in əməkdaşı Fatma xanım yığdı. Layihə yazıb ABŞ səfirliyi, o yekəlikdə Amerikanın bir xeyli şirkətinəcən müraciət elədim. Reyqan fonduna yazdım, şəxsən fondun prezidenti Nensi Reyqana. Yazdım ki, Selencer, Folkner kimi Amerika yazıçılarını dilimizə ustalıqla çevirmiş bir tərcüməçi dostumuz Sizin kitabı təmannasız tərcümə edib, amma nəşrinə kömək lazımdı. Xanım Reyqan maliyyə yardımı edə bilməyəcəyini yazıb müqavilə forması göndərdi. Kitabın tərcümə və nəşr hüququnu bizə verdi. Dilxor olmadıq, əksinə, Reyqanın imzasına baxıb daha da həvəsləndik. Amma nəşrə pul tapmadıq.

Tehran o kitabın nəşrini çox istəyirdi, tez-tez təkrarlayırdı ki, Reyqan kimi adamın ”İndi danışmaq növbəsi mənimdi” iddialı xanımının kitabı hər zaman aktualdı.

Ofisimizin üzü getmiş divanında oturubThe Catcher in the Rye xanım Reyqanın göndərdiyi müqaviləyə sevinc dolu nəzərlərlə baxan bir başqa Tehran idi. Bir də qızının toyunda onu heylə sevinən gördüm.

…İsveçdə yaşayan dostum Bilal Bakıdan ötən həftə dönüb. Xahiş eləmişdim ki, ona veriləcək kitabları gətirsin. Gətirdikləri arasında Tehranın Selencerdən çevirdiyi ”Çovdarlıqda uçurumdan qoruyan” da vardı. Həmin gün kitabı vərəqləyib uşaqlarıma Tehrandan danışanda onun ağır xəstə olduğunu bilmirdim.

Kitabları uşaqlar üçün gətirtmişəm. İndi oğlum onun tərcümə etdiyi romanın qəhrəmanı yaşdadı. Kitabı oğluma verəndə dedim ki, bu kitabla tək Holden Kolfildi sevməyəcəksən, Azərbaycan dilinin gözəlliyini də duyacaqsan.

Amma öldüyünü ona hələ deməmişəm. Heç deməyəcəm də. Bilib soruşsa, deyəcəm ki, Tehran bax bu kitabda yaşayır. O da uçurum keşikçilərindəndi.

“Tehran Vəliyev dilimizi uçurumdan qoruyur” – deyəcəm!

Vahid Qazi

Karlskrona, İsveç

Dərc olundu: Lent.az, 525-ci qəzet, Moderator.az, Novator.az, 

 

15 ilin boyat seçki süfrəsi

 Election-2

15 ilin boyat seçki süfrəsi

Bu gün Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçirildi. Necə keçirildi, bilmirəm! Amma 15 il əvvəl 1999-cu ilin ilk bələdiyyə seçkilərinə canlı şahidəm. O vaxt seçkidən sonra Bakının mərkəzi məktəblərindən birindəki seçki məntəqəsində həm də məktəb direktoru olan məntəqə sədrinin beynəlxalq müşahidəçilər üçün açdığı “seçki süfrəsi”ndə nələr olduğu yadıma düşdü:

Seçki süfrəsi

(“Açılmayan süfrənin qonağı” yazısından)

…1999-cu ilin 12 dekabrında keçirilən ilk bələdiyyə seçkisinə qatılan beynəlxalq müşahidəçilərin arasında Petruşka Şustrova işini hamıdan tez bitirmişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki seçki məntəqəsində müşahidə aparan gürcü dostlarımızı da götürüb şam yeməyinə gedək. Yaxadan asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla görüşməyə imkan yaratdı.

Onlar işlərini bitirməmişdilər. Ləngiyəsi olduq. Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarını yana açıb üstümüzə gəldi, mehribancasına qalşıladı. Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri otaqların birində süfrə açıb, amma bu tərs müşahidəçilər yemək istəmirlər.

Gürcülər isə bizə izah etdilər ki, məntəqədə saxtakarlıq olub və komissiya üzvləri hər vəchlə onların, bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözləyir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”, yəni “Həzrət Abbas haqqı, hamısı soyudu”.

Uzun minnətdən sonra belə razılaşdıq ki, hamımız keçirik süfrə başına, amma gürcülər növbə ilə yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi. Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəllimə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə girişdik.

“Belə görürəm, əlac bunları kefləndirməyə qalıb” – gözləri pişik gözü kimi parıldayan “zavxoz” direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir loxma da yeməmişəm. Sən bu gombulu kefləndirə bilərsən… Pivə boçkasına oxşayır” – bunu da direktor dedi. “Zavuç”un qımışaraq “Özü də çex pivəsinə” əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən getdiyi təəssüratı yaratdı.

İki butulka araq boşalandan sonra gürcü müşahidəçisi növbə dəyişikliyi üçün seçki qutuları olan “strateji” otağa keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə ayıq adam gəlirdi. Dəqiqələr keçir, sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində başlayan təriflər Azərbaycan dilində təhqirlərlə davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt uşağı, it, öldüm axı, ta getmir. Sizin …”

Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su içmir, özü də heç vurmur deyəsən. Mən ölüm buna bax, elə bil nemesdi. Qəfil çönmə, başa düşər” – direktor “zavuç”a məni nəzərdə tutub dedi. Üzünü mənə çevirib davam etdi: “Qospaja Petruxa xanım tvoy tyotka?” Açıq məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim. “Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq edirdilər, direktorun kefi tamam açılmışdı.

Məclisin şirin yerində “zavxoz” arağın qurtardığını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı aç. Qoy qarışdırsınlar, bəlkə belə keflənələr”. “Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik. Bunların qarnını doyurmaq olar?”

Nəhayət, o, badəni götürüb çex xalqının qəhrəmanlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən, orada vurulduğu çex qızından uzun-uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən işğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma həmin il məni tutub işgəncə vermişdilər, uzun müddətə həbsə atmışdılar” – deyərək sovet ordusunun 1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına işarə vurdu.

Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korlamışdı. Direktor işçilərini otaqdan çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti düzəltməyə çalışdı.

Daha mən də hövsələdən çıxmışdım. Qədəhi götürüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalılarımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.

Mənim azərbaycanlı olduğumu bilən direktor əvvəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırışlara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. Qıpqırmızı sifətdən keçi əmcəyi xəcalət təri axdı. “Sən azərbaycanlısan?” – o, ayılmışdı. “Yox, nemesəm!” dedim.

Burada baş verənləri, əlbəttə ki, qonaqlara danışmadım. Amma mənim sözümdən sonra komissiya sədrinin, digərlərinin pərtliyi açıq-aydın görünürdü. Ayağa qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Onsuz da işimizin heç bir əhəmiyyəti qalmamışdı.

“Sonalar gölü”nün sahili

svansjön 1

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et →

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

siyasi mehbuslar

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

Son olaylara 20 ilin rakursundan baxış

Milli azadlıq hərəkatının başladığı gündən zaman-zaman repressiya dalğalarının şahidi olmuşuq. Onun qabaran və çəkilən dönəmlərini yaşamışıq. Uzun illər vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak eləmiş adamların həbsə atıldığı, QHT-lərin bank hesabının dondurulduğu, fəaliyyət imkanının minimuma endirildiyi indiki dövr əvvəlkilərdən fərqlənir. Söhbət tək total həbs və qorxudan getmir. Ona qalsa, 2003-cü ilin oktyabr hadisələrindən dəhşətlisini xatırlamıram. Söhbət ondan gedir ki, indi bu repressiyalar “vətənə xəyanət” ittihamıyla həyata keçirilir. Repressiv siyasi sistemlər vətəndaşlarına qarşı son həmləni adətən bu ittihamla başlayır. Dəniz diliylə desək, belə hallar adi dalğaya yox, sunamiyə bənzəyir. Oxumağa davam et →

50 yaşlı cavan

rewad ve mehmanla (2)

50 yaşlı cavan

Desəydilər ki, Rəşad Məcidin 70 yaşı olur, yaxud tamam əksinə, sabah 21 yaşa keçir,  “21 yaşımla söhbət” şerini elə dünən yazıb, inanardım, mənə qəribə gəlməzdi.

Rəşadın 50 yaşı məndə ikili duyğu yaradır. Bir tərəfdə “50 yaşı hələ indi olur?” deyə qəribə sual,  o biri yanda “nə tez 50 yaşı oldu?!” təəccübü var. Adamın inanmağı gəlmir.

70 yaş ona görə deyirəm ki, Rəşad həmişə yaşından böyük görünüb. Başqalarını bilmirəm, mənə belə görünüb. Ağdamda yay axşamları hərdən evin taxtapuşuna çıxıb, isti damda uzanıb göyə, günəşin batmasına, Xıdırlı dağlarına, qonşuların həyətinə, bir də yola baxmağım vardı. O küçədən keçənlərin arasında məhlənin ən “qoca uğaşı” da olurdu. Onu böyük göstərən bəlkə də yuxarı sinifləri Bakıda, təmayül məktəbində oxumağa getməsiydi. O yaşda uzaq şəhərə oxumağa getmək, bizə əsgərliyə getmək kimi gəlirdi. Hələ hamıdan qabaq maşın sürməyi də onu gözümüzdə əməlli-başlı kişiləşdirmişdi.

Çox vaxt Bakıdan yaşca xeyli böyüklərlə gəlirdi. Mən bu adamları televizordan tanıyırdım. Onlar Rəşadgildə qalardı, Rəşad onları Şuşaya aparardı. O vaxt televizorda gördüyün adamı küçədə rastlamaq qeyri-adi bir şey idi.

Mehman Cavadoğlunu ilk dəfə onlarda görüb elə bilmişdim ki, Ramiz Rövşəndi. Amma Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini elə özlərinə oxşatmışdım. Ta Aqil Abbası demirəm, onlar elə mən tanıyandan bir yerdəydilər.

Sonra Bakıda da onu özündən yaşlı adamlarla gördüm. “Azneft” çayxanasına yığışan ölkənin tanınmış ədəbiyyat, mədəniyyət, elm adamlarını deyirəm. Məsələn, Aydın Məmmədovu deyirəm, o Aydın Məmmədov ki, dövrünün elmi-ədəbi elitası onu brend kimi qəbul eləmişdi. O da 25 yaşlı Rəşadı təzəcə yaranan Tərcümə Mərkəzində özünə müavin götürmüşdü.

Kimlərlə oturmağından asılı olmayaraq; çay stolunda, yemək məclisində həmişə hesabı Rəşad verən gördüm. Hamı onu “üstünə diləyə gediləcək” adam kimi tanıdı. Tanıyan güvənli biri təki onunla dost olmaq istədi.

Mənim üçün Rəşad, bax, hələ o vaxt 50 yaşındaydı.

***

21 yaş ona görə deyirəm ki, Rəşadı tanıyıram! Onu ən azından mənim qədər tanıyan bilir ki, illərin dəyişdiyi Rəşadın o üzündəki Rəşad həmişə “yaşının yaşıl çağı”nda, elə 21 yaşındadı.

Rəşad ilk baxışda kiməsə kobud da görünər. Yekəxana, eqoist də. Bir dəfə bir toyda Brilyant Dadaşova çıxış edib yerinə qayıdan Rəşada bu konteksdə söz atmışdı. Amma o hardan biləydi ki, ona kobud görünən bu adamın içində kövrək, bir kəlmə sözdən yuxalan ürək döyünür. Tanımırdı, ona görə.

Bəlkə də içindəki həmişəcavan şairdi onu gənclərlə əhatələyən. “525-ci qəzet”in ilk sayında gənclərə çağırış eləməsi, sonrakı illərdə, onlarla, yüzlərlə gəncə yaradıcılıq meydanı verməsi, gənc yazarlarla iş üzrə Yazıçılar Birliyinə rəsmi işə qəbul edilməsi də elə ordan gəlir.

Küçədə əlindəki neft dolu butulkayla ehtiyatsız davranıb özünü yandıran bir uşağı o vaxtın ən bahalı “layka” plaşına büküb söndürməsini xatırlayıram. 1980-ci illərin bir yağışlı günündə onu plaşsız görüb təəccüblənəndə danışmışdı bu hadisəni.

Rəşadın nə qədər adamın həyatını dəyişməyinə şahidəm. Neçə adam ona görə ailə qurub, iş tapıb, sənətə gəlib, depressiyadan çıxıb, qanad açıb ruhlanıb, ilhamlanıb, sevgi dadıb.

Rəşad Məcidlə bölüşmədiyimiz çox fikirlər ola bilər, mübahisə mövzularımız az olmayıb, amma bu, heç vaxt dostluğumuza kölgə salacaq həddə çatmayıb.

Qardaşı olanlar qardaş qədrini nə qədər bilir, deyə bilmərəm. Amma olmayan adama elə gəlir ki, qardaşı olsaydı, ona ikiqat güc verərdi. Rəşaddan o qədər beləcə güc almışam, heç özü də duymayıb!

“Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad günündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanların belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi”. Bu sözləri təzəcə bitirdiyim “Çöl Qala” povestimin qəhrəmanı deyir.

Rəşad Məcid də belədi: insanlara tək dar gündə həmdərd olmur, onların şad gününə ürəkdən sevinməyi də bacarır. Mən onu belə tanıdım!

Yubileyin mübarək, 50 yaşlı cavan!

Vahid Qazi

Dərc olunub: 525.az, musavat.com, aznews.az, qafqazinfo.az, modern.az,

Paris günləri

"Ölkələr və şəhərlər" silsiləsindən

sena sahilinde

Paris günləri

(Fotoreportaj)

Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin toplusudu. Tarix də var, canlıdı, bu gün də yaşayır. Sahibinə tək mənəvi fəxarət hissi vermir, maddi qazanc da gətirir. Bax elə, Fransa tarixi kimi. Hər il Fransaya 75 milyondan çox adam səfər edir. Ölkənin turizmdən gəliri 33 milyard avroya yaxındı.

Paris uzun illərdi, dünyanın ən çox turist cəlb eləyən şəhəri, Eyfel qülləsi isə  diqqətçəkən məkanıdı. Şəhərdə YUNESKO-nun mühafizəsi altında olan üç mindən çox tarixi abidə var. Qısacası, hər tikilisi foroaparatın kadrına düşəsidi Parisin. Nə qədər şəkil çəkdiyimi bilmədim, bircə, ayırseç edəndə sildiyimi təxmin elədim, 500-dən çox kadr idi.

Parisə kimi inqilablar, kimi də sevgilər şəhəri deyir. XIX əsrin Parisini düşünəndə təsəvvürə barrikadalar gəldiyi kimi XX əsr Parisi göz önündə şanson sədaları altında sevgi dramları canlandırır. Bura gələn ya aşiq olub qalar, ya da inqilabçılıq eşqinə düşər. Bilmirəm, dərviş Parisi “partlatmasaydı”, Mirzə Fətəli Axundovun Şahbazı Qarabağdan Parisə gəlib hansından olacaqdı: aşiq, yoxsa inqilabçı?! Amma onu bilirəm ki, tanıdığım başqa iki qarabağlıdan biri aşiq olub burda qaldığı halda (rejissor dostum Şahin Sinariya sayaq), o biri vətənə dönüb şüurlarda inqilab eləməyə getmişdi (Əhməd Ağağolu kimi).

Əhməd Ağaoğlunun Sarbonnası

Parisdə gəzəcəyimiz yerləri şəhərin istiqamətləri üzrə qruplaşdırdığımdan hər gün bir tərəfə yön alırdıq. Birinci günün planında ilk dəyiləsi yer Sarbonna universitetiydi. Uşaqlar xəritəylə kəsə yolu asan tapırdı – “Jardin de Luxembourg” bağından keçib sağa burulasıydıq. Onlara bura niyə gəldiyimizi universitetin qarşısındakı “Place de la Sorbonne” parkında əyləşəndə izah eləməyə başladım. sorbonna

Sarbonna universiteti

Paris də, Sarbonna universiteti də qaldı bir tərəfdə, Əhməd Ağaoğlu adlı bir şuşalının 120 il əvvəl 20 yaşındaykən Qarabağdan gəlib burda oxumağından, bu divarlar arasında aldığı təhsillə zəmanəsinin ən ünlü zəka sahiblərindən birinə çevrilməyindən, 1905-ci ildə başlayan erməni terroruna qarşı “Difai” adlı gizli silahlı təşkilat yaratmağından, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən heyətdə yer almağından, bolşevik işğalından sonra Türkiyəyə köçüb Atatürkün siyasi müşaviri olmağından xeyli söhbət elədim. Oxumağa davam et →

Ədəbiyyatın şəhəri, kəndi

derevenskoe proza

Ədəbiyyatın şəhəri, kəndi

1937.az saytından Rövşən Danyeri Ramil Qafarovun “Eybəcər “qazaxşina” və şəhər nəsri ” yazısına münasibət soruşanda məqalənin üzdən yazıldığını deyib əvvəl boyun qaçırdım. Belə hesab elədim ki, müəllif mövzuya ya ötəri toxunub, ya da bəhs elədiyi dövrün ədəbiyyatını sən deyən elə də çox oxumayıb, sadəcə ucundan-qulağından eşidib.  Həm də ədəbiyyatda region söhbəti elədiyini görəndə yazmağa qəti həvəsim qalmadı. İndiki zənanədə, xüsusilə, gənclərin feodal təfəkkürlü söhbətləri məni sıxır.

Amma dünən öz əvvəlki yazısına izahatını oxuyanda, yəni fikirlərinə bir növ “düzəliş” edib aydınlaşdıranda, dedim, indi qoy mən də yazım, Rövşən bəy inciməsin.

Müəllifin toxunduğu mövzu həqiqətən aktualdısa, şübhəsiz, dartışıla bilər. Bunu ədəbiyyat adamları eləsə daha yaxşıdı. Mən sadəcə, ədəbiyyat sevənəm, bilicisi deyiləm. Amma bir-iki nüası deyim. Əvvələ onu deyim ki, Ramil Qafarov sovetə qədər (sərhəd kimi 1937-ci ili düz seçib) və sonrakı ədəbi dövrü uğurlu analiz edib. Bu barədə maraqlı yazılar hələ sovetin son illərində Moskvada nəşr olunan “Literaturnaya qazeta”da dərc edilirdi, o vaxtın bəzi televiziya proqramlarında müzakirə olunurdu. Ramil bəy də yaxşı yazıb, sözüm yox.

Mən də istərdim, bizim Soljenitsın çaplı demirəm, heç olmasa Aytmatov qədər tanınan yazıçımız olaydı, sovet dağılanda ədəbiyyatımızın sandığını açıb tökəydik. Olmadı! Səbəblərindən birinə bu yaxınlarda dərc olunan “Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarına” çıxara bilməzsən” adlı müsahibəmdə toxunmuşam – ya dünya dillərində yazan yazıçın olmalıdı, ya da güclü tərcümə məktəbin.

“Nəsr şəhər hadisəsidir” fikri bizə təzə görünə bilər, amma Avropada, Rusiyada 50-100 il qabaq dartışılıb bitib. Uğurlu şəhər ədəbiyyatı aqrar mühitdə yarana bilməz. Bizsə sovetin total sənayeləşməsi siyasətinə görə müəyyən vaxt kəsimində urbanizasiya dövrü yaşadıq. Çox ağrılıdır ki, müstəqillik illəri özünün bütün geniş imkanlarına rəğmən bizi “şəhərli” etmədi.

Ramil bəy az qala Qazax doğumlu yazıçıları ədəbiyyat mafiyası yaratmaqda, Qarabağ yazıçılarını isə “peyin qoxulu əsərlərdə bulaq üstə kabab mənzərələrindən” başqa ortaya bir şey qoya bilməməkdə suçlayıb. Tək sovet yox, ondan əvvəl və sonrakı dövrdə Qazax və Qarabağ yazıçılarının yazdıqlarını siyahıdan çıxarsın, sonra ədəbiyyatımızın mənzərəsinə baxsın. Çoxmu zəngin görünəcək?

Rişxənd elədiyi Qarabağ yazıçıları tək kolxozdan yazmayıb, axı! Əlfi Qasımovun “Qağayı fəryadı”, Bayram Bayramovun sonra ekranlaşdırılan “Bəlalı sevgi”, Sabir Əhmədovun “Qanköçürmə stansiyası”, Aqil Abbasın 30 il əvvəl yazdığı “Qapqara uzun saçlar”, hələ yadıma düşməyən nə qədər ayrı əsərə necə kolxoz yaradıcılığı demək olar? Bəs şəhər nəsri necə olur? Başqa yerlərdə doğulmuş yazıçıların əsərlərini də qeyd edərdim, amma mən də ədəbiyyat coğrafiyamızı geniş əhatələmirəm, onun cızdığı ərazilərdən yazıram.

Şəhərli ədəbiyyata aid elədiyi uğurlu nümunələrlə razılaşıb yaşlı nəsildən İbrahimbəyov qardaşlarını, gənclərdən İlqar Fəhmini də (bu darmacalda yadıma düşməyən başqaları da var) əlavə edərdim.

Nəhayət, gəlirəm bu yazını yazmamın əsl səbəbi üstünə. Müəllif məqaləsini bu sözlərlə bitirir: “Qəti şəkildə demək olar ki, kolxoz yaradıcılığının məhsulu olan kənd nəsri müasir oxucu üçün bitmişdir. Şərif Ağayar, Vahid Qazi kitablarının satılmamasının günahını naşirlərdə görməsin. Əldə olan oxucu hazırlıqlı, seçim edə bilən gənclikdir. O daha kənd nostalgiyası ilə yaşamır”.

Anlamadım, kitabımın satılmaması ilə bağlı gileyimi kimdən eşidib, yaxud harda oxuyub? Mənim belə bir qayğımmı olub? Nə qədər dürüst münasibətdi?

Yazının əvvəlində qeyd eləmişdim ki, Ramil Qafarov oxumadığı ədəbiyyat haqda yazı yazıb. Ola bilər, yanılıram, bəlkə də o, çox kitab oxuyub, amma qəti əminəm ki, mənim heç bir kitabımdan xəbəri yoxdu. Əgər doğrudan da “Çamayra. Kuba dəftəri” kitabımı oxusaydı, bilərdi ki, o, kolxoz yox, olsa-olsa, siqar qoxuyur. Hər halda Kuba “kolxoz”larında tütün əkirlər.

Bəlkə “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabını nəzərdə tutur? Kolxoz yaradıcılığında demokratiya olmur, kolxozun demokratik əsaslarla yaranması iddia olunsa da.

Yoxsa Ağdam haqda xatirələrimdən bəhs edən “Ruhlar şəhəri”ni kolxoz yaradıcılığı hesab edir? Tam məsuliyyətuylə yazıram, 30 il əvvəlki dönəmindən bəhs etdiyim Ağdam şəhəri bərbad təhsil sisteminin şikəst elədiyi Ramil Qafarov zəmanəsi gəncliyinin böyük əksəriyyətindən 30 kərə müasir və şəhərsimalı idi.

Ədəbi tənqid yazıçıları, onların yazdıqlarını aşağılamaq sənəti deyil, üfüqdə ədəbiyyatın inkişaf yollarını göstərən elmdi. Tənqidçi yazıçıdan bir baş yuxarı olanda yazdığı ilə bu elmə xidmət etmiş olur. Fikrimcə, bugünkü ədəbi-mətbu tozanaqdan (sadə məsələni qəsdən qıcıq doğuran mövzuya çevirib, bir az söyüş, bir az təhqir qatqısıyla maraqlı şəklə salmaq ənənəsi) bir qədər aralana bilsə və toxunduğu mövzunu dərin öyrənib analiz eləsə, Ramil Qafarov uğurlu tənqidi məqalələr yazacaq.

Nə isə, ədəbiyyat söhbəti bütün hallarında maraqlıdır, istər kənd, istər şəhər ədəbiyyatından danış. Təki oxuyan olsun! Vicdanlı, savadlı tənqid olsun! Ən əsası, ƏDƏBİYYAT olsun!

Vahid Qazi

1937.az

Ramiz Rövşəni qınayanlara

ramiz rafiq fexri

Ramiz Rövşəni qınayanlara

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm. Bu sözləri də onu qınayan dostlara deyirəm, baxıram “Feysbuk”dakı virtual dostlarım arasında belələri var. Təhqir, qərəz, məqsədli şəkildə qarayaxmalar yazanlara cavab verməyə dəyməz. Oxumağa davam et →

“Qum dəryasının kapitanları”

rio de janeiro maracana

Çöl Qala

    (Povestdən parça)             

Vahid Qazi

VI Bölüm

Qadının yaşadığı dəhşətdi. Ən doğma iki adamı ona xəyanət edib. Bu, tək xəyanət deyil. O, təhqir olunub. Bilmirəm hansı daha ağırdı – xəyanət olunmaq, ya təhqir edilmək?!  Halına acıyıram. Açığı əvvəl onunla görüşmək, söhbət eləmək istəyirdim. Etiraf edim ki, bir qadın kimi kişi ağlımdan keçən anlar da az olmayıb. Amma bu açıqlamasından sonra bütün bu duyğularım tamam başqa hislərlə əvəz olundu. Onunla təmas üçün güclü iradə, böyük sevgi, heç olmasa onun daşıdığı ağırlıqda kədərin olmalıdır.

Sözün düzün desəm, məni Qadından çox Rəssam maraqlandırır. Hər dəfə onun yazdıqlarını oxuyanda yazışdığı Qadın yox, arvadı gəlir gözümün qabağına. Xanımın qarşısında özümü müqəssir hesab edirəm, elə bil günah işlədən onun əri yox, mənəm. Bu sirri ona deməsəm, günah etmiş olaram. Amma necə deyim? Deyə bilərəmmi? Desəm, ondan da betər günaha batmarammı?

Gic-gic suallarla beynimi yormaq istəmirəm. Onlar sadəcə yazışıblar. Ortada xəyanət adına bir şey yoxdu. Bir də ki, “xəyanət”, “günah” nədi, axı? Bu yazışmalarından sonra, onların yaşadığı bu duyğuların qabağında bu sözlər yenə öz əvvəlki anlamını saxlayırdımı? Bilmirəm!

Görüşdən sonra vəziyyət necə olacaq, hadisələr hara səmt alacaq? Real görüş onları pəjmürdə edəcək, yoxsa daha da yaxınlaşdıracaq? İndi onların həyatını özlərindən xəbərsiz izləyən biri kimi bu suallar hər anıma hakim kəsilib.

İçimdə həm də belə bir şübhə oyanıb – onlar həqiqətənmi görüşmək istəyirlər, yoxsa belə söyləmələri özünüaldatmadı, əslində görüşdən qaçırlar?

 “Qum dəryasının kapitanları”

■

Rio-de-Janeyroya cümə gecəsi çatdım. Məni “Avenida Atlantica” hotelinə yerləşdirdilər. Sabah sərginin açılışıdı. İki gündü haldan düşənədək gəzirəm. O qədər nəhəng şəhərdi ki, özünü səhrada qum dənəsi sanırsan. Bunu gücsüz insanlar anlamında demirəm. Küçələrdə rastlaşdığın adamlara zəif, gücsüz, ümidsiz demək olmur. Burda hamının üzündə qəribə bir arxayınlıq var, gözləri həyat eşqiylə doludu. Mən bu gözlərdə kədər görmədim. Amma kədərsiz adam olurmu?! Görünür, buranın adamları kədərlərini qəlbin arxa otaqlarında gizlətməyi bacarırlar.

Şəhərin kasıb məhəllələrində yaşayanların da üzü gülür. Xoşbəxtlik varlı olmaqda deyil, bir kəlmə xoş sözün, bir loxma çörəyin, bir udum azad nəfəs almağın bəxtiyarlığını yaşamaqdadı.

Favela deyilən gecəqonduları gəzmək maraqlı olsa da, çox təhlükəlidi. Buralar cəhənnəmin dibidi. Favelaların öz qanunları var. Bura dövlət qanunları ilə yox, kriminal avtoritetlərin əmrləriylə idarə olunur. İç-içə, üst-üstə tikilən daxmalar ələ keçən hər cür materialdan tikilib. Cinayətkarlıq, narkomaniya, antisanitariya, fahişəlik buranın adi halıdı. Deyirlər, buralar polis üçün alınmaz qaladı, dəfələrlə açıq davadan məğlub dönüblər. Amma Sənə deyim ki, burda rəsmə gələsi onlarla insan sifəti gördüm. Favelalar insan üzlərindən ibarət çələngə bənzəyir. Silsilə insan portreti yaratmaq olar. Qapısı ağzında çöməltmə oturub siqar çəkən qarının qırış üzü, pəncərəyə yayxanan yeniyetmə mulat fahişənin bərk və hamar ombasının rəngi, boynumdakı fotoaparata müştəri gözüylə baxan on iki-on üç yaşlı oğlanın bic nəzərləri, körpəsini əmizdirən zənci qadının döşündən axan südün uşağın qara üzündəki bəyaz izi… neçə-neçə belə mənzərə.

Böyük təzaddı – bir tərəfdə dünyanın ən gözəl şəhərlərindən biri, o biri yanda Allahın da üz döndərdiyi səfalət favelaları. Qaldığım hoteldən cəmi beş yüz metr aralıdakı faveladan balaca uşaqların alıcı quş kimi qəfil hücumları qarşısında heç kim duruş gətirə bilməz. Biri çantasını, o biri üstündəki qiymətli əşyasını itirəcək – bir göz qırpımında qapıb qaçacaqlar. Bu favelaların fonunda İsa Məsihin möhtəşəm, dünyanın ən hündür heykəli belə aciz görünür. Qolları yana açılı İsa Məsih buradakı səfil insanları şəhərin varlı, bəxtəvər sakinləriylə birgəmi qoynuna almaq istəyir? Yoxsa gördüklərinə təəccüb edir? İnsanlara sevgi payını bərabərmi bölüb? Bilmirəm! Hər halda çox sarkastik mənzərədi.

Günəş də belədi – işığını, istisini hamıya eyni dərəcədə vermir.

Danışırlar ki, ildə dörd-beş dəfə heykəli ildırım vurur. Çarmıxda əzab çəkən İsanın heykəli də əzab içindədi. Bu nədi? Allahın insanlara min illərdi göndərdiyi xəbərdalığın davamıdımı? Bunda mistik siqnallar axtaranlar da az deyil…

İmkan olduqca yazacam. Hələlik. Oxumağa davam et →

Mustafa Cəmilovun andı

cemilov vahid                      Mustafa Cəmilov Bakıda olarkən

Mustafa Cəmilovun andı

Vahid Qazi

Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım. Müsahibə mənə onun 30 il əvvəl Daşkənddə növbəti məhkəmə proseslərindən birində dediyi son sözü xatırlatdı. Az qala hər kəlməsini əzbərlədiyim o son sözü vaxtilə tərcümə edib III Sektor jurnalında dərc eləmişdik.

Heç nə dəyişməyib, Putinlə danışanda da Mustafa aga zorun qabağında prinsip, əqidə, ləyaqət nümayiş etdirib. Oxumağa davam et →