Paris günləri

"Ölkələr və şəhərlər" silsiləsindən

sena sahilinde

Paris günləri

(Fotoreportaj)

Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin toplusudu. Tarix də var, canlıdı, bu gün də yaşayır. Sahibinə tək mənəvi fəxarət hissi vermir, maddi qazanc da gətirir. Bax elə, Fransa tarixi kimi. Hər il Fransaya 75 milyondan çox adam səfər edir. Ölkənin turizmdən gəliri 33 milyard avroya yaxındı.

Paris uzun illərdi, dünyanın ən çox turist cəlb eləyən şəhəri, Eyfel qülləsi isə  diqqətçəkən məkanıdı. Şəhərdə YUNESKO-nun mühafizəsi altında olan üç mindən çox tarixi abidə var. Qısacası, hər tikilisi foroaparatın kadrına düşəsidi Parisin. Nə qədər şəkil çəkdiyimi bilmədim, bircə, ayırseç edəndə sildiyimi təxmin elədim, 500-dən çox kadr idi.

Parisə kimi inqilablar, kimi də sevgilər şəhəri deyir. XIX əsrin Parisini düşünəndə təsəvvürə barrikadalar gəldiyi kimi XX əsr Parisi göz önündə şanson sədaları altında sevgi dramları canlandırır. Bura gələn ya aşiq olub qalar, ya da inqilabçılıq eşqinə düşər. Bilmirəm, dərviş Parisi “partlatmasaydı”, Mirzə Fətəli Axundovun Şahbazı Qarabağdan Parisə gəlib hansından olacaqdı: aşiq, yoxsa inqilabçı?! Amma onu bilirəm ki, tanıdığım başqa iki qarabağlıdan biri aşiq olub burda qaldığı halda (rejissor dostum Şahin Sinariya sayaq), o biri vətənə dönüb şüurlarda inqilab eləməyə getmişdi (Əhməd Ağağolu kimi).

Əhməd Ağaoğlunun Sarbonnası

Parisdə gəzəcəyimiz yerləri şəhərin istiqamətləri üzrə qruplaşdırdığımdan hər gün bir tərəfə yön alırdıq. Birinci günün planında ilk dəyiləsi yer Sarbonna universitetiydi. Uşaqlar xəritəylə kəsə yolu asan tapırdı – “Jardin de Luxembourg” bağından keçib sağa burulasıydıq. Onlara bura niyə gəldiyimizi universitetin qarşısındakı “Place de la Sorbonne” parkında əyləşəndə izah eləməyə başladım. sorbonna

Sarbonna universiteti

Paris də, Sarbonna universiteti də qaldı bir tərəfdə, Əhməd Ağaoğlu adlı bir şuşalının 120 il əvvəl 20 yaşındaykən Qarabağdan gəlib burda oxumağından, bu divarlar arasında aldığı təhsillə zəmanəsinin ən ünlü zəka sahiblərindən birinə çevrilməyindən, 1905-ci ildə başlayan erməni terroruna qarşı “Difai” adlı gizli silahlı təşkilat yaratmağından, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən heyətdə yer almağından, bolşevik işğalından sonra Türkiyəyə köçüb Atatürkün siyasi müşaviri olmağından xeyli söhbət elədim. Oxumağa davam et