“Namizədlər” silsiləsindən I yazı

namized xanim dostlar

Çiçək qoxulu yuxu-parlament

“Namizədlər” silsiləsindən 1-ci yazı

İndiki parlament seçkisi əvvəlkilərdən gözəl xanım namizədlərin bolluğu ilə seçilir. Gör bir nə qədərdilər! Həm gözəldirlər, həm də cavan.

Uzağa getməyim, elə feysbuk dostlarım Tamilla Qulami, Nüşabə Sadıxlı, Aysel Əlizadə, Günel İbadova, İlhamiyyə Rza, Könül Quliyeva, Vəfa Gümşüdlü, Mehriban Zeynalova, Günel Səfərova, Yasəmən Qaraqoyunludan deyim.

Cəmi 100 il öncə teatr səhnəsinə bir qadın oyunçu çıxara bilməyən xalqın bu gün siyasət meydanında gör neçə xanımı var!

Bu yaxşı haldı. Eləsə, eləsə, bizi gözəllik xilas edəcək. Heyif deyilmi, gözəl xanımların qanunları ilə yaşayasan!

Kişilər söz sahibi olandan dünyanın xarabı çıxdı. Zorluqlar, pisliklər onlarla gəldi.

***

Xəyalıma yeni parlament gəlir. Zal min rəngli Qırxqız yaylasını xatırladır. Feysbuk dostlarım buranın ən qəşəng çiçəkləridi. Xoşum gəlir, oturub saatlarla canlı mənzərəyə – iclasa baxıram.

Bir az narahatlığım da var. Necə narahat olmayasan! Neçə qollu-budaqlı, köklü-köməcli “ağac”ı parlamentin “par”ı qurudub. Neçə yaraşıqlı sima oradan solub, bozarıb, qızarıb, nə qədər qəddü-qamət əzilib-büzülüb, əyilib çıxıb. İndi bu zərif “çiçəklər”i soldurmazmı onun havası?!

Gözümün qabağından uçub keçən nə idi belə?

Narahatlığım gecəni gün işığına çıxaran şam kimi əriyib getdi.

Sarı-qırmızımtıl kəpənəyin çiçəyə qonmasını görürəm. Qanadlarının şappıltısını müstəqillik aktına alqış yağdıran parlamentin çəpik səsi kimi eşidirəm.

Kəpənək qanadlarından qopan sərin meh üzümə əsir, məstedici çiçək qoxusuna bihuş oluram.

Sonra meh küləyə dönür, sonra da tufana…

Parlamentin qapı-pəncərəsi taybatay açılır. İllərlə içəriyə hopmuş kif qoxusu çölə sovrulur.

“Çiçəklər” yerlərindən boy verirlər. Qalxır, qalxır, qalxırlar. Bir-birinə sarılırlar, aşır-daşırlar. Açıq qapı-pəncərədən şəhərə axırlar.

Şəhərin küçə-xiyabanları gülə-çiçəyə bürünür. Hər yan gül qoxuyur. Xəzərin gözitirən sozsuzluğundan əsən Xəzri gül qoxusunu sinəsinə çəkir. Üfürüb bütün ölkəyə yayır.

Səhər adamlar ölkəni çiçək içində görürlər. Hava gül ətrindədi. Xət-xət qırışan üzlər, cığır alınlar gülür, açılır. Çuxura düşən gözlərə işıq gəlir. Ürəklər təzə sevgi yaşayan təki sevinclə çırpınır.

Çiçəklərə qonan kəpənəyin qanadından başlayan titrəyiş bütün ölkəni dəyişir. “Kəpənək effekti” bunamı deyirlər?!

Azərbaycan “çiçəklənən şanlı diyar” olur.

“Çiçək”lərin qanunları da ümid doludu ana duası kimi, yumşaqdı sevgili sığalı təki.

Hamı xoşbəxtdir!!!

***

Yuxudan saat zənginə oyandım. Qalxdım. Çay qoydum. Televizorun düyməsini basdım. Balkona çıxıb gərnəşdim. Quluncumu qırıb geri qayıtdım.

Çay süzüb oturdum. Gözüm çayın buğunda, qulağım televizorda.

“Müxalif elita çox amansız seyrəlmələrə məruz qalıb”. Yeni seçilmiş parlamentin ilk iclasında Zahid Oruc danışırdı.

Çayın buğu doğulmadan ölən arzular kimiydi, buğlanmağa macal tapmadan itib yox olurdu…

Vahid Qazi

Oktyabr, 2015

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Göteborg_BookFair-1280x670

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni elə qəddar bilsinlər!

Bir dəfə ərinmədim, Seymur Baycanın “Oxumaq mədəniyyəti” adlı yazısını onlara özüm oxudum, hərdən haşiyə çıxaraq, Seymurun arqumentlərini xüsusi vurğulayaraq oxudum. Bitirəndə yazıdan sitat gətirib soruşdum ki, indi “o boyda Amerikanın prezidenti Barak Obama oxumağa vaxt tapır”, siz tapmayacaqsınız?

Qarabağlılar and içən olur. Kitaba and olsun ki, uşaqlara “mədəniliyin yolu kitablardan keçir” deyəndə Andre Moruanın “Mədəni olmağın tək yolu var – mütaliə” fikrindən xəbərim yox idi. Bu yazını qaralayanda internetdə rastladım.

Uşaqları inandırmışam ki, yad ölkəyə uyğunlaşmaq üçün “qəriblik kompleksi”ndən yaxa qurtarmağın kəsə yollarından biri də elə kitabdır.

Axmaq adamların mühitində olmaqdansa kitabla tənhalığa çəkilməyin üstünlüyünü isə sonra deyəcəm, hələ uşaqdılar.

Fikrim getdi uşaqlara, əslində sentyabrın sonlarında Yöteborqda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından yazıram.

Kitabların insan üçün əhəmiyyəti haqda uzun danışmayacam, bunu hər kəs bilir. Nobel mükafatı ilə ədəbiyyatı dünya hadisəsinə çevirməyi bacaran isveçlilərin timsalında bir xalqın ədalətə, bərabərliyə, hüquqa və haqqa söykənən, bütün dünyaya örnək olası bir dövlət qura bilməsində kitab oxumaq vərdişi və mədəniyyətinin rolunundan söz açmaq istəyirəm. Oxumağa davam et

“ Mən… əzilənlər arasında olmaq istəyirəm. Həyat oradan daha aydın görsənir.”

fred asif

Milli qəhrəman Fred Asifdən 23 il əvvəl aldığım bu müsahibəni kompüterin illərlə açılmayan qovluqlarında eşələnəndə gözüm biqəfil aldı. Kompüter təzə-təzə çıxan vaxtlar yazmağı öyrənəndə bəzi köhnə qəzet yazılarımı yığıb yaddaşa verirdim ki, qalsın. Bundan əvvəl “Zirzəmidə gecələyən şəhər” yazısını da beləcə təsadüfən tapmışdım.

Oxumağa davam et

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Mona Walter

Avropada yeni bir kabus dolaşmaqdadır!

Sentyabrın 27-də İsveç millətçilərinin “İslamda tolerantlıq varmı?” adlı bir tədbirinə getdim. Mövzu təzə deyil, çox düşmüşəm bu söhbətə. Mövzudan daha çox məni İsveç kimi tolerant bir ölkənin son illər durmadan artan reytinqləri hesabına ictimai rəy sorğularında ölkənin birinci partiyasına çevrilmiş millətçi İsveç Demokratları Partiyasının məsələyə baxışı maraqlandırırdı.

Partiyanın yerli şöbəsi məruzəçi kimi islam üzrə ekspert Bertil Malmberq və xristianlığı qəbul etmiş keçmiş müsəlman Mona Valter adlı xanımı dəvət eləmişdi.

Birinci hissədə çıxış edən Malmberq “Quran”, şəriət, sünnə və hədislərdən nümunə gətirərək tədbirin adına çıxarılan suala “Yox!” cavabını əsaslandırmağa çalışırdı.

İkinci hissədə çıxış edən Valter isə özünü vətəndaş müharibəsi nəticəsində sekulyar sosialist diktatura rejimindən islamlaşaraq bir başqa diktaturaya çevrilən Somalidən qaçmış ailənin qızı kimi təqdim elədi. “Ailəmin qoyduğu dini qadağalarla İsveç həyatının azad reallıqları məni islam dinini dərindən öyrənməyə sövq elədi”.

Onlar çox şey dedilər, burada sadalamağın mənası yoxdur. “Özünü dünyəvi dövlət kimi göstərməyə çalışan Türkiyədə son yüz ildə bir kilsə belə tikilməyib. Sizsə turist kimi gedib oranın büdcəsinə xeyir verirsiniz” kimi avantürist fikirlərlə yanaşı kifayət qədər məntiqli görünən fikirləri arqumentləşdirməyi də bacarırdılar.

Qulağım çıxışçılarda olsa da, gözüm zaldakı adamlarda idi. Onların reaksiyasını müşahidə edir, suallarını tam anlamağa çalışırdım. Gəldiyim qənaət budur ki, Avropaya gələn qaçqın axını özüylə islam qorxusu da gətirir.

Saumel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” tarixi-fəlsəfi traktatında irəli sürdüyü tezislər heç iyirmi il keçməmiş reallığa çevrilməkdədir.

Düzdür, bu gün İsveçin hakim Sosial Demokrat Partiyası və hökuməti qaçqınlara daha çox yardım etməyin yollarını arayır, “Bütün İsveç birlikdə” adlı ümummilli yardım paketiylə çıxış edir. Amma əksər Avropa liderləri multikulturallığı Avropanın zənginliyi deyil, problemi kimi görürlər. Hətta təbil çalırlar!

Tədbir iştirakçılarını düşündürən əsas suallar bunlar idi: Avropa mədəniyyətinə inteqrasiya oluna bilməyən və istəməyən mədəniyyət konflikt ocağına çevrilməzmi? Özləri ilə bərabər şəriət qaydalarını da gətirən və o qaydaları Avropada da tətbiq eləmək istəyən islami kəsim niyə şəriət qaydaları ilə idarə olunan ölkələrə yox, buna tamamən zidd olan cəmiyyətlərə üz tutur? Niyə 57 islam dövləti müsəlman qaçqınlarına sahib çıxmır və s.

Bu suallar tək zala rekord sayda adam topladıqlarını deyən İsveç millətçilərini deyil, bütün Avropanı düşündürən və QORXUDAN suallardır!

Yazımın canı odur ki, Avropada yenə bir kabus dolaşmaqdadır! Və bu kabus əvvəlkindən heç də az olmayan qorxulu fəsadlar vəd edir!

Vahid Qazi

P.S. Tədbirdən çəkdiyim fotolar aşağıdadır.

2341

Dərc olundu: Novator.az

İsveç: əlili əlində tutan ölkə

le-handikappad-pojke-som-leker-hans-fiol-29460038 (2)

İsveç: əlili əlində tutan ölkə

O gün “Həyat üçün işləmək” adlı əlil, ahıl və xəstələrə həsr olunan sərgi-festivala getmişdim. Festivalda musiqi qruplarının konserti, idmançıların yarışı keçirilirdi. Sərgidə isə firma və QHT-lər, bələdiyyə və dövlət təşkilatları öz işlərini nümayiş etdirirdi.  Kimi yeni məhsul çeşidlərini göstərir, kimi qayğı-xidmətlərini təklif edirdi. Oxumağa davam et

Azərbaycan vektoru

Avropa parlamenti

Azərbaycan vektoru

Dünən Avropa Parlamenti müstəqilliyini Avropa vektorlu ümumbəşər dəyərlər təməlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi elan edən bir dövlət haqqında onun müstəqillik tarixi ərzində ən utancverici bir qətnamə qəbul elədi.

Avropadan, bütün dünyadan haqq, ədalət uman dövlət haqqsızlıq, ədalətsizlik mücəssiməsi kimi – vətəndaşının söz və ifadə azadlığını tanımayan, haqqını boğan, ədalətini tapdayan, varını talan edən bir dövlət kimi təqdim olundu. Oxumağa davam et

Берег «Лебединого озера»

 

svansjön 1

Берег «Лебединого озера»

(из цикла «Следы памяти»)

Одна из активисток регионального отделения Шведской Социал-Демократической Партии Ирада Алиева приобрела билет на балет Чайковского “Лебединое озеро” в тот день, когда было объявлено, что знаменитый Мариинский театр Санкт-Петербурга совершит гастрольный выезд в Йенкепинг.

По пути я рассказал детям об истинной причине своего поступка, побудившего меня немало заплатить за билет и проехать несколько сот километров. Oxumağa davam et

Bala əliklə balaca Vahidin hekayəti

Bala əliklə balaca Vahidin hekayəti

yaxud Gəncəsər xatirələri

Vənglidən üzüaşağı Koladağadək (biz ona Koladay deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turşsu bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu nənə-babalarımızın da yaylamağa gəldiyi Kolatağ meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Gəncəsər kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.

Oxumağa davam et

Xəyal memarı

Bir vaxtlar bu şəhərdə insanlar yaşayrıdı. Əli, süfrəsi, qəlbi açıq. Vüqarlı, qorxmaz, dilli-dirçəkli insanlar. Sonra tufan qopdu, onları qum dənələri tək dörd bir tərəfə atdı. İndi harda desən varlar, Ağdamdan savayı. Bu 22 ildə vətəni bir yanda ermənilər talan elədi, o biri yanda özmənlərimiz. Tək şəhərimiz, torpağımız deyil, ləyaqətimiz, şəxsiyyətimiz, mənəviyyatımız, abrımız da işğal olundu, əsir edildi. Bizəsə xəyallar qurmaq qaldı.
Bu da mənim xəyalımdı! Artıq daşlaşmış bir xəyal!

xeyal memar1

Xəyal memarı (“Ruhlar şəhəri”ndən)

Oxumağa davam et

Qarabağ iməciliyi

imecilik

Qarabağ iməciliyi

Avqustun 20-də Ermənistan və Rusiya müdafiə nazirləri “Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir” sözləri yazılan və 2044-cü ilədək qüvvədə qalacaq protokolu imzalayanda təəccüblənmədim, sadəcə, hələ 10 il əvvəl Tiflisdə keçirilən, ermənilərin də iştirak elədiyi konfransların birində ciddi mübahisəyə səbəb olan sözlərim yadıma düşdü:

“Ermənilər tarixdə xalq kimi sağ qalmalarına görə türklərə, millət kimi dövlət qurmaları üçün isə ruslara minnətdar olmalıdır”. Oxumağa davam et