“İztirab – vətəndə qərib olmaqdır”

 bastasjo1

“İztirab – vətəndə qərib olmaqdır”

 İnformator.az saytının ”Gəzməyə Qərib ölkə, ölməyə…..?” rubrikasının qonağı Azərbaycanda vətəndaş cəmiyyəti fəallarından olmuş, hazırda vətəndən kənarda yaşayan publisist Vahid Qazidir.

– Vahid müəllim,  Azərbaycanda nələrə nail ola bilmədiniz və getdiniz?

 – Suala bitkin cavab üçün öncə ”nə istəyirdik” sualına aydınlıq gətirmək lazımdı. Mən ömrünün ictimai şüurlu dövrünü azadlıq hərəkatı ilə başlayan bir nəslin nümayəndəsiyəm. Bu nəsil sovet dövrünü yaşamış yaşlı nəsillə gözünü müstəqil dövlətdə açan gənc nəsil arasında bağlayıcı həlqədir. Bu, eyni zamanda bir-birindən kəskin fərqlənən iki siyasi sistem, dünyagörüş arasında əlaqə rolu oynamaq deməkdir. Yükün ağırı bizə düşüb. Bu, gələcək konturlarını cızmaqda olduğun ömrün ortasında dayanıb, yeni, özü də fərqli bir ömür başlamağa bənzəyir.

İnsanın mahiyyəti həm də onun arzularındadı. Düşüncəmizin sərhəd qapısı açılan kimi azadlıq istədik. Həm mübarizəmiz, həm də tarixi şərait imkan verdi –  müstəqilliyə qovuşduq. Sonrakı arzumuz müstəqil dövlətdə ədalətli cəmiyyət qurmaq idi. Buna ”demokratiya” deyirdim əvvəllər, bizdə artıq üzülüb-süzülüb-sürtülüb bu söz. Bax, o ədalətli cəmiyyətə nail ola bilmədik. Bu gün Avropada gördüklərimi öz vətənimizdə qurmağa iddialıydıq. Alınmadı, illəri bada verdik, nail ola bilmək. Əgər şəxsi mənada soruşursunuzsa, elə o mənada da cavab budur.

 – Bəs İsveçdə hansı uğurlar əldə etmisniz?

 – Uğuru hərə bir cür başa düşür. Hələ ki, uşaqların işinə sevinirəm, açığı onların belə güclü tərəfini gözləmir, görmürdüm. Bakıda piano müəlliməsi mənə deyirdi ki, ”suluxu” yoxdur, nahaq əziyyət verirsiniz qıza. Buradakı müəllimləri ”fantastisk!” deyə-deyə ona elə ruh verdilər ki, Blekinge Torpağının incəsənət üzrə müsabiqəsinə qatıldı və qalib oldu. Sonrakı il dünyaca məşhur ”Lions Club” təşkilatının yerli şöbəsi onu ilin musiqiçisi elan edib mükafatlandırdı. Şəhər bələdiyyəsi Çin hökuməti ilə sənaye-ticarət müqaviləsindən sonra təşkil elədiyi konsert proqramında ona da yer ayırdı. Vaqif Mustafazadənin doğum günü ərəfəsiydi, çıxıb onun ”Bayatı Şiraz”nı ifa elədi. Tamaşaçıların alqışları qaynar ürəyə su kimi çiləndi.

skolshou 2014

Oğlumu şəhər simfonik orkestrinə dəvət etdilər. İndi oranın ən gənc üzvüdür. Birinci skripka olmağa iddia edir. Bu yay qonşu şəhərin mərkəzi meydanında Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycanda da sevilən qalibi Aleksandr Rıbakla birgə səhnəyə çıxdı. Özümə gəlincə, bu müddətdə ”Çöl Qala” povestini və rusca ”Obezyanya diktatura” adlı kitabı bitirdim, hər ikisi nəşrə hazırdı. Burda olduğum müddətdə onlarla hekayə, esse, məqalə yazdım. Bakıda buna imkan, vaxt olmurdu. İsveç Yazıçılar Birliyinin ilk azərbaycanlı üzvü oldum. Ailə miqyasında başqa bənzər xırda halları da sadalaya bilərəm. Uğur hesab eləmək olarsa, bunlar uğurdu.

– İndi orda özünüzü xoşbəxt sayırsınız?

 – Nisbi anlayışdı xoşbəxtlik. Adam elə bilir ki, xoşbəxtlik hardasa o olmadığı yerdədi. Yanımızdan o qədər ötüb keçib ki… sonradan xəbər tutmuşuq.

Asan sual deyil, özü də ”indi” və ”orda” konkestindən baxanda çətin sual da demək olar. Çünki gərək buna ”o vaxt” və ”burda” zaman-məkan rakursundan da baxasan. Bir də bu anlayışa hər yaşın öz cavabı var. Yaşımın bu çağında xoşbəxtliyi sevdiyin adamlarla sevdiyin yerdə  olmaqda görürəm. Sevdiyim adamların – ailəmin yanındayam, amma sevdiyim yer bura deyil. Əndrəbadi cavab oldu, amma belədir.

Ədalətin olmadığı yerdən getməyə min-bir səbəb taparsan

– Azərbaycan Ziyalılar Forumunun toplantılarından birində sizə fiziki təzyiq olmuşdu. Bu və bu kimi proseslər ölkədən getməyinizə səbəb ola bilər?

– Ədalətin olmadığı yerdən getməyə min-bir səbəb taparsan. İndi Avropada yaşamağımın o hadisəylə heç bir bağlılığı yoxdu. Getməyim çox sonralar oldu. Bunu dostlarım, yaxınlarım bilir. Missiyası Azərbaycanda vətəndaş cəmiyyətini buxovlayan qanunlara ”müsbət yönlü” təhlillər hazırlamaq, ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu görüntüsü yaratmaq olan bir QHT məmuru yaydı bu söz-söhbəti haqqımda. Hələ utanmadan bu şərə başqa birini də əlavə edir – ermənilərə satılmışam, sən demə. Guya erməni saytına məqalə yazmışam, millətimizi aşağılamışam. Əlbəttə, məni tanıyanlar buna əhəmiyyət vermədilər, amma sual verdiniz deyə cavablandırdım. Yoxsa ki, o adama ”Vida sözü” adlı yazımda cavab verib, nöqtə qoymuşam.

Müxtəlif vaxtlarda ”Gedirəm!” deməklərim çox olub, amma gedə bilməmişəm. Vaşinqtona, Varşavaya uzunmüddətli səfərlərdə kənarda qala bilməyin mümkünlüyünü yoxlayan vaxtlarım olub. Darıxmışam. Həm də o vaxt Bakıda işim-gücüm vardı. Uğuruna ümid elədiyim layihələr vardı. Axırda, ciddi iş əvəzinə imitasiya dövrü gəldi. Mənlik bir iş qalmadı, çıxıb getdim. Kiməsə lazım olmadığı yerdə adam özü-özünü ”yeyir”. Belə yerdə qalmaq düz deyil, xilası getməkdə görürsən. Açığı heç bura da sən deyən uyğunlaşa bilmirəm. ”Telefonçu qız” filmində balaca Mehribanın əlindən tutub şəhərlər dolaşan atası deyən kimi hərdən uşaqlara gülə-gülə deyirəm: ”Bura da mənlik deyil, gedəcəm!”

cocuqlarla polsadaSon 20-25 ildə 100 minlərlə, bəlkə də bir neçə milyon soydaşımız vətəni tərk edib, dünyanın min-bir bucağına səpələnib. Hərə bir səbəbdən. Min səbəb olsa da adı birdir – adam kimi yaşamaq istəyi. Gedənləri heç kim qınamasın – vətəni sevinərək tərk edən, yad diyarda xoşbəxt olan bir nəfər də normal adam tapa bilməzsiniz. Vətənin gücü elə bundadır. Gülüş dolu xoşbəxt fotolar sizi aldatmasın! Xoşbəxtlik biz olmayan yerdədir – deyə düşünük. Amma burnumuzun ucundan keçir bəzən, görmürük, tanımırıq. Ölməyə yox, yaşamağa vətən yaxşıdır. Rubrikanızın adına görə deyirəm. Yaşamağa vətən istəyir bu adamlar.

Kitab mühiti yoxduqsa, qaçmır, olanda nəşr olunar

– Ağdama həsr etdiyiniz “Ruhlar şəhəri” kitabınız Azərbaycanda geniş rezonans doğurmuşdu. Yenə də ruhları oyadan nəsə yazmısınız?

– Ruhları oyadacaqmı, deyə bilmirəm, amma ”Çöl Qala”nın son variantı ürəyimə yatıb. Əslən Şuşanın Çöl Qala məhləsindən olan bir rəssamın virtual və real dünyalarda sevgisindən, həyat yaşantılarından, ”o dünya”, ”bu dünya” arasında girinc qalan qəhrəmanların ”üçüncü dünya” axtarışından bəhs edir. Nəşr olunsa, oxuyarsınız. Xeyli dostum oxuyub, ”nəşr elə” deyirlər. Şahbaz Xuduoğlunun, başqa bir-iki nəşriyyat direktorunun ağzın aradım. İstəyirlər ki, öz puluma nəşr edim. Özün yaz, özün nəşr elətdir, özün yay-sat! Belə maraqsızdı. Kitab mühiti yoxduqsa, qaçmır, olanda nəşr olunar. Sağlıq olsun! Əsas yazmaqdı.

İnsan xəbərdə statistikadır, publisistikada isə canlı varlıq

– Publisistik yazılarınız çoxdur. Ümumiyyətlə, publisistika nədir? İctimaiyyətə publisistika ilə daha çox təsir etmək olur, yoxsa birbaşa xəbərlə?

 – İndi ictimaiyyətə sosial şəbəkədə paylaşdığın bir cümləylə də təsir eləmək olur. Əsas janr yox, hədəfdi. Bunun yaxşı və pis tərəfləri var. Bizim ictimaiyyət xeyli amansız olub. Cəmiyyətdə İŞİD qəddalığı var. Bəzən birini bir kəlməyə görə normal müzakirə yerinə az qala linç edirlər. İctimai qınağı demirəm, o başqadı, normaldı, olmalıdı. Söhbət total basqıdan, tank kimi üstündən əzib keçmək, məhv eləmək cəhdindən gedir. Uzaqlaşdım sualdan.

Publisistikada ictimai, siyasi, sosial proseslərə öz şəxsi baxışını ortaya qoyursan. Jurnalistika fakültəsində bizə öyrədilən publisistika öz sərhədlərini çox genişləndirib, ədəbiyyatla qol-boyun olub indi. Milli Kitab Müsabiqəsi vaxtı bir çoxları ”publisistikadır” deyib mənim ”Kuba dəftəri” kitabımın müsabiqədə iştirakına qarşı çıxırdı. Baxmayaraq ki, kitaba ön söz yazan qocaman yazıçı onu bədii əsər adlandırmışdı.

gdansk 2015 konstig 2İsveçin ”SVT 2” kanalı o gün təzə Nobel mükafatı alanların dəyirmi masasını yayımladı. Neçə vaxtdı o cür intellektual söhbət dinləmirdim. Svetlana Alekseyiç yazıçı ilə jurnalist, bədii əsərlə publisistika arasında əla paralellər apardı. Bildiyiniz kimi mükafatın ona verilməsi birmənalı qarşılanmadı. Yazdıqlarına publisistikadır deyənlərə verdiyi cavabdan xoşum gəldi. Məşhur heykəltaraş Rodeni misal çəkdi: ”Mərməri yonan vaxtı Rodenə daşyonan demək olar, amma sonda yaratdığına baxıb ona heykəltaraş deyəcəksən. Jurnalist kimi danışdırdığım adamlar da beləcə, mənim əsərlərimin material-qəhrəmanlarıdır, adi adamlardan mən əsər qəhrəmanı düzəltmişəm”.

Xəbər şok effekti yaratsa da ötəridir, ömrü qısadı, həm də idarə olunandı. Xəbəri xəbərlə dəyişərsən, gündəm kimi. Amma publisistika düşündürücü, dəfələrlə yenidən qayıdılası, uzun sürən müzakirə, debatlar yarada bilir.

İnsan xəbərdə statistikadır, publisistikada isə canlı varlıq.

– Azərbaycanda hansı publisistləri özünüzə rəqib hesab edirsiniz?

– Rəqib deməzdim, bu yarış deyil. Maraqlı yazanlar çoxdu. Amma onlar köklü problemlər haqda düşündürücü, dərin təhlil, analiz yazılarını az yazırlar. Bunun səbəbi o deyil ki, yaza bilmirlər. Fikrimcə, bu, qonarara bağlıdır. Bizim mətbuatın qonararı köşə yazısına çatır. Beş-on köşənin qonararını bir ciddi publisistik yazıya verən mətbuat yoxdu bizdə. Xatırlayıram, bir ABŞ institutu Kuba dissident və fəallarına müraciət yazısı üçün bir məqaləmə 800 dollar qonarar vermişdi. Həvəslə yazmışdım.

Yazılarımda sərbəstəm. Yəni, mövzunu özümə özüm sifariş verirəm. Seçim öz əlimdədi, günün aktual mövzusunu qaçırmayım deyə bir öhdəlik götürmürəm. Yazılarımdan qonarar gözləntim yoxdu. Hansısa şərtlər irəli sürənim, vaxt və həcm çərçivəm də yoxdur. Bu mənə ağlagəlməz zövq və azadlıq verir. Yazılarımı bloqumda yerləşdirirəm, sonra mövzuya uyğun olaraq, bir neçə ürəyim istəyən sayta təklif edirəm, dərc edən edir, etməyən etmir.

Elə sayt redaktoru olub ki, nəinki yazını dərc etməyib, heç mənə cavab verməyi də rəva bilməyib. Anlamışam ki, ya ona maraqsızam, ya da mətndə dərc edə bilmədiyi nüanslar var. Birində daxili siyasi senzura var, digərində şəxsi, dini, qrup mənafeyini güdmə. Belə şeylərə kompleksim yoxdu, yazıları saytlara göndərməyi özümə borc bilirəm, bunu bir müəllif kimi həmin sayta dəstək hesab edirəm. Çap etməyənin çox səbəbi ola bilər, başa düşürəm və bir də ora göndərmirəm.

– İnciyən, razılaşmayan olurmu yazdıqlarınızdan?

– Olur, əlbəttə. Məsələn, ”Namizədlər” silsiləsindən yazdığım son yazılarda bəzən açıq, bəzən də üstüörtülü nişan verdiyim adamların incidiyini duydum, bunu mənə deyən də oldu, deməyən də. Amma nümunə gətirdiyim adamların çoxu dəyər verdiyim, bir növ ”umduğum” adamlardılar. Onlara ”dostlarım” deyə müraciət edirəm. Məni anlayacaqlarına ümid etdiyimdən adlarını yazıya salır, yaxud sözümü ezop dilində deyirəm.

Fikirlərimi bölüşməyən də olur. Məsələn, dostum Azər Qaraçənli yazdığımın əksini düşündüyündən, xüsusən də, Ayaz Salayev haqda fikirlərimi bölüşmədiyindən ”Yarımçıqlıq mərəzi” adlı yazımı novator.az saytında vermədi. Maraqlı polemikamız oldu. Qısa fikir mübadiləsindən sonra mövzunu görüşənə – ənənəvi dostların iştirakı ilə süfrə başında davam etdirməyə saxladıq.

İnciklik və razılaşmamaları əsas götürsən gərək heç yazmayasan. Belə olanda yazıçı Çingiz Hüseynovun sözlərini xatırlayıram: ”Sözü onun-bunun xoşuna gəlmək üçün yalana öyrətmək bəşər qarşısında, insan qarşısında ən böyük günahdır, odur ki, həqiqət hər şeydən, vətənpərvərlikdən də, üstün olub, olmaqdadır və olacaq”.

– Qəriblikdə yaşamağa dəyər?

– Hiss olunur ki, qərib olmamısınız. Bir dəfə bu kontekstdə bir suala ”Aydan baxsan Yer də vətəndir” cavabını vermişdim. Belə düşünən vaxtları da olur adamın.

vahid gotenborg

Qəriblik ”tam”dan qopan ”zərrə”nin, yaxud ”cəm”dən ayrılan ”tək”in yaşantısıdır. ”Tam” milyonlarla ”zərrə”nin cəmidir. Bu qopmanı ”zərrə” duyur, ”tam”ın heç xəbəri də olmur. ”Zərrə” tək olduğundan fikri, ruhu ”tam”ın, ”cəm”in yanında qalır. Qərib adamlarla bağlı xeyli müşahidələrim var, üstündə işlədiyim yazılardan birinin mövzusu da elə budur.

Çox ağır olur qəribin həyatı. Öz ”cəm”indən ayrılan ”tək” başqa ”cəmlər”ə uyuşa, qovuşa bilmir. Yad cəmiyyətdə nə qədər ”cəmləşə”sə də yenə tək qalır.

Sovet vaxtı çəkilən ”Rişələr” adlı bir gürcü filmi var. Qəhrəmanı uşaq vaxtı vətəndən aralı düşən və bir daha geri dönə bilməyən gürcünün vətən həsrətindən bəhs edir. Bir dəfə qoca Georgi Paris aeroportunda vətənə qayıdan musiqiçi soydaşlarının danışığını eşidir, yaxınlaşır. Onları bağrına basmaq istəyir, doğmalarını yüz ildi görməyənlərin sevincini yaşayır. “Vətənə gedirsiniz?”, “Bəli, qastroldaydıq, qayıdırıq. Siz də gedirsiniz?” Göz yaşlarını saxlaya bilməyən qoca, – “Mən 60 ildi hər gün qayıdıram!”, – deyir. Öləndə nəvəsi vəsiyyətə uyğun olaraq, Georginin külünü aparıb doğulduğu kənddə basdırır – 60 il sonra vətənə qayıdır, kül şəklində olsa da.

Qəliz söhbətdi qəriblik. Yaşamalı vətən yarada bilsək, vətəndə yaşamağa dəyər! İztirab vətəndə qərib olmaqdır.

informator.az

Həmçinin dərc olundu: moderator.az, qafqazinfo.az,  bizimyol.info, novator.az, gunxeber.com

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma