Milli kimlik harayı

milli kimlik

Milli kimlik harayı

1991-ci ilin 18 oktyabrında deputatlarımız dövlət müstəqilliyi haqqında konstitusiya aktına səs verməklə elan elədilər ki, çağdaş Azərbaycan 1918-1920-ci illərdə var olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi varisidir. Oxumağa davam et

Yarımçıqlıq mərəzi

download

Yarımçıqlıq mərəzi

 “Namizədlər” silsiləsindən 5-ci yazı

Ötən bazar sovet dövründə canlı bütə çevrilmiş Vladimir Vısotskinin həyatından bəhs edən “Vısotski” adlı filmə baxdım. Kədərli filmdi. Uşaqlığında pərəstiş etdiyin sənətçinin sənə bəlli olmayan həyat faciələrini, ağrı-əzablarını görmək ağırdı. Adamı qüssəli ovqata kökləyir.

Amma bu yazıda qüssəli filmlərdən danışmıram.

Məni düşündürən ayrı şeydi – bir xalq, millət, nə bilim, camaat kimi bizdəki yarımçıqlıq mərəzindən söz açmaq istəyirəm. Natamamlıq kompleksini demirəm, o başqa mövzudu. O, ətraf mühitlə əlaqədə özünəinamsızlıq duyğusudu.

İnsan vərdişlərindən formalaşır. Fərd kimi şəxsi keyfiyyətlərimizdə nə qədər yarımlarımız var. Yarımçıqlıq bizim gen halımızdı, elə bil.

Axıracan getmərik, işi sabaha da saxlayarıq, o biri günə də, Usta Zeynal kimi “nəfəs dərmək”lərimiz saya gəlməz. Tez yorular, tez həvəsdən düşər, ümidsizləşərik.

Yox, əyri-əskiklərimizdən, ayıblarımızdan danışmağı xoşlamıram, danışıb yazsam da. Deyirlər, çox danlanan oğul bivec olar. Əksinə, son vaxtlar düşünürəm ki, yaxşı xüsusiyyətlərimizdən, müsbət keyfiyyətlərimizdən yazmaq, danışmaq lazımdı.

Tərifli yazılar qalsın başqa vaxta. İndi yarımçıqlığımızdan danışmaq istəyirəm. Arzu və xəyallara, həvəs və istəklərə, inam və ümidlərədək yarımçıqlığımızdan.

Vısotskini xatırlatdım, elə ondan da başlayım.

Vısotski azad olmayan sovet adamları üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə simvol idi.

remis visotski soy

Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasın – adama daha nə lazımdır ki?!

Adama bir də, nəfəs lazımdır!

Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola bildi, nə də Viktor Tsoy. Adını çəkdiklərimi köhnə adamlar tanıyar, indiki gəncliyin gördüyü Ledi Qaqadı, ya da Nadir Qafarzadə.

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardı – əsl azadlığın nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Yazının mövzusundan çıxış edərək deyim ki, Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi.

11 yaşında “Qarabağ bülbülləri” ansamblı ilə Kremlin qurultaylar sarayını fəth edən Tacir Şahmalıoğlundan deyim. Yalançısı Qulu Ağsəs olsun, deyir, bir ağsaqqal sənətçinin “Gəl kömək edək konservatoriyaya gir, vokal dərsi al, sonra get Milanda oxu, dünyaya çıx” təklifinə, Tacir əlini gibinə saralaq, “Saa pul lazımdı?” deyə cavab veribmiş.

20 yaşında olimpiya çempionu olan Elnur Məmmədlinin hədəfi yol polisi olmaq imiş?!

Ədəbi aləmə cəsarətli, savadlı, tabuları dağıdan yeni nəsil nümayəndəsi kimi gəlmiş Seymur Baycanın nəfəsi “intellektual ekstrim” saytı “mədəniyyət və incəsənət portalına” çevirməyə çatdı. Azad sözün hansı ağır şərtlər altında can çəkdiyini bildiyimdən qınamaq ağlıma belə gəlmir. Amma onun qanımızda olan fürsətcillikdən uzaq olmasını da arzulayıram –  “kultura” kimi maraqlı saytı “kultseymur” eləməsin!

seymur soljenitsın

Düşündürücü, öyrədici publisistikanın öncüllərindən olan, coğrafiyası ölkədən uzaqlara da uzana biləcək bədii mətnlər yazan bir yazıçının hədəfi başqalarının ağlına gəlməyən zirvələr olmalıdı. Məsələn, tək saqqal uzadıb özünü Soljenitsına üzdən yox, yazıb yaradıcılığına da oxşada bilərdi. Dostumuzun xətrin istədiyimdən onu nümunə gətirdim, əslində demək istədiyim hər bir azad yazıçıya aid edilə bilər.

Ayaz Salayev “Retro” proqramı ilə könülləri fəth edəndə 23 yaşı vardı. İntellekt, istedad, xarizma! Hər rejissorun arzuladığı keyfiyyətlərdi bunlar. Üçü də onda var. Hollivud qarışıq dünya kino zirvələrini fəth eləməyi hədəfləyəsi dostumuz “ehram”ların haqsızlığına itaətkar sükut etdi.

Amma onun sevimli ustadı Tarkovski mübariz idi, sovetin dəmir divarlarını yarıb “ehram”lardan azad olmuşdu, hədəfi vardı, istədiyi filmləri çəkmək istəyirdi. İndi ki, sərhədlər dəmirdən deyil.

Həmin Tarkovskinin tələbəsi Aleksandr Sokurovdan, onun Andrey Platonovun əsərləri əsasında sovet illərində çəkdiyi “Tənha insanın səsi” adlı debüt filmini xilas eləməyindən danışmıram heç. “Ehram”ların senzurasından keçmədiyindən məhv qərarı verilən  filmin lentini arxivi yararaq oğurlamışdı. Yerinə başqa material qoyubmuş. On il sonra “Nika” mükafatı alacaq filmini beləcə qoruyubmuş.

tarkovski salayev sokurov

Hər birimiz yüz belə misal gətirərik, çox uzatmıram.

Axıracan ola bilmirik! Canımızda, ruhumuzda bir yarımçıqlıq var, bunu demək istəyirəm.

Tək mədəniyyətdə deyil, siyasətdən tutmuş dəlləkliyəcən beləyik. Yaxşı mənada ideya fanatikliyimiz yoxdu.

İdealist xalq deyilik! Oxumağa davam et