“İztirab – vətəndə qərib olmaqdır”

 bastasjo1

“İztirab – vətəndə qərib olmaqdır”

 İnformator.az saytının ”Gəzməyə Qərib ölkə, ölməyə…..?” rubrikasının qonağı Azərbaycanda vətəndaş cəmiyyəti fəallarından olmuş, hazırda vətəndən kənarda yaşayan publisist Vahid Qazidir.

– Vahid müəllim,  Azərbaycanda nələrə nail ola bilmədiniz və getdiniz?

 – Suala bitkin cavab üçün öncə ”nə istəyirdik” sualına aydınlıq gətirmək lazımdı. Mən ömrünün ictimai şüurlu dövrünü azadlıq hərəkatı ilə başlayan bir nəslin nümayəndəsiyəm. Bu nəsil sovet dövrünü yaşamış yaşlı nəsillə gözünü müstəqil dövlətdə açan gənc nəsil arasında bağlayıcı həlqədir. Bu, eyni zamanda bir-birindən kəskin fərqlənən iki siyasi sistem, dünyagörüş arasında əlaqə rolu oynamaq deməkdir. Yükün ağırı bizə düşüb. Bu, gələcək konturlarını cızmaqda olduğun ömrün ortasında dayanıb, yeni, özü də fərqli bir ömür başlamağa bənzəyir.

İnsanın mahiyyəti həm də onun arzularındadı. Düşüncəmizin sərhəd qapısı açılan kimi azadlıq istədik. Həm mübarizəmiz, həm də tarixi şərait imkan verdi –  müstəqilliyə qovuşduq. Sonrakı arzumuz müstəqil dövlətdə ədalətli cəmiyyət qurmaq idi. Buna ”demokratiya” deyirdim əvvəllər, bizdə artıq üzülüb-süzülüb-sürtülüb bu söz. Bax, o ədalətli cəmiyyətə nail ola bilmədik. Bu gün Avropada gördüklərimi öz vətənimizdə qurmağa iddialıydıq. Alınmadı, illəri bada verdik, nail ola bilmək. Əgər şəxsi mənada soruşursunuzsa, elə o mənada da cavab budur.

 – Bəs İsveçdə hansı uğurlar əldə etmisniz?

 – Uğuru hərə bir cür başa düşür. Hələ ki, uşaqların işinə sevinirəm, açığı onların belə güclü tərəfini gözləmir, görmürdüm. Bakıda piano müəlliməsi mənə deyirdi ki, ”suluxu” yoxdur, nahaq əziyyət verirsiniz qıza. Buradakı müəllimləri ”fantastisk!” deyə-deyə ona elə ruh verdilər ki, Blekinge Torpağının incəsənət üzrə müsabiqəsinə qatıldı və qalib oldu. Sonrakı il dünyaca məşhur ”Lions Club” təşkilatının yerli şöbəsi onu ilin musiqiçisi elan edib mükafatlandırdı. Şəhər bələdiyyəsi Çin hökuməti ilə sənaye-ticarət müqaviləsindən sonra təşkil elədiyi konsert proqramında ona da yer ayırdı. Vaqif Mustafazadənin doğum günü ərəfəsiydi, çıxıb onun ”Bayatı Şiraz”nı ifa elədi. Tamaşaçıların alqışları qaynar ürəyə su kimi çiləndi.

skolshou 2014

Oğlumu şəhər simfonik orkestrinə dəvət etdilər. İndi oranın ən gənc üzvüdür. Birinci skripka olmağa iddia edir. Bu yay qonşu şəhərin mərkəzi meydanında Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycanda da sevilən qalibi Aleksandr Rıbakla birgə səhnəyə çıxdı. Özümə gəlincə, bu müddətdə ”Çöl Qala” povestini və rusca ”Obezyanya diktatura” adlı kitabı bitirdim, hər ikisi nəşrə hazırdı. Burda olduğum müddətdə onlarla hekayə, esse, məqalə yazdım. Bakıda buna imkan, vaxt olmurdu. İsveç Yazıçılar Birliyinin ilk azərbaycanlı üzvü oldum. Ailə miqyasında başqa bənzər xırda halları da sadalaya bilərəm. Uğur hesab eləmək olarsa, bunlar uğurdu.

– İndi orda özünüzü xoşbəxt sayırsınız?

 – Nisbi anlayışdı xoşbəxtlik. Adam elə bilir ki, xoşbəxtlik hardasa o olmadığı yerdədi. Yanımızdan o qədər ötüb keçib ki… sonradan xəbər tutmuşuq.

Asan sual deyil, özü də ”indi” və ”orda” konkestindən baxanda çətin sual da demək olar. Çünki gərək buna ”o vaxt” və ”burda” zaman-məkan rakursundan da baxasan. Bir də bu anlayışa hər yaşın öz cavabı var. Yaşımın bu çağında xoşbəxtliyi sevdiyin adamlarla sevdiyin yerdə  olmaqda görürəm. Sevdiyim adamların – ailəmin yanındayam, amma sevdiyim yer bura deyil. Əndrəbadi cavab oldu, amma belədir.

Ədalətin olmadığı yerdən getməyə min-bir səbəb taparsan

– Azərbaycan Ziyalılar Forumunun toplantılarından birində sizə fiziki təzyiq olmuşdu. Bu və bu kimi proseslər ölkədən getməyinizə səbəb ola bilər?

– Ədalətin olmadığı yerdən getməyə min-bir səbəb taparsan. İndi Avropada yaşamağımın o hadisəylə heç bir bağlılığı yoxdu. Getməyim çox sonralar oldu. Bunu dostlarım, yaxınlarım bilir. Missiyası Azərbaycanda vətəndaş cəmiyyətini buxovlayan qanunlara ”müsbət yönlü” təhlillər hazırlamaq, ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu görüntüsü yaratmaq olan bir QHT məmuru yaydı bu söz-söhbəti haqqımda. Hələ utanmadan bu şərə başqa birini də əlavə edir – ermənilərə satılmışam, sən demə. Guya erməni saytına məqalə yazmışam, millətimizi aşağılamışam. Əlbəttə, məni tanıyanlar buna əhəmiyyət vermədilər, amma sual verdiniz deyə cavablandırdım. Yoxsa ki, o adama ”Vida sözü” adlı yazımda cavab verib, nöqtə qoymuşam.

Müxtəlif vaxtlarda ”Gedirəm!” deməklərim çox olub, amma gedə bilməmişəm. Vaşinqtona, Varşavaya uzunmüddətli səfərlərdə kənarda qala bilməyin mümkünlüyünü yoxlayan vaxtlarım olub. Darıxmışam. Həm də o vaxt Bakıda işim-gücüm vardı. Uğuruna ümid elədiyim layihələr vardı. Axırda, ciddi iş əvəzinə imitasiya dövrü gəldi. Mənlik bir iş qalmadı, çıxıb getdim. Kiməsə lazım olmadığı yerdə adam özü-özünü ”yeyir”. Belə yerdə qalmaq düz deyil, xilası getməkdə görürsən. Açığı heç bura da sən deyən uyğunlaşa bilmirəm. ”Telefonçu qız” filmində balaca Mehribanın əlindən tutub şəhərlər dolaşan atası deyən kimi hərdən uşaqlara gülə-gülə deyirəm: ”Bura da mənlik deyil, gedəcəm!”

cocuqlarla polsadaSon 20-25 ildə 100 minlərlə, bəlkə də bir neçə milyon soydaşımız vətəni tərk edib, dünyanın min-bir bucağına səpələnib. Hərə bir səbəbdən. Min səbəb olsa da adı birdir – adam kimi yaşamaq istəyi. Gedənləri heç kim qınamasın – vətəni sevinərək tərk edən, yad diyarda xoşbəxt olan bir nəfər də normal adam tapa bilməzsiniz. Vətənin gücü elə bundadır. Gülüş dolu xoşbəxt fotolar sizi aldatmasın! Xoşbəxtlik biz olmayan yerdədir – deyə düşünük. Amma burnumuzun ucundan keçir bəzən, görmürük, tanımırıq. Ölməyə yox, yaşamağa vətən yaxşıdır. Rubrikanızın adına görə deyirəm. Yaşamağa vətən istəyir bu adamlar.

Kitab mühiti yoxduqsa, qaçmır, olanda nəşr olunar

– Ağdama həsr etdiyiniz “Ruhlar şəhəri” kitabınız Azərbaycanda geniş rezonans doğurmuşdu. Yenə də ruhları oyadan nəsə yazmısınız? Oxumağa davam et