50 yaşlı cavan

rewad ve mehmanla (2)

50 yaşlı cavan

Desəydilər ki, Rəşad Məcidin 70 yaşı olur, yaxud tamam əksinə, sabah 21 yaşa keçir,  “21 yaşımla söhbət” şerini elə dünən yazıb, inanardım, mənə qəribə gəlməzdi.

Rəşadın 50 yaşı məndə ikili duyğu yaradır. Bir tərəfdə “50 yaşı hələ indi olur?” deyə qəribə sual,  o biri yanda “nə tez 50 yaşı oldu?!” təəccübü var. Adamın inanmağı gəlmir.

70 yaş ona görə deyirəm ki, Rəşad həmişə yaşından böyük görünüb. Başqalarını bilmirəm, mənə belə görünüb. Ağdamda yay axşamları hərdən evin taxtapuşuna çıxıb, isti damda uzanıb göyə, günəşin batmasına, Xıdırlı dağlarına, qonşuların həyətinə, bir də yola baxmağım vardı. O küçədən keçənlərin arasında məhlənin ən “qoca uğaşı” da olurdu. Onu böyük göstərən bəlkə də yuxarı sinifləri Bakıda, təmayül məktəbində oxumağa getməsiydi. O yaşda uzaq şəhərə oxumağa getmək, bizə əsgərliyə getmək kimi gəlirdi. Hələ hamıdan qabaq maşın sürməyi də onu gözümüzdə əməlli-başlı kişiləşdirmişdi.

Çox vaxt Bakıdan yaşca xeyli böyüklərlə gəlirdi. Mən bu adamları televizordan tanıyırdım. Onlar Rəşadgildə qalardı, Rəşad onları Şuşaya aparardı. O vaxt televizorda gördüyün adamı küçədə rastlamaq qeyri-adi bir şey idi.

Mehman Cavadoğlunu ilk dəfə onlarda görüb elə bilmişdim ki, Ramiz Rövşəndi. Amma Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini elə özlərinə oxşatmışdım. Ta Aqil Abbası demirəm, onlar elə mən tanıyandan bir yerdəydilər.

Sonra Bakıda da onu özündən yaşlı adamlarla gördüm. “Azneft” çayxanasına yığışan ölkənin tanınmış ədəbiyyat, mədəniyyət, elm adamlarını deyirəm. Məsələn, Aydın Məmmədovu deyirəm, o Aydın Məmmədov ki, dövrünün elmi-ədəbi elitası onu brend kimi qəbul eləmişdi. O da 25 yaşlı Rəşadı təzəcə yaranan Tərcümə Mərkəzində özünə müavin götürmüşdü.

Kimlərlə oturmağından asılı olmayaraq; çay stolunda, yemək məclisində həmişə hesabı Rəşad verən gördüm. Hamı onu “üstünə diləyə gediləcək” adam kimi tanıdı. Tanıyan güvənli biri təki onunla dost olmaq istədi.

Mənim üçün Rəşad, bax, hələ o vaxt 50 yaşındaydı.

***

21 yaş ona görə deyirəm ki, Rəşadı tanıyıram! Onu ən azından mənim qədər tanıyan bilir ki, illərin dəyişdiyi Rəşadın o üzündəki Rəşad həmişə “yaşının yaşıl çağı”nda, elə 21 yaşındadı.

Rəşad ilk baxışda kiməsə kobud da görünər. Yekəxana, eqoist də. Bir dəfə bir toyda Brilyant Dadaşova çıxış edib yerinə qayıdan Rəşada bu konteksdə söz atmışdı. Amma o hardan biləydi ki, ona kobud görünən bu adamın içində kövrək, bir kəlmə sözdən yuxalan ürək döyünür. Tanımırdı, ona görə.

Bəlkə də içindəki həmişəcavan şairdi onu gənclərlə əhatələyən. “525-ci qəzet”in ilk sayında gənclərə çağırış eləməsi, sonrakı illərdə, onlarla, yüzlərlə gəncə yaradıcılıq meydanı verməsi, gənc yazarlarla iş üzrə Yazıçılar Birliyinə rəsmi işə qəbul edilməsi də elə ordan gəlir.

Küçədə əlindəki neft dolu butulkayla ehtiyatsız davranıb özünü yandıran bir uşağı o vaxtın ən bahalı “layka” plaşına büküb söndürməsini xatırlayıram. 1980-ci illərin bir yağışlı günündə onu plaşsız görüb təəccüblənəndə danışmışdı bu hadisəni.

Rəşadın nə qədər adamın həyatını dəyişməyinə şahidəm. Neçə adam ona görə ailə qurub, iş tapıb, sənətə gəlib, depressiyadan çıxıb, qanad açıb ruhlanıb, ilhamlanıb, sevgi dadıb.

Rəşad Məcidlə bölüşmədiyimiz çox fikirlər ola bilər, mübahisə mövzularımız az olmayıb, amma bu, heç vaxt dostluğumuza kölgə salacaq həddə çatmayıb.

Qardaşı olanlar qardaş qədrini nə qədər bilir, deyə bilmərəm. Amma olmayan adama elə gəlir ki, qardaşı olsaydı, ona ikiqat güc verərdi. Rəşaddan o qədər beləcə güc almışam, heç özü də duymayıb!

“Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad günündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanların belə sənə rəhmi gələr, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi”. Bu sözləri təzəcə bitirdiyim “Çöl Qala” povestimin qəhrəmanı deyir.

Rəşad Məcid də belədi: insanlara tək dar gündə həmdərd olmur, onların şad gününə ürəkdən sevinməyi də bacarır. Mən onu belə tanıdım!

Yubileyin mübarək, 50 yaşlı cavan!

Vahid Qazi

Dərc olunub: 525.az, musavat.com, aznews.az, qafqazinfo.az, modern.az,

Ramiz Rövşəni qınayanlara

ramiz rafiq fexri

Ramiz Rövşəni qınayanlara

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm. Bu sözləri də onu qınayan dostlara deyirəm, baxıram “Feysbuk”dakı virtual dostlarım arasında belələri var. Təhqir, qərəz, məqsədli şəkildə qarayaxmalar yazanlara cavab verməyə dəyməz. Oxumağa davam et →

Mustafa Cəmilovun andı

cemilov vahid                      Mustafa Cəmilov Bakıda olarkən

Mustafa Cəmilovun andı

Vahid Qazi

Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım. Müsahibə mənə onun 30 il əvvəl Daşkənddə növbəti məhkəmə proseslərindən birində dediyi son sözü xatırlatdı. Az qala hər kəlməsini əzbərlədiyim o son sözü vaxtilə tərcümə edib III Sektor jurnalında dərc eləmişdik.

Heç nə dəyişməyib, Putinlə danışanda da Mustafa aga zorun qabağında prinsip, əqidə, ləyaqət nümayiş etdirib. Oxumağa davam et →

Светлый лик черного хлеба

Vytautas Landsbergis

Витаутас Ландсбергис

Светлый лик черного хлеба

Вахид Гази

(Из цикла «Следы памяти»)

То, что я не соглашаюсь с неискренними словами, какими бы верными они не были, исходит, видимо, от моей восточной эмоциональности. Есть те, кто соглашается с верными словами, сказанными безлюбо и даже с ненавистью. Я не из их числа. Чтобы подействовать на меня мало сказать правду, нужно еще, чтобы это было искренне. Скажите ПРАВДУ, к тому же ИСКРЕННЕ и я приму, сколь бы горьким и тяжким это не было. Будьте уверены! Oxumağa davam et →

Gözləri buraxmırdı onu

Rafiq-17

Gözləri buraxmırdı onu

Rafiq Əliyevin “Gözlərin buraxmır məni” kitabından boy verən xatirə

Tanışlığımız cəmi-cümlətanı bir ildir. Şəxsi tanışlığı deyirəm, belədə eşitmişdim haqqında, böyük alim olduğunu bilirdim. Təxminən 10 il əvvəl ABŞ səfirliyinin ənənəvi 4 iyul qəbullarından birində kənardan baxmışdım da.

“Baxmaq hələ görmək deyil” – düz deyirmişlər.

İlk dəfə isə ötən il bir kitab təqdimatında gördüm, yaxınlaşıb “Siz “Ruhlar şəhəri” yazılarının müəllifi deyilsinizmi?” soruşmuşdu. Oxuyurmuş, özü də elə-belə yox, diqqətlə, hansı duyğularla oxuduğu söhbətindən bəlliydi. Həmin günün tanışlığı, sonrakı aylarda hər yazıdan sonra zəng edib dedikləri və nəhayət, o silsilə yazıların eyni adla nəşr olunduğu kitaba “Son söz” yazısı onu bütün varlığı ilə görməyə bəs elədi. Oxumağa davam et →

Əbülfəz Elçibəy və demokratiya

elci ve irena

Əbülfəz Elçibəyin 75 yaşına

Vahid Qazi

Əbülfəz bəyin 75 yaşı tamam olur. Bir yazı yazmaq istəyirdim. Yaza bilmədim, alınmadı. Hər dəfə əcnəbi qonaqları Kələkiyə yola salanda getmək istədiyim, amma elə aeroportdaca fikrimi dəyişib getmədiyim kimi, bu yazını da yaza bilmədim.

Çoxlu suallarım vardı ona. Çoxlu istəklərim vardı ondan. İşğaldakı məhləmizdən tutmuş Şuşayacan, qırılan ümidləriməcən sual edəcəkdim, başqasıdan yox, məhz ondan soruşacaqdım. Bizi yarıyolda, özü də qaranlıq, qorxulu tunel-labirintdə buraxıb getməyindən, tunelin sonunda işığa ümid yarananda qayıdıb gəlməyindən, gəlişiylə o son işığı da qapatmasından suallar verəcəkdim. 20 il sonra da cavab tapa bilmədiyim suallara izah istəyəcəkdim. 

Bu suallara onun cavabı olacaqdımı?

Oxumağa davam et →

Daş yuxumdakı Mirzə Fətəli

Mirze Feteli Axundov

Daş yuxumdakı Mirzə Fətəli

Əkrəm Əylisliyə

Dünən gecə Mirzə Fətəli Axundov yuxuma girmişdi.  Söhbət fırlanıb “Daş yuxular”ın üstünə gəldi. Gördüm əsəri oxuyub. Hər şeydən halıdı. Dedi ki, Əkrəm barıtı çox eləyib, lap mənim Qulaməlim kimi. Amma bir tərəfdən də baxanda, onsuz iş keçmir, barıtı çox qoymayanda inqilab da olmur; nə cəmiyyətdə, nə də zehniyyətdə. Barıt qoymaqda Əkrəm bizdən də qabağa gedib, bu, yaxşı haldır. Demək, söz yazanlarımız bu illərdə ərzində yerində saymayıblar. Bu qara-qışqırığa (siz indi ona kampaniya deyirsiniz) çox da aludə olmasın. Elə meyitimi yerdə qoyan həmin camaatdır, heç dəyişməyib. Məni basdıqmağa gəlmədilər, sonra heykəlimi qoydular. Göstərişpərəst camaatımız bu gün kitab yandırdığı kimi, sabah da bir başqa göstərişlə onu gül-çiçəyə tutar. Sözlərimi Əkrəmə çatdır, de ki, Mirzə Fətəli belə dedi.

İndi mən uzaqdayam! Əlim çatmır! Bakıdakı dostlardan xahiş edirəm, mənim daşdan ağır yuxumu Əkrəm Əylisliyə danışsınlar. Həm də mənim adımdan onu desinlər ki, Mirzə Fətəlinin fikirlərinə mən də şərikəm, bircə əlavəm odur ki, kitabındakı o bir xeyli haqsızlığa gərək yol verməyəydi.

Vahid Qazi

Karlskrona, İsveç.

16 fevral, 2013

P.S. Oyananda İsveç PEN klubuna zəng edib yuxumu danışdım. Gözləyirəm görüm bir səs çıxacaqmı – yuxumu yoza biləcəklərmi?

Şəbnəm

Şəbnəm

Vahid Qazi

Bilmirəm Leyli, Əsli, Cülyetta, adı yazılara düşməyib dillərdə gəzən min-min başqa sevgi qəhrəmanı nə vaxt yaşayıb. Yaşayıbmı? Bəlkə də kişi şair-aşiqlərin arzusuymuş bu qadınlar…

Amma mən sevdalanmış bir qız görmüşəm, XXI əsrdə yaşayır. Və heç bir kişi şair-aşiqin fantaziyası deyil. Dastanını özü yazıb! Yad ölkənin həbsxanasına düşən qərib bir oğlana aşiq olan, illərlə cəfasını çəkən, aldığı maaşdan bilet pulu düzəldən, yol alıb ölkələr keçən, min bir minnətlə görüş alan, ətrafın tənəli baxışlarından bir an belə inadını əyməyən qız. Oxumağa davam et →

Döyüşə balalar gedir

Döyüşə balalar gedir

(Nigar Yaqubluya)

Tofiq Yaqublunun müsahibəsi üç il əvvəl oğlunun mühakimə olunduğu məhkəmə binası qabağında qərar gözləyən Hikmət Hacızadəylə görüşü yadıma saldı – onunla həmin görüşün təəssüratı “Qəmli gözlərin süitası” adlı yazıya çevrilmişdi.

…Müsahibəni oxuyanda elə bildim min kilometrlərin boyundan uzanıb Tofiq bəyə əl verdim, gözlərinə baxdım, ürəyini açıb içindəki duyğuları gördüm. İlk dəfəydi… əvvəllər heç vaxt pəncərəm həbsdəki qızından nigaran qalan ata qəlbinə açılmamışdı.

…Adam öz dərdində böyüyür, müdrikləşir, insanlaşır. Nə qədər paradoksal görünsə də belədi: insan səadətə can atır, amma onu kamilləşdirən can atdığı səadət yox, böyüdən kədərdi.

…Həbsin əsl səbəbini bilmirəm, bilməyim də heç nəyi dəyişmir! Azərbaycanda məhkəmə-hüquq sistemi, siyasi rəqiblərlə davranış mədəniyyətindən Antarktidada pinqvinlərin xəbəri yoxuydu, indi onların da xəbəri var, səyyah-nazirimiz getmişdi.

…Nigarın günahkar olub-olmaması haqda düşünməyi belə absurd sayıram. Çünki Allahın əl üzüb tanrıların ümidinə buraxdığı məmləkətdə hər gün minlərlə cinayət törədilir, günahlar işlədilir –  burda cinayət və günahların hökmünü kəsənlər Allahı, Allah da hökm kəsənləri tanımır.

… “Toplum” jurnalı üçün Nigarın mübarizə dostu Günel Rəhimliyə bir sual yollamışdım: “Siyasi çevrələrdəki Azərbaycan kişisinin xanımı “dekabrist arvadı” ola bilirmi?” Cavabı beləydi: “Azərbaycan siyasətçisi Dekabristlər kimi mətin, əqidəsinə sadiq olarsa, inanıram ki, həmən siyasətçinin xanımı Dekabristlərin xanımından da sadiq və mübariz olar”.

…Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram. Bu, həm də mübarizə tarixində yeni mərhələdi – qabağa gənclər çıxır, öndə gənc xanımlar gəlir.

…Döyüşə balalar gedir.

25.09.2012

 P.S.  “Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram” sözlərini yazanda hələ Leyla Yunus, Xadicə İsmayılova həbs olunmamışdı. Nigarın bacısı Nərgiz vəfat etməmişdi, atası şərlənib tutulmamışdı. Bu gün Nərgizin anım günündə onun ruhuna dualar edir, Tofiq Yaqubluya səbr diləyirəm!
23 aprel 2016

Səfəvi səfillər

“Adamlar və kitablar” silsilsindən

Səfəvi səfillər

Güntay Gəncalpın “Səfəvilər” kitabı haqda

Məktəb illərində ilk rastladığımda “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə ən çox gözə dəyən atamın sevimli kitabı idi. Qalın, ağır üçcildliyi hər yanda görərdin; masa üstündə, divan başında, kitab rəfində.

Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma… Oxumağa davam et →