Qaraqoyunlu Karaqounis

 

 

Qaraqoyunlu Karaqounis

Futbol üzrə Avropa və dünya çempionatlarında azarkeşlik ünvanımı dağılan SSRİ-dən  Türkiyəyə dəyişməyimin səbəbi onun milli qürurla bağlı daxili boşluğu doldura biləcək oyun sərgiləməyə başlaması oldu. Bu ilki Avropa çempionatında isə biri obyektiv, o biri subyektiv səbəbdən iştirak eləmir. Ya buna görədi, ya da artıq yaş futbol ehtirasına təsir edir, bilmirəm, bu çempionat qışqır-bağırsız, həyəcansız, sakit, soyuqqanlı baxdığım ilk futbol yarışmasıdı. Cəmi 10 il əvvəl isə tamam başqa havada idim.

Oxumağa davam et

Vətənim Yalandiya

Vətənim Yalandiya

Vahid Qazi

Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə… İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi?

Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən… Oxumağa davam et

Yaratmaq azadlığı


TOPLUM - Yaz 2012

Yaratmaq azadlığı

“Toplum” jurnalının Yaz-2012 sayına redaktor yazısı yerinə

Vahid Qazi

Diqqətli oxucu jurnalın Yaz-2012 sayında əksər yazıların yaradıcılıq azadlığından bəhs etdiyini tez fərq edəcək. Mənsə nömrəyə başqa bir mövzuda yazmışdım. Adı “İşğalçılar”dı. Məqalə o biri müəllif yazılarının mövzu buketinə tam uyuşmadığından öz bloqumda dərc edəsi oldum. Orda yazmışdım ki, “Qarabağda yaşamaq haqqı ilə Azərbaycanın başqa yerlərində azad, xoşbəxt, rifah içində, ədalət harmoniyasında yaşamaq haqqımız eynidi! Bu haqqı Qarabağda erməni ordusu, Bakıda, Qubada, Sabirabadda, Naxçıvanda Azərbaycan əli silahlısı boğursa, demək, bütöv ölkədə torpağımız, azadlığımız, ləyaqətimiz, nəhayət, arzu və xəyallarımız da işğal olunub! …Xalq üçün fərqi yoxdu, işğalçı elə işğalçıdı”. Oxumağa davam et

İşğalçılar

lenin trotski

İşğalçılar

1994-cü ilin 12 mayında “Bişkek protokolu”nu imzalayan Azərbaycan rəsmiləri müqaviləni qələbə sənədiymiş kimi təqdim eləyəndə, ölkənin kənd və şəhərlərində, küçə və tinlərində, çayxana və məclislərində müzakirələr açılanda, mən o sənədi Leninin 1918-ci ildə qollatdığı “Brest sülhü”nə bənzədənlərlə bir yerdəydim. TV-lərə baxanda elə bilirdin, Trotski dirilib özünün məşhur şüarını təkrarlayırdı: “Biz müharibəni dayandırır, sülh bağlayır, ordunu buraxırıq!” Oxumağa davam et

2 + 2 = 5

“Adamlar və kitablar” silsiləsindən

1984-orwell-web

2 + 2 = 5

Corc Oruellin “1984” romanı haqda

      “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. C. Oruell

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Oxumağa davam et

İstiqlal cəfakeşi

İstiqlal cəfakeşi

(Arif Hacılının 50 yaşına)

Vahid Qazi

Səhər “Facebook”dakı səhifəmə “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı həyat eşqi hadisə deyilmi?” yazanda məhbus zabitimiz Ramil Səfərovun Macarıstan türməsində tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərinin təsirindəydim. Elə bilirdim ki, bu saat körpə Nemeçeki qollarımın üstünə alıb uğrunda öldüyü Meydançanı son dəfə görsün deyə ora aparacam və bununla bəlkə də həyatımda Allaha xoş gedəsi ən doğru hərəkətimi etmiş olacam. Əsərin qəhrəmanlarını uşaqlığımın məhlə oğlanları, müəllifini də macar yazıçısı yox, Ramilin özü kimi qəbul eləmişdim. Oxumağa davam et

Üstümüzdəki Soros ləkəsi

Soros

Üstümüzdəki Soros ləkəsi

 

“Demokratik institutlar öz-özünə inkişaf edə bilməz, onların inkişafı bizlərdən asılıdı. Demokratik institutların təkmilləşməsi problemi bu institutların yox, həmişə ayrı-ayrı şəxsiyyətlərin qarşısında duran problemdi”. Bu sözlər Avstriya filosofu Karl Popperə məxsusdu.

Cəmiyyətdə, xalqın taleyində fərdlərin, şəxslərin rolu barədə cildlərlə kitab var, nə qədər istəsən sitat gətirmək olar. Sitatı Popperdən ona görə gətirmədim ki, bu adın deyilişindən xoşum gəlir, qəşəng səslənir. Ona görə seçdim ki, Corc Soros Popperi müəllimi, özünü də onun ideya ardıcılı hesab edir. O Soros ki, daha Bakıdakı ofisi heç kimə qrant verməyəcək…

Soros Fondunun yerli ofisinin qrant verməyəcəyi xəbəri məni ona görə narahat eləmədi ki, ta bu fond qrant verməyəcək. Qrant olacaqsa, onu vermək qərarı bizdə olmayacaq, qrant Nyu-Yorkdan veriləcək, bir sözlə, qrantı qrant sahibləri özləri paylayacaq. Oxumağa davam et

Ağrının sərhəd məntəqəsi

Ağrının sərhəd məntəqəsi

Əl-ayaq kəsilib, sonuncu adam da çəkiləndə dəhlizin sükutu sanki canlı varlıq imiş, konsertə gecikən dinləyici təki bir andaca özünü qapının azca aralı boşluğundan palataya saldı. Bu “gəliş”lə yastığın üstündəki telefonda artıq neçənci kərə dinlədiyi bəşər tarixinin bəlkə də ən möhtəşəm musiqisinin səsini birə beş artırdı.

“Dəhlizin sükutu” palatanın “konsert”ində qəfil bir ovsunla donubmuş kimi sallaşa qaldı. Musiqi xəstəxana palatasında hər şeyi dondurmuşdu. Pəncərənin o üzündə yarpaqsız budaqlarla oynaşan ay işığının pəncərə şüşəsindən bu üzdəki şüaları da, saçın hər dənini yolduğu kimi orqanizmin hər hüceyrəsini də tək-tək gəmirib bədəni hissə-hissə zəbt edən Ağrı da, venesiyalı bir musiqiçinin üç yüz il əvvəl çaldığı musiqini o andan bu anacan bətnində gəzdirən Zaman da dayanıb durmuşdu.

Ağrı üzü qalın buz bağladığından axını görünməyən çay kimiydi. Canı ağrımırdı, ağrısı durmuşdu – “Tramal” ağrının buz qatıydı. Ağrı donmuşdu!

Donmayan ilahi musiqi, bir də “sistem”də damcılayan dərman idi. Dərmanın damlaları musiqiyə not-not damırdı, ritmini tuturdu, sevgililər kimi qol-boyun idilər, əriyib bir can olmuşdular, oynaşa-oynaşa yeni sevgiyə, Ağrıya can atırdılar – qana axırdılar.

***

Dəhlizin sükutunu boğuq bir səs pozdu: “Sestraaaa!” Cavab gəlmədi. Bəlkə də onuncu dəfəydi təkrarlanan bu səsə ayaq səsi də qarışdı. Ayağını güclə sürüyən xəstə tibb bacısını axtarırdı. Palatanın qapısı ağzına çatanda onun xırıltılısı aydın eşidildi. Yaşlı adam idi. Elə bil sürüdüyü ayağı, Ağrı dolu bədəni deyildi, bu anda qara qəpik qədər dəyəri qalmayan bütöv bir ömrüydü. Tibb bacısıyla söhbətdən tək bu sözləri qulağı aldı: “Yaxşı, zarıma, get yerinə, gəlib vuraram”.

Yadına gündüz görüb eşitdikləri düşdü. Kasıb xəstələrə həşərat kimi baxan həkimləri, altını batıran yataq xəstəsini çoban iti kimi tutan tibb bacısını, əməliyyata təzəcə gəlmiş xəstəyə görə kəndli malı üstündə əlbəyaxa olan bazar alverçilərinə bənzər iki yaşlı cərrahı, cürbəcür xəstənin artığını boşqablardan qazana siyirib, sonra elə həmin qazandan təzə yemək adına pay çəkdiyini görən cavan xəstənin etirazına şivənlə cavab verən, köklüyündən kötüyə dönmüş aşpazı unuda bilmirdi. Palatada yer olmadığından gecəni dəhlizdə qalan, atası kənddən pul gətirənəcən əməliyyatı təxirə salınan on iki yaşlı qız anasının qolları arasında ağlamaqdan yorulmuşdu…

Rafiq Tağı kimi həmkarına etinasız olanlar başqasına can yandırarmı? Ötən yay Polşada Osvensim ölüm düşərgəsində gördükləri hardan yadına düşdü? Bənzətmədən əti ürpəşdi.

Xəstəxanadan çöldəki həyatı xatırladı, bayırla iç eynidi… Bəli, bura boşluqlar ölkəsidi. Lap kosmik fəzadakı kimi çəkisizlikdi: baş hardadı, ayaq harda? yerin hanı, göyün hanı? şərqin budu, qərbin bu? – bilməzsən! Dünən yada düşmür, sabah üfüqdə görünmür, bu gün yoxdu – zamansızlıqdasan; qiblə yoxdu – allahsızlıqdasan; sərhəd yoxdu – vətənsizlikdəsən! Kosmik fəza sistemi kimi bura da boşluqdu, çəkisizdi, havasızdı. İçin də boşalıb çoxdan, çölün kimi, xəbərin olmayıb…

***

Pəncərədə dan yeri sökülürdü. Təzə gün doğurdu. Təzə günlə bir vaxtda təzə Ağrı da döğurdu. “Tramal” gecəni sabaha çatdırıb əldən düşmüşdü. “Ağrı – ağrı haqqında canlı bir təsəvvürdü”, düz deyirmişsən, Mark Avreli! Ağrı şüurla şüursuzluq arasındakı sərhəd məntəqəsidi! Bu səhər sərhədi keçmək istədi.

Başlamışdı, Ağrıyla böyük mücadilə yenə başlamışdı. Bu döyüşə yenə köhnə dostlarla çıxırdı: “Tramal”, “sistem” damlaları, bir də Tomaso Albinoninin “Adagio”su. Ağrını ağrıyla çıxarırdı, dünyanın ən əzəmətli Ağrısıyla – Albinoninin “Adagio”suyla. Ağrıyla döyüş daha onun canında yox, uzaqda, milyon-milyon ulduzların hansındasa gedirdi bəlkə də. Döyüşənlərin barışmağını görmüsənmi? Barışanların sevişməsini necə? Ağrıyla heç sevişdinmi?..

Gözlərini açdı. Yastıqdan sürüşən telefonu yorğanın altında tapdı. Mesaj gəlmişdi. Şuşalı Hikmət Sabiroğlu yollamışdı: “Fiziki ağrılar keçəcək! Bəs o biri ağrılar necə, bitəcəkmi?”

Albinoninin “Adagio”suna yüksək səs verib gözlərini tavandakı məchul nöqtəyə zillədi. Adamlar marağa qapını açıb örtürdülər. Sonra kimsə qapını tamam açdı, musiqi dalğa-dalğa dəhlizə yayıldı.

O isə məchul nöqtədən – “Ağrının sərhəd məntəqəsindən” keçib getmişdi…

Vahid Qazi

Barrikada gül açanda

SONY DSC

Barrikada gül açanda

Rafiq Əliyevə

“İnsanlar az körpü salıb, çox divar hörürlər”.

Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü.

İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı. Oxumağa davam et

YELENA

İnqrid Berqman

YELENA

“Yaddaş ləpirləri” silsiləsindən

Ötən bazar yuxudan piano səsinə ayıldım. Qızımın imtahan sonrası başladığı yeni əsəri elə ilk notlarındanca tanımışdım. Əvvəl-əvvəl bu çalğını haçan eşitdiyimi xatırlaya bilməsəm də, məhrəm bir musiqi olmasına şübhə yox idi. Uzun illərdən sonra çox əziz adamla qəfil rastlaşmışam kimi sevincək olmuşdum.

Çalğını kəsməsin deyə, o biri otağa girmədən, elə qapının azca aralı yerindəncə qulaq kəsilmişdim. O səhər qızım çox doğma bir xatirəmə işıq saldı… Oxumağa davam et