Yaratmaq azadlığı


TOPLUM - Yaz 2012

Yaratmaq azadlığı

“Toplum” jurnalının Yaz-2012 sayına redaktor yazısı yerinə

Vahid Qazi

Diqqətli oxucu jurnalın Yaz-2012 sayında əksər yazıların yaradıcılıq azadlığından bəhs etdiyini tez fərq edəcək. Mənsə nömrəyə başqa bir mövzuda yazmışdım. Adı “İşğalçılar”dı. Məqalə o biri müəllif yazılarının mövzu buketinə tam uyuşmadığından öz bloqumda dərc edəsi oldum. Orda yazmışdım ki, “Qarabağda yaşamaq haqqı ilə Azərbaycanın başqa yerlərində azad, xoşbəxt, rifah içində, ədalət harmoniyasında yaşamaq haqqımız eynidi! Bu haqqı Qarabağda erməni ordusu, Bakıda, Qubada, Sabirabadda, Naxçıvanda Azərbaycan əli silahlısı boğursa, demək, bütöv ölkədə torpağımız, azadlığımız, ləyaqətimiz, nəhayət, arzu və xəyallarımız da işğal olunub! …Xalq üçün fərqi yoxdu, işğalçı elə işğalçıdı”.

Mövzunun dərinliyinə bir az da varanda mənzərənin daha kədərli olduğunu görürsən. Görürsən ki, bəzən insanın gözlə görünənləri yox, elə içindəkilər də işğal oluna bilir. Sənin üzə çıxarmadıqların, hələ içinin ən dərin yerində saxladıqların da xəbərin olmadan işğal altına düşür.

Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı qədərdi!

İnsanın xoşbəxtliyi içindəkini sevərək dünyaya çıxarmaq azadlığındadı. Sevdiyi ərdən bala doğan ana kimi, istədiyi romanı yazan yazıçı, simfoniyanı bəstələyən bəstəkar, tablonu çəkən rəssam, rolu oynayan aktyor kimi…

Yaradıcı adamın faciəsi o deyil ki, istədiyini yaratmağa qoymurlar, azadlığı alınıb. Dərd odu ki,  qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yaratmağa məcbur edilirsən! Özü də yaratdığının əsərə yox, bala yerinə doğulan qan laxtasına bənzədiyini bilə-bilə!

…Əslində indi yazdıqlarım bu nömrə üçün bir məqalə ola bilərdi. Olmadı, elə burda saxlayası oldum. Əvəzində son kitabımdan – “Çamayra. Kuba dəftəri”ndən nömrənin havasına uyuşan bir hissəni dərc eləmək qərarına gəldim.

“Azad söz”ə təzim edərək…

Söz yolu

“Çamayra. Kuba dəftəri” kitabından

Allah gildən adam düzəldib nəfəs verəndən sonra hər şeydən qabaq bəndəsinə yol bağışlayıb, axırını göstərməsə də, yolun başlanğıcını nişan verib, taleyini də elə bu yola yazıb. Yol Allahın “Ol!” əmrindən sonra ikinci böyük hadisədi.

Adamlar bir-birinin qəlbinə yol salmazdan öncə bir-birinin mağarasına yol tapıb. Sonra birlikdə bəşəriyyətin ilk ovuna çıxıblar. Ov yolu insanın çıxdığı ilk düz yoldu.

Ovdan dönəndə, yeyib doyanda, doyub rahatlayanda gözlərdən gözlərə yollar baş alıb gedib. Gözdən başlayan yol qəlbə keçəndə dünyanın ilk sevgisi yaranıb.

Görən mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi nə olub?..

Dünyanın ilk sevgi yolu çəkilən gün ona paralel bir yol da başlayıb – nifrət yolu. Mağara əhli dünyanın ilk aşiqini həzm eləməyəndə burunlamağa başlayıb. Beləcə qaydalara ilk etiraz yaranıb. Dünyanın ilk azad sözü azad sevgi üçün deyilib. Və dünyanın ilk aşiqi elə dünyanın ilk azad söz cəfakeşi olub.

Mağara baş bilənləri dərhal duyublar ki, azad söz virusdu, onu deyən də bu virusu daşıyan xəstə. Odur ki, onu mağaradan qovublar. Dünyanın ilk dissidenti bax beləcə yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə belə olub: insan özünü dərk edən kimi özünü ifadəyə başlayıb, bununla da öz sözünün qurbanına çevrilib.

O vaxtdan başlayan proses hələ də davam etməkdədi…

Mağaradan qovulan aşiq əvvəl əmin idi ki, tənha azadlıq birgə asılılıqdan yaxşıdı! Sonra qurd-quşdan, məsələn, dinozavrdan, aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən havalanır. Fikri dəyişir, qayıdır mağaraya – şərtlərin ən ağırını qəbul edir. O andan dünyanın ilk köləsi yaranır. İnsan xislətinə yeni çalar qatılır – köləlik.

Köləliyin canı yarınmaqdadı. Min illərdi insan bu vərdişindən əl çəkə bilmir, çünki kölə təkcə yarınmağa çalışan yox, həm də bu yarınmanı qəbul edəndi.

O vaxtdan başlayan proses hələ də davam etməkdədi…

Kitabı tam şəkildə buradan yükləmək olar: www.vahidqazi.wordpress.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma