Salam, Gülsarı! İsveç bukinistində görüş

 

vahid daxma göl

Salam, Gülsarı!

İsveç bukinistində görüş

İsveçin meşə cığırlarında gəzməkdən, göllərin kənarında oturub əksi suya düşən ağacların ləpələrdə  titrəyişinə tamaşa eləməkdən xoşum gəlir.

Meşəylə gölün ünsiyyəti sevgililərin, sirdaşların söhbəti kimi tutur. Meşənin dövrələdiyi balaca göl, elə bilirsən, layla deyən ananın qoynundakı körpədi. Qəlbiylə dinləməyi bacaran hər kəs diqqət kəsilsə o layla-söhbətləri eşidər.

Bir balaca meh bəsdi! Deyərsən bəs, bu meh milyon-milyon yarpaq orkestrin dirijorudu, yüngül əl havasıyla onları hərəkətə gətirir. Qəribədi, milyonluq orkestrdə bir yarpaq da çaşmır –  hamı əsərini düz çalır.

Meşənin pıçıltılı hənirtisini qulağınla eşitdiyin kimi xəfif küləyin göl sularını titrətməsini də gözünlə görürsən. Gölün üzü təzəcə sevgi dadan gənc qızın sinəsi kimi çırpınır. Bu ləpə-çırpıntı yarpaqların pıçıltı-simfoniyasının suda rəqs edən notlarıdı. Səhnədə balet tamaşasına baxırsan elə bil…

***

İsveçdə xoşum gələn başqa bir məşğuliyyətim də var – “Second hand” mağazaların köhnə kitab, video-audio kaset, val, rəsm əsərləri satılan hücrəsində eşələnirəm. Burada kitablar adətən isveçcə olur. Tək-tük başqa dillərdə, xüsusən, ingilis dilində kitaba rastlayarsan. İsveçcəm, ingiliscəm bədii əsərləri zövq alacaq səviyyədə oxumağa yetərli deyil, amma bu, kitablar arasında saatlarla dolaşmağa mənə qətiyyən mane olmur.

Kitab musiqi kimidi, sözlərini anlamasan da ruhunu tutacaqsan. Yaxşı mahnını ürəkdən oxusan dilini bilməyən də səni anlayar. Bir dəfə Kubada kefimin çağ vaxtında “Ay Laçın” mahnısını nətəhər oxumuşdumsa, otaqdakı kubalılar üzdə xoş təbəssümlə başlarını yelləyirdilər – duyub anlamışdılar.

Ötən il dil kursunda bir yenizelandiyali xanım dərsarası fasilədə bir mahnı oxudu, hamımız valeh olduq, çünki başa düşmüşdük. Bitirəndə bir ağızdan dedik ki, bu, sevgi nəğməsidi. “Elədi” – demişdi dostumuz, “Maori xalq mahnısıdı, “Pokarekare Ana”dı adı”.

Sekondhənd-bukinistlərdə “yaddilli” kitablarla söhbət edirəm tez-tez. Adı nədi? Müəllifi kimdi? Nə vaxt nəşr olunub? Nədən bəhs edir? Neçə nəfər oxuyub görən? Görən kimin evində qalıb bu illər uzunu, yiyəsi nəçiymiş? Bura niyə veriblər, bəs? Keçmiş sahibi ölübmü, ya köçüb gedirmiş deyə aparmayıb, verib bura?

Bax, bu, 50 ilin kitabıdı, amma qatı açılmayıb! Kaş, dili yaxşı biləydim, oxuyaydım! Bilirsən, ruhu necə şad olardı müəllifinin?! 50 il qatı açılmayan kitabını oxumaq ölmüş müəllifin ruhuna dua eləmək kimidi! Əsərdə donmuş həyatı, dayanmış zamanı hərəkətə gətirib can vermək kimi!

bukinist1

Nə vaxtsa oxuduğun kitabı başqa dildə görmək elə qəribə duyğu yaradır ki… necə təsvir edim? edə bilmirəm, axı! Kafkanın “Slottet”, yəni “Qəsr”i, Floberin “Madam Bavari”si təki.

“Qəsr” 1971-ci ildə nəşr olunub. Bir, ya iki dəfə oxunub, zənnim məni aldatmazsa. Özü də lap çoxdan, bəlkə də təzə alınanda oxunandı. Səliqəli qalıb.

“Madam Bavari” ondan xeyli “cavan” olsa da yüz ilin kitabına oxşayır. Nə qədər oxunub, təxmin edə bilmirsən. Çox adam səhifələrin kənarına öz qeydini yazıb. Karandaşla yazan da var, qələmlə yazan da. Xətləri oxuya bilmirəm, anlaşılmazdı, pozuqdu. Amma üz qabığının iç səhifəsinə yazılan “Till min kärlek Ann-Kristin” sözləri aydın oxunur. Björn adlı bir kişi Ann-Kristin adlı sevgilisinə bağışlayıb. Tarix də qoyub, “1993.08.29”.

Sevgilisinin bağışladığı kitabı rəfiqələrinəmi veribmiş oxumağa Ann-Kristin? Yoxsa sevgilinin bağışladığı hədiyyə kitabın bu qədər oxucusu hardan olsun? Bununla nə deyirmiş, görən? Nə biləsən! İsveç qadınlarından baş açmaq olurmu ki?! Oxumağa davam et

Çingiz Hüseynovun “Минувшее – навстречу” memuarı haqda

Минувшее – навстречу

Zəmanələr və talelər toplusu

(Çingiz Hüseynovun “Минувшее – навстречу” memuarı haqda)

 Axır sözü əvvəl demək olmasın, Çingiz Hüseynovun 712 səhifəlik “Минувшее – навстречу” memuarında maraqla oxunmayası bir səhifə belə yoxdur.

Kitabı oxusan, elə ilk fəslində 50-70 il qabağın Bakısına – İçərişəhərə, Bayırşəhərə xəyali gəzintiyə çıxacaqsan, onun çoxmillətli sakinləriylə tanış olacaqsan, həyat yaşantılarını görəcək, duyacaqsan.

O biri fəsillər də eləcə – vətənin yaxın tarixini sənə retro filmi kimi göstərəcək. Bəzən o vaxtın romantik sevgilərini bu günün qəlbiylə duymağa cəhd edəcəksən, bəzən də repressiyanın qorxusu ətini ürpədəcək. Siyasi sistemin əzib məhv elədiyi talelərə acıdığın kimi bu qədər ağır mənəvi-fiziki basqıya tab gətirib qürurunu qorumağı bacarmışları sayğıyla anacaqsan.

Totalitar rejimdə yazıçı intriqalarına, ədəbi cameənin birini məhv, digərini xilasetmə həmrəyliyinə, sənətkar-hakimiyyət, mərkəz-əyalət, beynəlmiləlçi-millətçi münasibətlərə tarixi-detektiv filmlərə baxırmış kimi baxacaqsan.

Bu fundamental xatirələr toplusu 60-cı illərin əvvəlindən müntəzəm yazılan gündəlik əsasında ərsəyə gəlib. Amma tək qocaman bir yazıçının həyat yolundan bəhs eləmir, bir vaxt mövcud olmuş sovet xalqının Stalin repressiyası, Xruşşov “ottepel”i (yumşalma), Brejnev “zastoy”u (durğunluq), Qorbaçov “perestroyka”sı (yenidənqurma) illərinə və o dövrlərin Azərbaycanına güzgü tutur, bildiyimiz tarixin bilmədiyimiz neçə-neçə qaranlıq künc-bucağına işıq salır. Yüzlərlə canlı personajla, tarixi şəxslə tanış edir, maraqlı hadisələrdən söz açır.

Nə qədər “Bilirdim!” dediyim bilmədiklərim varmış.

Məsələn, bilmirdim ki, qadağan olunmuş Novruz bayramını dövlət səviyyəsində keçirmək təklifini Şıxəli Qurbanovdan 10 il əvvəl Əbdülrəhman Vəzirov veribmiş. Komsomolun birinci katibi işləyəndə qurultayda belə bir təşəbbüs irəli sürübmüş. Ondan da qabaq, hələ müharibə illərində Mirzə İbrahimov cəsarət göstərib partiya rəhbərliyinə müraciət edibmiş.

 Xruşşov dövrünün Qarabağ şəhidi

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

Kitabın “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istəyirəm.

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

Amerika ilə münasibətlərin yumşalmasından istifadə edən ermənilər sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

Kitabdan oxuyaq: Oxumağa davam et

Yarımçıqlıq mərəzi

download

Yarımçıqlıq mərəzi

 “Namizədlər” silsiləsindən 5-ci yazı

Ötən bazar sovet dövründə canlı bütə çevrilmiş Vladimir Vısotskinin həyatından bəhs edən “Vısotski” adlı filmə baxdım. Kədərli filmdi. Uşaqlığında pərəstiş etdiyin sənətçinin sənə bəlli olmayan həyat faciələrini, ağrı-əzablarını görmək ağırdı. Adamı qüssəli ovqata kökləyir.

Amma bu yazıda qüssəli filmlərdən danışmıram.

Məni düşündürən ayrı şeydi – bir xalq, millət, nə bilim, camaat kimi bizdəki yarımçıqlıq mərəzindən söz açmaq istəyirəm. Natamamlıq kompleksini demirəm, o başqa mövzudu. O, ətraf mühitlə əlaqədə özünəinamsızlıq duyğusudu.

İnsan vərdişlərindən formalaşır. Fərd kimi şəxsi keyfiyyətlərimizdə nə qədər yarımlarımız var. Yarımçıqlıq bizim gen halımızdı, elə bil.

Axıracan getmərik, işi sabaha da saxlayarıq, o biri günə də, Usta Zeynal kimi “nəfəs dərmək”lərimiz saya gəlməz. Tez yorular, tez həvəsdən düşər, ümidsizləşərik.

Yox, əyri-əskiklərimizdən, ayıblarımızdan danışmağı xoşlamıram, danışıb yazsam da. Deyirlər, çox danlanan oğul bivec olar. Əksinə, son vaxtlar düşünürəm ki, yaxşı xüsusiyyətlərimizdən, müsbət keyfiyyətlərimizdən yazmaq, danışmaq lazımdı.

Tərifli yazılar qalsın başqa vaxta. İndi yarımçıqlığımızdan danışmaq istəyirəm. Arzu və xəyallara, həvəs və istəklərə, inam və ümidlərədək yarımçıqlığımızdan.

Vısotskini xatırlatdım, elə ondan da başlayım.

Vısotski azad olmayan sovet adamları üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə simvol idi.

remis visotski soy

Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasın – adama daha nə lazımdır ki?!

Adama bir də, nəfəs lazımdır!

Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola bildi, nə də Viktor Tsoy. Adını çəkdiklərimi köhnə adamlar tanıyar, indiki gəncliyin gördüyü Ledi Qaqadı, ya da Nadir Qafarzadə.

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardı – əsl azadlığın nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Yazının mövzusundan çıxış edərək deyim ki, Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi.

11 yaşında “Qarabağ bülbülləri” ansamblı ilə Kremlin qurultaylar sarayını fəth edən Tacir Şahmalıoğlundan deyim. Yalançısı Qulu Ağsəs olsun, deyir, bir ağsaqqal sənətçinin “Gəl kömək edək konservatoriyaya gir, vokal dərsi al, sonra get Milanda oxu, dünyaya çıx” təklifinə, Tacir əlini gibinə saralaq, “Saa pul lazımdı?” deyə cavab veribmiş.

20 yaşında olimpiya çempionu olan Elnur Məmmədlinin hədəfi yol polisi olmaq imiş?!

Ədəbi aləmə cəsarətli, savadlı, tabuları dağıdan yeni nəsil nümayəndəsi kimi gəlmiş Seymur Baycanın nəfəsi “intellektual ekstrim” saytı “mədəniyyət və incəsənət portalına” çevirməyə çatdı. Azad sözün hansı ağır şərtlər altında can çəkdiyini bildiyimdən qınamaq ağlıma belə gəlmir. Amma onun qanımızda olan fürsətcillikdən uzaq olmasını da arzulayıram –  “kultura” kimi maraqlı saytı “kultseymur” eləməsin!

seymur soljenitsın

Düşündürücü, öyrədici publisistikanın öncüllərindən olan, coğrafiyası ölkədən uzaqlara da uzana biləcək bədii mətnlər yazan bir yazıçının hədəfi başqalarının ağlına gəlməyən zirvələr olmalıdı. Məsələn, tək saqqal uzadıb özünü Soljenitsına üzdən yox, yazıb yaradıcılığına da oxşada bilərdi. Dostumuzun xətrin istədiyimdən onu nümunə gətirdim, əslində demək istədiyim hər bir azad yazıçıya aid edilə bilər.

Ayaz Salayev “Retro” proqramı ilə könülləri fəth edəndə 23 yaşı vardı. İntellekt, istedad, xarizma! Hər rejissorun arzuladığı keyfiyyətlərdi bunlar. Üçü də onda var. Hollivud qarışıq dünya kino zirvələrini fəth eləməyi hədəfləyəsi dostumuz “ehram”ların haqsızlığına itaətkar sükut etdi.

Amma onun sevimli ustadı Tarkovski mübariz idi, sovetin dəmir divarlarını yarıb “ehram”lardan azad olmuşdu, hədəfi vardı, istədiyi filmləri çəkmək istəyirdi. İndi ki, sərhədlər dəmirdən deyil.

Həmin Tarkovskinin tələbəsi Aleksandr Sokurovdan, onun Andrey Platonovun əsərləri əsasında sovet illərində çəkdiyi “Tənha insanın səsi” adlı debüt filmini xilas eləməyindən danışmıram heç. “Ehram”ların senzurasından keçmədiyindən məhv qərarı verilən  filmin lentini arxivi yararaq oğurlamışdı. Yerinə başqa material qoyubmuş. On il sonra “Nika” mükafatı alacaq filmini beləcə qoruyubmuş.

tarkovski salayev sokurov

Hər birimiz yüz belə misal gətirərik, çox uzatmıram.

Axıracan ola bilmirik! Canımızda, ruhumuzda bir yarımçıqlıq var, bunu demək istəyirəm.

Tək mədəniyyətdə deyil, siyasətdən tutmuş dəlləkliyəcən beləyik. Yaxşı mənada ideya fanatikliyimiz yoxdu.

İdealist xalq deyilik! Oxumağa davam et

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Göteborg_BookFair-1280x670

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti

Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni elə qəddar bilsinlər!

Bir dəfə ərinmədim, Seymur Baycanın “Oxumaq mədəniyyəti” adlı yazısını onlara özüm oxudum, hərdən haşiyə çıxaraq, Seymurun arqumentlərini xüsusi vurğulayaraq oxudum. Bitirəndə yazıdan sitat gətirib soruşdum ki, indi “o boyda Amerikanın prezidenti Barak Obama oxumağa vaxt tapır”, siz tapmayacaqsınız?

Qarabağlılar and içən olur. Kitaba and olsun ki, uşaqlara “mədəniliyin yolu kitablardan keçir” deyəndə Andre Moruanın “Mədəni olmağın tək yolu var – mütaliə” fikrindən xəbərim yox idi. Bu yazını qaralayanda internetdə rastladım.

Uşaqları inandırmışam ki, yad ölkəyə uyğunlaşmaq üçün “qəriblik kompleksi”ndən yaxa qurtarmağın kəsə yollarından biri də elə kitabdır.

Axmaq adamların mühitində olmaqdansa kitabla tənhalığa çəkilməyin üstünlüyünü isə sonra deyəcəm, hələ uşaqdılar.

Fikrim getdi uşaqlara, əslində sentyabrın sonlarında Yöteborqda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından yazıram.

Kitabların insan üçün əhəmiyyəti haqda uzun danışmayacam, bunu hər kəs bilir. Nobel mükafatı ilə ədəbiyyatı dünya hadisəsinə çevirməyi bacaran isveçlilərin timsalında bir xalqın ədalətə, bərabərliyə, hüquqa və haqqa söykənən, bütün dünyaya örnək olası bir dövlət qura bilməsində kitab oxumaq vərdişi və mədəniyyətinin rolunundan söz açmaq istəyirəm. Oxumağa davam et

“Sonalar gölü”nün sahili

svansjön 1

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

nigar

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.

Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.

Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.

Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.

İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.

Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.

Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.

Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.

Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var,” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.

Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”

Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.

Vahid Qazi

13 sentyabr 2013-cü il

Karlskrona, İsveç

Dərc olundu:

http://news.lent.az/kulis/news/6144

http://musavat.com/news/son-xeber/yazar-vahid-qazi-nashir-nigar-kocherliye-cavab-yazdi_164352.html

http://www.azadliq.org/content/article/25104863.html

Haramıstan

MKM

Haramıstan

Vahid Qazi

Adətən yazıya adı onu bitirəndən sonra qoyursan. Hərdən də əksinə olur, başlığı yazıdan əvvəl tapırsan. “Haramıstan” da belədi, hələ iki il əvvəl komputerimdə boş fayla qoyduğum addı. Dəfələrlə mövzusuna uyğun gələn yazılardan birinə bu adı vermək istəsəm də, sonda vaz keçmişəm.

Məni belə bir adı bu yazıya başlıq seçməyə Milli Kitab Mükafatı münsiflərinin verdikləri ballar səbəb oldu.

…İndi yaşadığım İsveçin yerli adamlarında belə bir təsəvvür var ki, “haram” sözü yalnız tərkibində donuz əti olan məhsullara aiddir. Onlara bu sözün daha geniş anlam verdiyini izah eləməkdə çətinlik çəkirəm. Sadə isveçli təsəvvür edə bilmir ki, baxçada direktor uşaqların yeməyindən necə kəsib satdıra, ya da evinə apara bilər?! Məktəbdə, universitetdə dərs oxumayana dərs oxuyandan necə yüksək qiymət yazmaq olar?! İnsanların taleyinə cavabdeh sürücülərə vəsiqə, həkimlərə diplom, lisenziya necə verilə bilər, oxumasalar, qabiliyyətləri olmasa belə?!

Bizdə hamının bildiyini bir-bir bura yazmağa ehtiyac yoxdu. Demək istədiyim odu – isveçli dərk edə bilmir ki, indiki zamanda dünyanın hansısa bir bucağında, illah də Avropa ailəsinin üzvü olan bir məkanda bişirilən çörəkdən tutmuş bala toyuna açılan süfrəyə, “sinifkom” seçimindən prezident seçkisinədək “haram” sözünü işlətmək mümkündü.

Qırx dərəcə qızdırması olan uşağa adi “Alvedon” tableti yazıb təmiz hava tövsiyyə edən isveçli həkim təsəvvürünə gətirə bilmir ki, dərman firmaları ilə əlbir olub xəstəyə uzun bir siyahı resept də yazmaq olar – canı çıxsın! İş günləri saat 3-dək işləyən, şənbə-bazar günləri bağlı olan polis idarələrində rəislərin ağlına belə gəlmir ki, iş saatı və günündən əlavə də işə çıxsınlar, camaatdan hədə-qorxuyla pul yığan “postovoylar”ın gəlişini gözləsinlər.

Belə fikirlər isveçlinin ağlına ona görə gəlmir ki, ağlı bunu qəbul eləmək gücündə deyil. Bizimsə elə əvvəldən ağlımızda olur. Yazılanlara inansaq, elə 100 il əvvəl də belə olub. Deməli, bu, ağıla yox, qana, genə bağlı məsələdi. Ağıla bağlı olsaydı, adamlar ağıllandıqca, bu hallar da itib batardı. Qanda, mayada, gendə olanı təmizləmək mümkünsüz bir işdi – bu, Ayın üzündəki “ləkə”ni qaşıyıb təmizləmək kimi səfeh bir işə girişməyə bənzəyir.

Belə-belə şeylər haqda düşünüb-daşınandan sonra yəqin edirsən ki, “halal-haram” söhbəti yalnız halallıq olmayan cəmiyyətlərdə aktualdır. Total haramlığın hakim olduğu toplumda devizə çevrilən “Halal” kəlməsi donuz kolbasasının etiketinə yazılan “Halal” sözündən ötə deyil.

Bu yazının kitabımın MKM-də qalib olmaması hirsindən yazılması fikrinə düşməyin, lütfən. “Cığallıq edir”, “Özü qalib olsaydı, yazmazdı bunları” deməyə də tələsməyin. Əvvəllər də demişdim, yazmışdım ki, mən yazıçı deyiləm, ayıb olar belə düşünsəm. Bu sözün mənasını bildiyimdən belə düşünürəm. Sadəcə, anlamaq istədiyim odu ki, niyə bizlər ən ülvi hislərlə başladığımız işi sonda xırda duyğularla bitiririk. Yəni bu xalqın seçimi əksəriyyəti razı salan üç-beş adamı tapılmayacaqmı? Bu nədi? Bu, bizim naturamızdanmı qaynaqlanır?

Müsabiqənin başından yazı və müsahibələrimdə dediyim sözlər ayrı-ayrı saytlarda da, bloqumda da durur. Bu mövzuda dediyim fikirlərin üstündə yenə də dururam. Son müsahibədə belə demişdim: “MKM də, başqa müsabiqələr də ədəbiyyat hadisəsidi. Kitabdan çox-çox uzaq düşən bir toplumda belə müsabiqələrə hər kəs dəstək verməlidi. Xüsusilə, kitab, ədəbiyyat dəyərini bilənlər verməlidilər bu dəstəyi. Başqalarını demirəm, ədəbiyyat adamları, ədəbiyyatsevərlər bayrama çevirməlidirlər bunu. Elə kitabı dəyərdən salanların acığına eləməlidirlər. Bu konteksdən yanaşanda kimin qalib olması o qədər də əhəmiyyət kəsb eləmir. Müsabiqənin nüfuzuna əsas təsir edən amil isə obyektiv seçimdi. Böyük qəlblərdə xırda duyğular olmaz. İnanıram ki, Azərbaycanın bu qədər böyük adamının təmsil olunduğu münsiflər heyəti də böyüklüyünü saxlayacaq. Yazana, ona dəstək verən, yaxud mane olan hansısa güclərə yox, yazıya qiymət verəcəklər”.

MKM balları açıqladı. Tanış oldum. Niyazi Mehdi, Ayaz Salayev, Şahbaz Xuduoğlu, Çingiz Abdullayev, Hamlet İsaxanlı kimi tanınmış isimlərin qərəzəbənzər mövqeləri (qrup halında hamısı 5 bal verib) bax elə bu gecə pəncərəmdən baxan ay kimi aydın görünür. Məsələn, ön sözü Rüstəm İbrahimbəyov yazmasaydı, onun ittifaqına alternativ kinoşünaslar birliyi yaradan mənim sevimli dostum Ayaz Salayev ən aşağı balını məhz mənim kitabıma verərdimi? Şahbaz bəyin yaxşı qrup başçısı olmasını da deyirdilər. Nəysə… Hamısı sağ olsun. Ən aşağı bal yazan bu dostlar da, kitabıma ən yüksək balını vermiş Əkrəm Əylisli, Rafiq Əliyev, Elçin Şıxlı da. Ayrı-ayrı vaxtlarda “Çamayra. Kuba dəftəri”inə öz yazı və müsahibələrində yüksək qiymət verən Rüstəm İbrahimbəyov, Rəşad Məcid, Pərviz Cəbrayıl da. Elə Rüstəm müəllimin kitabın ön sözündə yazdıqları bundan belə yüz il də bəsimdi.

Hər dəfə müsabiqəyə yüksək dəyər verən sözlərim dərc olunanda burada iştirakdan imtina edən dost yazarlar mənə yazırdılar ki, müsabiqə ədəbiyyatın ictimailəşməsinə, təbliğatına nə qədər təkandısa, sonda seçim vaxtı edilən qrupbazlıq, dostbazlıq və başqa “bazlıq”lıqlar da ədəbiyyatı, sözü bir o qədər aşağılayır.

Onların bu sözlərini o vaxt bölüşməsəm də, sayğıyla yanaşmışam. İndisə bölüşüb-bölüşməməyin ta elə bir əhəmiyyəti yoxdu. Müsabiqə haqda əvvəl dediyim sözlərin hər kəlməsini indi də təkrarlayıram. Bircə onu əlavə edirəm ki, ilk üç yerdən ikisinin qalib olacağını hələ iki ay əvvəldən uzaq İsveçdə təxmin eləmişdim… danışılan söz-söhbətdən və yazılanlardan. Qalib kitabları oxumadığımdan onlar haqda fikir bildirə bilmirəm. Müəlliflərdən isə tək tanıdığım Pərvindi. İllər öncə “Qar yağacaq” adlı hekayəsini çox bəyənmişdim.

Münsiflərin isə bir-ikisini çıxmaqla hamısını şəxsən tanıyıram, bəzisini göz qırpmadan “xalqın vicdanı” da adlandırardım. Bir siyahıya baxın, nə qədər məşhur simalar var. Bu qədər sözü, əməli olanı hər saat bir yerdə toplaşan görmərsən. Onlar söz, ədəbiyyat adına bir yerdədilər. Amma indi məni bir xalq, bu xalqın parçası fərdlər olaraq, sərbəst, vicdana bağlı seçim edə bilməməyimiz düşündürür. Günah kimdədi, nədədi? Fərdlərdə, toplumda, ənənədə, sistemdə?

Əgər belə adamların da seçimində şübhə yeri varsa, tək-tək vicdanlı səsin yekuna təsiri yoxdursa, ələbaxan, müti məmur ordusunun keçirdiyi seçkilərdən nə umasan?! Bu ölkənin baş seçkisinin taleyi Mərkəzi Seçki Komissiyasında həll olunur. Düşünürəm, görəsən “xalqın vicdanı” dediyim kəslərin də yer aldığı MKM-in münsiflərini bu heyətdə MSK üzvü eləsək, azad və ədalətli seçkilərə qarant almış olarıqmı?

…Sonra yazının başlığına baxıram və susuram.

23 iyun 2013-cü il

Dərc olundu: musavat.com, kultura.az, medianews.az, avanqard.net,

Ozon adamlar

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

 – tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

 – liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

 – liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);

 – müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et

18 sentyabr Tanrı ərmağanı

18 sentyabr Tanrı ərmağanı

Üzeyir Hacıbəyovun doğum gününə bir yazı yazmaq istəyindəydim. Onun “Şuşa yolu” hekayətindən başlayacaqdım. Çoxdan oxumuşdum. Özünün Yevlaxda “kukuşka”dan düşüb faytonla Şuşaya getməyindən yazıb. Üzeyir bəyin faytonu Tərtər çayında ilişən kimi mənim də yazım elə ilk cümlədən tilsimə düşmüşdü, dalı gəlmirdi. “Azərbaycan tarixindən Üzeyir Hacıbəyov çıxılsa nə boyda boşluq yaranar?” kimi fikirlər xəyalımı gedər-gəlməzə elə aparmışdı ki, ta qayıdana oxşamırdı. Bu insanı anmayıb bloqumun “gündəlik”ində 18 sentyabr tarixini boş saxlamaq istəmirdim. Elə bu dəm böyük bəstəkarın həm bəstəkar, həm də publisist kimi istedadlı davamçısı dadıma çatdı. Oxumağa davam et

Qan Turalıya məktub

Qan Turalıya məktub

Bir “dəyər cəfakeşi” barədə

Salam Tural bəy!

Azadlıq radiosunun “Oxu zalı” rubrikasının redaktoru Rövşən Qənbərovun “Bəyənməyib “like” düyməsini basana lənət” yazısını oxumağı məsləhət gördüyün üçün Sənə təşəkkür edirəm. Çox güman ki, xəbərim olmayacaqdı. Oxudum və çoxdan eşitdiklərim təsdiqini tapdı.

Rövşən bəy kitab satılmamasının səbəbi kimi ölkədə dəyərin itdiyini yazır. Və nəşr olunan minlərlə kitab içində mənim “Ruhlar şəhəri” kitabıma açıq mətnlə işarə vurur: “Ramiz Rövşən” imzasına hörmət qoyub Ağdam haqda “ağlamalinski” sicilləmələr toplusuna ön söz yazmamalıdır”. Yəni Ramiz Rövşən dəyərin nə olduğunu bilmir! Allah, sən saxla! Nə deyim, bilmirəm?

Rövşən bəylə onda razıyam ki, ölkədə dəyərlər itib. İtməsəydi, sıradan bir müxbir qos-qoca “Azadlıq” radiosundan xalqa ədəbiyyat dərsi keçməzdi, dəyərlərdən mühazirə oxumazdı. Oxumağa davam et