ETİRAZ HAQQI Azadlıq hekayətləri

ETİRAZ HAQQI Azadlıq hekayətləri

Müəllifdən

Azadlıq, müstəqillik, demokratiya, insan haqları, bu qəbildən olan neçə-neçə məfhum 1988-ci il mitinqlərindən, ələlxüsus da 20 yanvar qırğınından sonra bizim nəslin həyat kredosuna çevrilmişdi.

Hər şey etirazdan başlamışdı!

Əvvəl Qarabağa, sonra Azərbaycana görə etiraza qalxdıq.

Etirazımız müstəqillik qazandıqdan sonra da səngimədi, bu dəfə ədalətli seçki, insan hüquqları, söz, mətbuat, toplaşmaq, birləşmək kimi azadlıqlara görə davam elədi.

İnanırdıq ki, etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da
ləyaqətli ömür yaşamaq mümkün deyil!

Sonra gördük ki, etiraz hüququnun bitdiyi yerdə susmaq haqqı uğrunda mücadilə başlayır! Etirazın hədəfə çatmadığı toplumlarda belə olur. Bunu bolşevizmin, faşizmin qurduğu, beyinlərin total yuyulduğu cəmiyyətlər haqda kitablardan, filmlərdən bilirdik. Sovetin son illərinə düşən ömrün şüurlu çağında özüm də görüb duymuşdum, gəzib dolaşdığım Kuba, Özbəkistan, Belarus kimi azadlıqların boğulduğu ölkələrdə ictimai-siyasi fəallarla, keçmiş siyasi məhbuslarla, dissidentlərlə söhbətlərdən də anladım.

Susmaq hüququ etiraz haqqı alınmış, istəmədiyini deməyə məcbur edilən adamın sonuncu sığınacağıdır. O sığınacağa da əl qoyan Zorun son diqtəsi isə bu olur: “istədiyin kimi susa bilməzsən, istədiyim təki danışacaqsan!”

Kitaba, bir sözlə ifadə edəsi olsam, demokratiya problemləri adlandıracağım yazıları toplamışam. Müxtəlif illərdə, yerlərdə, situasiyalarda yazdıqlarımı. Geniş giriş sözü yazmaq istəyirdim. Son kərə oxuyub tərtibatı bitirəndə gördüm ki, yeni sözə ehtiyac yoxdur, elə Kuba səfərlərindən ərsəyə gələn “Çamayra. Kuba dəftəri” kitabındakı “Söz yolu” essesinin girişinə yazdıqlarım demək istədiklərimin hamısını ehtiva edir.

***

“Tanrı gildən adam yaradıb nəfəs verəndən sonra hər şeydən qabaq bəndəsinə yol bağışlayıb, axırını göstərməsə də, yolun başlanğıcını nişan verib, taleyini də elə bu yola yazıb. Yol Tanrının “Ol!” əmrindən sonra ikinci böyük hadisədir.

Adamlar bir-birinin qəlbinə yol salmazdan öncə bir-birinin mağarasına yol tapıb. Sonra birlikdə bəşəriyyətin ilk ovuna çıxıblar. Ov yolu insanın çıxdığı ilk düz yoldur.

Ovdan dönəndə, yeyib doyanda, doyub rahatlayanda gözlərdən gözlərə yollar baş alıb gedib. Gözdən başlayan yol qəlbə keçəndə dünyanın ilk sevgisi yaranıb.

Görən mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi nə olub?..

Dünyanın ilk sevgi yolu çəkilən gün ona paralel bir yol da başlayıb – nifrət yolu. Mağara əhli dünyanın ilk aşiqini həzm eləməyəndə burunlamağa başlayıb. Beləcə qaydalara ilk etiraz yaranıb. Dünyanın ilk azad sözü azad sevgi üçün deyilib. Və dünyanın ilk aşiqi elə dünyanın ilk azad söz cəfakeşi olub.

Mağara başbilənləri dərhal duyublar ki, azad söz təhlükəli virusdur, onu deyən də bu virusu daşıyan xəstə. Odur ki, onu mağaradan qovublar. Dünyanın ilk dissidenti bax beləcə yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə belə olub: insan özünü dərk edən kimi özünü ifadəyə başlayıb, bununla da öz sözünün qurbanına çevrilib.

O vaxtdan başlayan proses hələ də davam etməkdədir…

Mağaradan qovulan aşiq əvvəl əmin idi ki, tənha azadlıq birgə asılılıqdan yaxşıdır! Sonra qurd-quşdan, məsələn, dinozavrdan, aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən havalanır. Fikri dəyişir, qayıdır mağaraya – şərtlərin ən ağırını qəbul edir. O andan dünyanın ilk köləsi yaranır. İnsan xislətinə yeni çalar qatılır – köləlik.

Köləliyin canı yarınmaqdadır. Min illərdi insan bu vərdişindən əl çəkə bilmir, çünki kölə təkcə yarınan yox, həm də bu yarınmanı qəbul edəndir.

O vaxtdan başlayan proses hələ də davam etməkdədir…”

İÇİNDƏKİLƏR

2+2=5 Corc Oruellin “1984” romanı

Qırıq talelərin pazl tablosu Svetlana Aleksiyeviç və onun “Время секонд хэнд” kitabı

“Le ConcertYaxud azadlıq duyğusunun səsli izahı

İbrahimbəyovun qorxulu kinosu

Azadlıq qiymətinə foto Müstəqilliyə aparan yolun ilk qurbanları Əli və Bəxtiyarın xatirəsinə

Ozon adamlar

Cahillər və snoblar

Azadlıq, ya xoşbəxtlik…

Təməldən bir də qurulmaq “Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi

Güvən mənə, inanım sənə dövlətim

Əlili əlində tutan ölkə

Yolda o(qa)lan yolçuluqlar “Namizədlər” silsiləsindən

Vətənim Yalandiya

İşğalçılar

Qarabağ atıyla demokratiya dalınca

Azərbaycan vektoru

Bizim saziş

Təcrübəli təcrübəsizlər Siyasi didişmələrə sözardı

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü? Son olaylara 20 ilin rakursundan baxış

Üstümüzdəki Soros ləkəsi

Etiraz hüququ Fuad Poladovla Bayram Məmmədovun etirazına sözardı

Etiraz – ləyaqətin bir başqa adı

Məğrur yaltaqlıq məktəbi

Şərq hüzuru “Yaddaş ləpirləri” silsiləsindən

Yaratmaq azadlığı

Susmaq hüququ

”Susmaq hüququ”na referendum əlavəsi

Söymək haqqı – sonuncu insan hüququ

Seçki xatirələrindən

Seçki süfrəsi

Etiraz şərqisi

“Bizimdir hürr küçələr!”

Hərəkət azadlığı İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur?

Özünü axtaranlar ölkəsi “Yaddaş ləpirləri” silsiləsindən

İntibah təməlçiləri M. Abramsonun “Ot Dante k Alberti” kitabından qaynaqlanan cümhuriyyəçi düşüncələr

Əmanət amanatı

Bayramın mübarək, “qum dənəsi”!

Elçibəyə etimad referendumundan 25 il sonra

Bir hakimiyyətdən artıq

Tüstüdən dumana

Bütün zamanların lideri

Hədəflərə çatmağın köçəri quşlar yolu

Kontrabas adamlar Və ya “Çığırtılar içində pıçıltı”

Çiçək qoxulu yuxu-parlament “Namizədlər” silsiləsindən

Oyundankənar mətbuat

Söz oyuncağı

Axsaq mətbuATla müharibəyə getmək

Sözün nifrət çaları

Bizim sirli-sehrli Güney

Güney və Quzey Azərbaycanda milli kimlik məsələsi

Qumla London arasında Bakı

Türkiyədə islam inqilabı?

Avropada yeni kabus dolaşmaqdadır!

İsveçin Rusiya qorxusu

Rus ordusu haqda mifin sonu

Rusiya sindromu

Dərkolunmaz Rusiya

Rusiya səfirinə məktub

Çernobıl, xilaskar ata, bir də mən

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Demokratiyanın yarımçıq təbəssümü

Pavian diktaturası

Əraf   Fantasmaqorik hekayə

Kitabı buradan YÜKLƏMƏK olar:

Bir şərh yazın