Etiraz şərqisi
“Nueva cancion” – ”Yeni mahnı” sosial hərəkatı 1960-80-ci illərdə Latın Amerikasını bürümüş protest dalğasının musiqili səsiydi. Bu mahnıların ritmlərində itib getmiş qədim İnk sivilizasiyasının musiqidə qalan ruhu yaşayırdı. Neçə-neçə müğənni, bəstəkar öz mahnı, musiqi və rəqs havalarıyla diktatorlara qarşı etiraz hərəkatlarına beləcə dəstək verirdilər, öndə gedirdilər.
Çox arzulayardım ki, bizim musiqiçilər, bəstəkarlar da öz etiraz nəğmələrimizi yaratsınlar.
“Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!” Bunu ”Etiraz hüququ” yazısında yazmışdım bir vaxt.
Düz bir il əvvəl isə, ”Etiraz – ləyaqətin bir başqa adı”nı yazdım.
Azadlıqların boğulduğu yerdə etiraz edənlər xalqın şərəf keşikçisidirlər!
İndi baxıram, bizim etirazımızda nəsə çatışmır – Sözdən o yana keçə bilmirik. Meydanda tək qalan Sözü bu qədər aciz görməmişdim!
Neçə gündür, həbsxanada özünə qarşı haqsızlığa etiraz olaraq, Mehman Hüseynov aclıq edir. Mehman Hüseynov Azərbaycanda ”vizual etiraz”ın qaranquşlarındandır. O tək qalmamalıdır, təklənməməlidir!
Bu sabah oxudum ki, Tofiq Yaqublu onu tək qoymamaq üçün aclığa başlayıb. Bir vaxt onun qızı barədə ”Döyüşə balalar gedir” yazmışdım. İndi döyüşə atalarmı gedir?!
Etiraz birin yerinə onu, onun yerinə yüzü çıxanda dalğaya çevrilir. İki ildi həbsdə olan Mehmanı neçə nəfərimiz əvəz etdi!
…Mən də etiraz edirəm!
Mənim bu Etiraz Sözlərim Mehmana, İlkinə, Qiyasa, Bayrama – bu gün bizim şərəfimizi həbsxanalarda qoruyan gənclərə, siyasi məhbuslara dəstək dalğasında bir ləpə boydadır! Olsun! Sabahın dalğası bu gününün ləpələrindən yaranır.
Latın Amerikasının ”etiraz musiqi”nin (”Nueva cancion”) ünlü siması Violeta Parranın ”La Carta” (”Məktub”) mahnısıyla onlara – şərəf keşikçilərimizə salam göndərirəm! Bu balaca yazı da Mehmana salam məktubumdur!
Protest musiqisi dünya etiraz hərəkatları tarixində bəzən sözdən də kəsərli vasitə olub.
Bizim də Etiraz Şərqimiz yazılsın! Səsi dünyanı bürüsün!
Vahid Qazi
5 yanvar 2019
Geri bildiriş: The protest song | Vahid Qazinin bloqu