Bizim saziş
ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin iqtidarla müxalifət arasında saziş bağlamaq təklifi ölkədə ölkədə mövcud ictimai, siyasi və mənəvi-psixoloji durumun gerçək qiymətini verməyə, bizim hansı ovqata kökləndiyimizi bir daha saf-çürük eləməyə əvəzsiz imkan yaradıb. Yanılmıramsa, ABŞ-la rəsmi münasibətlərdə olduğumuz son 13 ildə bu təklif mahiyyət və forma baxımdan yeni diplomatik səydir, hər halda nə vaxtısa bu cür təşəbbüs olduğu yadıma gəlmir. Təklif qış yuxusundan ayılmaqda olan torpağımızda nikbinliklə canlanmanın qarışığından alınan əsl bahar ümidləri doğurur.
Ümid öz yerində, bir az real mətləblərdən danışaq. Elə saziş sözünün özündən. Saziş deyəndə çox şey yada düşür: ticarət, siyasət, hərb və sair. Bütün hallarda bu söz öz bətnində sülh, əminamanlıq, birgəlik, əməkdaşlıq kimi anlayışları gəzdirir. Odur ki, cənab Harnişin ideyasına sülh və sabitliyə təşnə kimi görünən iqtidarla müxalifətin dərhal əməli reaksiya verəcəyini təklif səslənən vaxtdan hər gün gözləməkdəyik. Siyasi barrikadanın hər iki tərəfindəki ovqatı bilmək, kiminsə irəli durub “sülh”ə addım atıb-atmayacağını təxmin etmək üçün tərəflərin son illər qəzet və televiziyalarda səsləndirdiyi DİALOQ çağırışlarını xatırlamaq kifayətdi. Bu çağırışlarsa məşhur “İsaq-Musaq” axtarışını xatırladır:
- İsaq, tapdın?
- Musaq, yox!
- Mən dialoqa hazıram!
- Mən də hazıram!
- Tapdın?
- Yox!
İlk baxışda elə görünürdü ki, onların axtardığını Harniş tapıb. Və indi deyəcəklər ki, cənab səfir, buyurun zəhmət olmasa, sazişi hazırlayın, biz də imzalayaq. Amma bunu demək lap ağ olardı, özümüz etməliyik. “Cənab səfir, sazişi mən hazırladım və qollamağa hazıram, buyurun, hansı bəndlərini deyirsiniz müzakirə edək, təki o biri tərəf də qollasın”.
…Ölkə iki cəbhəyə bölünüb sanki, leksikon da müharibədəki kimidi. Burada ən çox işlədilən söz “düşmən”, “satqın”, “xain”di. Bəlkə belə deyil? İqtidar nümayəndəsi müxalifətə bir kəlmə xoş söz desin, əl uzadıb görüşsün, yaxud əksinə, bunu müxalifət təmsilçisi eləsin, yarlığı dərhal üstündədi – SATQIN. Satılmaq düşmən cəbhəsinə keçməkdi. Onu yaxşı halda sıradan qovur və ya həbs edirlər, pis halda isə güllələyirlər.
Bilmirəm ölkə müxalifəti erməni müxalifətiylə daha isti və səmimi görüşər, yoxsa öz iqtidarı ilə, yaxud əksinə, ölkə iqtidarı erməni iqtidarı ilə mehriban söhbətləşər, dil tapar, yoxsa öz müxalifəti ilə? Söhbət bu sualın qəlizliyindən getmir. Məsələ ümumiyyətlə bu sualın haradan və necə yaranmasındadır. Nə xanlıqlar dövründə, nə bolşeviklərin müstəqilliyimizə son qoyduğu vaxtda, nə onların 70 illik hakimiyyəti illərində, nə 20 yanvarda, nə də məğlubiyyət dolu Qarabağ müharibəsində qarşılıqlı nifrətin topluma bu qədər hakim olması yada düşmür. “Nifrət”in hərbi qarşılığı silahdır. Onu düşmənə yönəldərlər. Biz onu özümüzə çeviririk, niyə? Bu, necə olur? Yəqin düzgün cavabı gələcək arxivlərdə toz udan tarixçilər verəcək. Bu gün isə Allah bizi öz silahımızdan açıla biləcək atəşdən qorusun! Onun yarası indiyədək aldığımız bütün yaralardan dərin olar. Və belə döyüşdə qalib olmur…
ABŞ səfiri saziş təklif edir. Əcnəbi diplomat bizim bir-birimizlə dünyanın qəbul elədiyi sivil dildə danışmağımızı istəyir. Biz necə, bunu istəyirikmi? İstəyirsinizmi, cənablar və bəylər? Yoxsa, Şeyx Nəsrullahın kəşfindən qorxan kimi, “ölülərin dirilib haqq-hesab soracağından” – günahlarımızdan, məsuliyyətimizdən qorxaq..? Bu saziş 200 yaşa çatan “Kürəkçay” müqaviləsi deyil ki, utanaq, alçaldıcıdır deyə. Heç Bişkək protokolu da deyil, başımızı aşağı salaq. Yəni, bir urvatlı seçki Qarabağ müharibəsindən də qorxuncdur? Adam sualların içində girinc qalanda bütün müqayisələr yerinə düşür.
Təklifi əcnəbi versə də saziş bizim sazişdir – yeni milli dəyərlərin, elə millətin özünün formalaşmasına təkan verəcək sonrakı sazişlərin əsasını qoya biləcək saziş.
Vahid Qazi
12 aprel 2005