Söz oyuncağı
Azərbaycanda Söz sözün özündən çox da xəbəri olmayan, onun məsuliyyətini tam anlamayan adamların əlində oyuncağa çevrilib. Əlinə qələm alanların bəzisi bilərəkdən, bəzisi də bilməyərəkdən Sözlə xatalı oyuna girir. Başa düşmürlər ki, dedinsə, yazdınsa, Söz daha sənin deyil, hamınındı – eşidənin, oxuyanındı.
Sözün məsuliyyətini tam anlasaydılar, bilərdilər ki, bu gün cəmiyyət üçün “Ölkəni tərk elədi!”, “Siyasi sığınacaq aldı!” kimi sözlər mətbuatı başına götürən “Özünü asdı!”, “İntihar elədi!” sözləri qədər mənəvi sarsıntıya səbəb olur. Sabaha onsuz da ümidi azalmış insanlarda panik ovqat yaradır, cəmiyyəti depressiyaya sürükləyir. Bunumu istəyirsiniz?
Bunu istəyənlər var! “Çıxıb getsinlər, ölkə bizə qalsın” düşünənlər var – özü də onlar tək hakimiyyət sahibləri deyillər. Sizdəmi onlarlasınız? Onlarla deyilsinizsə, susun! Bacarığınız varsa, insanlara ümid verin, verə bilmirsinizsə, olan-qalanı da almayın!
Bir də ki, son 20 ildə ölkədən gedən yüz minlərin hamısımı siyasi sığınacaq alıb? Getmə səbəbi birbaşa, ya dolayısıyla siyasətə bağlı olsa da, cavab “Yox!”du.
Mənə qaldısa, bir neçə ilimi xaricdə yaşayacam. Bu gün Polşa, sabah İsveçrə, birigün ABŞ da ola bilər. Səbəbi özümə bağlıdı, kiməsə hesabat vermək öhdəliyim yoxdu. Amma bu, “Azərbaycanı tərk elədi!” pafosundan çox uzaqdı, Azərbaycanda olmağım elə Qarabağda olmağım kimidi. Bilən bilir ki, Qarabağı bir gün də tərk eləmədim!
Bu, “Sığınacaq aldı!” kimi müasir ritorik deyimdən də uzaqdı. Mənim sığınacaq yerim içimdəki ikinci paramdı – vicdanın olduğu yer. Ona Tanrı da deyirəm hərdən,
Əvvəlki siyasi, sonrakı ictimai fəaliyyətimdən, bu gün elədiklərimdən narahat olan doğma adamlara da, sevincək düşən əzəli “dost”lara da deyirəm: mən Azərbaycanı tərk edə bilmərəm!
Müvəqqəti yoxluğuma azca da olsa işıq tutacaq “Əraf” adlı yazımı isə yaxın günlərdə oxuyacaqsınız. Qismət olsa…
Vahid QAZİ
17.10.12
Burserid, İsveç