Ağappaq bir ümid

Ağappaq bir ümid

Günay Ümid

Deyəsən, 10 yasım vardı. Kənddən, nənəmgilin həyətindən sarıçiçək gülü gətirmişdim. Ətri hələ də burnumdadı. Evdə dibçəyə əkmişdim, hər səhər su verirdim, elə həyəcanla gözləyirdim onun çiçək açmasını…

Bir gün məktəbdən gələndə gördüm ki, yarpaqlarını sərib yerə, dibçəkdə büzüşüb. Ağladım! Atamın “Yabanı çiçəkdi, dibçəkdə bitməz” sözünü o vaxt başa düşməmişdim. Sonralar anladım ki, hər bitki yalnız öz torpağında bitir.

Xatirələr onsuz da kövrək olur, amma bəzən insan onun ən əlçatmaz, ünyetməz dərinliklərinə baş vurur, onda ürək sızıltısını nəbzin kimi duyursan. Onda böyüdüyün ev, oynadığın həyət, hər budağında uşaqlığın gülümsəyən ağaclar, hətta sənə dəyərsiz gələn əşyalar bu gününün ən özəl və gözəl nəsnələrindən belə qiymətli olur. Oxumağa davam et

Göyərçin ruhlara göylərdə yuva quraq

Göyərçin ruhlara göylərdə yuva quraq

“Ruhlar şəhəri”ni oxuyarkən

 Əziz Vahid Qazi!

“Ruhlar şəhəri” kitabını oxudum. Oxudum yox, yaşadım. Yaşamağa məcbur elədin.

Bu kitaba bir kimsə etinasız qala bilməz, xüsusən də Qarabağlı, Ağdamlı ola, mən belə fikirləşirəm!

Qısa və konkret yazacam. Bilirsən ki, mən yazar yox, aktyoram!

Şahmalı Kürdoğluyla oğlunun ölüm səhnəsinə sürrealist təsvir vermisən. O qədər təsirlidir ki, hər bir Ağdamlı silah götürüb müharibəyə gedər.

Onların ruhunu bir cüt donmuş göyərçinə bənzətdim. 18 ildir donu açılmayan göyərçinə… Donmuş ruhlar bizi məzəmmət edirlərsə, yaşamağa haqqımız varmı?

Kitabın sonuncu bölümündə müharibədən sonra Ağdamın tikintisinin “genplan”ın oxudum. Xahiş edirəm ki, birinci, Ağdamın göyündə – əngin üfüqlərdə donub qalan göyərçin ruhlara bir yuva quraq. Hər evdə, bilirəm ki, yuva olacaq –  hər evdə şəhid var…

Ruhlar yaşayır, ancaq bizim Ağdamın şəhid ruhları donublar. Bizim ora getməyimizlə onların donu açılacaq və ruhlar öz şəhərlərində öz ömürlərini sakit yaşayacaqlar…

Yenə də Ağdamda həyat qaynayacaq!!!

…Tək donmuş ruhlar yox, Ağdam da bizdən küsüb. Ağdamı Ağdamlılar anlayar. Çalışaq ki, o, möhtəşəm Ağdamla barışaq.

Ağdamda yuva qurmaq – ev tikmək arzusu ilə……!!!???

 Tofiq QARAYEV

Azərbaycanın əməkdar artisti

Cavanşir Yusifli “Ruhlar şəhəri”ndən yazır

Yusif üzlü kitablar, yaxud heyva qoxusu

Kitabın son səhifəsini çevirir, örtüb-bağlayırsan və bütün ağrılar bundan sonra başlayır.

Əsər (kitab) var ki, bu dünyada hiss, duyğu adına nə varsa elə təhkiyə boyu sənə dadızdırmaq istəyir, axırıncı səhifənin son cümləsində sanki belə bir P.S. də qoyur ki, get işinlə-gücünlə məşğul ol.

Amma eləsi də var ki, səni işindən-gücündən edir, düşündürür, əhvalını dəyişir, səni gedə bilmədiyin yerlərə göndərir.

Vahid Qazinin “Ruhlar şəhəri” məhz bu qəbildəndir.

Ruhlar sheheri - Agdam

Burada o qədər ağrı-acı, o qədər məşəqqət var ki, ona “kitab” deməyə adamın dili gəlmir, bunu yazan, danışan yaxından tanıdığımız, qələminə, istedadına güvəndiyimiz Vahid Qazi yox, zirzəmidəki heyva ətrinə qurban gedən, Yusif üzlü kitablarla böyüyən, hələ də o yaşda qalan Vahiddir. Oxumağa davam et

ÇİYİN-ÇİYİNƏ

Esmira Məhiqızı

 ÇİYİN-ÇİYİNƏ

Vahid Qaziyə

Göz-gözə, üz-üzə, çiyinə-çiyinə.

Gəl, verək əl-ələ dərdlərdən keçək.

Yenə Qarabağın çıxıb seyrinə,

Dağılan yerlərdən, yurdlardan keçək.

Yüyürək Ağdamın küçələrindən,

Külək tozumuza çata bilməsin.

Burulaq tinindən, döngələrindən

Həsrət bizi qovsun, tuta bilməsin. Oxumağa davam et

Mənim “Ruhlar Şəhəri”m

Mənim “Ruhlar Şəhəri”m

Günel CABİRQIZI

“Ümidini itirənin itirməyə başqa nəyisə qalmaz” – deyib bir müdrik. Biz də 18 ildir ki, hər gün, hər dəqiqə, hər an Qarabağa – Ağdama qayıdacağımız günə ümid edirik. Və bu ümidimizi də Qarabağ kimi əllərimizdən buraxmaq niyyətində deyilik. Mən o müqəddəs torpaqda – Ağdamda doyunca gəzib, havasını içimə çəkib, göz yaşı kimi duru sularından içməmişəm. Allahım mənə Ağdamda doğulmaq, ağdamlı olmaq nəsib etsə də, vətənimi tanımaq, dağlarına, düzlərinə uzanan yollarını, cığırlarını öyrənmək imkanı vermədi. Uşaqlığımın dumanlı yaddaşında yalnız iki ünvan qalıb: Qızıl Əsgər küçəsi və İmarətin həyəti. Amma mən Ağdamı doğulduğum gündən bəri sevdim. “Haralısan?” sualını verənlərə “Ağdamlıyam” cavabını verməyin ləzzətini, fəxarətini anlatmağa layiqli cümlələr qura bilmirəm. Amma bir o qədər də xəcalət çəkirəm. Ona görə ki, Ağdamsız ağdamlı olmağın dərdi də, xəcaləti də, nə yerə, nə göyə, nə də yumruğum boyda ürəyimə sığmayacaq qədər böyükdür. Oxumağa davam et

Zülm bitsin

Zülm bitsinhikmet-sabiroc49flu

Hikmət Sabiroğlu

“Vaxtı ilə atamın toyunu çalmış qonşu Paşa dayının səsini son dəfə bir-iki il əvvəl Bakı restoranlarının birində eşitdim. Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir parçası da içinə beş-on manat atılan qavalını görəndə yerə düşdü”.

Ağdam dərdini “Ruhlar şəhəri” kitabında belə yazırsan.

Bir-birimizin halından xəbərdarıq. Amma bu məqama heç toxunmamışıq: Qarabağ zülmü gələndən tikə-tikə itirdiyimiz ürək haçan tükənəcək ki, yerə düşməyə bir parçası da qalmasın? Biz onu tikə-tikə, zərrə-zərrə itiririk, hər dəfə bu, sonuncu olar düşünürük, amma yenə ardı gəlir.

Səni bilmirəm, mən sonu görünməyən bu itkilərdən çox yorulmuşam.

O gün şəhərdə Həlimə Ələsgərova adlı gənc şuşalının “Mənim Şuşam” sərgisinin keçirildiyini dedin. Vaxt eləsəydim, gedib baxardım. Amma sən bilirsən əsl Şuşa sərgisi necə olur.

“Mənim Şuşam” sərgisi açılan gün Yeni Yasamala getmişdim. Yasa. Orda çox şuşalı olur, bilirsən. Bir həyətdə iki mağar vardı. Ayrı-ayrı adamların mağarı. Mən yasda olan vaxt hay düşdü, cavan bir gəlinin ölüm xəbəri gəldi. Həmin həyətdən. Həmin binadan. Həmin blokdan.

Eyni blokda üç şuşalı yası. Belə sərgidir Şuşa sərgisi.

Həyətdə üçüncü mağarı qurmağa yer olmadı. Şəhid qızı olan həmin gəlinin yasını Pirşağıya saldılar.

Qəbiristanlığımızın Pirşağıda olduğunu bilirsən. Şuşalıların bir sözü var, onu da bil: “Kimi görmək istəyirsən Pirşağıya get, hamı ordadır”.

Dolub qurtarmış, addım qoymağa bir qarış yer qalmayan qəbiristanlığı deyirlər.

Biləcəridə atanla ananın, müəllimimiz Famil Mehdinin uyuduğu Ağdam qəbiristanlığı da dolub, bilirəm. Onunla üzbəüz ayrı bir Ağdam qəbiristanlığında da yer qalmayıb. Adil Qaçayoğlu yatan qəbiristanlığı deyirəm.

Mən soruşmuram bu yaraya məlhəm varmı. Yeni Yasamalda, Pirşağıda, Biləcəridə tikə-tikə itirdiyimiz ürəyin haçan sönəcəyini soruşuram.

Bu yaraya məlhəmin nə olduğunu yazmısan, ona görə soruşmuram. “Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər. Şəhər yeni sevgi dastanı yaşayacaq”.

Belə yazırsan “Ruhlar şəhəri”ndə. Ağdamın ağ gününü belə görürsən.

Kitabının həmin bölümünü oxuyanda sənə yazdığım məktubu saxlamısanmı? “Doğrudanmı biz o günü görəcəyik, qaqa?” yazmışdım. İndi hamının yanında soruşuram: görəcəyikmi o günü, hər şey sən yazan kimi olacaqmı?

“Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhlədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar.

Gələn qonaqlara Şahbulaqda Koroğlu qalasını, Ağdamın kurqanlarını, Füzulidə Azıx mağarasını, Əsgəran qalasını, Vəngdə Qandzasar, Kəlbəcərdə Dastagir Alban kilsələrini, Şuşa qalası, Turşsu, Qırxqız yaylası, min-min bulaq, daha nə bilim nələri göstərərik. Dünyanın hər yerindən şәhәrimizә turistlәr axışar.

…Şuşa, Kəlbəcər, Gülablı sanatoriyalarında adam əlindən tərpənmək olmaz. Buraları ruhların dincələn, azad olan yerinə çevirərik”.

Qarabağlı günləri belə görürsən.

O günü görmək qismətim olmasa, mən əvəzdən də sevinməyə söz verirsənmi?

Qarabağ zülmünün bitməsi lazımdır. Ən azı ona görə ki, qalan dərdləri çəkməyə, bir-birindən ağır itkiləri sinirməyə heyimiz olsun.

“Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı”.

Uşaqlıq dostlarının – sinif yoldaşlarının dərdini belə yazmısan.

Harda desən olan, təkcə Şuşada olmayan sinif yoldaşlarım… Birini bu yaz gördüm. Son dəfə 20 il əvvəl Şuşada rastlaşmışdıq. O təsadüfi görüşə qədər çox ölüb-dirilmişdim.

18-i Şuşasız keçən 20 ildə nə qədər darıxdığımı sənə necə deyim? Çox darıxmışdım. Amma həsrət bitmədi. Ayrılıq təzələndi.

İndi də darıxıram. Amma belə darıxmaq çətindir. Qarabağda darıxmaq asan olar deyirəm.

Mən demirəm Qarabağın azadlığı bizim şərəf məsələmizdir. Bizim eldən xəbərsiz adamlar belə deyə-deyə bu sözü urvatdan saldılar.

Nə qədər dərdimiz var. Qarabağ azad olsa, o dərdləri ürəkdən çəkərdik. “Ruhlar şəhəri” kitabına düşməyən dərdləri. Yurd kimi istədiyimiz adamların ağrısını çəkərdik.

“Qarabağ söhbətləri” çıxanda Məmməd Nazimoğlu belə yazmışdı: “Hikmətin avtoqrafı olan kitabı hələ gedib götürə bilməmişəm. Boynuma alıram ki, vaxt qıtlığını səbəb kimi göstərə bilmərəm. 24 saatın 30 dəqiqəsini ayırıb “Media forum”a getmək mənim üçün çətin deyil. Çətinlik bir başqa məsələdədir. Hikmət Sabiroğlu o kitabı mənə təqdim eləyəndə nə deyim? Deyim ki, gün o gün olsun, belə kitablardan çox yazasan? Ya bizim şou əhli kimi üzümə üz bağlayıb söyləyim ki, gün o gün olsun kitabın təqdimatını Şuşada keçirək?”

İndi özüm çətinə düşmüşəm, Vahid Qazi, “Ruhlar şəhəri” kitabına nə deyim?

Necə xeyir-dua verim?

Deyim ki, gün o gün olsun bu kitabın təqdimatını Ağdamda keçirək?

Zülm bitsin. Bunu deyirəm.

“Mediaforum”. 8 oktyabr 2010

Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

Yaramı göynədən «Ruhlar şəhəri»

Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

 Qardaşım Vahid, səni təbrik etməyə dilim gəlmir, amma elə bilirəm ki, illərdən bəri yaşadığın yurdsuzluq zülmünün ağrı-acısını yazmaqla azca da olsa canından çıxarıb bir hovur nəfəs dərmisən. Ancaq səni məhz bu kitaba görə təbrik edəcəm, yazımın sonunda deyəcəm nə vaxt.

«Ruhlar şəhəri» bizi dərddən dəliyə döndərdi, həm də yanan ciyərimizə bir az su səpdi. Sən bizim tablomuzu yaratmısan, naturadan. Bu kitabı oxuya-oxuya fikirləşdim ki, nə yaxşı biz indəyəcən dəli olmamışıq?! Hə, gəldim ora çatdım, sən məndən də əvvəl yazmısanmış, «nə vaxtsa havalanmısanmı?» Elə havalıyıq, Vahid, vallah havalı-havalı gəzirik. Rəhmətlik İsa İsmayılzadəni tanıyırdınmı? Onun bir fikri vardı: «Şüşəsi qırıq-qırıq olub içinə tökülmüş termus kimiyəm, çöldən bütöv görünürəm». Yeri nurla dolsun gözəl şairimizin, ölümünə yaxın bizi də gözəlcə ifadə edib.  Oxumağa davam et

GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

 Asəf Quliyev

“Ağdam – Qafqaz Xirosması və ruhlar şəhəri” sərgisinə və “Qafqaz Xirosiması” filminə baxan uşaqların gözündəki kədəri görəndən sonra özümlə bir az söhbət elədim. İlk yadıma düşən bir ahıl yaşlı ingilisin mənə neçə il bundan əvvəl dedikləri oldu.

Həmin ingilislə həmyaşıd olan yəhudi dostuna valideynləri heç vaxt alma vermirlərmiş. Valideynlər həmişə övladlarına bildirirmişlər ki, sənin almaların “müqəddəs torpaqdadır”, əgər alma yemək istəyirsənsə, sən gərək o torpaqları azad edib orada öz dövlətini qurasan. Bax o zaman doyunca alma yeyə bilərsən.

Bu əhvalat II Dünya Müharibəsindən sonra olub. Sonra həmin yəhudi oğlan İsrail ordusunun əsgəri kimi döyüşlərdə iştirak edir və sair və ilaxır. Bu yəhudi oğlan haqda çox danışmışdı ingilis həmsöhbətim. Amma mən o yəhudi haqda danışmıram. Oxumağa davam et

“Ruhlar şəhəri” kitabının ruhuna

“Ruhlar şəhəri” kitabının ruhuna

Rəfail Tağızadə

Vahid Qazinin “Ruhlar şəhəri” kitabını mən ondan – müəllifdən qabaq özüm üçün kitab halına salmışdım. Bütün yazıları  bir-birinə tikərək özəl bir kitab eləmişdim. Çünki bu yazıların kitab halına salınması zərurətini duyurdum. Vahid bəy sanki uşaqlıqdan Ağdam haqqında, oradakı uşaqlıq illəri haqqında nəyisə yazacağını əvvəlcədən nəzərdə tutubmuş. Təbii ki, bizlər üçün yox. Ağdamı görməyənlər üçün. Əcnəbilər üçün. Tanıtım üçün. Bu unikal ŞƏHƏR haqqında yazmaq keçirmiş könlündən. Çox təəssüf ki, bütün bunlar indi, Ağdamsız günlərimizdə yazıldı. (Əslində bütün bunlar mənə də aiddir. Mən də o yerlər haqqında indi yazıram.) Elə bizlər üçün də yazıldı bu kitab. Və nə yaxşı ki, yazıldı. Tanımayanlar tanıdı. Görməyənlər gördü. Bizlərisə, o günlərə qaytardı. Dönə-dönə. (Kitab o qədər fotoqrafik şəkildə dəqiq yazılıb ki, sənə ancaq görmək qalır. Sadəcə, baxıb görmək). Oxumağa davam et

Talan olmuş əsir şəhər – xatirələrdə…

AqdamNew2

Talan olmuş əsir şəhər – xatirələrdə…

 Bu gün İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və neçə-neçə başqa yurd yerlərimiz erməni vəhşilərinin tapdağı altında inləyir. Şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xarabalığa çevrilib, yer üzündən silinib. Belə şəhərlərdən  biri də möhtəşəm Ağdamdır.

Publisist Vahid Qazinin “Ruhlar şəhəri” kitabı erməni cəlladlarının işğal etdikləri Ağdam şəhərindən bəhs edir. “Ön söz”, “Son söz” və on beş essedən ibarət kitabın müxtəlif başlıqlı hər bir bölümündə Ağdam şəhərinin keçmiş qaynar həyatının müəyyən bir anı yad edilir, real həyat faktları, insanları, evləri, küçələri anılar, bədii sözlə tablosu çəkilir. Ağdam şəhərinin daxili quruluşu, küçələri, mədəniyyət ocaqları, məktəbləri, çayxanaları, kinoteatrı, müxtəlif təbəqədən olan ayrı-ayrı insanları xatırlanır, onlarla bağlı maraqlı hadisələr göz önündə canlandırılır. Hər bir ana həssaslıqla yanaşan Vahid Qazi insanı heyrətləndirəcək dərəcədə sanki keçmişə real səyahətə aparır. Oxumağa davam et