Ağappaq bir ümid
Günay Ümid
Deyəsən, 10 yasım vardı. Kənddən, nənəmgilin həyətindən sarıçiçək gülü gətirmişdim. Ətri hələ də burnumdadı. Evdə dibçəyə əkmişdim, hər səhər su verirdim, elə həyəcanla gözləyirdim onun çiçək açmasını…
Bir gün məktəbdən gələndə gördüm ki, yarpaqlarını sərib yerə, dibçəkdə büzüşüb. Ağladım! Atamın “Yabanı çiçəkdi, dibçəkdə bitməz” sözünü o vaxt başa düşməmişdim. Sonralar anladım ki, hər bitki yalnız öz torpağında bitir.
Xatirələr onsuz da kövrək olur, amma bəzən insan onun ən əlçatmaz, ünyetməz dərinliklərinə baş vurur, onda ürək sızıltısını nəbzin kimi duyursan. Onda böyüdüyün ev, oynadığın həyət, hər budağında uşaqlığın gülümsəyən ağaclar, hətta sənə dəyərsiz gələn əşyalar bu gününün ən özəl və gözəl nəsnələrindən belə qiymətli olur.
***
“Ruhlar şəhəri” Ağdam indi doğrudan da ruhlar şəhəridi. Mənim qəhrəmanım indi də xəyallarıyla, düşüncələriylə, xatirələriylə o şəhərdədi. Bir az da sarıçiçək gülünün taleyini yaşayır.
Qəhrəmanım Vahid Qazi “Ruhlar şəhəri” kitabında yazır: “Vətən”lə “Yurd” sözlərini dəyişik salma, bir-birinə oxşadıqlarına baxma, fərqləri var! Fərqini məndən soruş! Vətən böyükdü, hamınındı, ümumidi. Bakı, Şəki, Ordubad da vətəndi… Aydan baxsan, Yer də vətəndi. Amma hər kəsin içində balaca, yalnız özünə məxsus bir küncü var, bax, ora Yurd deyirlər. O, diridi, tərpənir. Yaxınlaşıb baxırsan, qoxulayırsan, toxunursan, o üzünə, bu üzünə çevirirsən, qapısını açıb içinə girirsən. Girirsən və görürsən ki, o, elə özünsən…
Dünyada çox şəhər var, işğal olunub, azad edilib… Amma Ağdam Yer üzündən silinib, daha yoxdu, nə işğal altında, nə də torpaq üstündədi…”
İçində gəzdirdiyi acı qələmindən vərəqlərə töküləndə nifrətinin nə boyda olduğunu hiss elədi Ağdamı yer üzündən silənlər bəlkə də. Yanan daşların tüstüsündə kor olacaq qədər zavallı, aciz bildi sevinclərini bəlkə də! Ürəyi sızıldadı. Onun bu sızıltılar arasında ümidini gördüm, ağappaq bir ümid.
***
Böyüdüyüm evdən köçəndə mənim də urəyim sızıldamışdı… Hər otaqda uşaqlığımın şıltaq xatirələri gülürdü. Bu xatirələri məndən heç kəs ala bilməz! Mən də bu yazını o təsəllinin kölgəsinə sığınıb bitirəcəm. Xatirələrimizi heç kəs və heç nə işğal edə bilməz, onlar həmişə bizimlədir.