Mənim “Ruhlar Şəhəri”m

Mənim “Ruhlar Şəhəri”m

Günel CABİRQIZI

“Ümidini itirənin itirməyə başqa nəyisə qalmaz” – deyib bir müdrik. Biz də 18 ildir ki, hər gün, hər dəqiqə, hər an Qarabağa – Ağdama qayıdacağımız günə ümid edirik. Və bu ümidimizi də Qarabağ kimi əllərimizdən buraxmaq niyyətində deyilik. Mən o müqəddəs torpaqda – Ağdamda doyunca gəzib, havasını içimə çəkib, göz yaşı kimi duru sularından içməmişəm. Allahım mənə Ağdamda doğulmaq, ağdamlı olmaq nəsib etsə də, vətənimi tanımaq, dağlarına, düzlərinə uzanan yollarını, cığırlarını öyrənmək imkanı vermədi. Uşaqlığımın dumanlı yaddaşında yalnız iki ünvan qalıb: Qızıl Əsgər küçəsi və İmarətin həyəti. Amma mən Ağdamı doğulduğum gündən bəri sevdim. “Haralısan?” sualını verənlərə “Ağdamlıyam” cavabını verməyin ləzzətini, fəxarətini anlatmağa layiqli cümlələr qura bilmirəm. Amma bir o qədər də xəcalət çəkirəm. Ona görə ki, Ağdamsız ağdamlı olmağın dərdi də, xəcaləti də, nə yerə, nə göyə, nə də yumruğum boyda ürəyimə sığmayacaq qədər böyükdür.

Vətənimdən qoparılıb qəribliklərə atılanda 5 yaşındaydım. Vətən nədi, torpaq nədi, dost nədi, düşmən nədi bilmədiyim yaşımda ilk öyrəndiyim, hiss etdiyim duyğu qorxu, təlaş oldu. Qorxunun təsirindən hədəqəsindən çıxan gözlərimindəki parıltı indiyə kimi yadımdan çıxmır. Anamın bizi ayaqqabılı yatırtdığı, nənəmin hər gün ağı deyib şəhidlərə laylay çaldığı, başımızın üstündən qırıcıların, mərmilərin uçuşduğu illərdə uşaq oldum mən. Qorxunun təsirindən titrəyərək qısıldım anamın soyuq qoynuna. Anamın isti qucağı hər gün axıtdığı göz yaşlarından islanıb buz bağlamışdı sanki. Ağlım yenicə dünyanı, həyatı dərk etməyə başladığı vaxtlarda ağlaşma, ah-nalə, güllə səsləri ilə, faciə nağılları ilə, qaçhaqaçda, qovhaqovda böyüdüm. Çox kitab oxudum Ağdamla bağlı, çox hekayələr, nağıllar eşitdim. Amma bu yaxınlarda ruhlarımızın, ölülərimizin şəhəri olan, yağılara əsir düşən qara bəxtli Ağdamın ağ günlərindən bəhs edən daha təsirli bir kitab oxudum – Vahid Qazinin “Ruhlar Şəhəri” kitabını. Əslində bu kitabdakı yazılar təkcə müəllifin Ağdamlı günlərinin xatirələrindən ibarət deyil. Bu kitabda tinbətin, döngəbədöngə, küçəbəküçə Ağdam təsvir olunub. İnsanların mehribanlığını, istiqanlılığını, bir-birinə olan sevgisini duydum mən bu kitabda. Oxuduqca Ağdamı gəzdim, bir səhifədə öz evimizi, bir səhifədə nənəmgilin evini, bir səhifədə getdiyim bağçanı, bir səhifədə ata-anamın oxuduğu məktəbi, bir səhifədə doğmalarımın ünvanlarını tapdım. Hara, hansı küçə ilə getmək lazım olduğunu öyrətdi bu kitab mənə. Düzdü, indi Ağdam yerlə yeksan olub. Nə tini, nə küçəsi qalıb. Amma Vahid müəllimin yazılarından ümid qığılcımları səpildi könlümə. Düşünürəm ki, Vahid Qazi məndən və yaşıdlarım olan ağdamlılardan qat-qat xoşbəxtdir. Xoşbəxtdir ki, onun Ağdamla bağlı bir kitablıq xatirələri var. Dərdliyik, yaralıyıq. Bəlkə də səsimizi dünyaya çatdıra bilməkdə acizik. Amma ən azından buna sevinməliyik ki, Qarabağın-Ağdamın bizim olduğunu sübut edəcəyimiz saysız dəlillərimiz var. Bu dəlilləri beynində, ruhunda daşıyanlar var, Vahid Qazi var. Biz gözümüzü müharibəyə açdıq. Çoxumuzun dili qəriblikdə söz, ayağı qürbətdə addım tutdu. Çoxumuz ağdamlı ata-analarımızdan bakılı, şəkili, gəncəli, imişlili kimi doğulduq. Bizim qismətimizə, bayramlardan çox, faciələri qeyd etmək yazıldı. Bizim xatirələrimizdə çiçəkləri qurumuş, otları saralmış, ağacları kötüklərə çevrilmiş, bulaqlarına, çaylarına qan qarışmış Ağdam var. Amma Vahid Qazinin xatirələrindəki Ağdam al-əlvan, canlı, toylu-bayramlıdır. “Ruhlar şəhəri”ni oxuduqca sanki Vahid müəllimlə bir vaxtda yenidən doğuldum, onunla dil açdım, ayaq açdım. Onunla məktəbə getdim, oxudum, oynadım, kinoya baxdım…

Vahid Qazinin yazılarına nabələd deyiləm. Həmişə olmasa da, ara-sıra “525-ci qəzet”dəki məqalələrini oxuyurdum. Onun yazılarında pafoslu cümlələr, beynimizin, qulaqlarımızın doyduğu sözlər yoxdur. Bəziləri kimi “asaram, kəsərəm, düşmənin qanını içərəm” yazmır. Çeynənmiş sözlər işlətmir, gözdən pərdə asmaq üçün tarixin yaddaşını qurdalamır. İntiqam hissi yaratmaq üçün qan saçan hekayələr qurmur. “Ruhlar şəhəri” kitabı Vahid Qazinin, bizim ruhumuzun eləcə də Ağdamın səmalarında dolaşan əsir ruhların fəryadının səsidir. Yalnız rəsmindən tanıdığım bu insanın üzündəki qəriblik ifadəsi həmişə diqqətimi çəkib. Vahid müəllimin simasında dərdin cizgiləri, həsrətin xəritəsi görünür. “Baxmayaraq ki, ermənilər bizim millətə qarşı görülməmiş vəhşiliklər törədib. Mən heç bir zaman erməni başı kəsə bilmərəm”. Kitabın təqdimatında Vahid müəllimin işlətdiyi bu cümlə onu mənim aləmimdə bir pillə də ucaltdı. Ona görə ki, bəziləri kimi, hap-gop eləyib, sonra da qaçıb gizlənmir. Bəli Vahid Qazi düşmənin başını sözü, əməli ilə kəsir. “Qafqaz Xirosiması” ilə, “Ruhlar şəhəri” ilə…

Kitabın sonunda yer alan “Xəyal memarı” essesi Ağdama gedəcəyimiz günün ümidlərinin yaşıl yarpaqlarıdır. O yarpaqlar kimimizin qəlbində hələ tumurcuqdu, kimimizin qəlbində pöhrələnib, kimimizin də qəlbində gündən-günə böyüyür. Amma heç birimizin qəlbində xəzan olmayıb və nə qədər ki, qəlbimizdəki bu ümid yarpaqları vətənə məhəbbət bulağından su içir, deməli, heç zaman solub, məhv olmayacaq.

“525-ci qəzet”. 5 mart 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma