Qarabağ atıyla demokratiya dalınca

atli

                           Foto: Abbas Atilay

Qarabağ atıyla demokratiya dalınca

1993-cü ildə siyasi mübarizədə hədəf vektorunu dəyişməyin səhv olması qənaətinə indi gəlmişəm: o vaxtacan siyasi gündəmdə aparıcı şüar  “Qarabağ” idisə, çevrilişdən sonra “çayın səmti” ustalıqla dəyişdirildi – meydanda bir şüar qaldı: “Demokratiya!” Oxumağa davam et

“Gələcək görmək istədiyim keçmişdi”

volvo 1959

“Gələcək görmək istədiyim keçmişdi”

Vahid Qazi: Qorxum isə toplum olaraq, Qarabağ duyğusunu itirməkdən yanadı

Qəribə bir xasiyyətimiz var, vallah. Adamları gedəndən sonra axtarırıq. Vahid Qazi də ölkəni tərk edəndən sonra müsahibə almaq eşqinə düşdüm. Olsun ki, bu bir qədər də canımızda-qanımızda az-çox olan “gizli mazoxistlik”dən qaynaqlanır. Biz özümüz də bilmədən əzab çəkən, sürgün, mühacir, siyasi dustaq olan adamları sevirik. Belə görünür ki, biz onlardan daha çox onların əzab və dərdlərini sevirik. Düzü, V.Qazinin “Ruhlar şəhəri” kitabını oxumuşdum, amma digər iki kitabını “Çamayra – Kuba dəftəri” və “Yaddaş ləpirləri”ni 4 gün ərzində oxudum, bu mütaliə həm də müsahibəyə hazırlaşmaq üçün idi. Hər üç kitabda cilalı və zəngin dil, hissə qapılmadan, “vətənbazlıq”dan uzaq memuar stilistikası və səfər təəssüratlarını yerli-yataqlı bölüşmək bacarığı xoşuma gəldi. 

Vahid müəllimlə görüşmək imkanımız olmasa da (yəqin nə vaxtsa o da olar), danışmaq mümkün oldu. Bu müsahibə söhbət səmimiyyətini bacardığımızca qorumağa çalışmışıq, amma doğru-dürüst qiymətin “sahibkarı” bu məqamda ancaq və ancaq oxucular ola bilər.

–         Azərbaycanda səfər təəssüratlarını bölüşə bilən yazıçı demək olar ki, yoxdur. Bizdə ya təəssüratlar heyranlıqla olur, ya da sadəcə gördükləri mənzərəni adbabad adlandırmaqla. Amma sizin səfər təəssüratlarınız və münasibətiniz mənə çox maraqlı göründü. Sizcə, bizim yazarlarda səfərnamələr niyə yaxşı alınmır?

–         Maraqla oxunan səfər yazıları yazmış çoxlu yazıçı, publisistimiz var. Başqaları adından danışa bilmərəm. Özüm haqda onu deyim ki, səfər yazıları yazmaqdan xoşum gəlir. Tənbəl yazar üçün bu asandı, çünki xüsusi süjetlər qurmağa ehtiyac olmur, olana yüngül əl gəzdirirsən, bəs edir. Səfər yazılarının uğuru həm də ondadı ki, burada hərəkət, dinamıka var. Bu yazıları “oturaq” məntlərdən oxunaqlı edən də budu. Əgər oxucunu səfər iştirakçısına çevirə bilirsənsə, deməli onunla təmasın baş tutub. O biri yazıları bilmirəm, amma Rüstəm İbrahimbəyov yazır ki, Kuba təəssüratlarında oxucuyla belə təmasım alınıb. Bu sözləri oxumaq çox xoş idi. Oxumağa davam et

“Azneft” çayxanasının sakinləri

“Azneft” çayxanasının sakinləri

 “Yanan şamı şamdanın altına qoymazlar, üstünə qoyarlar ki, bütün ev işıqlansın”. (İncil)                 

  • Ramiz Rövşən: “Həmin dostları uzun illər görməsəm də inanıram ki, etalon saatı kimi harda olmalarından asılı olmayaraq düz işləyirlər”.
  • Natiq Səfərov: “Amma onu dəqiq bilirəm ki, (bu mənim  gəldiyim həqiqətdir) bizim dağılan çayxananın üzərində müstəqil Azərbaycan dövləti quruldu”.
  • Vaqif Cəbrayılzadə: “Üzünə rəsmi qapı bağlananlara çayxana qapısı açıq olurdu. Amma çox adam bu açıq qapıdan keçə bilmirdi”.

XIV əsrin axırlarında İtaliyada Dirçəliş dövrü başlayır. Bu, kilsənin Avropada hakimlik etdiyi  dövr idi. Məhz Dantedən Albertiyə qədərki dirçəliş illəri bəşər tarixində görünməmiş sıçrayışlardan olan İntibah dövrünə zəmin yaratdı. Şübhəsiz, insan psixologiyasında və dünya dərkində yeniliklər yaradan o dövrün dahi sənətkarlarının təfəkküründəki inqilabın səbəbləri vardı. Şübhəsiz ətrafı bürüyən qatı kilsə qaranlığı və onun fonunda azad düşünmək yanğısı bu səbəblər sırasındadı.

Əlbəttə Azərbaycanın ədəbi-siyasi tarixində əvəzsiz rol oynayan iyirminci əsrin 60-70-ci illərinin Avropa İntibahına bənzətmək yersiz görünər, heçəslində bunlar arasında oxşarlıqdan söhbət getmir. Amma o da  məlumdur ki, əsrlərlə xristian zülmətində qalanlarla onilliklər  boyu kommunist rejiminin yaratdığı çərçivədə yaşayanlar arasında tale oxşarlığı var. Bax ona görə də altmış-yetmişinci illəri heç olmasa dar qavrayışda Dirçəliş adlandırmaq olar. Bir həqiqət də var ki, hər hansı intibah hər hansı dirçəlişdən doğur.

Siyasi rejimin qəbul etmədiyi və eyni zamanda həmin rejimi qəbul eləməyən beyin sahblərinin zəmanəyə yad  düşünmək tərzi o vaxt yeni ab-havalı “cəmiyyət” yaratmışdı. İdeyaca sərhədsiz olan bu “cəmiyyət” məkan etibarı ilə kiçik bir çayxanaya yerləşmişdi. Siyasi rejimə yad fikirlərin yiyələri isə həmin çayxana-cəmiyyətin üzvləri idilər. Dövrün ictimai-ədəbi potensialı həmin çayxanaya cəm olmuşdu. Yazdıqları çap olunmasa da, əsərləri cild-cild dərc olunan yazıçıları tar-mar etmək gücünə malik idi bu çayxana-cəmiyyətin ədəbi gücü. Elə bu gücü ilə də o vaxtın elmi, ədəbi, siyasi mühitinə “hakim” kəsilmişdi. Bətnində bir dünyalıq enerji gəzdirən  çayxana özü də hiss etmədən ictimai rəyi milli özünüdərk məcrasına yönəldir və  əslində gələcək partlayışa zəmin yaradırdı. Əlbəttə, söhbət ondan getmir ki, həmin çayxanada hansısa inqilabi fəaliyyət aparılırdı. Söhbət ondan gedir ki, zaman Azərbaycanın potensial qüvvəsini kiçik bir çayxanada yerləşməyə məcbur etmişdi. Və şübhəsiz, bu enerji  yalnız çayxana daxilində qala bilməzdi…

Həmin çayxananın üzvləri özlərini elə bu çayxananın yetişdirməsi hesab edirlər. Ali məktəblərdən fərqli olaraq burada həm də həyat və insanlıq dərsi keçirdilər. Elə ona görədir ki, çayxana yolunu keçməyi özlərinə sığışdırmayanların sonrakı yaradıcılıq taleyi ağır oldu. Oxumağa davam et

“525-ci qəzet”in 20 yaşına

Dirçəliş romantikası

“525-ci qəzet”in 20 yaşına

Hər kəsə öz romantikası doğmadı. Mən romantikası olanlardan danışıram, olmayanlar heç bu yazını oxumasalar yaxşıdı. Bilmirəm indiki gəncliyin xəyal dünyası necədi, duyduğum odu ki, mənim gəncliyimin romantikasına bənzəmir. Gənclərimiz inciməsin deyə demirəm, heç yaşlı nəsli bir vaxtlar göylərə qaldırmış gənclik ehtirası da bizimkinə çatmaz.

Bizim romantikamız ayrı aləm idi. Öz yaşadıqlarımı bir-bir sadalayım özünüz baxın!

Sovet ordusundan təzəcə gələn, enerjisi aşıb-daşan gənc olasan, qayıdanda qoyub getdiyin vətəni alayı cür görəsən: yurdunda erməni-müsəlman davası qızışa, ölkəndə milli hərəkat başlaya, azadlıq mücadiləsi gedə; sən də azadlığın nəfəsini Bakı sabahının sərin mehi üzünü yaladığı kimi xəfif-xəfif duyasan, yatmış yaddaşın qəfil bir əfsunla oyana, özünü tarixin fövqündə duyan bir xalqın övladında tapasan, ilk kərə gördüyün sən demə köhnə bayrağına baxdıqca qəlbinin döyüntüsü onun tərpəniş ritminə köklənə, səsi arxiv tozu basmış notdan yenicə çıxan himnin əzəməti içinin ən saf yerindən süzülüb üzündə göz yaşı kimi axa, çürümüş meyit qoxulu müharibə acısı, çörək növbələri, papiros qıtlığı… eyninə olmaya, xəyalında ağappaq göyərçin tək Azadlıq meydanı üzərindən uçub yüz minlərin əlindən azadlıq eşqi qapasan, Xəzərdən boy verən Nargində hələ də qanı daman azadlıq mücahidlərinə müjdə aparasan, yaralarını elə onların öz üçrəngli bayrağıyla sarıyasan, oradan Şuşaya – birbaşa Cıdır düzündəki Üç Mıx dağına qalxasan… elə ordan, o yüksəklikdən gələcəyin xoşbəxtlik konturlarını cızasan…

20 il sonra gördüyün 20 il əvvəl xəyalında qurduğun gələcək olmaya, …bu başqa söhbətdi, bunu demirəm!

…1988-ci ilin 17 noyabrında universitetdən başlayan tələbə yürüşünə qoşulanda heç ağlıma gəlməzdi ki, fransızların Bastiliyanı alması kimi hücum çəkdib tutduğumuz Lenin meydanında cəmi dörd il sonra azad Azərbaycanın romantik gənclərinin buraxdığı “525-ci qəzet”in ilk sayını azadlıq müjdəsi kimi camaata pulsuz paylayacağıq. Həmin gün orada keçirilən tədbirin adı mitinq olsa da, mitinq deyildi, xalq gəzintisiydi. İnsanlar ilk Dirçəliş gününü Azadlıq bayramı kimi qeyd edirdi.

Bizimçün azadlıq azadlığa qarışmışdı. Azad dövlətimiz vardı, Qarabağda kəndlərimiz bir-bir azad olunurdu, xalqımız azadlıq dadırdı, ağzının süd qoxusu yenicə çəkilmiş yazı adamlarının daha nə istəsə yaza biləcəyi öz qəzetləri vardı – cəmi bir neçə il əvvəl ağıla belə gəlməyən xoşbəxtlik idi bunlar.

Bax, mən bu romantikadan danışıram! Azadlıq romantikasını dadanlardan danışıram. Qəzetin ilk sayında çıxan “Azneft” çayxanasının sakinləri” adlı yazımda bəhs etdiyim ölkənin ilk azadlıq yuvası – “Azneft” çayxanasının romantikasından danışıram. Azadlıq romantikasını yaşamışlar bilir nə dediyimi…

Bu 20 ildə “525-ci qəzet”in 4 səhifəylə də çıxan vaxtı oldu, 64 səhifəylə də, həftəlik də, gündəlik də nəşr olundu, pulsuz vaxtı da oldu, pullu vaxtı da, arxasız da oldu, arxalı da, sayılan siyasi qəzet də oldu, oxunan ədəbiyyat qəzeti də – bütün hallarda gənclərin qəzeti oldu, gənclik romantikalı qəzet oldu.

17 noyabr Dirçəliş günündə 20 yaşı tamam olan “525”də işləyən və işləmiş, gənclik romantikasını onunla yaşamış onlarca, yüzlərcə dostumuzu təbrik edirəm! Qəzetə isə 20 il əvvəlki romantikasını 20 il sonra da saxlamasını arzulayıram!

P.S. “525-ci qəzet”in 17 noyabr 1992-ci il ilk sayındakı “Azneft” çayxanasının sakinləri” adlı yazımı 20 ildən sonra bloqumda təkrar dərc edirəm.  

Vahid Qazi

14 noyabr 2012

ƏRAF (Fantasmaqorik hekayə)

cistilishe

Əraf

 Fantasmaqorik hekayə

“Qəfil gün doğsa bir gecə…”. (R. Rövşən)

Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.

Ətraf ovuc içi kimiydi. Ucu-bucağı görünməyən yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.

Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.

Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.

Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.

O biri yol üzübəri gəldikcə Qapılar böyüyürdü, bu yolda isə get-gedə balacalaşırdı.

Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.

Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.

Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb. Oxumağa davam et

Əsərini kommunist partiyasına qurban edən yazıçı

Əsərini kommunist partiyasına qurban edən yazıçı

Yozef Matskeviç tanınmış polyak yazıçı-publisistidir. 1902-ci ildə Peterburqda doğulub. Beş yaşında ailəsi Vilnaya (indiki Vilnüs – o zaman Polşanın tərkibindəydi) köçür. Üç il sonra Yozef burada gimnaziyaya daxil olur. 1915-ci ildə almanlar Vilnanı tutur və gimnaziya Moskvaya köçürülür. 1919-cu ildə hələ 17 yaşı tamam olmamış Matskeviç bolşeviklərlə savaşa yollanır. 1920-ci ildə Varşava Universitetinə girir, ancaq təhsilini Vilnada başa vurur.

1939-cu ilə qədər qardaşının nəşr etdiyi «Slovo» qəzetində çalışan Yozef sovet işğalı, ardınca alman qəsbi nəticəsində fəal jurnalistikadan bir qədər uzaqlaşır və ağır illər keçirir. 1944-cü ildə təkrar sovet işğalından ehtiyatlanaraq Varşavaya gedir. Bir il sonra Polşanı da tərk edərək Romaya, 1947-ci ildə isə Londona köçür. Matskeviçin son dayanacağı 1955-ci ildə köçdüyü Münhen olur, burada o, ömrünün sonuna qədər (1985) yaşayır. Uzun illər bolşevizmin və faşizmin qanlı cinayətlərini tədqiq edən yazıları müxtəlif ölkələrdə nəşr olunan mühacir dərgilərində çap olunur. Sovet işğalından sonrakı Litvadan bəhs edən «Heç yana aparmayan yol», müttəfiqlər tərəfindən Sovet İttifaqına qaytarılan kazakların faciəli həyatından danışan «Kontra», kommunizmin dünyaya yayılma səbəblərini analiz edən «Təxribatın qələbəsi», «Vatikan qızıl ulduzun kölgəsi altında» və çox sayda digər romanların müəllifidir.

Bütün həyatı ağır iztirablarda, təqiblər altında ölkələr dəyişməkdə, maddi ehtiyacda keçən Matskeviç yazıçı-publisist kimi hər zaman sözün düzünü deməyi (özü də bütün çılpaqlığıyla) üstün tutub, bəşəri dəyərləri, fundamental azadlıqları təbliğ edib. Həyat onu çox sınaqlara çəksə də, nə polyak millətçiliyi, nə alman faşizmi, nə də rus bolşevizmi onun ruhunu sındıra bilib. Ünlü publisistin nəhəng sovet yazıçısı Mixail Şoloxova ünvanladığı məktub bu əyilməzliyə parlaq nümunədir. Onun bu məktubu yalan və mütiliyə dözməyən vicdanın çığırtısıdır. Bu məktub Londonda çıxan mühacir nəşrlərdən birində – «Vyadomosti» qəzetində  çıxıb. Düz əlli il bundan əvvəl. Amma bu gün də bizim kimi cəmiyyətlərdə – haramla halalın, düzlüklə əyriliyin, yalanla doğrunun, mütiliklə ləyaqətin üz-üzə durduğu məmləkətlərdə aktuallığını saxlayır.

Məktubda Şoloxovun dünya incisi “Sakit Don”u sosialist realizmi əsasınsa yeni redaktədə nəşr etməsi İbrahim peyğəmbərin İsmayıl qurbanına bənzədilir. Qurban bayramında yadıma düşdü, dedim siz də oxuyun. Paralellər axtarmaq, nəticə çıxarmaq sizin öhdənizdədir, möhtərəm oxucu…

Vahid Qazi

ŞOLOXOVA MƏKTUB

Çox hörmətli Mixail Aleksandroviç!  Oxumağa davam et

Facebook ölkəsi

Facebook ölkəsi

Vahid Qazi

İkili həyat yaşayırıq: biri real, o biri virtual dünyamızdı. Virtual dünya xəyalların gerçəkləşdiyi sehrli aləm kimidi. Realda sərhədlər sənsiz çəkilir deyə dəyişmək çətindi, o birində isə məkanın xəyalların boydadı, böyüdə bildikcə böyüdəcəksən. Realda “olduğundan artıq görünə” bilmirsən, amma virtualda “göründüyündən çox olmaq” özünə bağlıdı.

Virtual aləmdə cavan oğlan rahatca Çe Gevara sayaq qəhrəman, təzə kəkil çıxarmış qız “noxud üstə yatan şahzadə”, siyasət həvəskarı siyasi xadim, status yazan yazıçı, siyasi coğrafiyanı bilən geopolitik – bir sözlə, xəyalındakı adam ola bilər.

Şair oxucularını poeziya gecələrindən, müəllim tələbələrini auditoriyalardan, siyasi lider tərəfdarlarını meydanlardan başına yığar.

Sosial şəbəkələr həm də hər cür tədqiqat üçün bol material yeridi. Araşdırmağa nə qədər desən mövzu var. Həvəsim model qız duruşlu fotolarını paylaşan, yaşı yaş qalağı olmuş qadınların psixoloji durumundan bir yazı yazmağadı, psixologiyadan başım çıxmır, başım çıxsaydı, yaxşı bir yazı yazardım.

Qısası, burda hər peşə adamı özünə lazım olana rahatca çatır, məsələn, mən bu yazını, burdakı dostların hesabına yazıram – bu gecə könlümdən keçdi ki, hərəyə bir sual yollayım.

İnternet virtual kosmosdu. Onun başqa şəbəkə-planetlərinə elə də bələdçiliyim yoxdu, tanıdığım bircə “Facebook”du. Əvvəlki səhifəmdə dostlarımın sayı 5 mini adlayanda “kosmik xaos”un nə olduğunu anladım.

Saysız otaqlarında qapıları hər zaman və hər kəsin üzünə taybatay açıq olan bu böyük “malikanə”min adı mənim olsa da, özü muzey kimi ictimai xarakterliydi. Özü də burda idarəetmə “laissez-faire”, yəni hər işə rüsxətin verildiyi, “qoyun eləsin” prinsipiylə həyata keçirdi. Belə sərbəstliyə vərdişim olmadığından “muzey”imi bağlayıb yerində 300 nəfərlik balaca bir “otaq” tikdim. İndi burda rahatam, özüm öz evimin sahibiyəm. O qədər rahatam ki, oturub yazı yazır, yazı üçün “Facebook” dostlarıma sual da göndərirəm.

Onu deyim ki, bütün sual yolladıqlarım bu gecə təsadüfən şəbəkədə rastladığım “Facebook” dostları oldu, xüsusi seçim eləmədim. Cavablarsa müxtəlif vaxtlara gəldi. Cavabsız qalan bir-iki sual da oldu. Məsələn, İsa Qəmbərdən “Siyasətlə məşğul olduğunuz dövrdə hansı hərəkətinizi indi başqa cür edərdiniz – dəyişmək mümkün olsaydı, vaxtilə elədiyiniz nəyi dəyişərdiniz və necə edərdiniz” sualıma cavab gəlmədi. Yəqin Mark Suxerberqin poçt karvanına Axundovun “Xırs quldurbasanı” hücum çəkibmiş – sual gedib çatmayıb. Yoxsa rəhmətlik Aydın Məmmədovdan sonra ən hazırcavab siyasətçi kimi tanıdığım İsa bəy heç bir sualı cavabsız qoymur, özü demiş, “cavab verə bilməyəcəyi sual yoxdu”. Yəqin “Facebook”da cavab yazar, oxuyarıq.

Başqa ünvanlara isə məktub yetişmişdi. Jurnalist, bəstəkar, şair, cazmen, QHT lideri, fotoqraf, siyasi fəal, din xadimi, Allah adamı, rejissor – dostların hərəsindən bir suala üç-beş kəlmə cavab xahiş elədim. Göndərdilər! Cavabları toplayıb “Puzzle” oyunu kimi yığdım. Yığdım və gördüm ki, xəyalımdakı ölkənin şəklidi!

…Cəmiyyətə bütöv tablo kimi baxan – içinə yalnız bir duyğunun hakim kəsildiyi insandı. Onun üçün tablodakı rənglər əhəmiyyətli deyil, o, çalarların qovuşan yerində tünd (qoca) rənglərin keçmiş-gələcək söhbətini, açıq (cavan) boyaların sevgililər tək sevişməsini duymur. Beləsi tablonu rəng yığını gördüyü kimi cəmiyyəti də insan sürüsü, kütlə sayır.

Əksinə, içini bütün duyğuların harmoniyada yaşadığı məkana çevirməyi bacaranlar cəmiyyətə çoxsaylı hissəciklərdən ibarət mozaika kimi baxırlar. Onlar baxdıqlarını duyğuların palitrası kimi görürlər. Tablonu cürbəcür rəngin, min-min çaların sehrli təması kimi duyduqları tək cəmiyyəti də öz ahəng qanunu ilə yaşayan müxtəlif insanların birliyi kimi qəbul edirlər…

Maraqlı cavablar idi! Çünki dostların özləri də maraqlı adamlardı. Belə adamlarla ürəyin istəyən cəmiyyət qurmaq olar, elə bir cəmiyyət ki, insanları bir-birinə mane olmadan hərəkət edirlər – bir-birinə dəyməyən atomların “spin fırlanması” kimi.

Belə bir ölkə istəyirəm! Virtual olsa belə…

“Facebook”dakı dostlarıma bir sual və bir cavab

Elmir Mirzəyev, bəstəkar

Sual: “Musiqisi ilə hər hansı xalqın xarakterini müəyyən eləmək mümkündürmü? Musiqimiz bizim haqqımızda nə deyir?” Oxumağa davam et

Söz oyuncağı

Söz oyuncağı

Azərbaycanda Söz sözün özündən çox da xəbəri olmayan, onun məsuliyyətini tam anlamayan adamların əlində oyuncağa çevrilib. Əlinə qələm alanların bəzisi bilərəkdən, bəzisi də bilməyərəkdən Sözlə xatalı oyuna girir. Başa düşmürlər ki, dedinsə, yazdınsa, Söz daha sənin deyil, hamınındır – eşidənin, oxuyanındır.

Sözün məsuliyyətini tam anlasaydılar, bilərdilər ki, bu gün cəmiyyət üçün “Ölkəni tərk elədi!” kimi sözlər mətbuatı başına götürən “Özünü asdı!”, “İntihar elədi!” sözləri qədər mənəvi sarsıntıya səbəb olur. Nə baş verir ki, “gəmini tərk edirlər” sualı ilə baş-başa qalan sabaha onsuz da ümidi azalmış insanlarda panik ovqat yaradır, cəmiyyəti depressiyaya sürükləyir. Bunumu istəyirsiniz? Oxumağa davam et

Şəbnəm

Şəbnəm

Vahid Qazi

Bilmirəm Leyli, Əsli, Cülyetta, adı yazılara düşməyib dillərdə gəzən min-min başqa sevgi qəhrəmanı nə vaxt yaşayıb. Yaşayıbmı? Bəlkə də kişi şair-aşiqlərin arzusuymuş bu qadınlar…

Amma mən sevdalanmış bir qız görmüşəm, XXI əsrdə yaşayır. Və heç bir kişi şair-aşiqin fantaziyası deyil. Dastanını özü yazıb! Yad ölkənin həbsxanasına düşən qərib bir oğlana aşiq olan, illərlə cəfasını çəkən, aldığı maaşdan bilet pulu düzəldən, yol alıb ölkələr keçən, min bir minnətlə görüş alan, ətrafın tənəli baxışlarından bir an belə inadını əyməyən qız. Oxumağa davam et

Əkrəm Əylisliylə müsahibə

“Hakimiyyət cəmiyyəti ekstremizmə sürükləyir…”

Əkrəm Əylisli: “Baxıb görürəm, elə özüm də, deyəsən, yavaş-yavaş ekstremist oluram”. 

 “Köləlik dilimizdə deyil, ruhumuzda, xislətimizdədir”. Oxumağa davam et