“Azneft” çayxanasının sakinləri

“Azneft” çayxanasının sakinləri

 “Yanan şamı şamdanın altına qoymazlar, üstünə qoyarlar ki, bütün ev işıqlansın”. (İncil)                 

  • Ramiz Rövşən: “Həmin dostları uzun illər görməsəm də inanıram ki, etalon saatı kimi harda olmalarından asılı olmayaraq düz işləyirlər”.
  • Natiq Səfərov: “Amma onu dəqiq bilirəm ki, (bu mənim  gəldiyim həqiqətdir) bizim dağılan çayxananın üzərində müstəqil Azərbaycan dövləti quruldu”.
  • Vaqif Cəbrayılzadə: “Üzünə rəsmi qapı bağlananlara çayxana qapısı açıq olurdu. Amma çox adam bu açıq qapıdan keçə bilmirdi”.

XIV əsrin axırlarında İtaliyada Dirçəliş dövrü başlayır. Bu, kilsənin Avropada hakimlik etdiyi  dövr idi. Məhz Dantedən Albertiyə qədərki dirçəliş illəri bəşər tarixində görünməmiş sıçrayışlardan olan İntibah dövrünə zəmin yaratdı. Şübhəsiz, insan psixologiyasında və dünya dərkində yeniliklər yaradan o dövrün dahi sənətkarlarının təfəkküründəki inqilabın səbəbləri vardı. Şübhəsiz ətrafı bürüyən qatı kilsə qaranlığı və onun fonunda azad düşünmək yanğısı bu səbəblər sırasındadı.

Əlbəttə Azərbaycanın ədəbi-siyasi tarixində əvəzsiz rol oynayan iyirminci əsrin 60-70-ci illərinin Avropa İntibahına bənzətmək yersiz görünər, heçəslində bunlar arasında oxşarlıqdan söhbət getmir. Amma o da  məlumdur ki, əsrlərlə xristian zülmətində qalanlarla onilliklər  boyu kommunist rejiminin yaratdığı çərçivədə yaşayanlar arasında tale oxşarlığı var. Bax ona görə də altmış-yetmişinci illəri heç olmasa dar qavrayışda Dirçəliş adlandırmaq olar. Bir həqiqət də var ki, hər hansı intibah hər hansı dirçəlişdən doğur.

Siyasi rejimin qəbul etmədiyi və eyni zamanda həmin rejimi qəbul eləməyən beyin sahblərinin zəmanəyə yad  düşünmək tərzi o vaxt yeni ab-havalı “cəmiyyət” yaratmışdı. İdeyaca sərhədsiz olan bu “cəmiyyət” məkan etibarı ilə kiçik bir çayxanaya yerləşmişdi. Siyasi rejimə yad fikirlərin yiyələri isə həmin çayxana-cəmiyyətin üzvləri idilər. Dövrün ictimai-ədəbi potensialı həmin çayxanaya cəm olmuşdu. Yazdıqları çap olunmasa da, əsərləri cild-cild dərc olunan yazıçıları tar-mar etmək gücünə malik idi bu çayxana-cəmiyyətin ədəbi gücü. Elə bu gücü ilə də o vaxtın elmi, ədəbi, siyasi mühitinə “hakim” kəsilmişdi. Bətnində bir dünyalıq enerji gəzdirən  çayxana özü də hiss etmədən ictimai rəyi milli özünüdərk məcrasına yönəldir və  əslində gələcək partlayışa zəmin yaradırdı. Əlbəttə, söhbət ondan getmir ki, həmin çayxanada hansısa inqilabi fəaliyyət aparılırdı. Söhbət ondan gedir ki, zaman Azərbaycanın potensial qüvvəsini kiçik bir çayxanada yerləşməyə məcbur etmişdi. Və şübhəsiz, bu enerji  yalnız çayxana daxilində qala bilməzdi…

Həmin çayxananın üzvləri özlərini elə bu çayxananın yetişdirməsi hesab edirlər. Ali məktəblərdən fərqli olaraq burada həm də həyat və insanlıq dərsi keçirdilər. Elə ona görədir ki, çayxana yolunu keçməyi özlərinə sığışdırmayanların sonrakı yaradıcılıq taleyi ağır oldu. Oxumağa davam et

“525-ci qəzet”in 20 yaşına

Dirçəliş romantikası

“525-ci qəzet”in 20 yaşına

Hər kəsə öz romantikası doğmadı. Mən romantikası olanlardan danışıram, olmayanlar heç bu yazını oxumasalar yaxşıdı. Bilmirəm indiki gəncliyin xəyal dünyası necədi, duyduğum odu ki, mənim gəncliyimin romantikasına bənzəmir. Gənclərimiz inciməsin deyə demirəm, heç yaşlı nəsli bir vaxtlar göylərə qaldırmış gənclik ehtirası da bizimkinə çatmaz.

Bizim romantikamız ayrı aləm idi. Öz yaşadıqlarımı bir-bir sadalayım özünüz baxın!

Sovet ordusundan təzəcə gələn, enerjisi aşıb-daşan gənc olasan, qayıdanda qoyub getdiyin vətəni alayı cür görəsən: yurdunda erməni-müsəlman davası qızışa, ölkəndə milli hərəkat başlaya, azadlıq mücadiləsi gedə; sən də azadlığın nəfəsini Bakı sabahının sərin mehi üzünü yaladığı kimi xəfif-xəfif duyasan, yatmış yaddaşın qəfil bir əfsunla oyana, özünü tarixin fövqündə duyan bir xalqın övladında tapasan, ilk kərə gördüyün sən demə köhnə bayrağına baxdıqca qəlbinin döyüntüsü onun tərpəniş ritminə köklənə, səsi arxiv tozu basmış notdan yenicə çıxan himnin əzəməti içinin ən saf yerindən süzülüb üzündə göz yaşı kimi axa, çürümüş meyit qoxulu müharibə acısı, çörək növbələri, papiros qıtlığı… eyninə olmaya, xəyalında ağappaq göyərçin tək Azadlıq meydanı üzərindən uçub yüz minlərin əlindən azadlıq eşqi qapasan, Xəzərdən boy verən Nargində hələ də qanı daman azadlıq mücahidlərinə müjdə aparasan, yaralarını elə onların öz üçrəngli bayrağıyla sarıyasan, oradan Şuşaya – birbaşa Cıdır düzündəki Üç Mıx dağına qalxasan… elə ordan, o yüksəklikdən gələcəyin xoşbəxtlik konturlarını cızasan…

20 il sonra gördüyün 20 il əvvəl xəyalında qurduğun gələcək olmaya, …bu başqa söhbətdi, bunu demirəm!

…1988-ci ilin 17 noyabrında universitetdən başlayan tələbə yürüşünə qoşulanda heç ağlıma gəlməzdi ki, fransızların Bastiliyanı alması kimi hücum çəkdib tutduğumuz Lenin meydanında cəmi dörd il sonra azad Azərbaycanın romantik gənclərinin buraxdığı “525-ci qəzet”in ilk sayını azadlıq müjdəsi kimi camaata pulsuz paylayacağıq. Həmin gün orada keçirilən tədbirin adı mitinq olsa da, mitinq deyildi, xalq gəzintisiydi. İnsanlar ilk Dirçəliş gününü Azadlıq bayramı kimi qeyd edirdi.

Bizimçün azadlıq azadlığa qarışmışdı. Azad dövlətimiz vardı, Qarabağda kəndlərimiz bir-bir azad olunurdu, xalqımız azadlıq dadırdı, ağzının süd qoxusu yenicə çəkilmiş yazı adamlarının daha nə istəsə yaza biləcəyi öz qəzetləri vardı – cəmi bir neçə il əvvəl ağıla belə gəlməyən xoşbəxtlik idi bunlar.

Bax, mən bu romantikadan danışıram! Azadlıq romantikasını dadanlardan danışıram. Qəzetin ilk sayında çıxan “Azneft” çayxanasının sakinləri” adlı yazımda bəhs etdiyim ölkənin ilk azadlıq yuvası – “Azneft” çayxanasının romantikasından danışıram. Azadlıq romantikasını yaşamışlar bilir nə dediyimi…

Bu 20 ildə “525-ci qəzet”in 4 səhifəylə də çıxan vaxtı oldu, 64 səhifəylə də, həftəlik də, gündəlik də nəşr olundu, pulsuz vaxtı da oldu, pullu vaxtı da, arxasız da oldu, arxalı da, sayılan siyasi qəzet də oldu, oxunan ədəbiyyat qəzeti də – bütün hallarda gənclərin qəzeti oldu, gənclik romantikalı qəzet oldu.

17 noyabr Dirçəliş günündə 20 yaşı tamam olan “525”də işləyən və işləmiş, gənclik romantikasını onunla yaşamış onlarca, yüzlərcə dostumuzu təbrik edirəm! Qəzetə isə 20 il əvvəlki romantikasını 20 il sonra da saxlamasını arzulayıram!

P.S. “525-ci qəzet”in 17 noyabr 1992-ci il ilk sayındakı “Azneft” çayxanasının sakinləri” adlı yazımı 20 ildən sonra bloqumda təkrar dərc edirəm.  

Vahid Qazi

14 noyabr 2012