Zülm bitsin

Zülm bitsinhikmet-sabiroc49flu

Hikmət Sabiroğlu

“Vaxtı ilə atamın toyunu çalmış qonşu Paşa dayının səsini son dəfə bir-iki il əvvəl Bakı restoranlarının birində eşitdim. Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir parçası da içinə beş-on manat atılan qavalını görəndə yerə düşdü”.

Ağdam dərdini “Ruhlar şəhəri” kitabında belə yazırsan.

Bir-birimizin halından xəbərdarıq. Amma bu məqama heç toxunmamışıq: Qarabağ zülmü gələndən tikə-tikə itirdiyimiz ürək haçan tükənəcək ki, yerə düşməyə bir parçası da qalmasın? Biz onu tikə-tikə, zərrə-zərrə itiririk, hər dəfə bu, sonuncu olar düşünürük, amma yenə ardı gəlir.

Səni bilmirəm, mən sonu görünməyən bu itkilərdən çox yorulmuşam.

O gün şəhərdə Həlimə Ələsgərova adlı gənc şuşalının “Mənim Şuşam” sərgisinin keçirildiyini dedin. Vaxt eləsəydim, gedib baxardım. Amma sən bilirsən əsl Şuşa sərgisi necə olur.

“Mənim Şuşam” sərgisi açılan gün Yeni Yasamala getmişdim. Yasa. Orda çox şuşalı olur, bilirsən. Bir həyətdə iki mağar vardı. Ayrı-ayrı adamların mağarı. Mən yasda olan vaxt hay düşdü, cavan bir gəlinin ölüm xəbəri gəldi. Həmin həyətdən. Həmin binadan. Həmin blokdan.

Eyni blokda üç şuşalı yası. Belə sərgidir Şuşa sərgisi.

Həyətdə üçüncü mağarı qurmağa yer olmadı. Şəhid qızı olan həmin gəlinin yasını Pirşağıya saldılar.

Qəbiristanlığımızın Pirşağıda olduğunu bilirsən. Şuşalıların bir sözü var, onu da bil: “Kimi görmək istəyirsən Pirşağıya get, hamı ordadır”.

Dolub qurtarmış, addım qoymağa bir qarış yer qalmayan qəbiristanlığı deyirlər.

Biləcəridə atanla ananın, müəllimimiz Famil Mehdinin uyuduğu Ağdam qəbiristanlığı da dolub, bilirəm. Onunla üzbəüz ayrı bir Ağdam qəbiristanlığında da yer qalmayıb. Adil Qaçayoğlu yatan qəbiristanlığı deyirəm.

Mən soruşmuram bu yaraya məlhəm varmı. Yeni Yasamalda, Pirşağıda, Biləcəridə tikə-tikə itirdiyimiz ürəyin haçan sönəcəyini soruşuram.

Bu yaraya məlhəmin nə olduğunu yazmısan, ona görə soruşmuram. “Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər. Şəhər yeni sevgi dastanı yaşayacaq”.

Belə yazırsan “Ruhlar şəhəri”ndə. Ağdamın ağ gününü belə görürsən.

Kitabının həmin bölümünü oxuyanda sənə yazdığım məktubu saxlamısanmı? “Doğrudanmı biz o günü görəcəyik, qaqa?” yazmışdım. İndi hamının yanında soruşuram: görəcəyikmi o günü, hər şey sən yazan kimi olacaqmı?

“Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhlədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar.

Gələn qonaqlara Şahbulaqda Koroğlu qalasını, Ağdamın kurqanlarını, Füzulidə Azıx mağarasını, Əsgəran qalasını, Vəngdə Qandzasar, Kəlbəcərdə Dastagir Alban kilsələrini, Şuşa qalası, Turşsu, Qırxqız yaylası, min-min bulaq, daha nə bilim nələri göstərərik. Dünyanın hər yerindən şәhәrimizә turistlәr axışar.

…Şuşa, Kəlbəcər, Gülablı sanatoriyalarında adam əlindən tərpənmək olmaz. Buraları ruhların dincələn, azad olan yerinə çevirərik”.

Qarabağlı günləri belə görürsən.

O günü görmək qismətim olmasa, mən əvəzdən də sevinməyə söz verirsənmi?

Qarabağ zülmünün bitməsi lazımdır. Ən azı ona görə ki, qalan dərdləri çəkməyə, bir-birindən ağır itkiləri sinirməyə heyimiz olsun.

“Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı”.

Uşaqlıq dostlarının – sinif yoldaşlarının dərdini belə yazmısan.

Harda desən olan, təkcə Şuşada olmayan sinif yoldaşlarım… Birini bu yaz gördüm. Son dəfə 20 il əvvəl Şuşada rastlaşmışdıq. O təsadüfi görüşə qədər çox ölüb-dirilmişdim.

18-i Şuşasız keçən 20 ildə nə qədər darıxdığımı sənə necə deyim? Çox darıxmışdım. Amma həsrət bitmədi. Ayrılıq təzələndi.

İndi də darıxıram. Amma belə darıxmaq çətindir. Qarabağda darıxmaq asan olar deyirəm.

Mən demirəm Qarabağın azadlığı bizim şərəf məsələmizdir. Bizim eldən xəbərsiz adamlar belə deyə-deyə bu sözü urvatdan saldılar.

Nə qədər dərdimiz var. Qarabağ azad olsa, o dərdləri ürəkdən çəkərdik. “Ruhlar şəhəri” kitabına düşməyən dərdləri. Yurd kimi istədiyimiz adamların ağrısını çəkərdik.

“Qarabağ söhbətləri” çıxanda Məmməd Nazimoğlu belə yazmışdı: “Hikmətin avtoqrafı olan kitabı hələ gedib götürə bilməmişəm. Boynuma alıram ki, vaxt qıtlığını səbəb kimi göstərə bilmərəm. 24 saatın 30 dəqiqəsini ayırıb “Media forum”a getmək mənim üçün çətin deyil. Çətinlik bir başqa məsələdədir. Hikmət Sabiroğlu o kitabı mənə təqdim eləyəndə nə deyim? Deyim ki, gün o gün olsun, belə kitablardan çox yazasan? Ya bizim şou əhli kimi üzümə üz bağlayıb söyləyim ki, gün o gün olsun kitabın təqdimatını Şuşada keçirək?”

İndi özüm çətinə düşmüşəm, Vahid Qazi, “Ruhlar şəhəri” kitabına nə deyim?

Necə xeyir-dua verim?

Deyim ki, gün o gün olsun bu kitabın təqdimatını Ağdamda keçirək?

Zülm bitsin. Bunu deyirəm.

“Mediaforum”. 8 oktyabr 2010

Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

Yaramı göynədən «Ruhlar şəhəri»

Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

 Qardaşım Vahid, səni təbrik etməyə dilim gəlmir, amma elə bilirəm ki, illərdən bəri yaşadığın yurdsuzluq zülmünün ağrı-acısını yazmaqla azca da olsa canından çıxarıb bir hovur nəfəs dərmisən. Ancaq səni məhz bu kitaba görə təbrik edəcəm, yazımın sonunda deyəcəm nə vaxt.

«Ruhlar şəhəri» bizi dərddən dəliyə döndərdi, həm də yanan ciyərimizə bir az su səpdi. Sən bizim tablomuzu yaratmısan, naturadan. Bu kitabı oxuya-oxuya fikirləşdim ki, nə yaxşı biz indəyəcən dəli olmamışıq?! Hə, gəldim ora çatdım, sən məndən də əvvəl yazmısanmış, «nə vaxtsa havalanmısanmı?» Elə havalıyıq, Vahid, vallah havalı-havalı gəzirik. Rəhmətlik İsa İsmayılzadəni tanıyırdınmı? Onun bir fikri vardı: «Şüşəsi qırıq-qırıq olub içinə tökülmüş termus kimiyəm, çöldən bütöv görünürəm». Yeri nurla dolsun gözəl şairimizin, ölümünə yaxın bizi də gözəlcə ifadə edib.  Oxumağa davam et

GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

 Asəf Quliyev

“Ağdam – Qafqaz Xirosması və ruhlar şəhəri” sərgisinə və “Qafqaz Xirosiması” filminə baxan uşaqların gözündəki kədəri görəndən sonra özümlə bir az söhbət elədim. İlk yadıma düşən bir ahıl yaşlı ingilisin mənə neçə il bundan əvvəl dedikləri oldu.

Həmin ingilislə həmyaşıd olan yəhudi dostuna valideynləri heç vaxt alma vermirlərmiş. Valideynlər həmişə övladlarına bildirirmişlər ki, sənin almaların “müqəddəs torpaqdadır”, əgər alma yemək istəyirsənsə, sən gərək o torpaqları azad edib orada öz dövlətini qurasan. Bax o zaman doyunca alma yeyə bilərsən.

Bu əhvalat II Dünya Müharibəsindən sonra olub. Sonra həmin yəhudi oğlan İsrail ordusunun əsgəri kimi döyüşlərdə iştirak edir və sair və ilaxır. Bu yəhudi oğlan haqda çox danışmışdı ingilis həmsöhbətim. Amma mən o yəhudi haqda danışmıram. Oxumağa davam et

“Ruhlar şəhəri” kitabının ruhuna

“Ruhlar şəhəri” kitabının ruhuna

Rəfail Tağızadə

Vahid Qazinin “Ruhlar şəhəri” kitabını mən ondan – müəllifdən qabaq özüm üçün kitab halına salmışdım. Bütün yazıları  bir-birinə tikərək özəl bir kitab eləmişdim. Çünki bu yazıların kitab halına salınması zərurətini duyurdum. Vahid bəy sanki uşaqlıqdan Ağdam haqqında, oradakı uşaqlıq illəri haqqında nəyisə yazacağını əvvəlcədən nəzərdə tutubmuş. Təbii ki, bizlər üçün yox. Ağdamı görməyənlər üçün. Əcnəbilər üçün. Tanıtım üçün. Bu unikal ŞƏHƏR haqqında yazmaq keçirmiş könlündən. Çox təəssüf ki, bütün bunlar indi, Ağdamsız günlərimizdə yazıldı. (Əslində bütün bunlar mənə də aiddir. Mən də o yerlər haqqında indi yazıram.) Elə bizlər üçün də yazıldı bu kitab. Və nə yaxşı ki, yazıldı. Tanımayanlar tanıdı. Görməyənlər gördü. Bizlərisə, o günlərə qaytardı. Dönə-dönə. (Kitab o qədər fotoqrafik şəkildə dəqiq yazılıb ki, sənə ancaq görmək qalır. Sadəcə, baxıb görmək). Oxumağa davam et

Talan olmuş əsir şəhər – xatirələrdə…

AqdamNew2

Talan olmuş əsir şəhər – xatirələrdə…

 Bu gün İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və neçə-neçə başqa yurd yerlərimiz erməni vəhşilərinin tapdağı altında inləyir. Şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xarabalığa çevrilib, yer üzündən silinib. Belə şəhərlərdən  biri də möhtəşəm Ağdamdır.

Publisist Vahid Qazinin “Ruhlar şəhəri” kitabı erməni cəlladlarının işğal etdikləri Ağdam şəhərindən bəhs edir. “Ön söz”, “Son söz” və on beş essedən ibarət kitabın müxtəlif başlıqlı hər bir bölümündə Ağdam şəhərinin keçmiş qaynar həyatının müəyyən bir anı yad edilir, real həyat faktları, insanları, evləri, küçələri anılar, bədii sözlə tablosu çəkilir. Ağdam şəhərinin daxili quruluşu, küçələri, mədəniyyət ocaqları, məktəbləri, çayxanaları, kinoteatrı, müxtəlif təbəqədən olan ayrı-ayrı insanları xatırlanır, onlarla bağlı maraqlı hadisələr göz önündə canlandırılır. Hər bir ana həssaslıqla yanaşan Vahid Qazi insanı heyrətləndirəcək dərəcədə sanki keçmişə real səyahətə aparır. Oxumağa davam et

Vahid Qazinin esseləri haqda düşüncələr

«Ruhlar şəhəri»ndə qalan ləpirlər

VAHİD QAZİNİN ESSELƏRİ HAQDA DÜŞÜNCƏLƏR

Sadıq MURTUZAYEV

Qarabağ tarixi dərdlərimizin ən böyüyüdür. Bu dərdin baş səbəbi başsız qalmağımız olub. Başqa bir dərdimiz də var – tariximiz zamanında, canlı şahidlər sağkən qələmə alınmayıb, kitablara, yazılara köçürülməyib.

Vahid Qazinin yenicə çıxmış “Ruhlar şəhəri” kitabının əsas dəyəri ondadır ki, burada toplanan on beş essenin hər biri müəllifin canlı müşahidələrinin məhsuludur, “Ruhlar şəhəri” adlandırdığı Ağdamın xoşbəxt və bədbəxt günlərinin sintezidir. Ədəbi-publisistik janr kimi essenin üstünlüyü hadisələrin canlı verilmə imkanıdır. Müəllifin dediyi kimi, onun “orada qalmış ləpirləri”nin hər biri elə mənim də canlı xatiratımdır, mənim də ləpirlərimdir və onları oxuduqca kövrək duyğular məni ağuşuna alıb qəhərləndirmişdi (Sadıq Murtuzayev 1980-1990-cı illərdə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi olub – red.).

Ramiz Rövşənin kitaba yazdığı ön sözdə dediyi kimi, ölçüyəgəlməz “Ağdam qüruru” ilə mən də on il yaşamışam, “Ruhlar şəhəri”nin hər qarışına bələdəm, Ağdamın fədakar adamlarına arxalanıb böyük işlərə imza atmışıq. Orada görülən böyük tədbirlərin hər biri çox şeyə qadir olan birinci katib kimi həm də mənim uğurlarım olsa da, bunların hamısı ilk növbədə Ağdamın öz ruhundan qidalanırdı, ağdamlıların fədakarlığı ilə baş tuturdu. Oxumağa davam et

Yaddaşımdakı “Ruhlar şəhəri”

Yaddaşımdakı “Ruhlar şəhəri”

Aliyə Fəxrəddin

Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi

Gözüm görəni dərk edəndən evimizin divarında çoxlu güllə yerləri, divarların dibində isə torpağa batmış gilizlər görmüşəm. Yollarda gündəlik həyatlarını yaşayası insanlar əvəzinə, əlisilahlı əsgərlər görmüşəm.

Yaddaşım bu cür xatirələrlə doludur. Sadəcə onlardan ən dirisi Ağdamı son dəfə tərk etməyimizdi…

O zaman orda olanlar Allahın möcüzəsi nəticəsində sağ qaldılar, bunun başqa adı yoxdur, adamlar sanki “Sağqalma” dərsindən imtahan verirdi! Hər kəs canını qurtarmağa çalışırdı – özü də salamat…

Görünən yol ondan keçmək istəyənlər üçün çox dar idi, basırıq vardı. Hər kəs yalnız götürə biləcəyi qədər yük götürmüşdü. O zaman maşın indiki kimi çox deyildi, adamların yarısı piyadaydı.

Bizi qoruyası əsgərlər bizlərdən dəfələrlə az idi. Gecə olsa da, əsgərlər maşınların işıqlarını yandırmağa qoymurdu. O gecə yaddaşıma insan əzabının gecə iniltisi kimi yazılıb, yaddan çıxmayacaq bir gecə…

Bu, Ağdamın yaddaşımda ilk və son xatirəsi oldu. Silah səsləri, düşmən əlinə keçməsin deyə qaçan köməksizlər, yanan evlərinə uzaqdan baxan məzlum adamlar. Ümidləri göz önündə sönən ağdamlılar.

Doğulduğum yer haqqında yaddaşımda nə qalıbsa, hamısı müharibə ilə bağlıdır!…  Oxumağa davam et

Рустам Ибрагимбеков: «Чамайра» Вахида Гази

«Чамайра» Вахида Гази

Рустам Ибрагимбеков

У меня давно вызывает уважение способность талантливых публицистов строить свои тексты лишь на реальных фактах. Сам я в своих сочинениях всегда использую «допинг» в виде вымысла, и именно он придает им художественность. Это, как в прыжках в высоту – кто-то рассчитывает лишь на силу своих ног, а другой прибегает к допинговым таблеткам, чтобы легче преодолеть земное притяжение.

Читая Кубинскую тетрадь Вахида Гази, я порадовался тому, как описывая свое пребывание на острове Свободы, рассказывая о реальных людях, их жизни и проблемах, связанных с общей политической атмосферой в стране, автор сумел рассказать об этом с такой силой художественности, что сам стал главным героем повествования. И в результате читатель, вовлеченный в мир чувств и мыслей писателя, воспринимает его отказ от сексуальных услуг прелестной Чамайры,  как собственную нравственную победу. Можно привести в качестве примера много других эмоциональных эпизодов, но важнее, мне кажется, то, что все произведение в целом написано, как добротная художественная проза.

Удивительно и то, что за двадцать лет независимости Азербайджана, при всех особенностях существующего у нас демократического режима, сформировался тип человека с активным неприятием любых форм тоталитарно-авторитарного строя. Люди моего поколения, выросшие в стране, похожей на то, что увидел Вахид Гази на Кубе, относимся более спокойно к отсутствию элементарных свобод, где бы это ни происходило.

Общественно-политические убеждения автора книги «Чамайра» сквозят в каждой строчке, и они настолько искренни, что в них веришь безоговорочно. Такое возможно, лишь когда становишься соучастником описанных в книге событий. Именно это и произошло со мной.

И еще. Кубинская тетрадь насыщена интереснейшей информацией. И я, побывавший на Кубе и читавший об этой стране, узнал о ней много нового. Отрадно, что наша публицистика достигла уровня лучших образцов этого жанра. И Кубинская тетрадь Вахида Гази – убедительный этому пример.

Yaşıl paltolu xatirə

Yaşıl paltolu xatirə

İllər öncə bir filmə baxmışdım. Yaşlı adam evə dönəndə otaqda balaca bir uşaq görür… və bu uşaq onun öz keçmişiydi…

Ağdam barədə son xatirəm o qədər də xoş deyil. Yaşıl palto geyinmişdim, əlimdə xırda çiçək naxışlı dəsmal varıydı, dayanmadan ağlayırdım. Göz yaşlarım qarşıdakı uzun illərdə məhrum olacağım, bir udum havasını belə içimə doyunca çəkə bilməyəcəyim Yurd üçün deyildi, balaca oyuncaq vedrəmə görəydi. Həmişə çox sevdiyim çiçəkləri suladığım bu oyuncaq vedrəni götürməmiş heç yerə getmək istəmirdim. Oxumağa davam et

Rafiq Əliyev: “Ruhlar şəhəri” kitabına son söz

Rafiq ƏLİYEV, professor

QİYAMƏTƏ QALMIŞ 4 DƏQİQƏ

 Gənc dostum Vahid Qazi! “Ruhlar şəhəri“ni ərsəyə gətirdiyin üçün sənə təbrikdən çox təşəkkür düşür. Bu kitab yumruq boyda  ürəkdə Qarabağın, Ağdamın özü boyda kədər gəzdirənlər üçün, qəlbi yurd həsrətilə çalın-çarpaz dağlanmiş, amma hər an ağdamlı kimi ucadan-uca qürur hissi yaşayan və yaşadan, Ağdamı qibləgahı sayan yüzlər, minlər, onminlər üçün həm təsəlli, həm də Ağdamın, bütöv Qarabağın azadlığına bir çağırışdır. Səni əmin etmək istəyirəm ki, bu çağırışa qonşulanların birincisi mən olmaq istərdim, mənim kimilər isə minlərlədir… Oxumağa davam et