
Redaktor: B. İsmayılova; Foto: V. Qazi
Müəllifdən
Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. İndiyədək “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım reportajlar, səfər təəssüratları, yol qeydlərinə bəzi esselərin, məqalələrin səyahət hissələrini də əlavə etdim. Beləcə, “Yol. Səyahət yazıları” kitabı alındı.
Kitabı oxuyanlar Parisi, Londonu, Varşavanı, Vyananı, Havananı, Kazanı, Afinanı, Qahirəni, Kolombonu, Durbanı, canım sizə desin, başqa neçə-neçə şəhəri mənim bələdçiliyimlə gəzəcək, onların küçə və xiyabanlarını, muzey və mədəniyyət mərkəzlərini dolanacaq, tarixi yerləri ilə tanış olacaqlar. Şri-Lanka, Kuba, Maldiv, Qotland adalarına üzəcək, Belarusun, “Tatar çölü Rusiya”nın bilmədiyimiz üzünü görəcək, qorxulu Quantanamaya, Osvensimə baş çəkəcək, Şopeni, Mosartı, Bethoveni, Koperniki, Dikkensi, Darvini evlərində ziyarət edəcək, Versal, Luvr, Şönbrunn, Bukinqem kral saraylarına tamaşa edəcək, qədim Elladada Zevs qarışıq neçə yunan tanrısı, tanrıçası ilə, Misirdə Günəş allahı Amon Ra ilə, neçə-neçə fironla söhbətimə qulaq şahidliyi edəcək, İspaniyada “Əndəlüs köpəyi”nə baxacaq, Seylonda pürrəngi çay içəcək, istəsələr lap ingilis pabında viski, Eyfelin başında fransız şampanı, Egeydə yunan “Santorini”si də dadacaqlar.
Bir sözlə, dünyanı fırlanıb, dolanıb sağ-salamat Bakıya qayıdacaqlar.
İÇİNDƏKİLƏR
Paris günləri. Sena sahilindən reportaj
Vyanada Şuşalı günlər. Avstriya paytaxtından xatirə söhbəti
Varşava – azadlıq və sevgi şəhəri. Şopen, Osvensim, Kopernik
Tanrılarla baş-başa. Qədim Ellada allahları ilə söhbət
Dumansız Albion. London: təsəvvürdən təəssürat reportajı
Əndəlüs lövhələri. İspaniyadan sürreal-real reportaj
Ağ Rusiyanın qara taleyi. Belarusun görüb bilmədiyimiz üzü
Kuba mənim gözümdə. Havanadan Quantanamaya
Qırmızı ada. Kubadan şəkilli reportaj
Afrika sərgüzəştləri. ”Qəmli gözlərin süitasi” essesindən
Çufut-Kala: Krımda qədim türk şəhəri. “Ölü şəhərlər muzeyi” essesindən
Sarayevodan Tuzlaya. “Partlamayan minaların serenadası” essesindən
Maldiv – Yer üzünün cənnəti. Hind okeanının mərcanı
Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj
Tatar çölü Rusiya. Kazandan tarixi-infantil foto-reportaj
Fironlar ölkəsinə səyahət. Misirdən şəkilli səfər qeydləri
Qotland. İsveç savannasına səyahət
Və başqa macəralı yol xatirələri
Kitabı buradan YÜKLƏYİN: