”Susmaq hüququ”na referendum əlavəsi

sisoyev Karikaturalar V. Sısoyevindir

”Susmaq hüququ”na referendum əlavəsi

Neçə vaxtdı referendumla bağlı dəftərçəmdə qaraladığım cızmaqaradan, nə illah elədim, bir yazı çıxara bilmədim. Lal vətəndaş sükunəti fonunda müxalifətin ”mitinq-mitinq” oyun-həşiri də əlimi bir yandan soyutdu. Pambıqçı Kamilxan Rüstəmovanın sovet illərini xatırladan məşhur çıxışından çaparaq gələn ilham pərisi də dadıma çatmadı. Gəldiyi kimi tez də çəkilib getdi. Əvəzində canıma qəfil üşütmə saldı.

Nədən oldu bu? İndi deyirəm!

Sosial şəbəkələrdə Kamilxan ana haqda nə qədər təhqir oxudum. Amma mənim ona yönəlik belə fikrim yoxdu. Qurbanı ittiham edərlərmi? Məddahlıqda sovet dövründən də betər müstəqillik illərinin qurbanlıq kimi ortaya çıxardığı bu ananı ittiham eləməyə dilim gəlməz!

Mən onu yox, 70 yaşlı Azərbaycan qadınını o kökə salıb zövq alanları qınayıram!

O, referenduma çıxarılan maddələri sadə kəndli dilində izah elədi. Ayrı nə dedi ki?

Həmin çıxışın videosu neçə gün hər internetə qoşulanda qarşıma çıxdı. Bir dəfə ona səssiz baxdım. Bax, məni üşütmə elə o anda tutdu. Elə bildim referenduma Qarabağın verilməsini çıxarıblar və 23 ildi Qarabağ deyib ləliyən bu qarabağlı ana indi üzündə yaltaq təbəssümlə yurdunun ermənilərə verilməsinə görə xoşbəxt olduğunu deyir və ayaqüstə alqışlanır.

Doqquz il əvvəl yazdığım ”Susmaq hüququ” adlı məqaləni xatırladım, açıb oxudum. Üşütmənin səbəbi bu yazı imiş.

Orda belə cümlə var:

”Sabah Qarabağ məsələsinin kompromis yolla həlli “məsləhət” bilinsə, “Azərbaycanın xoşbəxt gələcəyi Qarabağı verməkdən keçir” təşviqatına start verilsə, bu “elita” kamera qarşısında növbəyə düzülmək cəzasına məhkum edilməyəcəkmi?”

Oxuyub gördüm, daha yeni yazıya ehtiyac yoxdu, 2007-ci ildə yazılana ”referendum əlavəsi” etsəm, yetər. Belə də elədim.

Susmaq hüququ uğrunda mübarizədə əhli-vətənə uğurlar arzuladım.

Vahid Qazi

26 sentyabr 2016

bhd45

Susmaq hüququ

Oxumağa davam et