“Sonalar gölü”nün sahili

svansjön 1

“Sonalar gölü”nün sahili

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində. Oxumağa davam et

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

nigar

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.

Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.

Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.

Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.

İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.

Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.

Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.

Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.

Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var,” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.

Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”

Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.

Vahid Qazi

13 sentyabr 2013-cü il

Karlskrona, İsveç

Dərc olundu:

http://news.lent.az/kulis/news/6144

http://musavat.com/news/son-xeber/yazar-vahid-qazi-nashir-nigar-kocherliye-cavab-yazdi_164352.html

http://www.azadliq.org/content/article/25104863.html

Haramıstan

MKM

Haramıstan

Vahid Qazi

Adətən yazıya adı onu bitirəndən sonra qoyursan. Hərdən də əksinə olur, başlığı yazıdan əvvəl tapırsan. “Haramıstan” da belədi, hələ iki il əvvəl komputerimdə boş fayla qoyduğum addı. Dəfələrlə mövzusuna uyğun gələn yazılardan birinə bu adı vermək istəsəm də, sonda vaz keçmişəm.

Məni belə bir adı bu yazıya başlıq seçməyə Milli Kitab Mükafatı münsiflərinin verdikləri ballar səbəb oldu.

…İndi yaşadığım İsveçin yerli adamlarında belə bir təsəvvür var ki, “haram” sözü yalnız tərkibində donuz əti olan məhsullara aiddir. Onlara bu sözün daha geniş anlam verdiyini izah eləməkdə çətinlik çəkirəm. Sadə isveçli təsəvvür edə bilmir ki, baxçada direktor uşaqların yeməyindən necə kəsib satdıra, ya da evinə apara bilər?! Məktəbdə, universitetdə dərs oxumayana dərs oxuyandan necə yüksək qiymət yazmaq olar?! İnsanların taleyinə cavabdeh sürücülərə vəsiqə, həkimlərə diplom, lisenziya necə verilə bilər, oxumasalar, qabiliyyətləri olmasa belə?!

Bizdə hamının bildiyini bir-bir bura yazmağa ehtiyac yoxdu. Demək istədiyim odu – isveçli dərk edə bilmir ki, indiki zamanda dünyanın hansısa bir bucağında, illah də Avropa ailəsinin üzvü olan bir məkanda bişirilən çörəkdən tutmuş bala toyuna açılan süfrəyə, “sinifkom” seçimindən prezident seçkisinədək “haram” sözünü işlətmək mümkündü.

Qırx dərəcə qızdırması olan uşağa adi “Alvedon” tableti yazıb təmiz hava tövsiyyə edən isveçli həkim təsəvvürünə gətirə bilmir ki, dərman firmaları ilə əlbir olub xəstəyə uzun bir siyahı resept də yazmaq olar – canı çıxsın! İş günləri saat 3-dək işləyən, şənbə-bazar günləri bağlı olan polis idarələrində rəislərin ağlına belə gəlmir ki, iş saatı və günündən əlavə də işə çıxsınlar, camaatdan hədə-qorxuyla pul yığan “postovoylar”ın gəlişini gözləsinlər.

Belə fikirlər isveçlinin ağlına ona görə gəlmir ki, ağlı bunu qəbul eləmək gücündə deyil. Bizimsə elə əvvəldən ağlımızda olur. Yazılanlara inansaq, elə 100 il əvvəl də belə olub. Deməli, bu, ağıla yox, qana, genə bağlı məsələdi. Ağıla bağlı olsaydı, adamlar ağıllandıqca, bu hallar da itib batardı. Qanda, mayada, gendə olanı təmizləmək mümkünsüz bir işdi – bu, Ayın üzündəki “ləkə”ni qaşıyıb təmizləmək kimi səfeh bir işə girişməyə bənzəyir.

Belə-belə şeylər haqda düşünüb-daşınandan sonra yəqin edirsən ki, “halal-haram” söhbəti yalnız halallıq olmayan cəmiyyətlərdə aktualdır. Total haramlığın hakim olduğu toplumda devizə çevrilən “Halal” kəlməsi donuz kolbasasının etiketinə yazılan “Halal” sözündən ötə deyil.

Bu yazının kitabımın MKM-də qalib olmaması hirsindən yazılması fikrinə düşməyin, lütfən. “Cığallıq edir”, “Özü qalib olsaydı, yazmazdı bunları” deməyə də tələsməyin. Əvvəllər də demişdim, yazmışdım ki, mən yazıçı deyiləm, ayıb olar belə düşünsəm. Bu sözün mənasını bildiyimdən belə düşünürəm. Sadəcə, anlamaq istədiyim odu ki, niyə bizlər ən ülvi hislərlə başladığımız işi sonda xırda duyğularla bitiririk. Yəni bu xalqın seçimi əksəriyyəti razı salan üç-beş adamı tapılmayacaqmı? Bu nədi? Bu, bizim naturamızdanmı qaynaqlanır?

Müsabiqənin başından yazı və müsahibələrimdə dediyim sözlər ayrı-ayrı saytlarda da, bloqumda da durur. Bu mövzuda dediyim fikirlərin üstündə yenə də dururam. Son müsahibədə belə demişdim: “MKM də, başqa müsabiqələr də ədəbiyyat hadisəsidi. Kitabdan çox-çox uzaq düşən bir toplumda belə müsabiqələrə hər kəs dəstək verməlidi. Xüsusilə, kitab, ədəbiyyat dəyərini bilənlər verməlidilər bu dəstəyi. Başqalarını demirəm, ədəbiyyat adamları, ədəbiyyatsevərlər bayrama çevirməlidirlər bunu. Elə kitabı dəyərdən salanların acığına eləməlidirlər. Bu konteksdən yanaşanda kimin qalib olması o qədər də əhəmiyyət kəsb eləmir. Müsabiqənin nüfuzuna əsas təsir edən amil isə obyektiv seçimdi. Böyük qəlblərdə xırda duyğular olmaz. İnanıram ki, Azərbaycanın bu qədər böyük adamının təmsil olunduğu münsiflər heyəti də böyüklüyünü saxlayacaq. Yazana, ona dəstək verən, yaxud mane olan hansısa güclərə yox, yazıya qiymət verəcəklər”.

MKM balları açıqladı. Tanış oldum. Niyazi Mehdi, Ayaz Salayev, Şahbaz Xuduoğlu, Çingiz Abdullayev, Hamlet İsaxanlı kimi tanınmış isimlərin qərəzəbənzər mövqeləri (qrup halında hamısı 5 bal verib) bax elə bu gecə pəncərəmdən baxan ay kimi aydın görünür. Məsələn, ön sözü Rüstəm İbrahimbəyov yazmasaydı, onun ittifaqına alternativ kinoşünaslar birliyi yaradan mənim sevimli dostum Ayaz Salayev ən aşağı balını məhz mənim kitabıma verərdimi? Şahbaz bəyin yaxşı qrup başçısı olmasını da deyirdilər. Nəysə… Hamısı sağ olsun. Ən aşağı bal yazan bu dostlar da, kitabıma ən yüksək balını vermiş Əkrəm Əylisli, Rafiq Əliyev, Elçin Şıxlı da. Ayrı-ayrı vaxtlarda “Çamayra. Kuba dəftəri”inə öz yazı və müsahibələrində yüksək qiymət verən Rüstəm İbrahimbəyov, Rəşad Məcid, Pərviz Cəbrayıl da. Elə Rüstəm müəllimin kitabın ön sözündə yazdıqları bundan belə yüz il də bəsimdi.

Hər dəfə müsabiqəyə yüksək dəyər verən sözlərim dərc olunanda burada iştirakdan imtina edən dost yazarlar mənə yazırdılar ki, müsabiqə ədəbiyyatın ictimailəşməsinə, təbliğatına nə qədər təkandısa, sonda seçim vaxtı edilən qrupbazlıq, dostbazlıq və başqa “bazlıq”lıqlar da ədəbiyyatı, sözü bir o qədər aşağılayır.

Onların bu sözlərini o vaxt bölüşməsəm də, sayğıyla yanaşmışam. İndisə bölüşüb-bölüşməməyin ta elə bir əhəmiyyəti yoxdu. Müsabiqə haqda əvvəl dediyim sözlərin hər kəlməsini indi də təkrarlayıram. Bircə onu əlavə edirəm ki, ilk üç yerdən ikisinin qalib olacağını hələ iki ay əvvəldən uzaq İsveçdə təxmin eləmişdim… danışılan söz-söhbətdən və yazılanlardan. Qalib kitabları oxumadığımdan onlar haqda fikir bildirə bilmirəm. Müəlliflərdən isə tək tanıdığım Pərvindi. İllər öncə “Qar yağacaq” adlı hekayəsini çox bəyənmişdim.

Münsiflərin isə bir-ikisini çıxmaqla hamısını şəxsən tanıyıram, bəzisini göz qırpmadan “xalqın vicdanı” da adlandırardım. Bir siyahıya baxın, nə qədər məşhur simalar var. Bu qədər sözü, əməli olanı hər saat bir yerdə toplaşan görmərsən. Onlar söz, ədəbiyyat adına bir yerdədilər. Amma indi məni bir xalq, bu xalqın parçası fərdlər olaraq, sərbəst, vicdana bağlı seçim edə bilməməyimiz düşündürür. Günah kimdədi, nədədi? Fərdlərdə, toplumda, ənənədə, sistemdə?

Əgər belə adamların da seçimində şübhə yeri varsa, tək-tək vicdanlı səsin yekuna təsiri yoxdursa, ələbaxan, müti məmur ordusunun keçirdiyi seçkilərdən nə umasan?! Bu ölkənin baş seçkisinin taleyi Mərkəzi Seçki Komissiyasında həll olunur. Düşünürəm, görəsən “xalqın vicdanı” dediyim kəslərin də yer aldığı MKM-in münsiflərini bu heyətdə MSK üzvü eləsək, azad və ədalətli seçkilərə qarant almış olarıqmı?

…Sonra yazının başlığına baxıram və susuram.

23 iyun 2013-cü il

Dərc olundu: musavat.com, kultura.az, medianews.az, avanqard.net,

Ozon adamlar

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

 – tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

 – liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

 – liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);

 – müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et

18 sentyabr Tanrı ərmağanı

18 sentyabr Tanrı ərmağanı

Üzeyir Hacıbəyovun doğum gününə bir yazı yazmaq istəyindəydim. Onun “Şuşa yolu” hekayətindən başlayacaqdım. Çoxdan oxumuşdum. Özünün Yevlaxda “kukuşka”dan düşüb faytonla Şuşaya getməyindən yazıb. Üzeyir bəyin faytonu Tərtər çayında ilişən kimi mənim də yazım elə ilk cümlədən tilsimə düşmüşdü, dalı gəlmirdi. “Azərbaycan tarixindən Üzeyir Hacıbəyov çıxılsa nə boyda boşluq yaranar?” kimi fikirlər xəyalımı gedər-gəlməzə elə aparmışdı ki, ta qayıdana oxşamırdı. Bu insanı anmayıb bloqumun “gündəlik”ində 18 sentyabr tarixini boş saxlamaq istəmirdim. Elə bu dəm böyük bəstəkarın həm bəstəkar, həm də publisist kimi istedadlı davamçısı dadıma çatdı. Oxumağa davam et

Qan Turalıya məktub

Qan Turalıya məktub

Bir “dəyər cəfakeşi” barədə

Salam Tural bəy!

Azadlıq radiosunun “Oxu zalı” rubrikasının redaktoru Rövşən Qənbərovun “Bəyənməyib “like” düyməsini basana lənət” yazısını oxumağı məsləhət gördüyün üçün Sənə təşəkkür edirəm. Çox güman ki, xəbərim olmayacaqdı. Oxudum və çoxdan eşitdiklərim təsdiqini tapdı.

Rövşən bəy kitab satılmamasının səbəbi kimi ölkədə dəyərin itdiyini yazır. Və nəşr olunan minlərlə kitab içində mənim “Ruhlar şəhəri” kitabıma açıq mətnlə işarə vurur: “Ramiz Rövşən” imzasına hörmət qoyub Ağdam haqda “ağlamalinski” sicilləmələr toplusuna ön söz yazmamalıdır”. Yəni Ramiz Rövşən dəyərin nə olduğunu bilmir! Allah, sən saxla! Nə deyim, bilmirəm?

Rövşən bəylə onda razıyam ki, ölkədə dəyərlər itib. İtməsəydi, sıradan bir müxbir qos-qoca “Azadlıq” radiosundan xalqa ədəbiyyat dərsi keçməzdi, dəyərlərdən mühazirə oxumazdı. Oxumağa davam et

İbrahimbəyovun qorxulu kinosu

 

İbrahimbəyovun qorxulu kinosu

Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik elədiyi dönəm özündən əvvəl uzun illər Azərbaycan kommunistlərinin lideri olmuş siyasi rəqibini cürbəcür intriqalarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov kimi dünya çaplı sənətkarların arasını vurmaqda ittiham eləmişdi. O vaxtdan təkzib edilməyən bu ittiham düzdürsə, güman etmək olar ki, mədəniyyətimizin başqa sahələrində də bu cür siyasət aparılıb.

Avtokrat idarəetmə metoduna xas bu cür siyasətlərin məqsədi aydındı: ayrı-ayrı nüfuz sahiblərinin birləşib güc mərkəzinə çevrilməsinə imkan verilməməlidi. Rüstəm İbrahimbəyovun başçılıq elədiyi təşkilatla eyni adda ikinci Kinematoqrafçılar İttifaqının yaradılması xəbərini oxuyanda yadıma Vəzirovun həmin sözləri düşdü. Heç nə dəyişməyib! Demək, yenə sənətkarlar üz-üzə qoyulur. Oxumağa davam et

Rüstəm İbrahimbəyovla müsahibə

“Sistem yeni mərhələyə qədəm qoyur”

 

Rüstəm İbrahimbəyov : “Bu mərhələnin mahiyyəti xalqın əlində qalan sərvətləri ələ keçirməkdən ibarətdir”

– Rüstəm müəllim, müstəqillik dövrünü nəzərə almasaq, Azərbaycan tarixinin hansı dönəmi sizə doğmadır? Məsələn, 60-80-ci illərin Bakısı ilə indiki Bakını müqayisə etsək, şəhərin mənəvi ab-havası, insanların davranışları, üz ifadələri arasında fərq varmı?

– Deyəndə ki, Bakı həyatının ən maraqlı dövrü 60-70-ci illər idi, mənim sözlərimi düzgün qəbul eləmirlər. Ona görə maraqlı deyildi ki, həmin dövrdə burda azərbaycanlılardan savayı ayrı millətlər də yaşayırdı. Təbii, bu amil də vardı. Çünki hər şeyin xəlitəsi yaxşıdır. Bir metalın tərkibində bir qədər başqa metaldan da olmalıdır. Təmiz olanda – ermənilərə oxşamağa başlayır. Ermənilər mono millətdir, buna görə də çox məsələdə uduzurlar.

XX əsrin əvvəlində Bakıda azərbaycanlıların sayı çox az idi. O vaxtkı statistikanı götürsək, bəlkə də əhalinin 25 faizi azərbaycanlı idi. Bu isə, əlbəttə, böyük faciəydi. Oxumağa davam et

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.

Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?

R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma! Oxumağa davam et