Söz oyuncağı

Söz oyuncağı

Azərbaycanda Söz sözün özündən çox da xəbəri olmayan, onun məsuliyyətini tam anlamayan adamların əlində oyuncağa çevrilib. Əlinə qələm alanların bəzisi bilərəkdən, bəzisi də bilməyərəkdən Sözlə xatalı oyuna girir. Başa düşmürlər ki, dedinsə, yazdınsa, Söz daha sənin deyil, hamınındır – eşidənin, oxuyanındır.

Sözün məsuliyyətini tam anlasaydılar, bilərdilər ki, bu gün cəmiyyət üçün “Ölkəni tərk elədi!” kimi sözlər mətbuatı başına götürən “Özünü asdı!”, “İntihar elədi!” sözləri qədər mənəvi sarsıntıya səbəb olur. Nə baş verir ki, “gəmini tərk edirlər” sualı ilə baş-başa qalan sabaha onsuz da ümidi azalmış insanlarda panik ovqat yaradır, cəmiyyəti depressiyaya sürükləyir. Bunumu istəyirsiniz? Oxumağa davam et

Şəbnəm

Şəbnəm

Vahid Qazi

Bilmirəm Leyli, Əsli, Cülyetta, adı yazılara düşməyib dillərdə gəzən min-min başqa sevgi qəhrəmanı nə vaxt yaşayıb. Yaşayıbmı? Bəlkə də kişi şair-aşiqlərin arzusuymuş bu qadınlar…

Amma mən sevdalanmış bir qız görmüşəm, XXI əsrdə yaşayır. Və heç bir kişi şair-aşiqin fantaziyası deyil. Dastanını özü yazıb! Yad ölkənin həbsxanasına düşən qərib bir oğlana aşiq olan, illərlə cəfasını çəkən, aldığı maaşdan bilet pulu düzəldən, yol alıb ölkələr keçən, min bir minnətlə görüş alan, ətrafın tənəli baxışlarından bir an belə inadını əyməyən qız. Oxumağa davam et

1 oktyabrda seçki xatirələri

“3-5 halal deputat yerinə yiyə durmayıb, prezident postunamı sahib çıxacaqsınız?”

Vahid Qazi

Əksəri post-kommunist ölkələrindən olan dostlar bu gün Gürcüstanda parlament seçkilərini müşahidə edirlər. Dəfələrlə Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Qırğızıstanda seçkiləri birgə izləmişik. Prinsipial və peşəkardılar – 2003-cü il prezident seçkimizi unutmayanlar onları xatırlamalıdılar.

Bizim bütöv gördüyümüz gürcü demokratiyasını yarımçıq sayan gürcülər də bu gün onların prinsipiallığına ümid edə bilər!

2000-ci ildə isə parlament seçkilərini müşahidə eləmək üçün Azərbaycana gəlmişdilər. Yadıma seçki gecəsi məntəqələrdə işini başa vurub qayıdan dostların pəjmürdə halı düşür. O vaxt Gənclik tərəfdə “Yüksəl” adlı bir kafe vardı. Müşahidəçilər seçkidən sonra burada şam edir, təəssüratlarını bölüşürdülər. Proses gecə yarıyadək – sonuncu müşahidəçi gələnədək davam eləmişdi. Hamı bir ağızdan müxalifətin qalıb gəldiyini deyirdi.

Həmin gecə gördüyü saxtakarlıqlardan dəhşətə gələn bir çex dostum müxalifət liderlərindən birinə belə bir sual vermişdi: “Bizim olduğumuz bütün məntəqələrdə sizin partiya qalib gəlib, amma görürük ki, sizi parlamentə buraxmaq istəmirlər. Niyə küçələrə çıxıb haqqınızı tələb etmirsiniz?”

“3-5 deputat yerindən ötrü risk etməyə dəyməz. Biz son döyüşə, 2003-cü il prezident seçkilərinə hazırlaşacayıq”. Əslində  o öz cavabını yox, partiyanın qərarını deyirdi. Siyasətçi dostumuzun bu cavabı çexiyalı müşahidəçini çıldırıb özündən çıxarmışdı. Ağır yumruğu qeyri-ixtiyarı stola çırpılan çex az qala çığırı-çığıra deyirdi:“3-5 halal deputat yerinə yiyə durmayıb, prezident postunamı sahib çıxacaqsınız? Bu, absurddur!” Onun siyasətçi dostuyla belə danışmağa ərki çatırdı.

O bu sözləri uzaqgörən fantastik bir fəhmlə söyləmişdi – 3-5 deputat yerinə sahib durmayanlar 2003-də acı məğlubiyyətə uğradılar, 2009-da isə hətta 3-5 bələdiyyə yerinə həsrət qaldılar…

Bu gün həmin çexiyalı demokratiya fədaisi başqa dostlarla birgə Gürcüstanda parlament seçkilərini müşahidə edir.

…Mənsə Azərbaycanda demokratiyanın məğlubiyyət səbəbləri haqda düşünə-düşünə çox uzaqlara gedən fikrimin axrasınca düşmüşəm!

1 oktyabr 2012

vahidqazi.wordpress.com

18 sentyabr Tanrı ərmağanı

18 sentyabr Tanrı ərmağanı

Üzeyir Hacıbəyovun doğum gününə bir yazı yazmaq istəyindəydim. Onun “Şuşa yolu” hekayətindən başlayacaqdım. Çoxdan oxumuşdum. Özünün Yevlaxda “kukuşka”dan düşüb faytonla Şuşaya getməyindən yazıb. Üzeyir bəyin faytonu Tərtər çayında ilişən kimi mənim də yazım elə ilk cümlədən tilsimə düşmüşdü, dalı gəlmirdi. “Azərbaycan tarixindən Üzeyir Hacıbəyov çıxılsa nə boyda boşluq yaranar?” kimi fikirlər xəyalımı gedər-gəlməzə elə aparmışdı ki, ta qayıdana oxşamırdı. Bu insanı anmayıb bloqumun “gündəlik”ində 18 sentyabr tarixini boş saxlamaq istəmirdim. Elə bu dəm böyük bəstəkarın həm bəstəkar, həm də publisist kimi istedadlı davamçısı dadıma çatdı. Oxumağa davam et

15 sentyabr və Nuru Paşa: təzadlarla dolu tarix

15 sentyabr: iki fərqli tarix

Nuru Paşanın komandan olduğu Qafqaz Türk-İslam ordusunun Bakını rus-erməni hərbçilərindən azad elədiyi 15 sentyabr 1918-ci il tarixi nə qədər fəxarətə layiq, qəlbi riqqətə gətirən gündürsə, 1826-cı ilin 15 sentyabrı Azərbaycan şəhzadəsi Abbas Mirzənin Gəncəni ruslardan geri almaq uğrunda faciəli məğlubiyyəti bir o qədər ürək paralayan hadisədi. Sonuncu hadisə Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan” kitabında dolğun təsvir olunub: “Abbas Mirzənin 1826-cı ildə Gəncəni ruslardan geri almaq cəhdi dəhşətli məğlubiyyətlə nəticələndi”.

                                                  Fətəli şаh оğlu Аbbаs Mirzə

Nuru Paşa: iki fərqli şəxs

1918-ci ilin 15 sentyabrında Bakını xilas edən ordunun önündə olanda da, 1920-ci ilin 28 aprelində Bakıya girən işğalçı XI Qızıl Ordunun qabağında gələndə də Nuru Paşa təmsil elədiyi dövlətə sadiq idi. Həmidə xanım Cavanşır “Xatirələrim”də belə yazır: “Aprelin sonlarında söhbət gəzdi ki, bolşeviklər döyüşsüz Bakıya giriblər. Bu, bizi təəccübləndirmədi. Mirzə Cəlil poçtu götürmək və evə lazım olan ərzağı almaq üçün tez-tez Ağdama gedirdi. Orada Bakıdan gələnlərdən öyrənmişdi ki, bolşevikləri Azərbaycana türklərin nümayəndələri gətirmişlər. Onlardan biri də ünlü Ənvər paşanın qardaşı Nuru paşadır… Nuru paşa hər yerdə xalq toplantısı çağıraraq bolşevikləri mədh edən nitqlər söyləyirdi. Mirzə Cəlil onunla Ağdamda tanış olmuşdu… kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər”.

                                     Nuru paşa və Qafqaz Türk-İslam ordusu

Unutmayasan, nəticə çıxara biləsən, zaman tarixi anlamağa ən uğurlu vasitədi.

15 sentyabrımız mübarək!

15 sentyabr 2012

Acalovun əcəli

Acalovun əcəli

(Aydın Acalova həsr olunur)

Aydın Acalovla çox situasiyalarda bir yerdə olmuşam: dinc yürüşdə, icazəsiz mitinqdə, xarici səfərdə, qatarda, süfrə başında və s. Xoşbəxt olması üçün qatar kupesindəki balaca süfrəyə sığacaq qədər səmimi ünsiyyət bəs idi. Gör Azərbaycan boyda yerin xoşbəxtliyi neylərdi onu…

Buludlar cürbəcürdü: yaxından keçəni var, bir anda yağıb boşalır; özü üçün axanı var, kölgəsiz filan. Biri də var –  yerin-göyün nəmini çəkən uzaq mənzilli buludlar. Xalqın qəmini çəkənlər də belədi, yolun uzağıdı qismətləri.

Yadımda xoş sürprizləriylə qalacaq. Sonuncu sürprizi xoş olmadı amma.

Allah özünü rəhmətə qovuşdursun, istəklərini mənzil başına çatdırsın!

Budapeşt türməsindən zəng

Budapeşt türməsindən zəng

Ramil Səfərova

Ötən həftə Ramil Səfərov zəng eləmişdi. Həbsxanada kitablarımı oxuyubmuş. Elə buna görə zəng edib. 3 dəqiqəlik söhbətdə elə bildim 30 ilin tanışıyıq. Səs tembri həyasının, sözləri intellektinin böyüklüyündən xəbər verirdi. Anladığım qədər ən çox bəyəndiyi “Çamayra. Kuba dəftəri” olub. Diqqətinə heyran qaldım!

Tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərini oxuyandan sonra əvvəlki facebook səhifəmdə bu sözləri yazmışdım: “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı azadlıq eşqi Hadisə deyilmi?” Suala indi cavab aldım: “Hadisəymiş!”

Sabahdan ömrünün 35-ci ilinə başlayacaq. 9 ili qərib ölkənin həbsxanasında keçən ömrün.

Doğum gününü təbrik edirəm! Bir gün azad olacaqsan. Bunu arzulayıram, buna inanıram! Bilirəm, ona əli çatan, kitablarımı ona aparan Dostum bu yazını da oxuyacaq, arzu və inamımı ona deyəcək.

Vahid Qazi

24 avqust 2012

Burserid, İsveç

Azadlıq aşiqi keşiş

Azadlıq aşiqi keşiş

(Kubalı keşiş Xose Konrado haqda)

Bu, Santyaqo-de-Kuba şəhərinin katolik kilsəsində keşiş Xose Konradonun otağında divardan asılan tablolardan biridi. İlk baxışda burada nə çəkildiyini kəsdirə bilmədim, sonra diqqətlə baxanda gördüm ki, heyvanların buynuzu, həşəratların quyruğu, güllərin ləçəyi də  kommunistlərin oraq-çəki simvolu formasındadı. Fotonu çəkəndə tablolar barədə soruşdum, keşiş sadəcə güldü, cavab vermədi. Demək istəyirdi ki, bildiyin şeyi soruşma!

Kommunist ölkəsində başının üstündə antikommunizt şəkil asan din xadiminə valeh olmuşdum. Ömrümdə onun kimi ağıllı ruhani görməmişəm. Bizim molla və axundlarla müqayisə eləmək günah olardı. Çox savadlıydı. Onu dinlədikcə, qarşımda ölkəsinin taleyi, hakimiyyəti, siyasi müxalifəti, diasporu, ictimai kəsimi barədə əsl vicdan ağrısıyla danışan ziyalı bir vətəndaşın olduğunu duyursan.

Ondan ayrılıb taksiyə minəndə dəftərimə bu qeydləri eləmişdim: “Qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən.”

Beş il sonra Konrado Atanı Polşanın Krakov şəhərində “Demokratiyalar İcması”nin 10-cu ildönümünə həsr olunmuş konfransda Hillari Klintonun əlnidən xüsusi mükafat alarkən bir də gördüm. Və bu nurlu kişini onda anladım. Sən demə, dəfələrlə həbs olunan, hər dəfə də Roma Papasının təkidli tələbiylə azad olunan bu adam sadəcə din xadimi deyil, həm də Kuba kimi diktatura ölkəsində insan hüquqlarının yorulmaz müdafiəçisi, böyük azadlıq mücahidiymiş…