Azadlıq aşiqi keşiş
(Kubalı keşiş Xose Konrado haqda)
Bu, Santyaqo-de-Kuba şəhərinin katolik kilsəsində keşiş Xose Konradonun otağında divardan asılan tablolardan biridi. İlk baxışda burada nə çəkildiyini kəsdirə bilmədim, sonra diqqətlə baxanda gördüm ki, heyvanların buynuzu, həşəratların quyruğu, güllərin ləçəyi də kommunistlərin oraq-çəki simvolu formasındadı. Fotonu çəkəndə tablolar barədə soruşdum, keşiş sadəcə güldü, cavab vermədi. Demək istəyirdi ki, bildiyin şeyi soruşma!
Kommunist ölkəsində başının üstündə antikommunizt şəkil asan din xadiminə valeh olmuşdum. Ömrümdə onun kimi ağıllı ruhani görməmişəm. Bizim molla və axundlarla müqayisə eləmək günah olardı. Çox savadlıydı. Onu dinlədikcə, qarşımda ölkəsinin taleyi, hakimiyyəti, siyasi müxalifəti, diasporu, ictimai kəsimi barədə əsl vicdan ağrısıyla danışan ziyalı bir vətəndaşın olduğunu duyursan.
Ondan ayrılıb taksiyə minəndə dəftərimə bu qeydləri eləmişdim: “Qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən.”
Beş il sonra Konrado Atanı Polşanın Krakov şəhərində “Demokratiyalar İcması”nin 10-cu ildönümünə həsr olunmuş konfransda Hillari Klintonun əlnidən xüsusi mükafat alarkən bir də gördüm. Və bu nurlu kişini onda anladım. Sən demə, dəfələrlə həbs olunan, hər dəfə də Roma Papasının təkidli tələbiylə azad olunan bu adam sadəcə din xadimi deyil, həm də Kuba kimi diktatura ölkəsində insan hüquqlarının yorulmaz müdafiəçisi, böyük azadlıq mücahidiymiş…
Thankks for sharing