15 sentyabr və Nuru Paşa: təzadlarla dolu tarix

15 sentyabr: iki fərqli tarix

Nuru Paşanın komandan olduğu Qafqaz Türk-İslam ordusunun Bakını rus-erməni hərbçilərindən azad elədiyi 15 sentyabr 1918-ci il tarixi nə qədər fəxarətə layiq, qəlbi riqqətə gətirən gündürsə, 1826-cı ilin 15 sentyabrı Azərbaycan şəhzadəsi Abbas Mirzənin Gəncəni ruslardan geri almaq uğrunda faciəli məğlubiyyəti bir o qədər ürək paralayan hadisədi. Sonuncu hadisə Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan” kitabında dolğun təsvir olunub: “Abbas Mirzənin 1826-cı ildə Gəncəni ruslardan geri almaq cəhdi dəhşətli məğlubiyyətlə nəticələndi”.

                                                  Fətəli şаh оğlu Аbbаs Mirzə

Nuru Paşa: iki fərqli şəxs

1918-ci ilin 15 sentyabrında Bakını xilas edən ordunun önündə olanda da, 1920-ci ilin 28 aprelində Bakıya girən işğalçı XI Qızıl Ordunun qabağında gələndə də Nuru Paşa təmsil elədiyi dövlətə sadiq idi. Həmidə xanım Cavanşır “Xatirələrim”də belə yazır: “Aprelin sonlarında söhbət gəzdi ki, bolşeviklər döyüşsüz Bakıya giriblər. Bu, bizi təəccübləndirmədi. Mirzə Cəlil poçtu götürmək və evə lazım olan ərzağı almaq üçün tez-tez Ağdama gedirdi. Orada Bakıdan gələnlərdən öyrənmişdi ki, bolşevikləri Azərbaycana türklərin nümayəndələri gətirmişlər. Onlardan biri də ünlü Ənvər paşanın qardaşı Nuru paşadır… Nuru paşa hər yerdə xalq toplantısı çağıraraq bolşevikləri mədh edən nitqlər söyləyirdi. Mirzə Cəlil onunla Ağdamda tanış olmuşdu… kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər”.

                                     Nuru paşa və Qafqaz Türk-İslam ordusu

Unutmayasan, nəticə çıxara biləsən, zaman tarixi anlamağa ən uğurlu vasitədi.

15 sentyabrımız mübarək!

15 sentyabr 2012