Üstümüzdəki Soros ləkəsi

Soros

Üstümüzdəki Soros ləkəsi

 

“Demokratik institutlar öz-özünə inkişaf edə bilməz, onların inkişafı bizlərdən asılıdı. Demokratik institutların təkmilləşməsi problemi bu institutların yox, həmişə ayrı-ayrı şəxsiyyətlərin qarşısında duran problemdi”. Bu sözlər Avstriya filosofu Karl Popperə məxsusdu.

Cəmiyyətdə, xalqın taleyində fərdlərin, şəxslərin rolu barədə cildlərlə kitab var, nə qədər istəsən sitat gətirmək olar. Sitatı Popperdən ona görə gətirmədim ki, bu adın deyilişindən xoşum gəlir, qəşəng səslənir. Ona görə seçdim ki, Corc Soros Popperi müəllimi, özünü də onun ideya ardıcılı hesab edir. O Soros ki, daha Bakıdakı ofisi heç kimə qrant verməyəcək…

Soros Fondunun yerli ofisinin qrant verməyəcəyi xəbəri məni ona görə narahat eləmədi ki, ta bu fond qrant verməyəcək. Qrant olacaqsa, onu vermək qərarı bizdə olmayacaq, qrant Nyu-Yorkdan veriləcək, bir sözlə, qrantı qrant sahibləri özləri paylayacaq. Oxumağa davam et

Ağrının sərhəd məntəqəsi

Ağrının sərhəd məntəqəsi

Əl-ayaq kəsilib, sonuncu adam da çəkiləndə dəhlizin sükutu sanki canlı varlıq imiş, konsertə gecikən dinləyici təki bir andaca özünü qapının azca aralı boşluğundan palataya saldı. Bu “gəliş”lə yastığın üstündəki telefonda artıq neçənci kərə dinlədiyi bəşər tarixinin bəlkə də ən möhtəşəm musiqisinin səsini birə beş artırdı.

“Dəhlizin sükutu” palatanın “konsert”ində qəfil bir ovsunla donubmuş kimi sallaşa qaldı. Musiqi xəstəxana palatasında hər şeyi dondurmuşdu. Pəncərənin o üzündə yarpaqsız budaqlarla oynaşan ay işığının pəncərə şüşəsindən bu üzdəki şüaları da, saçın hər dənini yolduğu kimi orqanizmin hər hüceyrəsini də tək-tək gəmirib bədəni hissə-hissə zəbt edən Ağrı da, venesiyalı bir musiqiçinin üç yüz il əvvəl çaldığı musiqini o andan bu anacan bətnində gəzdirən Zaman da dayanıb durmuşdu.

Ağrı üzü qalın buz bağladığından axını görünməyən çay kimiydi. Canı ağrımırdı, ağrısı durmuşdu – “Tramal” ağrının buz qatıydı. Ağrı donmuşdu!

Donmayan ilahi musiqi, bir də “sistem”də damcılayan dərman idi. Dərmanın damlaları musiqiyə not-not damırdı, ritmini tuturdu, sevgililər kimi qol-boyun idilər, əriyib bir can olmuşdular, oynaşa-oynaşa yeni sevgiyə, Ağrıya can atırdılar – qana axırdılar.

***

Dəhlizin sükutunu boğuq bir səs pozdu: “Sestraaaa!” Cavab gəlmədi. Bəlkə də onuncu dəfəydi təkrarlanan bu səsə ayaq səsi də qarışdı. Ayağını güclə sürüyən xəstə tibb bacısını axtarırdı. Palatanın qapısı ağzına çatanda onun xırıltılısı aydın eşidildi. Yaşlı adam idi. Elə bil sürüdüyü ayağı, Ağrı dolu bədəni deyildi, bu anda qara qəpik qədər dəyəri qalmayan bütöv bir ömrüydü. Tibb bacısıyla söhbətdən tək bu sözləri qulağı aldı: “Yaxşı, zarıma, get yerinə, gəlib vuraram”.

Yadına gündüz görüb eşitdikləri düşdü. Kasıb xəstələrə həşərat kimi baxan həkimləri, altını batıran yataq xəstəsini çoban iti kimi tutan tibb bacısını, əməliyyata təzəcə gəlmiş xəstəyə görə kəndli malı üstündə əlbəyaxa olan bazar alverçilərinə bənzər iki yaşlı cərrahı, cürbəcür xəstənin artığını boşqablardan qazana siyirib, sonra elə həmin qazandan təzə yemək adına pay çəkdiyini görən cavan xəstənin etirazına şivənlə cavab verən, köklüyündən kötüyə dönmüş aşpazı unuda bilmirdi. Palatada yer olmadığından gecəni dəhlizdə qalan, atası kənddən pul gətirənəcən əməliyyatı təxirə salınan on iki yaşlı qız anasının qolları arasında ağlamaqdan yorulmuşdu…

Rafiq Tağı kimi həmkarına etinasız olanlar başqasına can yandırarmı? Ötən yay Polşada Osvensim ölüm düşərgəsində gördükləri hardan yadına düşdü? Bənzətmədən əti ürpəşdi.

Xəstəxanadan çöldəki həyatı xatırladı, bayırla iç eynidi… Bəli, bura boşluqlar ölkəsidi. Lap kosmik fəzadakı kimi çəkisizlikdi: baş hardadı, ayaq harda? yerin hanı, göyün hanı? şərqin budu, qərbin bu? – bilməzsən! Dünən yada düşmür, sabah üfüqdə görünmür, bu gün yoxdu – zamansızlıqdasan; qiblə yoxdu – allahsızlıqdasan; sərhəd yoxdu – vətənsizlikdəsən! Kosmik fəza sistemi kimi bura da boşluqdu, çəkisizdi, havasızdı. İçin də boşalıb çoxdan, çölün kimi, xəbərin olmayıb…

***

Pəncərədə dan yeri sökülürdü. Təzə gün doğurdu. Təzə günlə bir vaxtda təzə Ağrı da döğurdu. “Tramal” gecəni sabaha çatdırıb əldən düşmüşdü. “Ağrı – ağrı haqqında canlı bir təsəvvürdü”, düz deyirmişsən, Mark Avreli! Ağrı şüurla şüursuzluq arasındakı sərhəd məntəqəsidi! Bu səhər sərhədi keçmək istədi.

Başlamışdı, Ağrıyla böyük mücadilə yenə başlamışdı. Bu döyüşə yenə köhnə dostlarla çıxırdı: “Tramal”, “sistem” damlaları, bir də Tomaso Albinoninin “Adagio”su. Ağrını ağrıyla çıxarırdı, dünyanın ən əzəmətli Ağrısıyla – Albinoninin “Adagio”suyla. Ağrıyla döyüş daha onun canında yox, uzaqda, milyon-milyon ulduzların hansındasa gedirdi bəlkə də. Döyüşənlərin barışmağını görmüsənmi? Barışanların sevişməsini necə? Ağrıyla heç sevişdinmi?..

Gözlərini açdı. Yastıqdan sürüşən telefonu yorğanın altında tapdı. Mesaj gəlmişdi. Şuşalı Hikmət Sabiroğlu yollamışdı: “Fiziki ağrılar keçəcək! Bəs o biri ağrılar necə, bitəcəkmi?”

Albinoninin “Adagio”suna yüksək səs verib gözlərini tavandakı məchul nöqtəyə zillədi. Adamlar marağa qapını açıb örtürdülər. Sonra kimsə qapını tamam açdı, musiqi dalğa-dalğa dəhlizə yayıldı.

O isə məchul nöqtədən – “Ağrının sərhəd məntəqəsindən” keçib getmişdi…

Vahid Qazi

Barrikada gül açanda

SONY DSC

Barrikada gül açanda

Rafiq Əliyevə

“İnsanlar az körpü salıb, çox divar hörürlər”.

Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü.

İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı. Oxumağa davam et

“Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı

 

Qapaq_YL

MÜNDƏRİCAT

Ön söz yerinə. Cəmil Həsənli: “Qəm naxışları” 

Yaddaş ləpirləri

Ölü şəhərlər muzeyi

Partlamayan minaların serenadası

Qəmli gözlərin süitasi

Açılmayan süfrənin qonağı

Şərq hüzuru

Bekar(a) ömür

Qara çörəyin ağ üzü

Özünü axtaranlar ölkəsi və ya maydan sonra gələn aprel

Şahmat taxtasında beysbol: genosid düşüncələri

Kerolayn Koks, Yelena Bonner və genosid de­bat­la­rı

Unudulmaz Gülsarı

Yelena

Demokratiya yazıları

Ağ Rusiyanın qara taleyi

Susmaq hüququ

Bizim saziş

Rusiya səfirinə məktub

İntibah təməlçiləri

Xilas missiyalı ölüm

Cahillər və snoblar

Demokratiyanın yarımçıq təbəssümü

“Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı. Yüklə.

Sərgidən reportaj

«Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri» sərgisi Rəssamlar İttibaqında

İyulun 23-də Bakıda və ölkənin digər yerlərində Ağdamın işğalının 17-ci ili yad edilib. Bakıda müvəqqəti məskunlaşmış ağdamlılar, eləcə də bir çox qarabağlılar günün birinci yarısı bu münasibətlə Şəhidlər Xiyabanına yığışıblar.

Günün ikinci yarısı isə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda «Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri» adlı fotoşərgi açılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «İnam» Plüralizm Mərkəzinin təşkil etdiyi sərgidə Ağdamın işğaldan əvvəl və sonrakı şəkilləri, eləcə də «Qafqaz Xirosiması» filmi nümayiş etdirilib.

Açılışda ölkədəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, elm, mədəniyyət xadimləri, QHT təmsilçiləri və sadə vətəndaşlar iştirak ediblər.

17 il bundan əvvəl Ağdam Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Azadlıq radiosu

Rüstəm İbrahimbəyovla müsahibə

“Sistem yeni mərhələyə qədəm qoyur”

 

Rüstəm İbrahimbəyov : “Bu mərhələnin mahiyyəti xalqın əlində qalan sərvətləri ələ keçirməkdən ibarətdir”

– Rüstəm müəllim, müstəqillik dövrünü nəzərə almasaq, Azərbaycan tarixinin hansı dönəmi sizə doğmadır? Məsələn, 60-80-ci illərin Bakısı ilə indiki Bakını müqayisə etsək, şəhərin mənəvi ab-havası, insanların davranışları, üz ifadələri arasında fərq varmı?

– Deyəndə ki, Bakı həyatının ən maraqlı dövrü 60-70-ci illər idi, mənim sözlərimi düzgün qəbul eləmirlər. Ona görə maraqlı deyildi ki, həmin dövrdə burda azərbaycanlılardan savayı ayrı millətlər də yaşayırdı. Təbii, bu amil də vardı. Çünki hər şeyin xəlitəsi yaxşıdır. Bir metalın tərkibində bir qədər başqa metaldan da olmalıdır. Təmiz olanda – ermənilərə oxşamağa başlayır. Ermənilər mono millətdir, buna görə də çox məsələdə uduzurlar.

XX əsrin əvvəlində Bakıda azərbaycanlıların sayı çox az idi. O vaxtkı statistikanı götürsək, bəlkə də əhalinin 25 faizi azərbaycanlı idi. Bu isə, əlbəttə, böyük faciəydi. Oxumağa davam et

Fərda Əsədovla müsahibə

MÜSAHİBƏ

“Ərəb ölkələrində baş verənlər qlobal

siyasətin yeniləşməsi deməkdir”

– Fərda bəy, ərəb dünyasında baş verənləri necə adlandırmaq olar? İndi bu hadisələrə müxtəlif adlar qoyurlar: “ərəb dominosu” da, “inqilabın üçüncü dalğası” da deyənlər var. Tam fərqli fikirlər də səslənir. Sizin düşüncəniz nədir, nə baş verir?

– Bu hadisələrin mahiyyəti, həmçinin mahiyyətini ifadə edən terminologiya çox müxtəlifdir. Daha çox “inqilab”, ya da “dirçəliş” sözlərindən istifadə olunur. “Domino” deyənlər  hadisələrin zəncirvari baş verməsini, bir ölkədən başqa ölkəyə keçməsini, bəlkə də bəzilərinin çoxdan arxivə göndərdiyi “ərəb birliyi” ideyasının dirçəlməsini nəzərdə tuturlar. Güman edirəm ki, hər bir ərəb ölkəsində, xüsusilə də aparıcı ərəb ölkəsi sayılan bir yerdə – Misirdə, baş verən hadisələr başqa ölkələrə də çox böyük təsir edir. Hər zaman belə olub. Ərəb birliyi üçün çalışan qüvvələr, bunu qarşısına məqsəd qoyan intellektual elita, o cümlədən, bu birlik uğrunda çalışan xalq kütlələri də həmişə olub. Oxumağa davam et