MÜSAHİBƏ
“Ərəb ölkələrində baş verənlər qlobal
siyasətin yeniləşməsi deməkdir”
– Fərda bəy, ərəb dünyasında baş verənləri necə adlandırmaq olar? İndi bu hadisələrə müxtəlif adlar qoyurlar: “ərəb dominosu” da, “inqilabın üçüncü dalğası” da deyənlər var. Tam fərqli fikirlər də səslənir. Sizin düşüncəniz nədir, nə baş verir?
– Bu hadisələrin mahiyyəti, həmçinin mahiyyətini ifadə edən terminologiya çox müxtəlifdir. Daha çox “inqilab”, ya da “dirçəliş” sözlərindən istifadə olunur. “Domino” deyənlər hadisələrin zəncirvari baş verməsini, bir ölkədən başqa ölkəyə keçməsini, bəlkə də bəzilərinin çoxdan arxivə göndərdiyi “ərəb birliyi” ideyasının dirçəlməsini nəzərdə tuturlar. Güman edirəm ki, hər bir ərəb ölkəsində, xüsusilə də aparıcı ərəb ölkəsi sayılan bir yerdə – Misirdə, baş verən hadisələr başqa ölkələrə də çox böyük təsir edir. Hər zaman belə olub. Ərəb birliyi üçün çalışan qüvvələr, bunu qarşısına məqsəd qoyan intellektual elita, o cümlədən, bu birlik uğrunda çalışan xalq kütlələri də həmişə olub.
Ərəb dünyası hələ də vahid bir mühitdir
Bu baxımdan istər Misirdə, istər Suriyada baş verənlərlə əlaqədar ərəb-İsrail münaqişəsinin yeni həll yollarının gündəmə gəlməsi təsadüf deyil. Bunların hamısı ərəb dünyasının hələ də vahid bir mədəni, siyasi-ictimai mühit olmasından xəbər verir.
O ki qaldı hadisələrin daxili mahiyyəti və sonrakı nəticələrinə, şübhəsiz, burada sosial-siyasi yeniliklər tələbi ortaya çıxıb. Görünür, bu tələblər ictimai qruplarda böyük vüsət alıb. Artıq problemlərin həlli siyasi hakimiyyət və cəmiyyət qarşısında çox kəskin şəkildə dayanıb. Bu da dəyişiklikləri qaçılmaz edir.
Eyni zamanda, ərəb dünyasında baş verənlər qlobal siyasətə də təsir göstərir. Bu, nəinki ərəb dünyasında böyük dəyişikliklərin olmasından xəbər verən zəncirvari hadisələrdir, həmçinin bütün dünya siyasətinə, Qərblə müsəlman Şərqinin münasibətlərinə çox böyük təsir potensialı olan prosesdir.
– Müşahidəçilər deyirlər ki, ayrı-ayrı ölkələrdə baş verən hadisələrin eyni vaxta düşməsi olayların daxildən deyil, xaricdən stimullaşdırılmasından xəbər verir. Çünki ərəb ölkələrinin iqtisadi-siyasi-mədəni səviyyəsi aşağı-yuxarı eyni olsa da, mütləq mənada demək olmaz ki, bu dövlətlərin ictimai-siyasi quruluşları eynidir, hər halda aralarında xeyli fərqlər də var. Sizcə, hadisələrin zəncirvari düzümü təsadüfdür, yoxsa hansısa kənar təsirlər doğrudan da var?
– Mən bayaq ərəb dünyasına dair bir qanunauyğunluq haqqında fikirlərimi açıqladım. Dedim ki, ərəb dünyası nə qədər fərqli ölkələrdən ibarət olsa da, onlardan hər hansı birində, xüsusilə aparıcı nüfuza malik ölkələrdə baş verən hadisələr başqalarına mütləq təsir göstərir. Məsələn, Misir 1979-cu ildə İsraillə sülh sazişi bağlayanda başqa ölkələr buna qarşı addımlar atdı. Suriya, Yəmən və İraq siyasi ittifaq yaradıb Misirin siyasətinə zidd siyasət yürütdülər. Bu mənfi reaksiyalar sırasından bir misaldır. Əlbəttə müsbət və hadisələri təkrarlama misalları da var, məsələn İraqda, Yəməndə və Liviyada monarxiyaların devrilməsi və milli azadlıq hərəkatına təkan verən 1952 il Misir inqilabı olmuşdur. Ərəb ölkələrini birləşdirən elə tellər var ki, hansısa ölkədə baş verənlərin digərinə mütləq təsiri olur. Bu, yenə də deyirəm, ərəb dünyasının vahid bir mühit olmasından xəbər verir.
Bununla yanaşı, əlbəttə, belə məsələlərdə öz maraqları olan qüvvələr, hakimiyyətlər, dövlətlər də var. Bu da ayrıca bir mövzudur.
– Hadisələrin Wikileaks saytında ərəb ölkələri haqqında verilən məlumatlardan sonraya düşməsi necə, nədənsə xəbər verirmi?
– Bilirsiz, ərəb vətəndaşlarının həyatına təsiri olan, qəzəbini artıran hansısa məlumatın ortaya çıxması, şübhəsiz, təkanverici effektə səbəb ola bilər. Amma köklü səbəb ondan ibarətdir ki, ərəb cəmiyyətlərində qəzəb, narazılıq, inciklik, hakimiyyətə qarşı ögeylik duyğusu on illər boyu inkişaf etdirilib. Təsadüf deyil ki, hadisələr nisbətən inkişaf etmiş, vətəndaşları kifayət qədər təhsilli, məlumatlı olan ölkələrdə, Tunisdə və Misirdə, başlandı.
Mən öz fikirlərimi demirəm. Bir müddət əvvəl Londonda araşdırma aparırdım. Orda da bu hadisələrlə bağlı müzakirələr gedirdi. Dünyada tanınmış ərəb mənşəli bir jurnalist o ölkələrdəki inqilablardan danışanda bunu “mənlik, qürur hissinin dirçəlməsi” kimi qiymətləndirirdi. Söhbət ondan gedir ki, ərəb cəmiyyətinin sayca heç də az olmayan təhsilli, bilikli, bacarıqlı üzvləri bir çox siyasi proseslərdən, hətta öz ölkəsinin müqəddəratını təyin etməkdən belə təcrid olunmuşdular. Bu da onlarda həm qəzəb hissi, həm də dəyişiklik tələbatı yaratmışdı. Hadisələr buna köklənib. Əlbəttə, rüsvayçı faktların üzə çıxması da bu tərpənişə müəyyən təkan verə bilərdi.
İndi nə sabitlik var, nə demokratiya
– Bir az başqa yöndən baxaq. Belə fikir də var ki, indiki ərəb düzəni soyuq müharibədən qalma – yəni SSRİ ilə ABŞ arasında gedən mübarizə nəticəsində formalaşmış bir düzəndir. Və SSRİ-nin çöküşü ilə bu düzən də ömrünü başa vurmalıydı. Xatırlayırsınızsa, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays da demişdi ki, Amerika 60 ildir bu regionda səhv siyasət yürüdür. Hadisələrə bu kontekstdə baxanda xarici amilin çəkisi barədə nə demək olar?
– Haqlısınız, Kondoliza Raysın sözlərindən belə çıxırdı ki, Qərb sabitlik naminə avtoritar rejimlərlə əməkdaşlıq edib, demokratiyanı hardasa sabitliyə qurban verib. İndi isə, dediklərinə görə, nə sabitlik var, nə demokratiya. Bu, uzun illər aparılmış siyasətin uğursuzluğu kimi görünə bilər.
Lakin xarici amili də birmənalı başa düşməməliyik. Bunu belə dərk etməliyik ki, qloballaşma prosesində hər bir daxili problemin xarici tərəfi də olur. Çünki indiki dünyada bir ölkə daxilində, hansısa region çərçivəsində qapanıb, özünə münasib siyasət yürütmək mümkün deyil. Reallıqların formalaşmasına xarici aləmlə münasibətlərin səviyyəsi, ölkədən, regiondan kənar maraqların da nəzərə alınması, hətta xarici güclər daxilində baş verənlər də öz təsirini göstərir. Demək, artıq Qərbdə də müəyyən keyfiyyət dəyişikliyi baş verir ki, Amerikanın, Avropanın başqa ölkələrlə münasibətlərinə öz təsirini göstərir. Əgər indiyə qədər ərəb ölkələrindəki rejimlərə dəstək var idisə, indi buna qarşı həmin o dəstək verən dövlətlərdə narazılıq oyanmaqdadır. Üstəlik, belə siyasət heç də böyük problemlərin həllinə gətirib çıxarmayıb. Yeni reallıqların ortaya çıxması həm obyektiv zərurət, həm də subyektiv təsirin nəticəsi kimi gözə dəyir. Bunların hamısı bu iki amilin qarşılıqlı təsiri nəticəsində yaranır.
Amma bu o demək deyil ki, proseslər hansısa cızılmış plan üzrə gedir. Sadəcə, yeni reallıqların ortaya çıxması böyük tələbə çevrilir və köhnə reallıqlardan yapışıb qalmaq qətiyyəti azalır. Və sonrası, nəticəsi bəlli olmayan proseslər başlayır.
– Bu yaxınlarda “Nyu-York Times” qəzeti “Wikileaks”də açıqlanan sənədlərə əsaslanaraq belə bir məqalə dərc elədi ki, Amerika hökuməti ərəb ölkələrində müqavimətin yaranmasına müxtəlif institutlar vasitəsilə yardım göstərirmiş.
– Bu, dəqiq məlumat tələb edən sualdır. Mən qətiyyətlə deyə bilmərəm, hansı qüvvələrə nə qədər yardım olunub, ya olunmayıb. Güman etmirəm ki, Wikileaksdəki məlumatlar bu haqda birmənalı söz deməyə imkan versin. Təbii, bunu ehtimal etmək olar və bu ehtimal üzərində qabaqlayıcı siyasət də aparıla bilər. Amma yenə də konkret demək olmaz – bu olub, ya olmayıb. Bu mülahizələrə elmi baxımdan münasibət bildirməli olsaq, konkret dəlil-sübut görə bilmərik. Yalnız ehtimal etmək olar. Tamamilə aydın olan odur ki, Tunisdə hakimiyyət çox qısa zamanda dəyişildikdən sonra, beynəlxalq icmanın dəstəyini qazandı. Misirdə isə ABŞ bir qədər tərəddüddən sonra demokratik hərəkata tam həmrəylik bildirildi. İndi isə Liviyada beynəlxalq ictimaiyyət və ərəb hökümətləri tədricən müxalif qüvvələrə dəstək verməkdədirlər.
Məsələnin mahiyyətini açıqlayan digər bir elmi nəzəriyyə var. O da ondan ibarətdir ki, xüsusi planlar olmasa da, hadisələrin gedişatı planlaşdırılmış siyasət nəticəsində formalaşmasa da, siyasi səhnədəki qeyri-müəyyənlik, xaos güclü dövlətlərin xeyrinə işləyir. Əgər hansısa mövcud durum artıq müəyyən maraqlara xidmət etmirsə, yeni situasiyanın yaranması üçün konkret plan cızmaq da mümkün deyilsə, onda yenilik gətirən xaos üstünlüyü güclü, mütəşəkkil qüvvəyə verir. Ona görə də, ortada bir plan olmayacaqsa, əlverişli situasiyada üstünlük məhz həmin mütəşəkkil qüvvələrin əlinə keçəcək.
– Dediyiniz oturuşmuş təcrübədir, yoxsa hardasa eksperimentlər aparılır?
– Bu, ekspert rəyləridir. Hətta müşahidə etmək olur ki, bu fikirlər Rusiya politoqları arasında xüsusi vüsət almışdır. Gerçəkdə təcrübə necədir, deməyə çətinlik çəkirəm.
– Siz 10 il “Soros” fondunda işləmisiniz. İnqilablara dəstək verilməsində bu fondun adı da hallanırdı. “Soros”un içində olmuş bir şəxs kimi bu haqda nə deyə bilərsiz?
– Çox yaxşı sualdır. Belə sual imkan verir ki, həm ictimai xadim, həm də prosesləri dərindən öyrənən elm adamı kimi ortaya mövqe qoya bilək. Gəlin görək, inqilab sözü nə deməkdir? İnqilab cəmiyyətdə bərqərar olunmuş qaydaların, təcrübənin kökündən dəyişməsi deməkdir. Digər tərəfdən, “inqilab” sözünü çox vaxt siyasi çevriliş, yəni hakimiyyətin dəyişməsi kimi başa düşürlər. Bəlkə də bununla həmin sözün mənasını məhdudlaşdırırlar. Haqlısınız, ortada köklü dəyişiklik, daha artıq hesabatlılıq, ictimai siyasətin formalaşmasında vətəndaş cəmiyyətinin rol alması, hakimiyyətin demokratik əsasda qurulması, qanunvericilik islahatları kimi tələblər varsa, təbii, bu prosesin baş tutması inqilabi dəyişiklikdir. Çünki bu proseslər ictimai həyatın artıq keçmiş qaydalarla yox, yeni qaydada qurulması ehtiyacını ortaya qoyur.
Lakin bu dəyişikliklərə müxtəlif yollarla çatmaq olar. Yəni bunun üçün islahat, təkamül yolu da var. Maneələr keçilməz olanda isə siyasi çevrilişlər tələbi ortaya çıxır. Güman etmirəm ki, bu cür çevrilişlərdə hansısa beynəlxalq təşkilatın bilavasitə əli olsun. Bununla belə, cəmiyyətin köhnə qayda ilə idarə edilməsində israrlı olanlara hər bir yeni fikir, yeni quruluş, yeni ictimai təcrübə inqilabi hərəkat, hətta təhlükə kimi görünür. Bu “təhlükəyə” qarşı fiziki təzyiq ortaya qoyulduqda isə artıq məsələ siyasi qarşıdurma müstəvisinə keçirilir. Bundan qaçmaq lazımdır. Çünki məsələnin siyasi çevriliş nəticəsində həlli, əslində, islahatların uğurla, təmkinlə və itkisiz aparılmasına maneə ola bilər.
– Sovet dövründə bir qayda olaraq ərəb sosializmi dalğasında hakimiyyətə gələn qüvvələrin idarə etdiyi ölkələr SSRİ-yə yaxın hesab olunurdu. Öz ölkəsini şəriət qaydaları ilə idarə edən monarxlar isə, əksinə, Amerikanın adamı sayılırdılar. Bu qütblər, əslində, bir-birindən törəmişdi. Sosializm faktoru sıradan çıxandan sonra, məntiqlə, o biri qütbü dəstəkləyən amillər də aradan qalxmalı və süni bölücülüyün başa çatması ilə vahid ərəb ictimaiyyəti, ərəb prosesi yaranmalı idi. SSRİ-nin dağılmasından 20 il keçsə də, ərəb sosializmi dalğasında hakimiyyətə gələnlər öz yerlərində qalıblar. Niyə proses bu qədər ləngidi?
– Yəqin ən vacib səbəblərdən biri yenə də ərəb dünyasının vahid bir mühit olmasıdır. Siz Sovet İttifaqının dağılmasını deyirsiniz, mən isə ərəb inqilablarının yaranması tarixini bir qədər də önə çəkərdim. Daha əvvələ gedib, vaxtilə feodal monarxiyalara qarşı çıxan antimonarxist inqilablardan da başlamaq olar. Məsələn, 1952-ci ildə Misirdə belə bir inqilab baş vermişdi. Bu inqilablar ona görə sosialist yönümlü idi ki, inqilaba qarşı duran qüvvələrlə mübarizə aparmaq üçün Sovet İttifaqının dəstəyinə ehtiyac vardı. Ancaq bu proses hər ölkədə uğur qazanmadı. Gördüyünüz kimi, ərəb dünyasında monarxiyaların devrilməsi məsələsi hələ də öz həllini tapmayıb. Daha sonra azad, açıq cəmiyyət qurulmasına yönəlik yeni tələblər ortaya çıxdı. Bunlar da hələ öz həllini tapmayıb. Böyük bir mühitdir, böyük bir ərazidir. Burada müxtəlif quruluşlu cəmiyyətlər var. Amma bu, vahid bir mühitdir.
– Fikir verirsizmi, etirazların daha çox müşahidə olunduğu ölkələrə (Misir, Tunis, Yəmən, Liviya, Suriya; bir neçə il əvvəl İraqı da bu siyahıya salmaq olardı) baxanda belə təəssürat yaranır ki, vaxtilə SSRİ-nin hərbi-siyasi dəstəyi ilə hakimiyyətə gəlmiş qüvvələrin devrilməsi prosesi gedir. Məsələn, Bəhreyndə etirazlar dərhal yatırıldı, Səudiyyə Ərəbistanında, İordaniyada da eləcə. Adama elə gəlir ki, hələlik sosializmin qalıqlarını təmizləməklə məşğuldurlar.
– Yox, gəlin ən azı Misirə baxaq. Görərik ki, Misirin nə Rusiya, nə də keçmiş SSRİ ilə müttəfiqliyi yoxdur, bu məsələ çoxdan ortadan qalxıb. Misir Qərbə çox yaxın, Qərbin, elə Amerikanın da müttəfiqi olan bir ölkə idi.
Amma məsələnin başqa bir tərəfi var – rejimlərin müxtəlif səviyyədə, müxtəlif xarakterli olması. Burda da qabarıq ziddiyyətlər aşkar görünür. Ümumərəb siyasətinin bu ziddiyyətlər şəraitində qurulması müşkül məsələdir, xüsusilə də, çox böyük maliyyə imkanları və maraqları olan ərəb monarxlarının proseslər üzərində təsir gücü ciddi faktor kimi ortaya çıxır. Söhbət bütün ərəblər üçün ümumi problem olan Yaxın Şərq konfliktinin həlli prosesinin on illər boyu dalana dirənməyindən gedir. Əlbəttə, bu, yalnız regiondakı siyasət üçün yox, dünya siyasəti üçün də çox mühüm bir amildir. Bu problemin həll olunmaması, münaqişənin çözümünə dair Qərbin indiyə qədər sağlam, tarazlı siyasət yeritməməsi bəlkə də ərəb dünyasında avtoritar rejimlərin belə kök atmasının başlıca səbəbidir.
Söhbət rejimlərin yox, islahatların birliyindən gedir
Bir çoxları deyir ki, Misir inqilabı sırf daxili problemlərdən törəyən bir prosesdir. Hadisələri yaxından izləyənlər təsdiqləyirlər ki, burda Fələstin probleminin həllinə dair açıq-aşkar şüarlar səslənməsə də, əhalinin narazılığına, tapdalanmış mənliyin dilə gəlməsinə həm də ərəb-İsrail konfliktinin indiyə qədər çözülməməsi səbəb olub. Təsadüf deyil ki, bəziləri Təhrir meydanına Camal Əbdül Nasirin şəkilləri ilə çıxırdılar. Çünki Əbdül Nasir bir zamanlar münaqişənin həllinə təsir göstərə bilmək üçün ərəb birliyinin yaranmasına çalışırdı. Əgər ərəb birliyi indi konkret bir məqsəd deyilsə belə, proses özü həmin birliyin yeni şərtlər daxilində formalaşmasına aparır. Söhbət hökumətlərin, rejimlərin birliyindən yox, ərəb dünyasında islahatların birliyindən gedir. Bundan ötrü böyük istək, iradə meydana gəlib. Çoxları hesab edir ki, artıq bu məqsəd uğrunda ərəb ictimaiyyətinin birgə mübarizə aparmaq zərurəti ortaya çıxıb.
– Vahid prosesdən danışırsınız. Amma biz gözümüzü açandan görmüşük ki, ərəblərin birləşməsi, bir araya gəlməsi həlli müşkül problemdir. Bəs onda bu ərəb birliyini şərtləndirən faktorlar hansılardır? Vahid ərəb ziyalı ictimaiyyəti, beyin mərkəzi deyilən bir anlayış varmı? İndiyə qədər Fələstin məsələsindən savayı ərəbləri ideoloji baxımdan birləşdirən nəsə olduğunu görməmişik. Dediyiniz vahid prosesi apara biləsi bir ideologiya varmı?
– İdeologiya elə ərəb dünyasının vahid tarixi mirası üzərində qurulub. Bu, nə vaxtsa keçmişdə olmuş, indisə gündəmdə olmayan vahid ərəb dövlətçiliyi anlamı, panərəbizm ideyasıdır. İndiki reallıqlara uyğun gəlməsə də, bu ideya proseslərə müəyyən təkan verən amillərdəndir, çünkü hazırda münaqişə mövzusu olan məsələlərin kökləri ərəblərin ümumi tarixi keçmişinə gedib çıxır.
– Bəs liberal-demokratik ideyaların ərəb dünyasına ayaq açması üçün regionda şərait varmı?
– İntellektual şərait var. Əgər xalq öz tarixini, mədəniyyətini öz keçmişinə məxsus abidələr və dəyərlər üzərində qavrayırsa, inkişaf etdirirsə, onda deyə bilərik ki, ərəb dünyasında vahid intellektual mühit var. Məsələn, Misir şairlərinin, Misir mütəfəkkirlərinin yazdıqları İraqda intellektual elitanın inkişafına təkan verir. Suriya yazıçı və şairləri də ərəb dünyasında geniş oxunur. Mədəniyyət, intellektual məhsul, keçmiş, tarixi yaddaş da milli mənsubiyyətin bir hissəsidir. Keçmişin xatirəsi də bizim üçün çox əzizdir, bu keçmiş bizi başqa xalqlardan fərqləndirir. Ərəblərə gəlincə isə ümumi keçmişlə bağlı xatirələr ayrı-ayrı ölkələrdə yaşayan əhalini birləşdirir. Onları ayıran siyasi maraqlardır. Avropalılar uzun müddətli çəkişmələrdən sonra hətta vahid xarici siyasət formalaşdırmaq haqqında düşünürlər. Ərəb dünyasında da buna cəhdlər olunub, hətta Ərəb Dövlətləri Liqası da yaradılıb. Amma bu liqanın siyasəti, gördüyünüz kimi, hələ də çox ziddiyyətli və az təsirlidir. Hazırkı zamanda isə hər yerdə olduğu kimi ərəb dünyasında da insan haqları və ictimai fəallıq üzərində siyasətin qurulması tələbi ortaya çıxıb, bu isə ərəb intellektual qüvvələrin təşəbbüskarlığı və proseslərə təsirlərinin artmasına gətirib çıxarmalıdır.
– Xarici faktorun ən böyük rolu, bəlkə də, bu prosesə maneçilik törətməməkdən ibarət ola bilər. Çünki indiyə qədər ərəb birliyinə əngəl olan faktorların çoxu xaricdən gəlirdi…
– Mən dəqiqləşdirmək istəyərdim. Siz düşünürsünüz ki, xarici faktor ərəb ölkələrinin birləşməsi üçün çalışan və maraqlı olan bir tərəfdir?
– Yox, sadəcə əvvəllər buna mane olurdu. İndi isə mane olmamaqla buna kömək göstərir.
– Ola bilər. Ola bilər ki, Qərblə müsəlman Şərqi arasında yeni münasibətlərin formalaşması prosesi gedir. Bəlkə də ərəb-müsəlman birliyi artıq, siz dediyiniz kimi, nəinki təhlükə, əksinə, yeni bir dünyada yeni əlaqələrin qurulması üçün müsbət faktor sayılır.
Fikrimcə, Qərb islama münasibətini də dəyişməli olacaq, bəlkə də artıq dəyişməkdədir. Biz gördük ki, Misir hadisələrində “Müsəlman qardaşları” təşkilatının rolu Qərb mediasında kifayət qədər obyektiv və tarazlı şəkildə işıqlandırılır.
– Nədənsə hadisələrdə islam xətti zəif görünür. Fikirləşmək olardı ki, prosesdə aparıcı rolu islamçı qüvvələr oynayacaq.
– Bu, bəlkə də biz dediyimizi təsdiqləyir. Doğrudan da, hamı fikirləşirdi ki, avtoritar rejimlər islamçı siyasi qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını alır. Buna görə də Qərb onlarla müttəfiqlik əlaqələri yaradır, onları dəstəkləyirdi. Fikirləşirdilər ki, seçkilər demokratik keçirilərsə, qalib gələn islamçı qüvvələr olacaq. Bəlkə də çoxlarının gözündən yayındı ki, öz siyasətini dünyəvi dəyərlər üzərində quran Məhəmməd əl-Bəradeyi seçkilərə hazırlıq dövründə artıq “Müsəlman qardaşları” ilə danışıqlara başlamışdı. Üstəlik, həmin təşkilatın özündə də ciddi dəyişiklik baş verdi, radikal qüvvələr daha dözümlü, daha təhsilli, dialoqa hazır qüvvələrlə əvəzləndi.
– Onların Türkiyədəki AKP-dən örnək götürdüyünü deyənlər də var…
– Elədir, bəzi şərhçilər vurğulayırlar ki, Misirdə Türkiyə modelinə uyğun yol tutula bilər. Belə olacaq, ya yox, indidən demək çətindir. Türkiyə modeli deyəndə ordunun xüsusi sabitləyici rolu da nəzərə alınır. Halbuki Türkiyənin özündə də bu model müəyyən dəyişikliklərə uğrayıb.
– Buna siyasi islamın dünyəvi proseslərlə uzlaşdırılması deyə bilərikmi?
– Güman edirəm ki, artıq siyasi islam anlayışını bir kənara qoyub, öz həyatını islam dəyərləri üzərində quran, eyni zamanda siyasi iradə sahibi olan insanlarla dialoq aparmaq vaxtı gəlib çatıb. Müsəlman əqidəli, həyatını müsəlman qaydalarına uyğun formalaşdıran şəxsin siyasi hakimiyyətə öz münasibəti varsa, bu o demək deyil ki, həmin şəxs prosesdən təcrid olunmalıdır. Əgər Misirdə islahatlar naminə islamçı qüvvələrlə bu cür müsbət nəticələrə yönələn dialoq başlanacaqsa, bu, qlobal siyasətdə böyük bir yenilik olacaq. Ərəb ölkələrində baş verənlər tək bir regionun məsələsi deyil, bütövlükdə qlobal siyasətin yeniləşməsi deməkdir. Bu, Qərbin özünün də qlobal siyasətlə bağlı, islam dünyası ilə bağlı mövqeyinə yenidən baxılmasını tələb edən prosesdir.
– Bu proses siyasi islamın radikal islamdan ayrılmasına aparıb çıxara bilərmi?
– Məncə, nəticədə elə belə də olacaq. Əgər islamçı qüvvələrlə dialoq baş tutsa, artıq radikallıq üzərində qurulmuş siyasətə ehtiyac qalmayacaq. Radikal, kəskin qarşıdurma ortadan qalxacaq. Əlbəttə, bu gümanlar reallığa çevriləcək, çünki proseslərin bu müstəvidə getməsində maraqlı qüvvələr hər zaman olub.
İsrail bu yeniliyə hazır deyil
– İsrailin səsi gəlmir…
– İsrailin dərin daxili problemləri var. Bildiyiniz kimi, bu ölkədə on illər boyunca radikal mövqe gücləndirilib, sülhsevər siyasi qüvvələrin siyasi nüfuzu, xüsusən, son illərdə zəifləyib və İsraildə istər ictimaiyyət, istərsə də siyasi qüvvələr ərəb dünyasında baş verən yeniliyə hazır deyil. Əgər İsrail əvvəllər Yaxın Şərq qarşıdurması sayəsində ABŞ siyasətinə ciddi təsir göstərə bilirdisə, indi söhbət Amerikanın özünün maraqlarından gedir. Belə olan halda Amerika maraqları İsrail maraqlarının kölgəsində qala bilməz. Ona görə rəsmi Təl-Əviv ərəb dünyasında baş verənlərə münasibətdə ehtiyatlı davranır. Əvvəllər bəlkə də hadisələrin qlobal proses olduğunu dərindən bilmədiklərinə görə özlərini Hüsnü Mübarək hakimiyyətinin tərəfdarı kimi göstərirdilər. Çox ehtiyatla olsa da, beləydi.
– Mübarəkin hakimiyyətdə qalmaq ehtimalı azaldıqca isə Qərb mətbuatı yazdı ki, İsrail özünə xüsusi yaxınlığı ilə seçilən (bu yaxınlığın təfərrüatı barədə yetərincə yazıldığı üçün üstündə dayanmırıq) vitse-prezident Ömər Süleymanın hakimiyyətə gəlməsini dəstəkləyir. Demək istəyirik ki, İsrailin bu proseslərə könülsüz yanaşdığı adi gözlə də görünür. Bu yaxınlarda isə Qərb mediası şok effekti verən belə bir məlumat yaydı ki, İsrail hətta dolayı yollarla Liviyaya silah da çatdırır. Bu kimi faktlar insanı milli maraqların kökü çatmayan dərinliklərə getməyə vadar edir. Dünyada böyük, əbədi sülhün bərqərar olunmasına qətiyyətlə qarşı çıxan qlobal güclərin olması ehtimalına necə yanaşırsınız?
– Sülhü istəməyən qüvvələr yəqin ki, var. Çox güman, onlar öz maraqlarını yalnız qarşıdurma şəraitində ödəyirlər. Əlbəttə, silah satışı ilə məşğul olan korporasiyalar, öz siyasətini mədəniyyətlərin qarşıdurması üzərində quran qüvvələr var. Ancaq mən bu mətləbi çox da xırdalamaq istəməzdim…
İsrailə gəlincə, deyim ki, bu da tarixi keçmişin doğurduğu bir davranışdır. Bilirsiniz ki, İsrail dövlətinin yaranması ərəblərlə qarşıdurma şəraitində baş verib. Ona görə də bu ölkənin ənənəvi siyasəti, strategiyası ərəblərə düşmən olanlarla müttəfiq, dost olanlarla isə düşmən olmaq üzərində qurulub. Məsələn, SSRİ ilə münasibətlər o qədər də yaxşı deyildi, çünki sovet dövləti ərəb ölkələrinə dəstək verirdi. Türkiyə ilə münasibətlər isə yaxşı idi, çünki bu ölkə Sovet İttifaqının düşməniydi. İndi isə Türkiyə ərəblərlə yaxınlıq edir, müsəlman dünyası üçün örnək təcrübəsinə çevrilir. Demək, ənənəvi yanaşma indiki reallıqlara adekvat deyil, odur ki, istər İsraildəki siyasi qüvvələr, istərsə də İsrail cəmiyyəti üçün ənənəvi olan davranışın başlıca ünsürünü təşkil edən dəyərlərin artıq yeniləşməsinə ehtiyac var. Mən bildiyimə görə, İsrail vətəndaşları arasında sağlam düşüncəli adamlar da az deyil. Onlar bu kimi məsələləri qaldırırlar və təəccüb edirlər ki, siyasi mühit hələ də o potensialın üzə çıxmasına imkan vermir. Burda konkret təhlükə faktoru var – terror, insanların təhlükəsizliyi, qorxu üzərində qurulmuş manipulyasiya siyasəti var.
– Nəhayət, baş verənlərin Azərbaycanla bağlılığına toxunmaq istərdik. Müsəlman dünyasının bir parçası olsaq da, MDB məkanında baş verən hadisələrin təsirini öz üzərimizdə daha çox hiss edirik. Ukrayna, Gürcüstan inqilabları zamanı bizdə canlanma daha güclü idi, nəinki indi. Bu baxımdan, ərəb regionunda baş verənlərin bizə nə kimi təsiri ola bilər?
– Ola bilər deyəndə ki, artıq olmaqdadır. Ərəb dünyasında baş verənlərin səbəbləri bizdən də yan keçməyib. Vətəndaş cəmiyyətinin iştiraklılığı, hesabatlılıq, insan potensialının tam səfərbər olunması ilə bağlı problemlər bizim cəmiyyətdə də yox deyil. Bu, sabitliyə təsir göstərən mənfi amildir. Amma bu problemləri həll etməyin müsbət istiqamətli, ağrısız yolları da var. Məsələn, ərəb ölkələrində bu qədər kəskinliklə baş verən, qarşıdurma ilə müşayiət olunan hadisələrin başqa ssenarisi də ola bilərdi: islahatlar, qlobal çağırışların dərindən dərk olunması və ona münasib cavabların verilməsi.
Daha yaxşı, hamının maraqlarını nəzərə alan bir ssenarinin gerçəkləməsi üçün Azərbaycanda böyük imkanlar var. Azərbaycanın Avropa siyasətinə tam mənada inteqrasiyası Avropanın özünün də yeniləşməsi üçün yaxşı təcrübə ola bilər. Azərbaycan müsəlman ölkəsidir, sosializmin qalıqlarını hələ də özündə yaşadan cəmiyyətdir. Bu qalıqların ortadan götürülməsi, fərqli mədəniyyətli müsəlman millətinin Avropa Birliyinə qoşulması başqa ölkələr üçün də örnək olacaq. Bu, tarixi bir şansdır, əgər Azərbaycanda buna münasib siyasət formalaşdırmasaq, bu gözəl şansı əldən qaçırmış olacağıq.
Müsahibəni aldılar:
Vahid Qazi
Fəxri Uğurlu
Fərəh Sabirqızı
TOPLUM jurnalı, 2, yaz, 2011