
“Əminəm ki, bu bölgəyə sülh yalnız işğalçı Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək”
İsveçdə yaşayan Azərbaycanlı yazıçı Vahid Qazi İsveç xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciət edib. Azərbaycanlı və Ermənistanlı həmkarları ilə söhbətində atəşkəsin dərhal kəsilməsinin vacibliyini bildirən nazirə məktubda qeyd edilib ki, atəşkəs məsələni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur. Münaqişənin tək yolu erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasıdır. Bu münasibətlə İsveçin Bleking Länd Tindning qəzetinin kültür redaktoru İngemar Lönnbom V.Qazidən müsahibə alıb.
Azərbaycanda hazırkı vəziyyət nə qədər ciddidir? Müharibəyə nə qədər yaxındır?
Artıq neçə gündür bütün cəbhə boyu döyüşlər gedir. 26 ildir həll edilməyən münaqişə yenidən alovlanıb. Bu, lokal döyüş deyil, əsl müharibədir. Azərbaycanın şəhər və kəndləri bombalanır. Ölənlər arasında uşaqlar, qadınlar, qocalar var. Bu günlərdə Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə erməni mərmilərindən həlak olublar.
Bir yazıçı kimi nə üçün İsveç xarici işlər nazirinə müraciət etdiniz?
İsveçin xarici işlər naziri öz Tvitter səhifənizdə belə bir paylaşım edib: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. O, həmçinin qeyd edib ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarları ilə danışacaq, müzakirələr aparacaq. Mən də doğulduğu şəhəri 1993-cü ildən işğal olunan, yer üzündən silinən, xarabalığını görənlərin “Qafqaz Xirosiması” adlandırdığı Ağdam sakini kimi sülhpərvər bir ölkənin nazirinə müraciət etməyə ehtiyac duydum.
Demək istəyirəm ki, atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur! Həll yolu yalnız içğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılmasıdır.
Sizcə, nə üçün İsveç Dağlıq Qarabağ münaqişəsinə qarışmalıdır?
İsveç Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə başlayan müharibənin sülh yolu ilə çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Mənim fikrimcə, problemin həllində İsveç də məsuldur. Amma təəssüf ki, Minsk qrupu 28 ildə sülhə nail ola bilməyib. Çünki qrupun daimi üzvlərindən biri Rusiya Ermənistana hərbi dəstək verib, ABŞ və Avropa Birliyi isə seyrçi mövqe tutub.
Ümid edirəm ki, İsveç konfliktin ədalətli həllinə öz töfhəsini verə bilər.
Azərbaycanda azad yaradıcılıqla məşğul olmaq mümkündürmü?
Hakimiyyəti kəskin tənqid etməyənlər öz yaradıcılığını sərbəst davam etdirə bilir. Problem hakimiyyəti tənqid edəndə yaranır. Müstəqil jurnalistlər üçün iş yerləri qalmayıb. Azad mətbuat sıradan çıxarılıb. Müxalif jurnalistlər, yazarlar ya Avropaya, ABŞ-a köçüb, ya da ölkədə susaraq yaşamağa məcbur edilib.
Söz azadlığına hansı təhlükələr var?
Çox təəssüf edirəm ki, Azərbaycanda həm söz və ifadə azadlığı, həm də insan hüquqları sahəsində çox ciddi problemlər var. Azad mətbuatın boğulmasının ağır nəticələri özünü müharibə dövründə daha aydın göstərir. Qarabağla bağlı dürüst, ədalətli informasiyanı dünya ictimaiyyətinə çatdırmaq çox çətinləşib. Bunu çatdırası müstəqil mətbuat qalmayıb.
Həbs edilən, ölkədən didərgin salınan, hətta öldürülən çoxsaylı jurnalistlar var.
Bölgədə sülh necə təmin oluna bilər?
Azərbaycan hələ 30 il əvvəl Ermənistana təklif edirdi ki, torpaqların işğalına son qoyun, birlikdə Bakı neftini Avropaya daşıyacaq kəmərləri Ermənistandan çəkək, Qafqazı rifah içində yaşayan azad insanlar ölkəsinə çevirək. SSRİ dağılandan sonra Litva, Latviya, Estoniniya kimi biz Qafqaz ölkələri də Rusiyadan uzaq durub Avrointeqrasiya yolu tutaq. Təəssüf ki, Ermənistan Rusiyanın Qafqazda vassal dövlətinə çevrildi və biz tam azad ola bilmədik.
BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri var. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.
Baxmayaraq ki, SSRİ dövründə ermənilər Ermənistandan 1 milyondan çox azərbaycanlını deportasiya ediblər, etnik təmizləmə aparıblar, illərdir deyirdik ki, ermənilərə ən yüksək muxtariyyət verməyə hazırıq. İndi inanmıram, artıq Azərbaycan xalqı buna da razı ola.
Qısa deyim, əminəm ki, bu bölgəyə sülh Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək.
1 oktyabr 2020
Təşəkkürlər. Vahid bek
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu