31 mart günü Qarabağda erməni seçkisi

cidir düzü

Divarın o üzündən gələn səs

Sabah – 31 mart soyqırımı günümüzdə ermənilər Qarabağda prezident, parlament seçir. Bilirsiniz bu nəyə bənzəyir?

Təsəvvür eləyin, sizin 5 otaqlı eviniz var. Babadan qalıb, ata əmanətidir. O evin ən məhrəm otağını düşmən zorla əlinizdən alıb. Arvad-uşağı qovub çıxaranda qorumağa gücünüz çatmayıb.
Üstündən 25 ildən çox zaman keçib. Siz düşməndən o otağı geri almaq üçün heç nə etməmisiniz, eləcə, arvad-uşağın yanında səsiniz çıxsın deyə, hərdən “Lazım gəlsə, qovaram səni ordan”, demisiniz. Əvəzində divarın o üzündən düşmənin təhdidlərini eşitmisiniz – “O biri otaq da bizimdir”, deyib.
Hələ bu harasıdır, kefi istəyəndə orda kef məclisləri də təşkil edir, dişin bağırsağını kəsir, qorxundan susursan. Evin kişisisən, o səslərin evində eşidilməsinə dözmürsən…
Dözmürsənmi?!
Biz şərqliyik. Başçılarımızı kişi gözündə görürük: fərq etməz evin başçısı ol, ya ölkənin.
31 mart soyqırımı günü ermənilərin Qarabağda prezident, parlament seçməsi öz evində düşmənin sənə bax o cür meydan oxuması, arvad-uşaq yanında səni təhqir etməsi kimidir!
Ölkəsinin beşdə birini işğal edən düşmənin həqarətinə dözməyə gərək ali baş komandan da, generalları da.
***
Qarabağlı kişilərdən Cərimə Ordusu yaradın!
Minlərlə könüllü yazılar, yaşlılarımız daha həvəslə qoşular bu orduya.
Sonra bizi Qarabağa yollayın. Düşmən qabağına ət kimi, cəmdək kimi atın. Stalin Moskvanı, Stalinqradı “insan ətiylə” xilas edən kimi. Bizi sipər eləyin! Minalı sahələrə buraxın bizi! Düşmənin atəş nöqtələrini leşimizlə örtün!
Vallah ciddi sözümdür! Bir qırıq da pafos qatqısı yoxdur sözümün!
Təkrar-təkrar ölmək əzabından xilas eləyin bizi…
…Qabaqda bizim Cərimə Ordumuz getsin, yol açaq, arxamızca neçə-neçə general-polkovnikin orduları gəlsin.
Soruşmayın, harda, necə aldılar bu rütbələri. Bildiyinizi niyə soruşasınız ki!
Bizdən sonra general-polkovnik Vilayət Eyvazovun polisləri gəlsə yaxşıdır. Birdən qorxub geri qaçanımız olar, qoymasınlar, döysünlər, güllələsinlər bizi.
Sonrakı sırada general-polkovnik Zakir Həsənovun qoşunları gəlsin. Kəndləri, şəhərləri azad eləsin!
Sonra general-polkovnik Kəmaləddin Heydərovun dəstələri gəlib fövqaladə işlərini görsünlər.
General-polkovnik Elçin Quliyevin sərhədçiləri sonda gələr. Ermənistanla sərhədlərimizdə durarlar.
“Uf” da deməsinlər ayaqları altında xırçıldayan sümüklərimizə…
Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər.
Ordumuz 100 il qabaq Şuşada elədiyi atəşfəşanlığı yenidən təkrarlasın. Səsi bərk çıxsın o atəşfəşanlığın.
O qədər bərk çıxsın ki, yan otaqdakı ”kef məclisi”nin – 31 mart seçkisinin səsini eşitməsin evdəkilər.
…Generallarımız eşitsinlər amma… ali baş komandanla birlikdə.
Vahid Qazi
30 mart 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma