Aqil Abbas haqqı

bakı 91 edalet

Aqil Abbas haqqı

1985-ci ilin yayı idi. Sənədlərimi universitetin jurnalistika fakültəsinə verib, imtahanların vaxtını gözləyirdim. Atam da Ağdamda rahat oturmayıb arxamca gəlmişdi. Onun gəlişinə əmimgil həmişəki qaydada böyük məclis qurmuşdular. Xeyli adam vardı. Məclisin şirin yerində söz mənim universitetə girməyimdən düşdü.

Söhbətlərdən anladım ki, jurnalistika fakültəsi qohumlarımın ürəyimcə deyil. Biri milis rəisi, o biri Bakı rayonlarından birinin ticarət müdiri filan. Rəis əmim “hüquq”, tacir əmim “narxoz” (indiki İqtisad universiteti) deyib durdu. Başqa qohumlar da onlarla birləşib atamın saqqızını oğurladılar, məni jurnalist görmək istəyən balaca dayımdan başqa.

Məclis hökm çıxardı: “Səhər sənədlərini jurnalistikadan götürüb, hüquqa verirsən!”

Səhəri dirigözlü açdım. Heç çay da içmədim. Özümü “Elm və həyat” jurnalına çatdırdım. Onun yanına. Hələ gəlməmişdi. Gözlədim. Gəldi. Üzümdə nə oxudusa, “Xeyir ola, sabah-sabah”, dedi.

Axşam olanları danışdım. Bir yanda arzularım, o biri yanda atam və qohumların çıxardığı hökm. Sözü birbaşa kəsə dedi. Dedi, xoşun gəlir jurnalistikadan, jurnalist olmaq istəyirsən? Bax, əmilərin kimi pullu olmayacaqsan, amma hörmətin, zövq aldığın işin olacaq, partiya, yüksək vəzifələr filan da ola bilər.

Dedim, istəyirəm. “Onda, sənədlərini geri götürmə. Özünə arxayınsansa, götürmə. Evdə deyərsən ki, verdim hüquqa. Girəndən sonra səni öldürməyəcəklər ha”, dedi.

Elə də elədim. Götürmədim. Amma atama yalan da deyə bilmədim. Onu yola salanda həqiqəti söylədim. İndiyədək gözümün qabağından getmir onun baxışları. Əvvəl duruxdu, heç nə demədi, fikrə daldı, sonra gülümsəyib maşınına oturdu. Sürüb getdi Ağdama.

Dərslərin başlamağına günlər qalırdı. Axşam “Elm və həyat”dan çıxıb filarmoniyadan üzü aşağı “Azneft” çayxanasına gəldik. Söhbəti universitet müəllimlərindən saldı. Dedi ki, sənə dərs deyəcək müəllimlərin hamısını tanıyıram. Yaxşı müəllimlərin olacaq. Dərsini oxu, kiminlə problemin yaransa mənə deyərsən. Bircə bir nəfərdən özünü qoru. Ağdamlılardan xoşu gəlmir. Çalış ilişmə ona. Adı Zinyət Əlizadədir.

Birinci semestr uğurla bitdi. İkinci semesrtdə Zinyət xanım imtahandan məni kəsdi. Bir neçə dəfə dərsində dilimi dinc tutmamağım, kurs işlərində sitatları qəsdən onun sevmədiyi Əkrəm Əylisli, Ramiz Rövşəm, Vaqif Cəbrayılzadədən gətirmələrim öz işini gördü. “Sən heç cümlə də yaza bilmirsən ki. Səni kim götürüb bu fakultəyə?”, sözü bu oldu.

O vaxtacan onun üzündə təlaşa bənzər bir şey görməmişdim. Zinyət Əlizadədən kəsildiyimi biləndə dilxor oldu. Əvvəl ona demək istəmirdim. Zinyət xanımın yanına gedib kişiyana söhbət eləməyim, əsgər getməyim, dilə tutmağım işə yaramayanda məcbur qalıb sözü açdım. “Mənə deyir, səndən tələbə olmaz, qovmaqla hədələdi”.

Araya xilaskar mələk kimi girdi. Məni Zinyət xanımın caynaqlarından xilas elədi.

Əsgərlikdən dönəndən sonra əyani oxumağa da qoymadı. “Təzə qəzet açıram, səni də, Yusifi də müxbir götürəcəm, keçin qiyabiyə”.

Və beləcə “Ədalət” qəzetində müxbir yazıları, “Gənc publisistin düşüncələri” rubrikasıyla silsilə məqalələr yazmağa başladım.

…O vaxtdan çox illər keçib, çox sellər-sular axıb. İndi mənimlə arası yoxdu, incikdir, bilirəm. İctimai-siyasi baxışlarımız tamam fərqlidir. Bəlkə də onun haqqında yazı yazmağımın belə ona zərəri olacağını düşünər. Mənimsə tək ehtiyat etdiyim bir ünvan var – özüm! Mənə bu yazını yazdıran da elə odur!

O vaxt atamgilin sözünə qulaq asmadığım kimi, sonralar onun da sözlərini dinləmədim. Amma bu fikir ayrılıqları, bəzən lap ciddi ziddiyyətlər belə mənim ən ülvi uşaqlıq, gənclik duyğularıma kölgə sala bilməz. O duyğuların arasından həmişə onun iri, gülər gözləri  görünür.

Çox adam onu yalnız Milli Məclisin iclaslarından görüb seyr etdiyi kimi tanıyır. Mənim baxdığım yerdən isə onun o biri tərəfi görünür – ömrümün “Uzun qapqara saçlar” çağından qalan üzünü deyirəm.

1 aprel sənin doğum günündür. Səni təbrik edirəm, Aqil Abbas. Arzularından xəbərim var deyə başqa arzu diləmirəm, elə öz arzuların yetər. 70 yaşını arzularımızın şəhərində keçirək, heç olmasa yerdə qalan ömrümüzü bu arzunun reallaşmasına həsr edək, sənin indiki susqunluğunla yox, davakar gənclik coşğunla.

Onda məni görməyi arzulamasan belə gələcəm!

Aqil Abbas haqqı gələcəm…

Vahid Qazi

1 aprel 2020

Dərc olundu: Lent.az, Modern.az, Kulis.az, Moderator.az, 525.az, Qaynarinfo.az, Turkustan.info, Novator.az, Yenisabah.az

 

Aqil Abbas haqqı” üçün 2 cavab

  1. Bir məsəl var keçmişini bilməyən gələcəyini inşa edə bilməz.Mən özüm Belə pis çıxmasın Bakının Şağanlı kəndindənəm ayrı seçkilik və irqçilik ən nifrət etdiyim şeylərdən biridir.Üzr istəyirəm ifadəmə görə nə qədər axmaq adam olasan belə hallardan istifadə edəsən.2 ay əvvəl Yusif Vəzir Çəmənzəmənlinin ,,Studentler” eserini oxudum o qeder cox xosuma geldiki eserin tesirinden helede cixa bilmedim.Ordada bu movzulara toxunurlar.Sedevr eselerden biridir mene gore.Umumilikde Azerbaycanin klassik edebiyyatini oxumaq lazimdir.Kecmisini bilmek ucun 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma